Məhkəmə qərarları › İş №2(103)-2449/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2449/2023

24.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2449/2023 24.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X8 Cavabdeh qarşı iddiası ilə bağlı iş üzrə (Açar sözlər: alimentin ödənilməsindən azad etmə və alimentin tutulması) X3 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X5 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment ödəməkdən azad etmə və alimentin tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-213/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış nikah xx.xx.2003-cü il tarixdə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə Şixəliyev, arvada Şixəliyeva soyadı verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-770/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X14 cavabdehin yanında saxlanılmış, uşağın yetkinlik yaşına çatanədək saxlanılması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq, iddiaçıdan hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment cavabdehin xeyrinə tutulmuşdur. Uşaq hazırda iddiaçının yanında qalır. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli rəyinə əsasən Cavabdeh yetkinlik yaşına çatmayan övladı, xx.xx.2005-ci il təvəllüdlü X10 atası İddiaçı yanında saxlanılması məqsədəuyğun hesab edilmişdir. İddiaçı "xxxx" MMC-də mühəndis vəzifəsində işləyir, onun əmək haqqı 3.900 manat təşkil edir. Cavabdeh "xxxx" MMC-də baş direktor, "xxxx" MMC-də isə bölmə rəhbəri vəzifəsində işləyir və onun əmək haqqı müvafiq olaraq 2.485 və 5098,75 manat, cəmi 7.580,75 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü X2 üçün xx.xx.2022-ci il tarixdən etibarən uşağın yetkinlik yaşına çatanadək alimentdən azad olunması və Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X1 üçün hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı 2022-ci ilin mart ayınadək onun tərəfindən vaxtı-vaxtında ödənilmişdir. Lakin onunla cavabdeh arasında olan razılığa və uşağın istəyinə əsasən uşaq xx.xx.2022-ci il tarixdən onunla yaşayır. Həmçinin, alimentin ödənilməsinin dayandırılması məsələsində də razılığa gəlmişdilər. Buna baxmayaraq, bir müddət əvvəl onun iş yerinə əmək haqqısından alimentin tutulması ilə bağlı icra məmurunun məktubu daxil olmuşdur. Halbuki, o, 2022-ci ilin mart ayından alimentin ödənilməsindən azad olunmalıdır.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-213/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı xx.xx.2005-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin ödənilməsindən azad edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim X11)

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, tərəflərin birgə nikahından doğulmuş uşağın xx.xx.2022-ci il tarixdən iddiaçının himayəsində olmasına, onunla birlikdə yaşamasına və bütün maddi təminatının iddiaçı tərəfindən həyata keçirilməsinə əsaslanmış və məhz bu səbəbdən iddia tələbini bu hissədə təmin edilməsi, qalan hissədə isə rədd edilməsi qənaətinə gəlmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 112-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1ci, 88-ci, 217.4-cü maddələrinə, habelə “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin təmin olunmamış hisəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.

8. Eyni zamanda, Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın tam rədd edilməsini xahiş etmişdir.

9. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birgə nikahdan doğulmuş uşağın xx.xx.2022-ci il tarixdən onun yanında qalması işin mübahisəsiz halı olduğundan bu uşağın saxlanılması üçün cavabdehdən onun xeyrinə aliment tutulmalıdır. Hazırki vəziyyət ümumiyyətlə uşağın mənafeyinə uyğun deyil. Belə ki, uşaq onun yanında qalır və onun tərəfindən təmin edilir. Buna baxmayaraq, onun yanında qalan uşağın saxlanılması üçün ondan cavabdehin xeyrinə aliment tutulur. Həmçinin, onun hansı tarixdən aliment ödəməkdən azad olunduğu da göstərilməmişdir. Halbuki, uşaq xx.xx.2022-ci il tarixdən onunla yaşadığından azadolma da bu tarixdən aparılmalıdır.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilə iddiaçı ilə birgə nikahdan doğulmuş uşaq onun yanında saxlanılmış və uşağın saxlanılması üçün aliment məhz iddiaçıdan tutulur. Həmin qətnamə ləğv olunmamışdır. Uşağın fikri valideynlərinin hansının yanında qalması ilə bağlı iddialara baxılarkən öyrənilir. Bununla belə, birinci instansiya məhkəməsi hazırki iş üzrə iki, yəni həm uşağın anadan alınıb ataya verilməsi, həm də aliment tələbi ilə bağlı iddiaya baxmışdır. İddiaçının maddi vəziyyəti ilə bağlı da hər hansı bir araşdırma aparılmamış, onu aliment ödəməkdən azad etməklə, bir növ alimentin tutulması ilə bağlı qətnaməni ləğv etmişdir. Bununla da kobud prosessual norma pozuntusuna yol vermişdir. Qüvvədə olan məhkəmə qətnaməsinin qarşılığında iddiaçı uşağın ondan alınması ilə bağlı iddia qaldırmalı və həmin iddia təmin olunacağı, yəni yekun məhkəmə aktı qəbul edildiyi halda aliment öhdəliyindən azad olunma və cavabdehdən alimentin tutulması tələbi ilə məhkəmədə iddia qaldırmalıdır. Hazırki vəziyyətdə isə bunu iddiaçının əvəzinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi etmişdir. Belə ki, hazırki qətnamədən müəyyən olunur ki, uşaq anadan alınıb ataya verilir və ata aliment tələbindən azad edilir. Məhkəmə iclasında uşaq dindirilmiş və cavabdehlə mübahisə etməsi səbəbindən müəyyən müddətdir ki, atası ilə yaşadığını qeyd etmişdir. Məhkəmə tərəfindən bu ifadəyə sübut kimi qiymət verilmiş və qətnamədə istinad edilmişdir. Belə olan halda, uşaq bu dəfə də iddiaçının özü ilə mübahisə etsə, onun yanına qayıdacaq və onda yenidən mübahisə yaranacaqdır. Lakin məhkəmə bu hallara fikir verməmiş, uşağın hazırda iddiaçının yanında olduğunu və uşağın ifadəsinin səmimi olubolmadığını araşdırmamaqla kobud prosessual pozuntuya yol vermişdir. Uşağın hazırda da qeydiyyatda olduğu və yaşadığı yer onun daimi qeydiyyatda olduğu ünvandır və bu fakt işin mübahisəsiz halıdır. İş materiallarında olan və iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli aktı imzalayan şəxslərin isə harada yaşamaları və ya qeydiyyatda olmaları müəyyən olunmur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etmiş, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməmiş və tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə etmiş, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməmiş və tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

14. 18 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etmiş, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməmiş və tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Lakin Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli rəyi məhkəməyə daxil olduqdan sonra təyin edilmiş məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

15. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid (xx.xx.2005-ci il təvəllüdlüdür, xx.xx.2023-cü il tarixə artıq 18 yaşı tamam olduğundan şahid qismində dəvət edilmişdir) X14 məhkəmə verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə onunla nası arasında mübahisə yaranmış və anası ona onu görmək istəmədiyini, bundan sonra gedib atası ilə yaşamasını ona bildirmişdir. O da həmin günü əşyalarını yığıb, atasının yanına getmişdir. Bir müddət anası ilə ünsiyyəti olmamış, sonra telefonla əlaqə saxlamış, bir neçə dəfə də onu görməyə getmişdir. Lakin sonradan aralarında yenə mübahisə düşdüyündən əlaqələri kəsilmişdir. Təxmini 1 ildir ki, anası ilə əlaqəsi yoxdur. Anası tərəfindən yalnız qardaşı ilə əlaqəsi var. Qardaşı ondan 4 yaş böyükdür, qardaşı anası tərəfdən nənə və babası ilə qalır. Belə ki, anası qardaşı ilə də yola getmir. Atasından onun saxlanılması üçün anasının xeyrinə aliment tutulmasını bilirdi. O, anası ilə yaşayanda onun maddi xərclərinin bir hissəsini anası, bir hissəsini isə nənəsi qarşılayırdı. Atası ilə yaşayan vaxtdan atası aliment ödəməyinə baxmayaraq, onun bütün ehtiyaclarını qarşılamışdır. Atası ilə yaşayan vaxtdan anasına ödənilən aliment məbləğindən ona hər hansı məbləğ verilməmişdir. Artıq uzun müddətdir ki, anası ilə hər hansı əlaqəsi yoxdur. Xeyli müddətdir ki, biri-birinə zəng etmirlər. Onun bu yaxınlarda 18 yaşı tamam olmuşdur. Lakin ad günü münasibəti ilə anası sadəcə “whatsapp” proqram tətbiqi ilə ona şəkil göndərmişdir. Ona nə zəng etmiş, nə mesaj yazmış, nədə ki, hədiyyə göndərmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1-ci və 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin, yəni tərəflərin maddi və ailə vəziyyətinin, diqqətəlayiq digər halların, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması vəzifəsini qoymuşdur. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.

20. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Hazırkı apellyasiya şikayətlərində iddiaçı qətnamənin təmin olunmayan hissəsinin ləğv edilərək, iddianın tam təmin edilməsini, o cümlədən alimentdən azad edilməsi müddətinin müəyyən edilməsini, cavabdeh isə əksinə, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilərək, tam rədd edilməsini xahiş etdiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirirb, tərəflərin izahatını, habelə şahidin ifadəsini dinləyib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və iddiaçının xx.xx.2005-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödəməkdən azad olunduğu müddət müəyyən edilməlidir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı birgə nikahdan doğulmuş uşağın xx.xx.2022-ci il tarixdən onun yanında qaldığını iddia edir və həmin tarixdən etibarən də aliment ödəməkdən azad edilməsini və uşağın saxlanılması üçün həmin tarixdən cavabdehdən öz xeyrinə alimentin tutulmasını tələb edir. Cavabdeh tərəf bu halı qəbul etmir, məhkəmə qaydasında uşağın onun yanında saxlanıldığını və iddiaçıdan alimentin tutulduğunu, bu barədə qətnamənin qüvvədə olduğunu, bu halın iddianın təmin edilməsini istisna etdiyini, həmçinin, uşağın cavabdehlə mübahisə edərək, iddiaçının yanına getməsinin, onun daimi əsaslarla iddiaçı ilə yaşaması qənaətinə gəlmək üçün əsas olmadığını qeyd edir.

26. Məhkəmə kollegiyası vurğulayır ki, tərəflər arasında nikah məhkəmə qaydasında pozulmuş və onların birgə nikahından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X14 cavabdehin yanında qaldığından məhz onun saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə aliment tutulmuşdur. Bununla belə, uşağın saxlanılması üçün hər iki valideyn öhdəlik daşıdığından və məhz uşaq cavabdehin yanında qaldığından aliment məhkəmə qaydasında iddiaçıdan tutulmuş, nəticədə iddiaçı aliment verməyə borclu olan şəxsə çevrilmişdir. Uşaq xx.xx.2023-cü il tarixdə artıq yetkinlik yaşına çatmış və hazırki mübahisənin olmasına baxmayaraq, bu tarixədək onun saxlanılması üçün iddiaçıdan aliment tutulmuşdur.

27. X6 xx.xx.2022-ci il tarixdən iddiaçı ilə yaşayır. Bu halı bilavasitə onun özü təsdiq edir. Belə ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılan zaman xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında X14 xx.xx.2022-ci il tarixdən iddiaçı ilə yaşadığını və onunla yaşamaq istədiyini bildirmişdir. 2023-cü ilin iyul ayında Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasında məsələ ilə bağlı onun fikri öyrənilərkən X14 (həmin vaxt yetkinlik yaşına çatmamışdır) xx.xx.2022-ci il tarixdən atası ilə yaşadığını, anasının onunla yaxşı rəftar etmədiyini, aralarında bəzən mübahisə yarandığını, 08 mart günü anasını gül dəstəsi ilə təbrik etmək istədiyini, lakin anası onun hədiyyəsini qəbul etmədiyini, mübahisə etdiklərini və nəticədə anasının onu evdən qovduğunu bildirmişdir. Apellyasiya icraatı zamanı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi ifadəsində də X14 xx.xx.2022-ci il tarixdən iddiaçı ilə yaşadığını, cavabdehlə 1 ildən artıq müddətdir ki, əlaqə saxlamadığını, ad günü, yəni 10 avqust tarixində cavabdehin “whatsapp” proqram tətbiqi vasitəsi ilə ona yalnız şəkil göndərdiyini, zəng etmədiyini, mesaj, habelə hədiyyə göndərilmədiyini bildirmişdir. Mülki işin müvafiq rəy verilməsi üçün qeyd edilən Komissiyaya göndərildikdən əvvəl keçirilmiş məhkəmə iclasları zamanı da iddiaçı X10 onunla gəldiyini bildirmiş və məsələ ilə bağlı onun fikrinin öyrənilməsi üçün məhkəmə iclasına dəvət edilməsini xahiş etmişdir. Bununla belə, xx.xx.2022-ci il tarixdən sonra müxtəlif dövrlərdə X14 iddiaçının yanında olmuş və eyni mövqeydən çıxış etmişdir.

28. Məhkəmə kollegiyası iddiaçının mövqeyini, məsələ ilə bağlı X10 Komissiyada və hər iki məhkəmə instansiyalarında keçirilmiş məhkəmə iclaslarında bildirdiklərini, habelə cavabdehin bu mövqeyi təkzib edən və X10 onunla yaşamasını təsdiq edən hər hansı sübutun təqdim edilməməsini nəzərə alıb, belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş X14 məhkəmə qaydasında cavabdehin yanında saxlanılsa da, öz iradəsinə və sərbəst seçiminə əsasən xx.xx.2022-ci il tarixdən iddiaçının yanında qalmaqla onunla birlikdə yaşayır.

29. Bununla belə, X14 hələ yetkinlik yaşına çatmadığı xx.xx.2022-ci il tarixdən yetkinlik yaşına çatdığı xx.xx.2023-cü il tarixədək faktiki olaraq iddiaçının yanında qalmış və onun himayəsində olmuşdur. Həmin dövr ərzində X12 qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi, bir sözlə onu hər bir mənada və cəhətdən, o cümlədən maddi baxımdan bir valideyn kimi təmin edilməsi məhz iddiaçının üzərinə düşmüşdür. Həmin ərəfədə cavabdehin bu məsələlərdə nəinki hər hansı formada iştirakı, ümumiyyətlə X14 ilə adi ünsiyyətdə olması müəyyən edilmir. Buna baxmayaraq, qeyd edilən bütün dövr ərzində iddiaçıdan cavabdehin xeyrinə onun yanında qalmayan və faktiki olaraq onun himayəsində olmayan uşağın saxlanılması üçün aliment tutulmuşdur.

30. Hüquqi nəticə etibarı ilə iddiaçının xx.xx.2022-ci il tarixdən həm maddi, həm də ailə vəziyyətində dəyişiklik olmuş, bu dəyişiklik bir mənalı şəkildə uşağın əvvəlki təminatının səviyyəsinə də təsir etmişdir. Belə ki, iddiaçı onun yanında qalan X13 hər bir mənada təmin etməklə yanaşı, hər ay məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş 800-900 manat məbləğində (əmək haqqı 3.900 manat) alimenti də ödəmək məcburiyyətində olmuş və ödəmişdir. Bu da onun maddi vəziyyətində dəyişikliyin olması kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı bu məbləği də X4 edib, onu daha yaxşı təmin edə bilərdi, o cümlədən onun təminatını başqa məqsədlər üçün ayrılmış məbləğ hesabına aparmazdı. Cavabdehin (7.580,75 manat) iddiaçı ilə müqayisədə əmək haqqısının təxminən iki dəfə çox olmasına baxmayaraq, həmin dövr ərzində uşağın saxlanılmasında işitirak etməməsi də nəzərə alınmaqla, yaranmış vəziyyət bilavasitə X10 mənafeyinə ziddir və bu baxımdan onun maddi təminatına mənfi təsir göstərmiş olur.

31. Digər tərəfdən iddiaçı artıq digər şəxslə rəsmi nikahdadır. Həm bu, həm X10 xx.xx.2022-ci il tarixdən onun yanında yaşaması, həm də cavabdehin öhdəsində hər hansı başqa uşağın qalmaması, həm iddiaçının (əsassız olaraq çətinliyə doğru), həm də cavabdehin (əsassız olaraq yüngülləşməyə doğru) ailə vəziyyətində dəyişikliyin olmasını təsdiq edir.

32. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, yuxarıda göstərilənlər uşağın nəticə etibarı ilə cavabdehin yanında qalması şərti ilə iddiaçının maddi və ailə vəziyyətində dəyişikliklərin, habelə digər diqqətəlayıq məqamların olması hallarına aiddir. Hazırda isə tam fərqli bir vəziyyətdir. Belə ki, X14 xx.xx.2022-ci il tarixdən iddiaçının yanında qalır və onun himayəsindədir. Tutulan alimentin uşağa hər hansı aidiyyəti yoxdur. Bu məbləğ bilavasitə daha yüksək gəlirə malik olan və həmin dövr ərzində uşağa hər hansı məbləğdə vəsait xərcləməyən cavabdehin özünun xeyrinə tutulmuşdur. Halbuki, cavabdehin özünün saxlanılması üçün iddiaçıdan alimentin tutulması barədə məhkəmə qətnaməsi mövcud deyil. Belə bir vəziyyətdə, X1 üçün iddiaçıdan cavabdehin xeyrinə alimentin tutulması absurd bir hal olmaqla, ümumiyyətlə aliment institutunun mahiyyətində və məqsədinə ziddir.

33. Qeyd edilənlər öz növbəsində iddiaçının uşağın saxlanılması üçün alimentin ödənilməsindən azad edilməsini şərtləndirir. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq iddianı bu hissədə təmin etmişdir. Lakin azad etmənin tarixini müəyyən etməməkdə səhvə yol vermişdir. Belə ki, hər bir halda azad etmənin müddəti müəyyən edilməlidir. Bununla bağlı, ilk növbədə nəzərə alınmalıdır ki, uşaq artıq yetkinlik yaşına çatmış və xx.xx.2022-ci il tarixdən yetkinlik yaşına çatanadək, yəni 1 il 8 ay ərzində hüquqən onun saxlanılması üçün ödənilən aliment məbləğinin faktiki olaraq bir qəpiyini belə görməmişdir. Belə olan halda, azad etmənin qəbul edilmiş qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə düşməsi bilavasitə uşağın mənafeyi ilə ziddiyyət təşkil etmiş olacaq və hüquqi baxımdan düzgün olmayacaqdır.

34. Bu səbəbdən məhkəmə kollegiyası bu hissədə iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşıb, cavabdehin apellyasiya şikayətinin dəlillərini isə əsassız hesab edib, belə qənaətə gəlir ki, cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2005 ci il təvəllüdlü X1 üçün aliment ödəməkdən azad edilməlidir.

35. Məhkəmə kollegiyası iddiaçının alimentin tutulması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, X14 məhkəmə qətnaməsi ilə cavabdehin himayəsinə verilməklə onun yanında saxlanılmışdır. Həmin qətnamə hazırda da qüvvədədir. İddiaçı ötən dövr ərzində uşağın himayəsi ilə bağlı məsələni mübahisələndirməmişdir. Bu səbəbdən mövcud vəziyyətdə uşağın xx.xx.2022-ci il tarixdən iddiaçının yanında qalması onu aliment ödəməkdən azad edilməsi üçün əsas yaratsa da, həmin dövrdən başlayaraq, uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması üçün əsas yaratmır. Bu da öz növbəsində iddiaçının bu barədə dəlillərinin əsassız olmasını və apellyasiya şikayətinin bu hissədə təmin edilməməsini şərtləndirir.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının aliment ödəməkdən azad edilməsi müddəti ilə bağlı hissədə dəyişdirilməli, iddiaçı xx.xx.2022-ci il tarixdən alimentin ödənilməsindən azad edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-213/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi İddiaçı xx.xx.2005-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödəməkdən azad olunması müddəti ilə bağlı hissədə dəyişdirilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2005-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödəməkdən azad olunsun. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-213/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar