Məhkəmə qərarları › İş №2(103)-2469/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2469/2022

26.04.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2469/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzrin qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh3 nümayəndəsi (vəkil) X2, Ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi X14 oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna, ləğv prosesində olan Cavabdeh2 ASC-yə, Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi, qeydiyyatın ləğv olunması, ipoteka müqaviləsinə xitam verilməsi, əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(006)-1006/2021 saylı qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna, "AmrahBank” ASC-nə, Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi, qeydiyyatın ləğv olunması, ipoteka müqaviləsinə xitam verilməsi, əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, "Lexus-570” markalı, **-XD-*** (köhnə nömrə **-OE-***, Ban-JTJHY00W4C4087735) dövlət nömrə nişanlı avtomobilə dair Cavabdeh3 Sənani oğlu ilə X9 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən Cavabdeh3 Sənani oğlunun adına verilmiş qeydiyyat sənədinin ləğv edilməsi, həmin avtomobilə dair Cavabdeh3 Sənani oğlu ilə ləğv prosesində olan "Amrahbank” ASC arasında 19.03.2018-ci il tarixli 1107/A saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış 19.03.2018-ci il tarixli 1107/ag saylı ipoteka müqaviləsinə xitam verilməsi və qeyd edilən avtomobilin "Amrahbank” ASC qarşısında ipoteka və yüklülükdən azad edilərək iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2017-ci ildə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, "Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti” MMC tərəfindən ona məxsus "Lexus-570” markalı, **-VM-*** (hazırda **-XD-***) dövlət qeydiyyat nişanlı avtomobillə bağlı 16 dekabr 2016-cı il tarixli, 707 №-li "Əmlakın qiymətləndirilməsi” barədə hesabatın, "Lexus-570” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair keçirilmiş hərracın nəticələrinin və hərrac yolu ilə X7 ilə "Daşınar və Daşınmaz Əmlakın Satış X13” MMC arasında aparılmış 14/04 №-li, 03 mart 2017-ci il tarixli "Açıq hərracın nəticələri haqqında” protokolun, həmin protokola əsasən alqı-satqının, eləcə də həmin avtomobilə dair adına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən verilmiş qeydiyyat sənədinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı Nərimanov Rayon Məhkəməsi (iş № 2(005)-3936/2017, 21.08.2017-ci il) iddianı qismən təmin edərək, "Daşınar və Daşınmaz Əmlakın Satış X13” MMC-nin "Açıq hərracın nəticələri haqqında” 14/04 №-li, 03 mart 2017-ci il tarixli protokolu etibarsız hesab edilməsi, "Lexus-570” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X3 adına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən verilmiş qeydiyyat sənədinin ləğv edilməsi barədə qətnamə çıxarmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 17 aprel 2018-ci il tarixli, 2(103)-3417/2018 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli, 2(102)-7835/18 saylı qərarı ilə yuxarıda qeyd edilən qətnamə qüvvədə saxlanılaraq qanuni qüvvəsini almışdır. Onun tərəfindən Nərimanov Rayon Məhkəməsinə iddia qaldırılaraq qeyd edilən avtomobilin üzərinə yekun məhkəmə aktı qəbul edilənədək həbs qoyulması barədə ərizə də verilmiş, ərizə təmin edilərək iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək avtomobilin üzərinə həbs qoyulmuşdur. Beləliklə, qeyd edilən avtomobilə dair heç bir hərəkət (alqı-satqı, bağışlama və s.) keçirilə bilməzdi. Lakin buna baxmayaraq ona məlum olmayan səbəbdən "Lexus-570” markalı, **-EO- *** dövlət nömrə nişanlı avtomobil DİN-nin X15 İdarəsi tərəfindən Cavabdeh3 Sənani oğlunun adına rəsmiləşdirilərək, yeni **-XD-*** dövlət nömrə nişanı verilmişdir. O, isə öz növbəsində, hazırda ləğv prosesində olan "Amrahbank” ASC-dən kredit götürərkən 19 mart 2018-ci il tarixli 1107/A saylı kredit müqaviləsinin təminatı kimi 19 mart 2018-ci il tarixli 1107/ag saylı ipoteka müqaviləsi bağlayaraq yuxarıda qeyd edilən avtomobili girov qoymuşdur. Beləliklə, müəyyən edilir ki, faktiki olaraq məhkəmə qərarlarına əsasən üzərində həbs olan avtomobil ilk olaraq qanunsuz şəkildə başqa şəxsin adına rəsmiləşdirilir, sonradan həmin avtomobil kredit müqaviləsinin təminatı kimi yüklü edilir. Nərimanov Rayon Məhkəməsinin 21 avqust 2017-ci il tarixli, 2(005)-3936/2017 saylı qətnaməsi qüvvəsini aldıqdan sonra, yəni qeyd edilən hərracın nəticələri və X4 adına verilmiş qeydiyyat sənədi ləğv edildikdən sonra, İddiaçı "Lexus-570” markalı, **-VM-*** (**-OE-***) dövlət nömrə nişanlı avtomobilə aid hüququ bərpa edilmişdir. Beləliklə, 12 dekabr 2018-ci il tarixdən sonra qeyd edilən avtomobillə bağlı onun razılığı olmadan edilən hər hansı bir hərəkət qanunsuz hesab edilməlidir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(006)-1006/2021 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia təmin edilmişdir. Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, iş üzrə tam, hərtərəfli, obyektiv araşdırma aparılmaması, avtomobilin qanuni əsaslarla ipoteka ilə yüklü edilməsi, həmin vaxtı hər hansı yüklülüyün olmaması, vicdanlı olması, məhkəmə tərəfindən vicdanlılığın qorunmaması, ipotekaya zitam verilməsinə və avtomobil üzərindən ipoteka yüklülüyünün götürülməsinə əsasların olmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASCnin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən Cavabdeh3 nümayəndəsi (vəkil) apellyasiya şikayətini əsaslı sayaraq, cavabdehin avtomobili qanuni əsaslarla almasını, həmin vaxtı mübahisəli olmasını bilməməsini, bundan sonra Cavabdeh2 ASC-dən aldığı kreditə görə avtomobili ipoteka ilə yüklü etməsini, birinci instansiya məhkəməsi tərəfindən vicdanlılıq məsələsinə düzgün hüquqi qiymət verilməməsini və s. göstərərək, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, qətnaməni yalnız cavabdehlərdən ləğv prosesində olan Cavabdeh2 ASC mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən (apellyasiya şikayəti qətnamənin tam ləğvinə yönəldiyindən) təmin olunaraq, qətnamə qismən (mübahisəli avtomobilə dair Cavabdeh3 Sənani oğlu ilə ləğv prosesində olan "Amrahbank” ASC arasında 19.03.2018-ci il tarixli 1107/A saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış 19.03.2018-ci il tarixli 1107/ag saylı ipoteka müqaviləsinə xitam verilməsi və qeyd edilən avtomobilin "Amrahbank” ASC qarşısında ipoteka və yüklülükdən azad edilməsi) ləğv olunmalı, iddia həmin hissədə rədd olunmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, işdə olan sübutlara (məhkəmə qərarları, arayışlar və s.) əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı "Nikoyl” İKB-nın xeyrinə cəmi 54700 ABŞ dolları məbləğində pulun tutulması, tutmanın İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş "Lexus 570” markalı ** VM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi qət edilmişdir. Məhkəmənin qeyd edilən qərarının icrası sahəsində keçirilmiş hərrac nəticəsində İddiaçı məxsus "Lexus 570” markalı 10 VM 006 nömrə nişanlı avtomobil 4000 manata X1. İddiaçı "Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti” MMC tərəfindən ona məxsus "Lexus-570” markalı, **-VM-*** (hazırda **-XD-***) dövlət qeydiyyat nişanlı avtomobillə bağlı 16 dekabr 2016-cı il tarixli, 707 №-li "Əmlakın qiymətləndirilməsi” barədə hesabatın, avtomobilə dair keçirilmiş hərracın nəticələrinin, 03 mart 2017-ci il tarixli, 14/04 №-li "Açıq hərracın nəticələri haqqında” protokolun, həmin protokola əsasən alqı-satqı müqaviləsinin, eləcə də həmin avtomobilə dair verilmiş qeydiyyat sənədinin ləğv edilməsi barədə iddia ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İşə mahiyyəti üzrə baxılanadək Nərimanov Rayon Məhkəməsinin 18 avqust 2017-ci il tarixli qərardadı ilə X4 mülkiyyətində olan "Lexus LX 570” minik markalı ** OE *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Nərimanov Rayon Məhkəməsinin 21 avqust 2017-ci il tarixli qətnaməsi ilə "Daşınar və Daşınmaz Əmlakların satışı üzrə hərrac Mərkəzi” MMC-nin "Hərracın nəticələri haqqında” 14/04 nömrəli 03 mart 2017-ci il tarixli protokolu etibarsız hesab edilmiş, "Lexus-570” markalı ** VM *** dövlət nömrə nişanlı avtomobilə dair X4 adına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən verilmiş qeydiyyat sənədi ləğv edilmişdir. Bundan sonra mübahisəli avtomobil DİN X15 İdarəsi tərəfindən Cavabdeh3 Sənani oğlunun adına rəsmiləşdirilmiş (BDYP-nin arayışına əsasən 27 sentyabr 2017-ci il tarixdə komisyon mağazada satılması üçün qeydiyyatdan çıxarılmış, 754891 nömrəli hesab arayış əsasında 10XD003 dövlət qeydiyyat nişanı təhkim edilərək Cavabdeh3 adına rəsmiləşdirilmişdir), sonuncu isə "Amrahbank” ASC-nin Azadlıq filialı ilə 19 mart 2018-ci il tarixli 1107/A saylı kredit müqaviləsi, eyni zamanda həmin öhdəliklərin icrasının təminatı olaraq 19 mart 2018-ci il tarixli 1107/ag saylı ipoteka müqaviləsi bağlayaraq mülkiyyətində olan "Lexus LX 570” markalı ** XD *** dövlət nömrə nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı təmin edərkən yuxarıda qeyd edilən hallara (hərracın etibarsız sayılması barədə məhkəmə qərarının mövcudluğu və s.) əsaslanmış, lakin ipotekanın mahiyyətini, ipoteka saxlayanın ipoteka üzərində əşya hüquqlarının mövcudluğunu, bankın əmlakı (avtomobili) ipoteka ilə yüklü edən zamanı vicdanlı olması və s. məsələləri yoxlamamış, buna hüquqi qiymət verməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə olan halda isə qətnamə yoxlanılan hissədə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd edilməlidir ki, girov və ipoteka institutunun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditorlara nisbətən üstünlük hüququna malik olur. Mülki Məcəllənin 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (Mülki Məcəllənin 269.1-269.4-cü maddələri). Mülki Məcəllənin 295-ci maddəsinə görə, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki-hüquqi öhdəliklərin ipoteka hesabına ödənilməsi qaydası, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Qanunla tənzimlənir. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Lakin o da nəzərə alınmalıdır ki, ipoteka (girov) kreditorun tələbinin borclu tərəfindən yerinə yetirilməsini təminat altına almaq məqsədi ilə əşya üzərində kreditora tanınan bir əşya haqqıdır. Borclu tərəfindən öhdəliyin (kreditorun tələbinin) pozulduğu təqdirdə, kreditor ipoteka (girov) qoyulan həmin əşyanı satdırmaqla əldə olunan vəsait hesabına pozulmuş əmlak mənafeyini bərpa etmək imkanına malik olur. Yəni ipoteka (girov) bir tələbin yerinə yetirilməsini təmin edən məhdud əşya hüququ olduğundan müstəqil deyil, “əlavə” (Mülki Məcəllənin 269.5, 376 və s. maddələri) bir haqdır. İpoteka (girov) tələbinin əmələ gəlmə səbəbi, məqsədi və təyinatı şəxsi tələb hüququnun yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı olduğundan, ipoteka (girov) tələbinin yaranması üçün ilk öncə şəxsi tələb hüququ olmalıdır. Bununla yanaşı o da göstərilməlidir ki, girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında da vurğulanmışdır ki, əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. İşin hallarından göründüyü kimi, mübahisə predmeti olan avtomobil üzərində Cavabdeh3 Sənani oğlunun mülkiyyət hüquqları dövlət qeydiyyatına alındıqdan sonra, həmin avtomobil sonuncu ilə bank arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü etmişdir. Müqavilə bağlanan zamanı Cavabdeh3 Sənani oğlunun mülkiyyət hüquqları rəsmi reyestrdə hər hansı formada məhdudlaşmamışdır. Belə olan halda bank ipoteka müqaviləsini bağlayarkən reyestrdəki qeydin qeyri-dəqiq olmasını bilməmiş və bilə də bilməzdi. İpoteka saxlayan bank hazırkı halda mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılan ipoteka hüququnu vicdanlı əldə edəndir və bu hüquq pozulmamalıdır. MM-nin 140-cı maddəsinin tələbinə görə isə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmcinin qeyd edilməlidir ki, mulkiyyət hüququna dair reyestrdəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mulkiyyətcisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların muəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir («S.N.Məmmədovanın şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi). İpoteka müqaviləsi bağlanan zamanı ipoteka qoyanın daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyata alınmış vəziyyətdə olmuş və rəsmi reyestrdə hər hansı yüklülük halı qeydə alınmamışdır (iddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir). “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Adı çəkilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Həmçinin, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında da Konstitusyta Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Buna görə də hazırki işin faktiki hallarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda əks olunan hüquqi mövqeyindən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh bank bağladığı əqdlərə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək avtomobili ipotekaya qəbul edərək kredit vermiş, ipoteka hüquqlarını qeydə aldırmışdır. Bununla da bank ipoteka hüquqularını vicdanlı əldə edən kimi iddiaçıya nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışdır. İddiaçı tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, iş materiallarında da ipoteka ilə bağlı əqdlər bağlanan zamanı bankın vicdanlılığını istisna edən hər hansı mötəbər sübut mövcud deyildir. Həmçinin qeyd edilməlidir ki, hərracın nəticələrinin etibarsız sayılması barədə qanuni qüvvədə olan məhkəmə qərarının mövcudluğu da vəziyyətdi dəyişdirmir və yuxarıda qeyd edilənlərə əsasən vicdanlılığı aradan qaldırmır. Cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv olunmasını tələb etdiyindən məhkəmə kollegiyası şikayətin qismən təmin olunması nəticəsinə gəlir. Yuxarıda da qeyd edildiyi kimi digər cavabdeh qətnaməni mübahisələndirməmişdir (apellyasiya şikayəti versə də, birinci instansiya məhkəməsi şikayəti qaytarmışdır). Belə olan halda isə məhkəmə kollegiyası hazırki apellyasiya şikayəti üzrə qətnamənin qanuniliyini tam (iddianın təmin olunmuş digər hissələri üzrə) yoxlamağı zəruri hesab etmir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə yoxlanılan hissədə (yəni “Lexus-570” markalı (Ban-JTJHY00W4C4087735), **-XD-*** (köhnə nömrə **-OE-***) dövlət nömrə nişanlı avtomobilə dair Cavabdeh3 Sənani oğlu ilə Cavabdeh2 ASC arasında 19.03.2018-ci il tarixli 1107/A saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış, 19.03.2018-ci il tarixli 1107/ag saylı ipoteka müqaviləsinə xitam verilməsi və qeyd edilən avtomobilin Cavabdeh2 ASC qarşısında ipoteka və yüklülükdən azad edilməsi” hissəsində) ləğv edilməli, iddia həmin hissədə təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna, ləğv prosesində olan Cavabdeh2 ASC-yə, Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi, qeydiyyatın ləğv olunması, ipoteka müqaviləsinə xitam verilməsi, əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(006)-1006/2021 saylı qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(006)- 1006/2021 saylı qətnaməsi yoxlanılan hissədə, yəni “Lexus-570” markalı (Ban- JTJHY00W4C4087735), **-XD-*** (köhnə nömrə **-OE-***) dövlət nömrə nişanlı avtomobilə dair Cavabdeh3 Sənani oğlu ilə Cavabdeh2 ASC arasında 19.03.2018-ci il tarixli 1107/A saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış, 19.03.2018-ci il tarixli 1107/ag saylı ipoteka müqaviləsinə xitam verilməsi və qeyd edilən avtomobilin Cavabdeh2 ASC qarşısında ipoteka və yüklülükdən azad edilməsi” hissəsində ləğv olunsun, iddia həmin hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar