Məhkəmə qərarları › İş №2(103)-2468/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2468/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2468/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiyanın ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2020-ci il tarixli qətnamədən cavabdeh Fondun verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) X2 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İş üzrə iddiaçı, iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Bank) arasında bağlanmış 210FM**********8 saylı “Əmanəti müqaviləsi” üzrə Banka qoyduğu əmanətə görə, Bankın ləğv edilməsi səbəbindən, 32.953,99 Avro məbləğində pulun cavabdeh Fonddan tutularaq, ödəniləcək tarixə müəyyən ediləcək məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla Bank arasında 18.02.2015ci il tarixli “Əmanət müqaviləsinə” əsasən illik faizlərin hər ay ödənilməsi şərti ilə 6%, faizlərin ödənilməsi müddətin sonunda şərti ilə nəzərdə tutulduğu halda illik hesablanmaqla 6,3% 19.02.2016-ci il tarixinədək 50.000 Avro məbləğində pulu Banka əmanət olaraq qoymuşdur. Həmin müqaviləyə əsasən Fonda sığorta haqqı ödənilmiş və həmin əmanət qorunan əmanət hesab edilən əmanətlər kimi Fond tərəfindən sığortalanmışdır. Qeyd edilən müqavilənin tələblərinə əsasən tərəflər arasında bağlanılmış müqavilənin bitdiyi gün əmanət Əmanətçi tərəfindən geri götürülmədikdə həmin günə Bankdan qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab olunur. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həmin Bankın “bank kimi fəaliyyət göstərməsi barədə lisenziyası” ləğv edilmiş və bu barədə kütləvi informasiya vasitələri ilə elan edilmişdir. Fond 50.000 Avro məbləğində pulu qaytarılması barədə müraciət edilməsinə baxmayaraq, həmin pul məbləğinin 30.000 manat məbləği milli valyuta ilə ödənilmişdir. Əmanətinin böyük bir məbləği yəni 32.953.99 Avro ödənilməmişdir. Tərəflər arasında bağlanılmış müqaviləyə əsasən Bankda iddiaçıya məxsus əmanətin illik faizlərin hər ay ödənilməsi şərti ilə 6 %, faizlərin ödənilməsi müddətin sonunda şərti ilə nəzərdə tutulduğu halda illik hesablanmaqla 6,3% müəyyən edilmişdir. Lakin Bank tərəfindən sığorta hadisəsi baş verdiyi halda əmanətinin tam məbləğdə iddiaçıya ödənilməməsi barədə məlumatlar bildirilməmiş və müqavilədə göstərilməmişdir. Ləğv prosesində olan Bankın 13.02.2017-ci il tarixli, 142 №-li qəbzindən görünür ki, iddiaçıya məxsus əmanət qeydiyyata alınmışdır. Göstərilənlərə baxmayaraq cavabdeh Fond iddiaçıya sığorta ödənişini etməmişdir. İşə baxmış Rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh Fond həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmanətin “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun tələbləri altına düşməsi üçün müəyyənləşdirilmiş faiz dərəcələri əmanət müqaviləsindəki faiz dərəcəsi ilə uyğunluq təşkil etməli və ya əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində müvafiq dəyişiklik edilməlidir. Lakin iddiaçı tərəfindən əmanətin geri qaytarılması və ya faiz dərəcəsinin qorunan əmanətlər üçün müəyyən edilmiş faiz dərəcəsinə uyğunlaşdırılması barədə müraciət daxil olmamışdır. Belə bir ərizə Bank tərəfindən Fonda təqdim edilməmişdir. Lakin qeyd edilənləri nəzərə almamış Rayon Məhkəməsi iş üzrə səhv nəticəyə gələrək maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət edilən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Cavabdeh Fond apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə görə, işə Fondun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ilə Bank arasında bağlanmış 18.02.2015-ci il tarixli, 210FM**********8 nömrəli “Standard depozit müqaviləsindən” görünür ki, Bank əmanətçi olan iddiaçıdan 50.000 Avro məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlərin ödənilməsi “hər ay” şərti ilə nəzərdə tutulduğu halda illik 6 faiz, faizlərin ödənilməsi “müddətin sonunda” şərti ilə nəzərdə tutulduğu halda isə illik 6,3 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 12 ay müddətinə bağlanmışdır. «"xxxx" ASC-nin əmanətçiləri qarşısında öhdəliklərinin reyestri»ndən 17.07.2016-cı il tarixli çıxarışdan görünür ki, əmanətçi olan iddiaçıya 30.000 manat məbləğində kompensasiya ödənilmişdir. Əmanətçi haqqında məlumatdan sığorta olunmayan məbləğin 32.953,99 Avro təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən ləğv prosesində olan Banka ünvanlanmış 25.02.2016-cı il tarixli ərizəsindən görünür ki, o, bank hesabında olan 32.953,99 Avro məbləğində pulun qaytarılmasını xahiş etmişdir. 13.02.2017-ci il tarixli, 142 nömrəli qəbzdən görünür ki, iddiaçının ləğv prosesində olan Banka qarşı 32.953,99 Avro məbləğində kreditor tələbi qeydə alınmışdır. Beləliklə göstərilənlərə və işdə olan digər sənədlərə əsasən Məhkəmə tərəfindən müəyyən edilən və işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Bank ilə əmanətçi olan iddiaçı arasında “Əmanət müqaviləsi” bağlanmış, iddiaçı 50.000 Avro məbləğində pulu Banka faizin hər ay ödənilməsi şərti ilə illik 6 faiz, faizlərin müddətin sonunda ödənilməsi şərti ilə isə illik 6,3 faiz dərəcəsi ilə əmanət olaraq Banka yerləşdirmişdir. Daha sonra Bankın lisenziyası ləğv edilmiş, yəni sığorta hadisəsi baş vermişdir. Sığortalanmış əmanət (depozit) müqaviləsi üzrə iddiaçıya 30.000 manat məbləğində kompensasiya ödənişi həyata keçirilmiş, lakin qalan 32.953,99 Avro əmanət məbləği kompensasiya olunmamış və bu günə kimi iddiaçıya ödənilməmişdir. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1 və 950.1-ci maddələrinin tələblərinə görə, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə görə, qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Həmin Qanunun 2.1.3-cü maddəsinə görə, sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Qanunun 2.1.11-ci maddəsinə görə, kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Qanunun 4.1.4-cü maddəsinə görə, Fond sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparır və kompensasiya ödəyir. Qanunun 8.1.20-ci maddəsinə görə, qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Qanunun 25.1.4-cü maddəsinə görə, əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır. Qanunun 27.1-ci maddəsinə gərə, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 il müddətində tam sığortalanır. Həmin Qanunun 4.1-ci maddəsinə görə, qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Qanunun 5.1-ci maddəsinə görə, əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Qanunun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X1 16.09.2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərarına əsasən, banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir. Eyni zamanda qeyd edilən qərara əsasən yeni müəyyən edilmiş faiz dərəcəsi 16.09.2016-cı il tarixinə qədər iştirakçı banklarda illik maksimum 15 faizlə milli valyutada qəbul edilmiş əmanətlərin də, 16.09.2016-cı il tarixindən etibarən qorunan əmanət hesab olunması və Fond tərəfindən sığortalanması üçün zəmin yaratmışdır. X1 10.06.2009-cu il tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 1 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərarı ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərarı ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz, 2016-cı il 16 sentyabr tarixli qərarı ilə isə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz müəyyən edilmişdir. Göründüyü kimi, Bankla əmanətçi olan iddiaçı arasında bağlanmış müqaviləyə əsasən əmanət üzrə müəyyənləşdirilmiş faiz dərəcəsi faizin hər ay ödənilməsi şərti ilə illik 6 faiz, faizlərin müddətin sonunda ödənilməsi şərti ilə isə illik 6.3 faiz müəyyən edilmişdir. X1 16.09.2016-cı il tarixli qərarı ilə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz olmaqla tam sığortalanması müəyyən edilmişdir. Beləliklə, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi, “Əmanətlərin sığortalanması haqqında” və “Əmanətlərin tam sığortalanması haqqında” Qanunların tələblərinə və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X1 16.09.2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərara əsasən, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə uyğun olaraq sığorta hadisəsinin baş verdiyini, iddiaçı ilə Bank arasında bağlanmış 18.02.2015-ci il tarixli “Əmanət müqaviləsi” müqaviləsinə əsasən xarici valyutada qoyulmuş əmanət üzrə illik faiz dərəcəsinin 6 (6,3) faiz həddində müəyyən edildiyini və beləliklə də əmanət məbləğinin tam sığortalı əmanət kateqoriyasına aid edildiyini nəzərə alaraq, iddiaçının əmanət məbləğinin qanunvericilikdə nəzərdə tutulmuş tələblərə görə qorunan əmanətlərə aid olması, ona görə də iddianın əsaslı olması qənaətinə gəlməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Fondun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar