Məhkəmə qərarları › İş №2(103)-2491/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2491/2022

14.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2491/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5512/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı Cavabdeh MMC-yə qarşı “mənəvi zərərə görə kompensasiyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 3.000.000 (üç milyon) manat mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5512/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək Cavabdeh MMC-dən 1000 (min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayətləri və onun dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, rayon məhkəməsinin qətnaməsinin təmin olunmayan hissəsini qanunsuz və əsassız hesab edərək, rayon məhkəməsinin qətnaməsinin təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin qeyri-qanuni və əsassız olduğunu bildirmiş, birinci instansiya məhkəməsinin iş üçün əhəmiyyətli olan halların tam düzgün araşdırılmadığını, qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun gəlmədiyini göstərmişdir. Belə ki, iddiaçı atasının ölümü ilə əlaqədar mənəvi zərərlə bağlı xeyli müddət, 8 il sonra müraciət etmişdir, Bundan əlavə, mərhumla birlikdə yaşayan yaxın ailə üzvləri müəyyən edilmiş, danışıqlardan sonra anası X1, arvadı X7 və oğlu X6 zərər əvəzi olaraq cəmi 18000 (on səkkiz min) manat vəsait 02.07.2013-cü il tarixində bank köçürməsi ilə rəsmi qaydada ödənilmişdir. Bu barədə 02.07.2013-cu il tarixli müqavilə bağlanmışdır. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Hazırkı işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: "xxxx" MMC-nin 10.01.2013-cü il tarixli T/01 əmrindən görünür ki, "xxxx" MMC-nin bütün struktur vahidlərinin rəhbərləri rəhbəri olduqları iş sahələrinə və tabeliklərindəki işçilərə ümumi, iş sahələrində çalışan iş icraçıları və sahə rəisləri isə fərdi qaydada tabeliklərində çalışan işçilərin texniki təhlükəsizliyinə birbaşa cavabdeh şəxslər təyin olunmuş, əmrin icrasına nəzarət sahə rəisi X14 həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 48 saylı rəyində qeyd edilir: X4 meyitinin məhkəmə tibbi ekspertizası zamanı aşağıdakılar aşkar olunmuşdur.Həyat ilə bir araya sığmayan açıq kəllə beyin travması sol gicgah sümüyü və alın sümüyünün sol sarsılmış qəlpəli yer dəyişən sınığı kəllə əsası sümüklərinin əsas sınığı, baş beyin əzilməsi, başın yumsa dərialtı hemotaması, sol gicgah, sol qaşüstü, sol almacıq və burun hissəsinin əzilmiş cırılmış yaraları, sifətinin sağ və sol hissələrinin sıyrılmış və yarımçıq burun sümüklərinin qapalı sınıqları, sol bud sümüyünün aşağı 1/3- yerdəyişən sınığı. Bu xəsarətlər birlikdə həyatidirlər, bərk küt əşyaların nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən vaxt və tarixi 30.04.2013-cü il tarixində iş zamanı yıxılaraq xəndəyə düşməsindən əmələ gəlməsi mümkündür. Dərəcəsinə görə həyatı üçün təhlükə törədərək ölümünə səbəb olduğundan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X4 ölümünə səbəb həyat ilə bir sığmayan xəsarətlər açıq-kəllə beyin travması, baş beynin əzilməsi bein maddəsinə qansızma olmuşdur. Sumqayıt şəhər qeydiyyat şöbəsinin AZ-İ № 628206 saylı doğum ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X9 30 aprel 2013-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 22.05.2013-cü il tarixdə 745 № ilə qeyd edilmişdir. № 290917 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 31 noyabr 1986-cı il tarixdə anadan olmuş,atası X9, anası X8r. Abşeron Rayon Məhkəməsinin Azərbaycan Respublikası adından 1(012)- 185/2013 saylı 13 sentyabr 2013-cü il tarixli Hökmündən görünür ki, X2 Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və 3 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə iki il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi hökm edilmişdir. Sözügedən hökm ilə müəyyən edilmişdir ki, X16 tikintidə işlərin aparılması zamanı təhlükəsizlik qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan bir nəfər (X9) zərər çəkmiş şəxsin ölümünə və digərinin isə sağlamlağına az ağır zərə vurmaya səbəb olmuşdur. Mülki iş materillarında olan, "xxxx" MMC və X5, X12 və X11 arasında bağlanmış 02.07.2013-cu il tarixli müqavilədən görünür ki, X4 ölümü ilə əlaqədar onun ailə üzvlərinə yəni ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə qəti və yekun şəkildə 18.000 (on səkkiz min) AZN məbləğində zərər əvəzi (kompensasiya) ödənilmişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən, tərəflər razılığa gəlirlər ki, Cavabdeh MMC-yə və onun hər hansı bir işçisinə qarşı və ziyanına mərhumun ölümü ilə əlaqədar həm zərərin əvəzinin ödənilməsi, həm də dəfn xərclərinin əvəzinin ödənilməsi üzrə istinad edilməyəcək, hər hansı bir səbəb ilə əlaqədar zərərin əvəzinin ödənilməsi miqdarının artırılması ilə bağlı tələblər irəli sürülməyəcəkdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən qətnaməni cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə tam, iddiaçının şikayətinə əsasən mübahisələndirilən hissədə yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı və cavabdehin apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kolegiya qeyd edir ki, iddia tələbi cavabdehin işçisinin hüquqa zidd əməli nəticəsində X4 vəfat etməsi nəticəsində qızı İddiaçı stress, narahatlıq, mənəvi sarsıntı keçirməsi səbəbindən ona mənəvi zərər dəydiyindən pul təzminatı ödənilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Rayon məhkəməsi işin hallarını, həmçinin Abşeron Rayon Məhkəməsinin 1(012)- 185/2013 saylı 13 sentyabr 2013-cü il tarixli Hökmünün təsviri hissəsində qeyd olunan zərəçəkmiş şəxsin hüquqi varisi X6 18000 manat məbləğində pul ödənilməsinə dair 02.07.2013-cü il tarixli müqaviləni nəzərə alıb hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 1000 manat məbləğində mənəvi zərər kimi kompensasiya tutulmasını əsaslı və qanunidir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır). Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119) . Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilərini nəzərdən keçirərək hesab edir ki, işin xüsusi halları baxımından təkcə pozuntu faktının müəyyən edilməsi özözlüyündə mənəvi zərərin kompensasiyası üçün yetərli olmaya bilər. Məhz rayon məhkəməsi də bu mövqedən çıxış edərək mənəvi zərərin əvəzi kimi 1000 manat tutmuşdur. Məhkəmə kollegiyası rayon məhkəməsinin bu mövqeyi ilə razılaşaraq onu əsaslı hesab edir. Kollegiya bu vaxt hazırkı işin mübahisəsiz halı kimi müəyyən edilmiş cavabdeh tərəfindən mərhum X4 ölümü ilə əlaqədar onun ailəsinə 18.000 manat məbləğində kompensasiya ödənilməsini də nəzərə alır. Cavabehin apellyasiya şikayəti ilə bağlı Kollegiya qeyd etməyi zəruri hesab edir ki, onun apellyasiya şikayətinin dəliləri də əsaslı hesab edilə bilməz. Belə ki, cavabeh həm iddiaya etirazında, həm də apellayisiya şikayətində əsas dəlil kimi iddiaçının atasının ölümü ilə əlaqədar mənəvi zərərlə bağlı xeyli müddət, 8 il sonra müraciət etməsinə, bir də mərhumun ailə üzvlərinə kompensasiya verilməsi barədə 02.07.2013-cü il tarixdə tərəflər arasında ola razılığa əsaslanmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin dəlilləri ilə razılaşmır. Birincisi, ona görə ki, xeyli müddətin, hətta 8 il keçməsi iddiaçının atasının ölümü ilə bağlı sarsıntı və mənəvi iztirab keçirməsini heç bir halda aradan qaldırmır. İkincisi isə cavabdehin istinad etdiyi tərəflər arasında bağlanmış 02.07.2013-cü il tarixli razılaşmadan görünür ki, iddiaçı həmin razılaşmanın tərəfi olmamışdır. Bundan əlavə, cavabdehin apellyasiya şikayətində pozuntu faktının müəyyən edilməsinin yetərli olması ilə bağlı mövqeyinə münasibətdə isə bildirilir ki, hazırkı işin xüsusi halları baxımından pozuntu faktının müəyyən edilməsi öz-özlüyündə mənəvi zərərin kompensasiyası üçün yetərli olmamışdır. Belə olan halda, Kollegiya bildirir ki, cavadehin apellyasiya şikayətinin qeyd olunan dəliləri rayon məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbin rədd edilməsi üçün əsas vermir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətlərinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayətlər təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayətləri vermiş tərəflərin özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Nərimanov Rayon Məhkəməsinin 2(005)-5512/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar