Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2457/2020 26.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X3 və X2 ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3287/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat məbləğində alimentin tutulması və əvvəlki dövr üçün 3 illik müddətdə ödənilməmiş alimentin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3287/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh, xx.xx.2019-cu il tarixdən başlayaraq, xx xxxxxx 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Apelyasiya şikayətlərinin dəlilləri: İddiaçı qətnamədən apelyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, o, məhkəməyə müraciət etməmişdən əvvəl dəfələrlə cavabdehdən onların birgə nikahdan olan xx xxxxxx 2006-cı il təvəllüdlü X4 təmin edilməsi üçün pul vəsaiti tələb etmiş, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pul verməkdən yayınmışdır. Bu səbəbdən, qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin oluması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apelyasiya şikayətini müdafiə edərək, bildirdi ki, o, 2015-ci ilə kimi işləmiş, özünü və uşağını təmin etməyə imkanı olmuş, lakin sonradan iş yerində ixtisar olunduğuna görə pula ehtiyacı yaranmışdır. Bundan sonra o, dəfələrlə cavabdehdən kömək istəmək üçün onunla danışmağa cəhd etmiş, ancaq onu tapa bilməmişdir, onun yerinə qayınanası iddiaçıya müxtəlif vaxtlarda 20-50 manat olmaqla indiyə kimi ümumilikdə 1090 manat məbləğində pul vermişdir. İddiaçı qeyd edir ki, bütün bunlar onun məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehdən aliment almaq üçün gördüyü tədbirləri təsdiq edən faktlardır, bu səbəbdən iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülkiiş materiallarında olan AZ-İ 090557 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X5 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2008 ilin noyabr ayının 20 günündə 149 № ilə qeyd edilmişdir. xx xxxxxxx 2006-cı il tarixli, AZ-İ 812228 №-li doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, xx xxxxxx 2006-cı il tarixdə anadan olmuş X4 ata qrafasında Cavabdeh, ana qrafasında X5 göstərilmişdir. İş materiallarına əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1985-cu ildə Balakən şəhərində anadan olmuş, Balakən rayonu, Qazma kəndində qeydiyyatdadır. Səbail Rayon Məhkəməsinin 2(009)-780/08 saylı, xx xxxxxx 2008-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhər Səadət Sarayında bağlanmış xx xxxx 2005-ci il tarizlm, 1751 №-li nikah qeydi pozulmuş, xx xxxxxx 2006-cı il tarixdə anadan olmuş X6 anası İddiaçı yanında saxlanılması qət edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, qətnamə qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. İddiaçının apelyasiya şikayətində qeyd etdiyi alimentin 170 manat məbləğində tutulması dəlili ilə kollegiya razılaşmır və qeyd edir ki, iddiaçı öz tələbində 160 manat aliment tutulmasını xahiş etmişdir. Həmçinin iddiaçı məhkəməyə aliment tələbi ilə 2019-cu il tarixdə müraciət etmiş, həmin ildə uşaqlar üçün yaşayış minimumu 160 manat olduğundan birinci instansiya məhkəməsi uşaq üçün aylıq 160 manat məbləğində aliment müəyyən etməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinin digər dəlili, cavabdehlə birgə nikahdan olan xx xxxxxx 2006-cı il təvəllüdlü X1 üçün əvvəlki dövr olan 3 il müddətdə ödənilməyən alimentin cavabdehdən tutulmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəmə iclasında bildirmişdir ki, 2015-ci il qədər o, işlədiyi üçün alimentə ehtiyacı olmamış, lakin 2015-ci ildə iş yerində ixtisara düşmüş, nəticədə pula ehtiyacı yaranmış, cavabdehdən aliment ödəməsini tələb etmiş, lakin cavabdehi tapa bilməmiş, qayınanasından yardım istəmiş, o da ona müxtəlif vaxtlarda 20-50 manat olmaqla, cəmi 1090 manat pul vermişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məcəllənin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Kollegiya qeyd edir ki, qayınanası tərəfindən iddiaçıya 1090 manat məbləğində pulun verilməsi təsdiq edir ki, iddiaçı cavabdehdən aliment tələb etmişdir. Bu səbəbdən, iddia tələbi təmin edilməyən hissədə qismn təmin edilərək, əvvəlki dövr üçün 3 illik müddət həddində cavabdehdən tutulmalı, həmin məbləğdən isə iddiaçının qeyd etdiyi 1090 manat məbləğində pul çıxılmalıdır. Kollegiya qeyd edir ki, iddiaçı aliment tələbi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda, həmin ildən əvvəlki üç il, yəni müvafiq olaraq 2019-cu il üçün 10 ay, 2018-ci il üçün 12 ay, 2017-ci il üçün 12, 2016-cı il üçün 2 ay həddində aliment cavabdehdən tutulmalıdır. Kollegiya qeyd edir ki, 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat, 2018-ci il üçün 154,6 manat məbləğində, 2017-ci il üçün 136,6 manat məbləğində, 2016-cı il üçün 117 manat müəyyən edilmişdir. Bu halda, 2016-cı il üçün (noyabr və dekabr ayları) 117x2=234 manat, 2017-ci il üçün 136,6x12=1639,2 manat, 2018-ci il üçün 154,6x12=1855,2 manat, 2019-cu il üçün 160x10=1600 manat olmaqla cəmi, 234+1639,2+1855,2+1600=5328,4 manat pul məbləğindən, iddiaçının qayınanası tərəfindən ona ödənmiş 1090 manat pul vəsaiti çıxılmalı, (5328,4-1090=4238,4) cəmi 4238,4 manat məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya verilməli, qətnamə qalan hissədə onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, qətnaməqismən – iddia tələbinin “cavabdehlə birgə nikahdan olan xx xxxxxx 2006-cı il təvəllüdlü X1 üçün əvvəlki dövr olan 3 il müddətdə ödənilməyən alimentin cavabdehdən tutulması” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cəmi 4238,4 manat məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya verilməli, qətnamə qalan hissədə onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məcəllənin 388-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3287/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən – iddia tələbinin “cavabdehlə tərəflərin birgə nikahından olan xx xxxxxx 2006-cı il təvəllüdlü X1 üçün əvvəlki dövr olan 3 il müddətdə ödənilməyən alimentin cavabdehdən tutulması” hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh tərəflərin birgə nikahından olan xx xxxxxx 2006-cı il təvəllüdlü X1 üçün hazırkı ərizənin verildiyi tarixdən əvvəlki üç ilə görə 4238,4 (dörd min iki yüz otuz səkkiz manat, qırx qəpik) manat məbləğində aliment alınaraq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə qalan hissədə onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-2457/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2457/2020
26.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver