Məhkəmə qərarları › İş №2(103)-2473/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2473/2021

27.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2473/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Elşən Cələddin oğlu Kazımov və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “xxxx” MMC-yə qarşı “yaşayış sahəsindən istifadə hüququnun müdafiəsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-6407/2020 saylı qərardadından maraqlarına toxunan şəxs “xxxx” MMC tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “xxxx” MMC-yə qarşı “yaşayış sahəsindən istifadə hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evlə bağlı onun və azyaşlı övladı X1 hüquqlarının kompensasiya olunmadan alğı-satqı və ya digər özgənkiləşdirmə müqaviləsinin bağlanmasının qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı həmçinin məhkəməyə iddianı təmin etmə tədbiri barədə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evin üzərinə həbs qoyulmaqla sökülməsinin qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, ünvan 2 ünvanında yerləşən evin üzərinə həbs qoyulmaqla, sökülməsi qadağan edilmişdir. Maraqlarına toxunan şəxs “xxxx” MMC Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından şikayət verərək, qərardadın onun maraqlarına toxunduğu üçün ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılır ki, qeyd edilən ünvanda yerləşən evlər dövlətə məxsus torpaq sahəsidir və “xxxx” MMC-nin istifadəsindədir. Həmin torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli, 59 saylı Sərəncamı ilə şəhərin və ərazisinin ümumi görünüşünə xələl gətirən köhnə tipli və istismar müddəti keçmiş, əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, həmin ərazidə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə müasir tələblərə uyğun yeni çoxmərtəbəli, çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikilməsi məqsədi ilə MMC-nin istifadəsinə verilmiş və bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə MMC arasında müvafiq icarə müqaviləsi bağlanmışdır. Şikayət Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti qəbul etmədi, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər və maraqlarına toxunduğunu bildirən şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası iddiaçını dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-6407/2020 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra-MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq kimi tədbirlər görülə bilər (maddə 158.1.1). İddianı təmin etmək üçün müəyyən hərəkətləri etmək cavabdehə qadağan edilə bilər (maddə 158.1.2). İddianı təmin etmək üçün mübahisə predmetinə aid müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər (maddə 158.1.3). İddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarı ilə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Ona görə də, pozulmuş hüquqların real bərpasına, başqa sözlə iddianı təmin etmiş qətnamənin icrasına nail olmaq baxımından iddianı təmin tədbirləri mühüm prosessual vasitələr kimi çıxış edirlər. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. İddianı təmin tədbirinin seçilməsi məsələsinin əsaslılığına iddianın özünün əsaslılığı nəzərə alınmaqla qiymət verilmir. Bu mənada iddianı təmin tədbirləri öz təbiətləri etibarilə qaçılmaz olaraq proses iştirakçılarından birinin hüquqlarına toxuna, onların həyata keçirilməsində müəyyən məhdudiyyətlər yarada bilər. Belə hallar bu institutun bilavasitə mahiyyətindən irəli gəlir. Təsadüfi deyildir ki, qanunvericilik bunu nəzərə almaqla iddianın təmin edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin tələb edilməsinin mümkünlülüyünü (MPM-in 164-cü maddəsi) nəzərdə tutmuşdur. Lakin, iddianı təmin tədbiri seçilərkən həm də qarşılıqlı rəqabətdə olan iki maraq - qətnamənin gələcəkdə icrasına nail olunmasına dair iddiaçının marağı və cavabdehin hüquqlarının həddən artıq məhdudiyyətlərə məruz qoyulmaması marağı - arasındakı ədalətli tarazlığa nail olunmalıdır. Belə ki, hüquqi müdaxilə müdafiə olunan maraqlar arasında ədalətli tarazlığa nail olunması baxımından mütənasib olmalıdır. Həmin maraqlar məhkəmədən tələb edir ki, tətbiq etdiyi iddianı təmin tədbirlərini mütənasiblik prinsipi baxımından ciddi şəkildə dəyərləndirsin. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlarına toxunan şəxs “xxxx” MMC tərəfindən verilən şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 6407/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Elşən Kazımov Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar