Məhkəmə qərarları › İş №2(103)-2443/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2443/2025

22.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2443/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 yanvar 2025-ci il tarixli qətnamədən cavabdeh İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, övladı olan cavabdehdən hər ay 1.000 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşa görə təqaüdə çıxmış 1940-cı il təvəllüdlü iddiaçının övladı olan cavabdeh 20 ildən çoxdur ki, xarici ölkədə yaşayır. İddiaçının artıq işləmək qabiliyyəti yoxdur və maddi köməyə ehtiyacı var. Qeydiyyatda olduğu mənzildə tək yaşayır. Heç kimdən köməyi yoxdur. Cavabdeh maddi vəziyyəti yaxşıdır və iddiaçıya aliment ödəməyə kifayət qədər maddi imkanı var. Lakin cavabdeh iddiaçıya maddi yardım göstərmir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddia tələbinin təmin edilməməsini qət etmişdir.

4. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı, maddi yardıma ehtiyacının olmasını bildirsə də, işin hallarından müəyyən edilir ki, o, hər ay 540,30 manat məbləğində təqaüd alır. Cavabdehdən onun xeyrinə alimentin tutulmasını tələb edən iddiaçı maddi yardıma ehtiyacının olması ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. c) apellyasiya şikayəti barədə məlumat

5. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Rayon Məhkəməsi iddiaçının müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, aldığı təqaüdün yaşadığı mənzilin kommunal ödənişlərinə və ərzağın alınmasına sərf etdiyi, buna görə də xəstəlikləri ilə bağlı müalicə almağa maddi imkanının olmamasını nəzərə almamışdır. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və iş üzrə verdikləri izahatlar barədə məlumat

7. İş üzrə tərəflər apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

8. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

9. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı cavabdehin valideynidir. İddiaçı 1940-cı il təvəllüdlü olmaqla hazırda təqaüddədir. Dövlət tərəfindən iddiaçıya hər ay 540,30 manat pensiya alır. Cavabdeh 20 ildən çoxdur ki, xaricdə yaşayır.

11. İddiaçı bildirir ki, o, müxtəlif xəstəliklərdən əziyyət çəkir. Aldığı təqaüd hesabına yaşadığı mənzilin kommunal ödənişlərinə və ərzağın alınmasına sərf etdir. Buna görə də xəstəlikləri ilə bağlı müalicə almağa maddi imkanı yoxdur. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır.

12. Göstərilənləri nəzərə alan Məhkəmə iş üzrə tərəflər arasında yaranmış mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə, valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar.

13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar (maddə 82.1.). Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur (maddə 82.2.). Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir (maddə 82.3.). Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır (maddə 82.4.).

14. Məhkəmə qeyd edir ki, cari il üçün ölkə üzrə minimum əmək haqqı 400 manat, yaşayış minimumu isə pensiyaçılar üçün 232 manat müəyyən edilmişdir.

15. Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən görünür ki, qeyd edilən maddi hüquq normalarına istinad etməklə Rayon Məhkəməsi belə qənaətə gəlmişdir ki, Ailə Məcəlləsinin 82.1-ci maddəsinin məzmunundan göründüyü kimi, qanunvericilik yetkinlik yaşına çatmış övladdan alimentin tutulmasını övladın əmək qabiliyyətinin olması, valideynin əmək qabiliyyətinin olmaması və maddi yardıma ehtiyacı olması ilə şərtləndirmişdir. Hazırkı işin hallarından aydın olur ki, iddiaçı təqaüdçüdür, cavabdeh onun əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladıdır. Mübahisəli məqam iddiaçının maddi yardıma ehtiyacı olub-olmamasıdır. 85 yaşlı iddiaçının 540,30 manat məbləğində yaşa görə pensiya alması onun maddi yardıma ehtiyacı olması halını istisna edir. Belə ki, iddiaçının hər ay 540,30 manat məbləğində aldığı pensiya 2025-ci il üçün ölkə üzrə pensiyaçılara təyin edilmiş yaşayış minimumundan 2 dəfə artıqdır.

16. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə gəlmiş olduğu qənaət qanuni və əsaslıdır. Çünki işin hallarından müəyyən edilir ki, iddiaçının aldığı pensiya cari il üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləğində və pensiyaçılar üçün müəyyən edilmiş yaşayış minimumun məbləğində artıqdır.

17. Bundan başqa nəzərə alınmalıdır ki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Hazırkı işdə sübutetmə yükü üzərinə düşən iddiaçı isə Ailə Məcəlləsinin 82.1-ci maddəsinin dispozisiyasında qeyd edilən şərtlərdən birini yəni onun maddi yardıma ehtiyacının olmasını sübuta yetirə bilməmişdir. f) apellyasiya baxışının nəticəsi

19. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

20. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

21. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

22. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

23. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 403, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 yanvar 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar