Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2461/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(011)-1195/2021 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı – işdən çıxarıldığı üçün Cavabdeh ASC tərəfindən iddiaçıya ödənilməli olan əmək haqqının ödənilməmiş 15 (on beş) günlük iş dövrü üçün nəzərdə tutulan əmək haqqının iddiaçıya ödənilməsi, 2018-ci ilin oktyabr ayından başlayaraq 15.10.2020ci il tarixədək olan iş dövrü üçün istifadə edilməmiş məzuniyyətlərə görə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan məzuniyyət müavinətinin ödənilməsi, tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı 2018-ci ilin oktyabr ayından başlayaraq 15.10.2020-ci il tarixədək Cavabdeh ASC-nin 1 saylı Tikinti Quraşdırma sahəsinin Abşeron sahəsində “rəngsaz" vəzifəsində çalışmışdır. İşlədiyi illər ərzində daima işinə məsuliyyətlə yanaşmış və öz vəzifəsini lazımi qaydada icra etmişdir. 14.10.2020-ci il tarixdə Cavabdeh ASC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, yəni işçilərin sayı və ya ştatları ixtisar edildiyindən əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı 9 həftə qabaqcadan xəbərdarlıq edilməyi barədə 01-FA/725 nömrəli yazılı xəbərdarlıq təqdim olunmuşdur. Həmçinin, Cavabdeh ASC tərəfindən təqdim edilmiş 14.10.2020-ci il tarixli 01-FA/725 nömrəli xəbərdarlıqda qanunla nəzərdə tutulmuş xəbərdarlıq müddətini gözləmədən əmək müqaviləsinə xitam verilməsi barədə öz razılıq ərizəsini təqdim edəcəyi təqdirdə AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən orta aylıq əmək haqqının 2 misli məbləğinin birdəfəlik ödəniləcəyi bildirilmişdir. Yalnız bundan sonra, o xəbərdarlıq müddəni gözləmədən əməkmüqaviləsinə xitam verilməsi barədə öz razılıq ərizəsini Cavabdeh ASC-yə təqdim etmiş. Beləliklə, 15.10.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verildi. Bundan sonra Cavabdeh ASC tərəfindən birdəfəlik ödənilməli olan orta aylıq əmək haqqının 2 misli məbləğində pul miqdarını və həmçinin işdən çıxarılmazdan əvvəlki dövrü əhatə edən və gecikdirilmiş ümumi 3 (üç) aylıq orta aylıq əmək haqqımın kart hesabına yüklənmədiyini müşahidə etdikdən sonra məsələnin aydınlaşdırılması üçün banka yaxınlaşmış, lakin bank tərəfindən ona təqdim olunan çıxarışdan da göründüyü kimi Cavabdeh ASC tərəfindən iddiaçıya ödənilməli olan məbləğdən işlədiyi 15 (on beş) gün üçün nəzərdə tutulan ödəniş verilməmişdir. Bu məsələ ilə banka iradını bildirmiş, lakin onlar tərəfindən iddiaçıya bankla bağlı hər hansı problem olmadığını və məsələni Cavabdeh ASC ilə dəqiqləşdirməyi məsləhət görüldü. “Azenco" ASC-də çalışdığı illər ərzində bir dəfə belə əmək məzuniyyətinə çıxmamışdır. Belə ki, anasının səhhəti ilə bağlı problemləri mövcud idi və həmçinin vəziyyəti getdikcə ağırlaşırdı. Bu səbəbdən qanunla nəzərdə tutulmuş 27 (iyirmi yeddi) gün müddətinə məzuniyyətə çıxmaq üçün rəhbərliyə müraciət etsə də, rəhbərlik tərəfindən iş yükünün çox olması və buna görə də, müraciətinin qəbul olunmadığı bildirilmişdir. Belə olan halda işlədiyi müddət ərzində Cavabdeh ASC tərəfindən AR Əmək Məcəlləsilə nəzərdə tutulmuş məzuniyyət hüququ pozulmuşdur. Həmçinin, cavabdeh tərəfindən məzuniyyət müddəti 21 (iyirmi bir) gün qeyd olunaraq və Cavabdeh ASC qanun pozuntusuna yol verərək ona haqqı olan məzuniyyət müavinətini də ödəmədi. Dəfələrlə hazırki iş üzrə Cavabdeh ASC-dən məzuniyyət müavinətinin ödənilməsi üçün müraciət etsə də, cavabdeh tərəfindən bugünədək heç bir hərəkət həyata keçirilməmişdir. Bunun əksinə olaraq isə istədiyin yerə şikayətlə müraciət et, sənə bu məbləği ödəməyəcəyik kimi əsassız cavab verilmişdir. Bu qədər uzun müddət ərzində haqlı olduğum halda bürokratik süründürməçiliyə məruz qalmağı ona mənəvi iztirablar vermişdir. Bu səbəbdən hesab edir ki, Azərbaycan Respublikasının vətəndaşı kimi hüquqlarının kobud surətdə pozulmuş və bilərəkdən təmin olunmamışdır. 2018-ci ilin oktyabrından 15.10.2020-ci ilədək olan iş dövrü kifayət qədər uzun müddətdir və həmin dövr üçün ödənilməli olan 15 (on beş) günlük qalıq əmək haqqı və 3 (üç) il müddətinə ödənilməmiş məzuniyyət müavinəti kifayət qədər böyük məbləğdə pul edir. İşlədiyi 3 (üç) il ərzində maaşını vaxtlı vaxtında almamağı, gecikdirilmiş aylar üzrə maaşın da tam formada ödənilməməsi azmış kimi, hələ işlədiyi 15 (on beş) günlük qalıq əmək haqqımın və 3 (üç) illik dövr üçün nəzərdə tutulan məzuniyyət müavinətinində ona ödənilməməsi onun maddi vəziyyətini xeyli çətinləşdirmiş, ailəsinin dolanışığını təmin etməyi üçün bir sıra şəxslərə borclanmağı ilə nəticələnmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(011)-1195/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, istifadə edilməmiş 18 (on səkkiz) məzuniyyət gününə görə pulun əvəzi Cavabdeh ASC tərəfindən hesablanaraq iddiaçı X1 ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh ASC-nin nümayəndəsi X5 apellyasiya şikayəti verərək, qətnamənin qismən təmin edilən hissəsində ləğv edilərək, iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, məhkəmə iddiaçı X3 şəxsi vərəqəsinin təstiq olunmuş surətinə əsaslanaraq iddiaçının işlədiyi müddət ərzində istifadə etmədiyi məzuniyyət günlərini 2017-2018-ci iş ili üzrə 27 (21+6) təqvim günü, 2018-2019-cu iş ili üzrə 26 təqvim günü, 2019-2020-ci iş ili üzrə isə 9 təqvim miqdarında hesablayaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinin, 3 hissəsini nəzərə almamışdır və bu səbəbdən də, hər il üçün (2017-2018, 2018-2019, 2019- 2020) 6 gün staja görə nəzərdə tutulan əlavə günləri hesablayaraq istifadə edilməmiş məzuniyyət günlərinə sayını 18 (on səkkiz) təqvim günə gorə ödənilmədiyi qərarına gəlmişdir. Halbuki tərəflərindən işçinin son-haqq hesabı, o cümlədən istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənişlər qanunvericiliyin tələblərinə - Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı və 144-cü maddələrinə uyğun olaraq, hesablanaraq ödənilmişdir və bununla bağlı tərəfimizdən məhkəməyə arayışlar təqdim olunmuşdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edərək, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən-məzuniyyət günlərinə görə pul əvəzinin hesablanması ilə bağlı hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki tərəflər qətnaməni əmək haqqının ödənilməsi ilə bağlı təmin edilməyən hissədə mübahisələndirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan, "xxxx" MMC ilə işçi İddiaçı arasında 02.05.2005-ci il tarixində bağlanılmış 530 nömrəli Əmək müqaviləsinin surətindən görünür ki, Müqaviləyə əsasən işçi Cavabdeh ASC-nin 6 nömrəli Mülki Tikinti və Təmir İdarəsin 4-ci dərəcəli rəngsaz vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin İddiaçı ünvanladığı 01- FA/725 nömrəli 14.10.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ”b” bəndinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı 9 (doqquz) həftə qabaqcadan xəbərdar edilir. İş materiallarında olan Cavabdeh ASC-nin 15.10.2020-ci il tarixli 20/37-irş nömrəli Əmrinə əsasən 1 saylı Tikinti Quraşdırma sahəsinin Tikinti sahəsinin 4-cü dərəcəli rəngsazı İddiaçı əmək müqaviləsinə, 15.10.2020-ci il tarixindən Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisar edilməsi) xitam verilmiş, Məzuniyyətinin istifadə olunmamış dövrü 70 t.g. (2017/2018- 19(21-2) t.g., 2018/2020-42 t.g., 2020-9 t.g.) və orta aylıq əmək haqqının 2 misli miqdarında müavinət ödənilsin. İş materiallarında olan Cavabdeh ASC-nin arayışına əsasən, İddiaçı Cavabdeh ASC-nin 1 saylı Tikinti Quraşdırma sahəsində 4-cü dərəcəli rəngsaz işləyib və 15.10.2020-ci il tarixdə 20/37irş əmrinə əsasən işdən azad olmuşdur. İddiaçı bir günə görə əmək haqqı aşağıdakı qaydada tapılaraq 70 günə görə 1358 manat 70 qəpik Son haqq-hesab hesablanmışdır. İddiaçı oktyabr ayının 10 iş gününə görə 217 manat əmək haqqı və əmrə əsasən istifadə olunmamış məzuniyyət dövrü 70 günə görə 1358 manat 70 qəpik Son haqq-hesab, 1179 manat 92 qəpik ixtisara görə müavinat cəmi 2755 manat 62 hesablanmışdır və həmin məbləğdən tutulmalar- 4 manat 34 qəpik həmkarlar ittifaqına üzvlük haqqı, 89 manat 34 qəpik təqaüd fonduna, 7 manat 88 qəpik işsizlikdən sığorta fonduna ayırmalar - 101 manat 56 qəpik tutulduqdan sonra 15 oktyabr 2020-ci il tarixdə "xxxx" ASC-dəki AZ02AZEN******************** bank hesabına 2654 manat 06 qəpik köçürülmüşdür. Həmin tarixdə İddiaçı 2020-ci ilin avqust ayına görə hesablanmış 434 manat əmək haqqından 40 manat 25 qəpik tutulduqdan sonra 393 manat 75 qəpik və sentyabr ayına görə hesablanmış 477 manat əmək haqqından 45 manat 63 qəpik tutulduqdan sonra 431 manat 37 qəpik əmək haqqı köçürülmüşdür. İş materiallarında olan 15.10.2020-ci il tarixli 2131 və 2132 nömrəli Ödəniş tapşırıqlarına əsasən Cavabdeh ASC tərəfindən İddiaçı "xxxx" ASC-dəki AZ02AZEN******************** bank hesabına 2654,06 manat son haqq-hesab, 2020-ci ilin avqust ayına görə hesablanmış 393,75 manat və sentyabr ayına görə hesablanmış 431,37 manat köçürülmüşdür. Kollegiya qeyd edir ki, mübahisələndirilən hissədə məhkəmə iddianı təmin edərkən qeyd etmişdir ki, mülki iş həqiqi halları ilə müəyyən edildi ki, İddiaçı şəxsi vərəqəsinin surətinə əsasən, İddiaçı işlədiyi müddət ərzində işçi İddiaçı işlədiyi müddətdə istifadə etmədiyi məzuniyyət günləri 2017-2018-ci iş ili üzrə 26 təqvim günü, 2018-2019-cu iş ili üzrə 26 təqvim günü, 2019-2020-ci iş ili üzrə 27 (21+6) təqvim günü və 2020-ci iş ili üzrə isə 9 təqvim günü hesablanmalı olduğu halda Cavabdeh ASC tərəfindən 70 təqvim günü miqdarında hesablanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi istifadə edilməmiş məzuniyyət günlərinin sayını 88 gün müəyyən etmişdir. Kollegiya hesab edir ki, məhkəmə istifadə olunmamış məzuniyyətin bir hissəsinin ödənilməməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, istifadə olunmamış məzuniyyətin təqvim günləri ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-ƏM) 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. ƏM-nin 144-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Göründüyü kimi, Qanunvericiliyin tələbinə görə əmək müqaviləsinə xitam verilərkən, iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilir. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsindən görünür ki, iddiaçının əsas məzuniyyət müddəti 21 gün təşkil edir. Belə olan halda kollegiya hesab edir ki, istifadə olunmamış məzuniyyətə görə təqvim günləri 2017-2018-21 gün, 2018-2019-21 gün, 2019-2020-21 gün, 2020-9 gün, cəmi 72 gün təşkil edir. İş materiallarından görünür ki, iddiaçıya istifadə edilməmiş məzuniyyətin 70 təqvim günü üçün ödəniş edilsə də, 2 təqvim günü üçün ödəniş həyata keçirilməmişdir. Buna görə də, kollegiya apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, qeyd edir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilməli, istifadə edilməmiş məzuniyyət günlərinin sayı 2 təqvim günü üçün müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən təqdim olunmuş arayışda istifadə olunmamış məzuniyyətə görə bir təqvim günü üçün ödənilməli olan məbləğ 19,41 manat təşkil etdiyindən, MPM-nin 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(011)- 1195/2021 saylı qətnaməsi mübahisələndirilən- istifadə edilməmiş məzuniyyət günlərinin sayı ilə bağlı hissədə dəyişdirilsin, istifadə olunmamış məzuniyyət günlərinin sayı 2 (iki) təqvim günü müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-2461/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2461/2022
09.03.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver