Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2428/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlunun və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi İddiaçının nümayəndəsi (vəkili) X3, Maraqlarına toxunan şəxs Maraqlı şəxs və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı «alqı-satqı müqaviləsinin ləğv edilmiş hesab olunması, əmlakdan istifadəyə maneənin aradan qaldırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-6275/2020 saylı qərardadından Cavabdeh2 və maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən ayrılıqda verilmiş şikayətlər üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı «alqı-satqı müqaviləsinin ləğv edilmiş hesab olunması, əmlakdan istifadəyə maneənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Eyni zamanda iddiaçı tərəf məhkəməyə iddianın təmini tədbiri barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında yerləşən binanın A girişi, binanın 13-cü mərtəbəsindəki ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilində hər hansı bir şəxs və ya tikinti briqadası tərəfindən təmir, daxili yerdəyişmə işlərinin qadağan edilməklə üzərinə həbs qoyulması, iş üzrə cavabdehə və digər üçüncü şəxslərə əmlak barəsində sərəncam verilməsinin rəsmiləşdirilməsinin məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 6275/2020 saylı qərardadı ilə (hakim Rəşid Səmədov) ərizə təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında yerləşən binanın A girişi, binanın 13-cü mərtəbəsindəki ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilində hər hansı bir şəxs və ya tikinti briqadası tərəfindən təmir, daxili yerdəyişmə işlərinin qadağan edilməklə üzərinə həbsin qoyulması və iş üzrə cavabdehə və digər üçüncü şəxslərə əmlak barəsində sərəncam verilməsinin rəsmişləşdirilməsinin məhdudlaşdırılması qərara alınmışdır. Cavabdeh2 və maraqlarına toxunan şəxs Maraqlı şəxs həmin qərardaddan ayrılıqda şikayətlər vermiş, şikayətlər təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəmsinə göndərilmişdir. Şikayətin dəlilləri: Cavabdeh2 şikayəti – mübahisə predmeti mənzilin şəxsi mülkiyyəti olması, bu səbəbdən həmin mənzili Maraqlı şəxs satması və. s kimi əsaslandırmışdır. Maraqlarına toxunan şəxs Maraqlı şəxs şikayəti – mübahisə predmeti mənzili Cavabdeh2 alğı-satqı qaydasında alması, həmin mənzildən başqa yaşayış yerinin olmaması və. s kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən maraqlarına toxunan şəxs Maraqlı şəxs və onun nümayəndəsi X4 şikayəti müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 şikayətə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-in 158.1 və 158.1.2-ci maddələrinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Göründüyü kimi, mülki prosessual qanunvericilik qəbul ediləcək məhkəmə aktlarının gələcəkdə icrasını təmin edən müvafiq tədbirlərin görülməsinin mümkünlüyünü nəzərdə tutur. Belə tədbirlər sırasında iddianı təmin etmə tədbirləri xüsusi yer tutur. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər («Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarı). İşdən görünür ki, iddianın təmin tədbiri iddia predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında yerləşən binanın A girişi, binanın 13-cü mərtəbəsindəki ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzillə bağlı tətbiq edilmişdir ki, iddiaçı da həmin mənzilə dair əmlak hüquqlarının olmasını iddia edərək, bağlanmış əqdləri mübahisələndirmiş, maneələrin aradan qaldırılaraq, mənzilin ona təhvil verilməsini tələb etmişdir. Şikayətlərdə göstərilən dəlillər hazırki mərhələdə iddianın təmini tədbirinin ləğvinə əsas ola bilməz. Qeyd edilməlidir ki, iddianın təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış etməklə, qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə kollegiyası qeyd olunanları, habelə iddianın təmini tədbinin müvəqqəti xarakter daşıdığını nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı «alqı-satqı müqaviləsinin ləğv edilmiş hesab olunması, əmlakdan istifadəyə maneənin aradan qaldırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-6275/2020 saylı qərardadından Cavabdeh2 və maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən ayrılıqda verilmiş şikayətlər təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 6275/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2428/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2428/2021
02.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver