Məhkəmə qərarları › İş №2(103)-2470/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2470/2022

17.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2470/2022 17.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı “atalıq haqqında qeydin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə nikahının 02.12.2014-cu il tarixdə pozulduğunu, nikahlarından 23.05.2012-ci il təvəllüdlü Səid adlı uşağın doğulduğunu, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 04.09.2019-cu il tarixli qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan ayda 160 manat aliment tutulmasının qət edildiyini, əvvəllər uşağın bioloji atası olması barədə ciddi şübhələrinin olduğunu, bu yaxınlarda isə bu barədə dəqiq məlumat əldə etdiyini, uşağın doğum qeydiyyatı aparılan vaxtı nikahda olduğu üçün uşağın atası kimi onun adının yazıldığını, lakin artıq uşağın atası olmadığına dair kifayət qədər dəlillər əldə etdiyini irəli sürmüş, buna görə də 23.05.2012-ci il təvəllüdlü X1 doğum şəhadətnaməsində atalıq haqqında qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin Ailə Məcəlləsinin 47.2-ci maddəsini düzgün təfsir etmədiyi, sübutlara düzgün qiymət vermədiyi, uşağın iddiaçı ilə nikaha girməsindən 4 ay sonra doğulduğunu və iddiaçının uşağın atası olmadığını bilə-bilə atası kimi yazılmasına etiraz etmədiyini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını; iddiaçı isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, X2 ilə X3 19.01.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikah bağlanarkən iddiaçıya “Lalayev” soyadı verilmiş, İddiaçı özünə münasibətdə mənşəyini mübahisələndirdiyi Səid Lalayev 23 may 2012-ci il tarixdə dünyaya gəlmiş, Bakı şəhəri Cavabdeh2 tərəfindən 12.06.2012-ci tarixdə aparılmış akt qeydində onun ata qrafasında İddiaçı, ana qrafasında Yeganə Lalayeva göstərilmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 05.09.2014-cü il tarixli qətnaməsi ilə Yeganə Lalayevanın iddiası təmin olunaraq onunla İddiaçı arasındakı nikah qeydi ləğv edilmiş və 23.05.2012-ci il təvəllüdlü X1 anasının yanında qalması, yetkinlik yaşına çatanadək onun saxlanılması üçün İddiaçı hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli qətnaməsi ilə aliment məbləği 170 manata artırılmış, X3 15.08.2019-cu il tarixdə adını “Yeganə”-dən “Nur”-a dəyişdirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə görə, öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar; 46.2-ci maddəsinə görə, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 47.1-ci maddəsinə əsasən isə, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Ailə Məcəlləsinin 47.2-ci maddəsinə görə, bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Tərəflər, nikaha girdikləri vaxt cavabdehin hamilə olduğunu və 23.05.2012-ci il tarixdə doğulmuş uşağın bialoji atasının İddiaçı olmadığını mübahisələndirmirlər; bununla belə cavabdeh, iddiaçının öz istəyi ilə uşağın atası kimi qeyd olunduğunu bildirməklə iddiaya etiraz etməkdədir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Ailə Məcəlləsinin 47.2-ci maddəsi həmin Məcəllənin 46.2-ci maddəsinə münasibətdə məhdudiyyət müəyyənləşdirmişdir və hazırkı işin halları baxımından həmin məhdudiyyətin tətbiqi mümkün deyildir. Başqa sözlə, Ailə Məcəlləsinin 47.2-ci maddəsi nikahda olmayan valideynlər baxımından öz ərizəsi əsasında uşağın atası kimi qeyd olunmuş və özünün uşağın həqiqi valideyni olmadığını bilən atanın atalığa dair mübahisə açma tələbinin təmin olunmasını qadağan edir; hazırki mübahisə baxımından isə müəyyən olunan odur ki, uşaq doğularkən tərəflər nikahda olduqlarından iddiaçının uşağın atası qismində qeyd olunması onun ərizəsi əsasında deyil, qanunvericiliyin tələbinə əsasən aparılmış, hazırda o, cavabdehin də etiraf etdiyi hala (uşağın ondan törəmədiyinə) istinadla müvafiq tələbi irəli sürmüşdür. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, habelə tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-348/2021 saylı iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar