Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2437/2022 17.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Həsənovun sədrliyi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş “aliment” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.12.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan uşaqların hər biri üçün hər ay 200 AZN məbləğində sabit alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 17.03.2019-cu il tarixdə Cavabdeh ilə ailə həyatı qurmuş, 16.01.2020-ci ildə rəsmi nikaha girmişlər. Bu nikahdan 20.12.2019cu il təvəllüdlü Abutalıbova Alsu, 29.04.2021-ci il təvəllüdlü Abutalıbov Zeyn doğulmuşdur. Ailə qurduqları gündən etibarən yoldaşı ailəyə heç bir maddi dəstək göstərməmiş, bütün yük iddiaçının üzərinə düşmüşdür. Ev xərcləri, uşaqların xərcləri və s. qarşılamağa onun gücü çatmamış, ona çətinlik törətmişdir. Yoldaşı həm işləmir, həm də qumara qurşanmışdır. İddiaçı evdə olan söz-söhbətlərdən bezərək, 01.12.2020-ci ildə ata evinə köçmüş və indiyədək orda yaşayır. Cavabdeh tərəfindən ona heç bir maddi yardım göstərilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.12.2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 20.12.2019-cu il təvəllüdlü X3 və 29.04.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, aliment məbləğinin 29.10.2021-ci il tarixdən hesablanması, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 (005)-5355/2021 saylı, 21.12.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək , birgə nikahdan olan 20.12.2019-cu il təvəllüdlü X3 və 29.04.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının və gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində iş yerindən arayışı məhkəməyə təqdim etsə də, hakim arayışı qəbul etməmiş, elekron informasiya sistemi vasitəsi ilə onun rəsmi iş yeriylə bağlı məlumatı əldə edəcəyini bildirmiş, lakin qətnamədə qeyd olunmuşdur ki, onun əmək fəaliyyəti ilə məşğul olmamağı və müntəzəm aylıq gəlirə malik olmaq halı aşkarlanmamışdır. Halbuki, 01.12.2021-ci il tarixdən əmək müqaviləsi ilə Həyat şadlıq sarayında sürücü vəzifəsində çalışır, aylıq əmək haqqı 300 manat təşkil edir. Buradan aydın olunur ki, onun haqqında qətnamədə həqiqəti əks etdirməyən və heç bir dəlilə, sübuta əsaslanmayan məlumatlar qeyd olunmuşdur. Məhkəmə iclası vaxtı hakim bu və digər halları düzgün araşdırmamış cavabdehdən iddiaçının tələbi barədə fikrini doğru düzgün öyrənməmişdir. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən iddia ərizəsində göstərilənlərə əsaslanmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçı ilə hələ də nikah münasibətindədir. Uşaqların mənafeyi ilə aliment ödəyən valideynin maddi imkanları və mənafeyi arasında ədalətli tarazlığa riayət olunmalıdır. Həmçinin uşağın saxlanılması üçün tərəflər birgə və bərabər məsuliyyət daşıdıqlarından, bütün xərclərin də bir nəfərə həvalə edilməsi məqsədə müvafiq hesab edilə bilməz. Bundan əlavə o, məhkəmədə aylıq kredit öhdəlikləri ilə bağlı məlumat verərək lazımi sənədləri də təqdim etmişdir, həmçinin həmin kredit birgə nikah dövründə götürülmüş və ailənin ehtiyac və tələbatlarının ödənilməsi üçün xərclənmişdir. Hal-hazırda da həmin kredit öhdəliyi ondadır, həmçinin kirayədə qalır, bundan başqa da 2 uşağa görə aliment ödəyir. Məhkəmə qətnamə çıxararkən bunları nəzərə almamışdır. Buna görə də birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən alimentin miqdarı dəyişdirilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin aliment hissədə təmin edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız qeyd edilən hissədə Cavabdeh mübahisələndirməklə, həmin hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.12.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 16.01.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 397733 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X3 20.12.2019-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; İş materiallarında olan Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat şöbəsi tərəfindən 03.08.2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 558877 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X4 29.04.2021-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüququ və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azalmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməklə istər uşaqların hüquq və mənafelərini, istərsə də valideynlərin hüquq və mənafelərini gözləmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin ikinci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, və ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanunun 13-cü və 19-cu maddələri, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2-ci maddələrindən göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilən mövqedən çıxış edərək Konstitusiya Məhkəməsi belə qərara gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin bu qərarındakı hüquqi mövqeyindən belə nəticəyə gəlmək olur ki, uşağın saxlanması üçün alimentin məbləği hər bir halda, hətta üzərinə alımentin ödənilməsi vəzifəsi qoyulmuş şəxs işləmədikdə belə, minimum dolanacaq məbləğinə xərclərinə yaxın olmaqla müəyyən edilməlidir. Göründüyü kimi, işə baxmış birinci instansiya məhkəməsi iddianı təmin edərkən iki uşağın hər birinə görə hər ay 175 manat aliment ödənilməsini müəyyən edərkən məhz bu prinsipi nəzərə almış, bununla da onun iş üzrə gəlmiş olduğu nəticə yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə uyğun olmuşdur. Belə ki, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə bir uşaq üçün 175,00 manat həddində müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, həmin dəlillər cavabdehin maddi mənafeyinin uşaqların minimum dolanacaq məbləğinə yaxın məbləğdə maddi təminat almaq kimi üstün hüququndan üstün tutulması üçün kifayət edəcək qədər əsaslı deyildir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Belələliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri qeyd edilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.12.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin izah edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.12.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2437/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2437/2022
17.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver