Məhkəmə qərarları › İş №2(103)-2456/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2456/2024

27.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2456/2024 27.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh Cəlal qızına qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli 2(001)-2254/2024 nömrəli qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Cəlal qızına qarşı barışıq sazişinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli 2(001)- 2254/2024 nömrəli qərardadı ilə iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, e-məhkəmə sisteminə yüklənmiş iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin siyahısından dövlət rüsumu barədə qəbz əlavə edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, iddiaçı daha əvvəl “barışıq sazişinin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmış, həmçinin iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş xx.xx.2024-cü il tarixli ********** qəbz nömrəli 100 manatın iddiaçıya qaytarılması qərara alınmışdır. Bu barədə icra vərəqəsi də verilmişdir. Hazırda isə iddiaçı “barışıq sazişinin etibarsız hesab edilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və geri qaytarılması qərara alınmış dövlət rüsumuna dair qəbzi əlavə etmişdir. Şikayətində isə buna əsaslanaraq dövlət rüsumuna dair qəbzin əlavə edildiyini göstərsə də, elə şikayətə də eyni xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzi əlavə etmişdir. Göründüyü kimi məhkəmənin qərardadı ilə həmin dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmış və bununla bağlı icra sənədi icraya yönəldilmişdir. Hazırki iddia ərizəsinin verilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə edilməmişdir. Digər tərəfdən məhkəmə göstərmişdir ki, qanuni qüvvəsini almayan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-1774/2024 saylı qətnaməsinə əsasən, iddiaçının hazırkı iddia ərizəsi ilə etibarsız hesab edilməsini xahiş etdiyi barışıq sazişinin bir hissəsi təsdiq edilsə də, iddiaçı iddia ərizəsində sazişin hansı şərtlərinin faktiki icra olunmasını, hansı şərtlərinin mübahisələndirdiyini, məhkəmə aktı ilə etibarlılığı müəyyən edilərək təsdiq olunan saziş şərtlərinə münasibətini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-1774/2024 saylı qətnaməsini mübahisələndirib-mübahisələndimədiyini iddia ərizəsində göstərməmiş, yəni öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları iddia ərizəsində qeyd etməməklə iddia ərizəsinin forma və məzmununa da əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Məcəllənin 150.1.2-ci maddəsinə görə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Məcəllənin 152.1-ci maddəsinə görə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə (152.1.1); müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə (152.1.5). Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən doğru qənaətə gəlmiş, mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qanunun tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra maraqlı şəxsə ümumi qaydada ikinci dəfə iddia ilə məhkəməyə müraciət etməyə mane olmur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli 2(001)- 2254/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar