Məhkəmə qərarları › İş №2(103)-2494/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2494/2024

14.05.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2494/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı (X3 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçıların nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Möhsün oğlunun cavabdeh "xxxx" MMC-yə qarşı (X3 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-132/2024 nömrəli 18 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçılar və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 14 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə görə İddiaçı1 06 noyabr 2014-cü il tarixdən "xxxx" MMC-də nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir, müqavilə bir il müddətinə bağlanmışdır. Həmin müqavilənin 4.1.1-ci bəndinə əsasən, işçiyə hər ay 481,93 manat əmək haqqı ödənilir. Həmin müqavilənin 4.1.2-ci maddəsinə əsasən, əmək haqqı ayda bir dəfə ən geci növbəti ayın 5-i tarixində ödənilir. Həmin müqavilənin 4.1.4-cü maddəsinə əsasən işçiyə iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə Əmək Məcəlləsinə əsasən müvafiq qaydada hesablanmış artıq əmək haqqı verilir.

2. 30.06.2022-ci il tarixli əmək müqaviləsinə görə İddiaçı1 ilə "xxxx" MMC arasında əmək müqaviləsi müddətsiz bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, işçiyə hər ay 810 manat məbləğində əmək haqqı ödənilir. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən, işçiyə iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə Əmək Məcəlləsinə əsasən müvafiq qaydada hesablanmış artıq əmək haqqı verilir. Həmin müqavilənin 4.6-cı və 4.7-ci bəndlərinə əsasən, əmək haqqı və digər ödənclər işçinin bank hesabına köçürülür. Əmək haqqı ayda bir dəfə olmaqla hər növbəti ayın ilk yeddi günü ərzində ödənilir.

3. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 23/120/k saylı əmrinə görə nəzarətçi vəzifəsində işləyən İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi əsası ilə) xitam verilmişdir. Əmrə əsasən son haqqhesabın ödənilməsi Maliyyə Departamentinə tapşırılmış, İddiaçı1 münasibətdə işdənçıxma müavinəti qismində 1,7 əmsalı tətbiq edilmiş, 2 həftə xəbərdarlıq müddəti əvəzinə kompensasiya əmsalı kimi 0,93 əmsalı tətbiq edilmiş, qalıq məzuniyyət günlərinin əvəzi kimi 9 gün göstərilmişdir.

4. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 130 saylı maliyyə arayışına görə "xxxx" MMC-nin ixtisar olunmuş “Nəzarət” bölməsində “nəzarətçi” vəzifəsində işləmiş İddiaçı1 06 noyabr 2014-cü il tarixdən 30 iyun 2022-ci il tarixədək əmək müqaviləsində qeyd olunan tarif (vəzifə) maaşına uyğun olaraq əmək haqqı hesablanıb ödənilmişdir, 01 iyul 2022-ci il tarixdən 31 iyul 2023-cü il tarixədək ona tarif (vəzifə) maaşı, gecə növbəsi və bayram günlərində işləməsi ilə bağlı ödənişlər verilmişdir.

5. 3050324 nömrəli əmək kitabçasına əsasən İddiaçı1 xx.xx.2014-cü il tarixdən "xxxx" MMC-də nəzarətçi vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixli 23/120/k saylı əmrlə ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi əsası ilə) əmək müqaviləsinə xitam verilmişdir.

6. "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışa əsasən İddiaçı1 məxsus bank hesabına xx.xx.2014-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi əmək haqqı ödənişləri mədaxil edilmişdir. Həmin çıxarışa əsasən həmçinin müəyyən olunur ki, 2022-ci ilin iyul ayı üzrə əmək haqqı əlavələrlə birlikdə xx.xx.2022-ci il tarixdə, son haqq-hesab isə xx.xx.2023-cü il tarixdə həmin hesaba köçürülmüşdür.

7. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa görə "xxxx" MMC adından ixtisar olunmuş “Nəzarət” bölməsinin əməkdaşı İddiaçı1 aylıq hesablaşma vərəqələri (“payslip”) elektron formada 2017-ci ilin iyun ayından etibarən göndərilməyə başlanılmışdır.

8. "xxxx" MMC tərəfindən təqdim edilmiş iş qrafiki üzrə cədvəldə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixə kimi İddiaçı1 işinin başlama və bitmə vaxtları qeyd olunmuşdur.

9. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa görə "xxxx" MMC-də Nəzarət şöbəsi tərəfindən qeydiyyatı aparılan “Post time book” jurnalları Zavod ərazisində müxtəlif nəzarət məntəqələrinə təyin olunan Nəzarətçilərin növbə dəyişikliyi və bir postdan digər posta yer dəyişikliyi zamanı qeydiyyata alınmaları üçün nəzərdə tutulmuşdur. 2023-cü ilin iyul ayının 31-dən etibarən Nəzarət şöbəsinin ixtisar olunmasından sonra həmin jurnallar da arxivləşdirilmişdir.

10. 07.09.2021-ci il tarixdə tərtib edilmiş “Post time book” jurnalda xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər işçilərin (o cümlədən İddiaçı1) işə giriş və çıxış saatları öz imzalarıyla təsdiq edilməklə qeyd olunmuşdur. Jurnaldan həmçinin görünür ki, bəzi günlərdə iş saatları saat 22-dən səhər saat 6-dək olan müddəti əhatə edir.

11. "xxxx" MMC tərəfindən İddiaçı1 ünvanlanmış 2020-ci ilin 1-ci ayından 2023-cü ilin 7ci ayına qədər olan hesablaşma vərəqələrinə (“payslip”) görə 2022-ci ilin iyul ayına qədər həmin vərəqələrdə gecə növbəsinə və bayram günlərinə görə əlavələr qeyd olunmamış, 2022-ci ilin iyul ayından başlayaraq isə həmin əlavələr qeyd olunmuşdur.

12. 23537 nömrəli qəbzə görə İddiaçı1 tərəfindən hüquqi yardıma görə 220 manat ödənilmişdir.

13. xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə görə İddiaçı2 19 oktyabr 2017-ci il tarixdən "xxxx" MMC-də nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir, müqavilə 6 ay müddətinə bağlanmışdır. Həmin müqavilənin 4.1.1-ci bəndinə əsasən, işçiyə hər ay 482 manat əmək haqqı ödənilir. Həmin müqavilənin 4.1.2-ci maddəsinə əsasən, əmək haqqı: ayda bir dəfə ən geci növbəti ayın 5-i tarixində ödənilir. Həmin müqavilənin 4.1.4-cü maddəsinə əsasən, işçiyə iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə Əmək Məcəlləsinə əsasən müvafiq qaydada hesablanmış artıq əmək haqqı verilir.

14. 30.06.2022-ci il tarixli əmək müqaviləsinəgörə İddiaçı2 ilə "xxxx" MMC arasında əmək müqaviləsi müddətsiz bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, işçiyə hər ay 630 manat məbləğində əmək haqqı ödənilir. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən, işçiyə iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə Əmək Məcəlləsinə əsasən müvafiq qaydada hesablanmış artıq əmək haqqı verilir. Həmin müqavilənin 4.6-cı və 4.7-ci bəndlərinə əsasən, əmək haqqı və digər ödənclər işçinin bank hesabına köçürülür. Əmək haqqı ayda bir dəfə olmaqla hər növbəti ayın ilk beş iş günü ərzində ödənilir.

15. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 23/120/k saylı əmrinə əsasən nəzarətçi vəzifəsində işləyən İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi əsası ilə) xitam verilmişdir. Əmrə əsasən son haqqhesabın ödənilməsi Maliyyə Departamentinə tapşırılmış, İddiaçı2 münasibətdə işdənçıxma müavinəti qismində 1,7 əmsalı tətbiq edilmiş, 2 həftə xəbərdarlıq müddəti əvəzinə kompensasiya əmsalı kimi 0,93 əmsalı tətbiq edilmiş, qalıq məzuniyyət günlərinin əvəzi kimi 9 gün göstərilmişdir.

16. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 005 saylı maliyyə arayışına görə "xxxx" MMC-nin ixtisar olunmuş “Nəzarət” bölməsində “nəzarətçi” vəzifəsində işləmiş İddiaçı2 19 oktyabr 2017-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək əmək müqaviləsində qeyd olunan tarif (vəzifə) maaşına uyğun olaraq əmək haqqı hesablanıb ödənilmişdir, 01 iyul 2022-ci il tarixdən 31 iyul 2023-cü il tarixədək ona tarif (vəzifə) maaşı, gecə növbəsi və bayram günlərində işləməsi ilə bağlı ödənişlər verilmişdir.

17. 058704 nömrəli əmək kitabçasına görə İddiaçı2 xx.xx.2017-ci il tarixdən "xxxx" MMCdə nəzarətçi vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixli 23/120/k saylı əmrlə ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi əsası ilə) əmək müqaviləsinə xitam verilmişdir.

18. "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışa görə İddiaçı2 məxsus bank hesabına xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi əmək haqqı ödənişləri mədaxil edilmişdir. Həmin çıxarışa əsasən həmçinin müəyyən olunur ki, 2022-ci ilin iyul ayı üzrə əmək haqqı əlavələrlə birlikdə xx.xx.2022-ci il tarixdə, son haqq-hesab isə xx.xx.2023-cü il tarixdə həmin hesaba köçürülmüşdür.

19. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa görə "xxxx" MMC adından ixtisar olunmuş “Nəzarət” bölməsinin əməkdaşı İddiaçı2 aylıq hesablaşma vərəqələri (“payslip”) elektron formada 2017-ci ilin iyun ayından etibarən göndərilməyə başlanılmışdır.

20. "xxxx" MMC tərəfindən təqdim edilmiş iş qrafiki üzrə cədvəldə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixə kimi İddiaçı2 işinin başlama və bitmə vaxtları qeyd olunmuşdur.

21. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa göröə "xxxx" MMC-də Nəzarət şöbəsi tərəfindən qeydiyyatı aparılan “Post time book” jurnalları Zavod ərazisində müxtəlif nəzarət məntəqələrinə təyin olunan Nəzarətçilərin növbə dəyişikliyi və bir postdan digər posta yer dəyişikliyi zamanı qeydiyyata alınmaları üçün nəzərdə tutulmuşdur. 2023-cü ilin iyul ayının 31-dən etibarən Nəzarət şöbəsinin ixtisar olunmasından sonra həmin jurnallar da arxivləşdirilmişdir.

22. 07.09.2021-ci il tarixdə tərtib edilmiş “Post time book” jurnalında xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər işçilərin (o cümlədən İddiaçı2) işə giriş və çıxış saatları öz imzalarıyla təsdiq edilməklə qeyd olunmuşdur. Jurnaldan həmçinin görünür ki, bəzi günlərdə iş saatları saat 22-dən səhər saat 6-dək olan müddəti əhatə edir.

23. "xxxx" MMC tərəfindən İddiaçı2 ünvanlanmış 2020-ci ilin 1-ci ayından 2023-cü ilin 7ci ayına qədər olan hesablaşma vərəqələrinə (“payslip”) görə 2022-ci ilin iyul ayına qədər həmin vərəqələrdə gecə növbəsinə və bayram günlərinə görə əlavələr qeyd olunmamış, 2022- ci ilin iyul ayından başlayaraq isə həmin əlavələr qeyd olunmuşdur.

24. 5239 nömrəli qəbzə görə İddiaçı2 tərəfindən hüquqi yardıma görə 220 manat ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

25. İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən onun xeyrinə xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixinə olan dövr üzrə işlədiyi, lakin əvəzi ödənilməmiş gecə növbəsi və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 220 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən onun xeyrinə xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinə olan dövr üzrə işlədiyi, lakin əvəzi ödənilməmiş gecə növbəsi üzrə və bayram günləri üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 220 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. İddia tələbləri belə əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.2014-cü il tarixindən, İddiaçı2 xx.xx.2017-ci başlayaraq xx.xx.2023-cü il tarixinə kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “nəzarətçi” vəzifəsində olmaqla əmək müqaviləsi əsasında əmək münasibətlərində olmuşlar. xx.xx.2023-cü il tarixində iddiaçılar ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş və bu zaman onlara əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətlərinin əvəzi, habelə ştatların ixtisarı ilə əlaqədar kompensasiya məbləği ödənilmişdir. İddiaçılar ilə imzalanmış əmək müqaviləsinə xitam verilən zaman onlar əvvəlki dövrlər üzrə işlənilmiş gecə növbəsi və bayram günlərində faktiki işə çıxmış iş saatlarına görə əmək qanunvericiliyi ilə onlara ödənilməli olan əmək haqqına əlavələrin ödənilməməsini bilmiş və buna uyğun olaraq öz etirazlarını cavabdeh quruma təqdim etmişlər. Belə ki, cavabdeh qurumun səlahiyyətli əməkdaşları tərəfindən həmin günlərinin əvəzinin ödənilməsi ilə bağlı dəfələrlə vədlərin verilməsinə və buna uyğun olaraq əmək münasibətlərinə xitam verən zaman son haqq-hesab məbləği qismində onlara ödənilməli olan məbləğ üzrə hesablamalar aparılan zaman bəlli olmuşdur ki, cavabdeh qurumun səlahiyyətli əməkdaşları həmin məbləğləri hesablamamış və həmin məbləğlərin ödənilməsindən birtərəfli qaydada imtina etmişdir. İddia ərizəsinə əlavə edilmiş sosial arayışlardan, habelə bank hesabı çıxarışlarından bəlli olur ki, cavabdeh qurum tərəfindən İddiaçı1 xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il dövrü üzrə, İddiaçı2 xx.xx.2017-ci il tarixindən xx.xx.2022ci il dövrü üzrə gecə növbəsində, habelə bayram günlərində faktiki işə çıxılmış günlərin əvəzi olaraq ödənilməli olan, lakin əvəzi ödənilməmiş məbləğlər mövcuddur ki, həmin məbləğlərin müstəqil şəkildə tərəflərindən hesablanması hazırki mərhələdə dəqiq hesablanması mümkün deyildir. Belə ki, İddiaçı1 xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il dövrünə kimi, İddiaçı2 xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il dövrünə kimi mövcud olan və iddiaçıların işə daxil olma, işdən çıxma məlumatlarını özündə əks etdirən qeydiyyat kitabları cavabdeh qurumun özündə olduğundan və həmin sənədlərin tərəflərindən müstəqil şəkildə əldə edilməsi mümkün olmadığından hazırki mərhələdə məbləğin tam qeyd edilməsi mümkün deyildir. Nəzərə alınması zəruridir ki, iddiaçıların işə başladığı dövrdən işdən azad olunduğu dövrə qədər cavabdeh qurumda işçilərin işə gəlməsi, işdən çıxması, istirahət vaxtlarının hər biri qeydiyyat kitabında əhatə olunmaqla bərabər, xüsusi proqram təminatını özündə əks etdirən aparat vasitəsilə də qeydiyyata alınmışdır.

28. İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiası üzrə e-2(002)-132/2024 saylı mülki iş, İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair e-2(002)-132/2024 saylı mülki iş ilə bir icraatda birləşdirilmişdir.

29. Cavabdeh "xxxx" MMC iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, işçiyə son haqq hesab düzgün və Əmək Məcəlləsinin tələb etdiyi formada nə daxil olmalıdırsa (istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi + son ayın əmək haqqısı + işdənçıxarma müavinəti) əlavə edilərək ödənilmişdir. İddia tələbində də son haqq hesabın ödənilməsi və hesablanması mübahisələndirilmir. İddiaçı yalnız iddia müddətinin tətbiq edilməsi ilə bağlı etirazdan sonra iddia müddətinin axımının son haqq-hesabdan başlanması ilə bağlı mülahizə irəli sürərək faktiki olaraq etirazının doğruluğunu təsdiq etmişdir. Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. 2017-ci ilin ortalarından başlayaraq, işçilərin Şirkətə təqdim etdiyi elektron poçt ünvanına onların aylıq əmək haqqı ödənişlərinin təfsilatlı açıqlaması "payslip" formatında hər ay mütəmadi olaraq elektron qaydada təqdim edilmişdir. Azərbaycan Respublikasının əmək qanunvericiliyi haqq-hesab sənədinin dəqiq formasını müəyyən etməyib. Hətta Əmək Məcəlləsinin 173.4-cü maddəsinə əsasən, "əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər". Hətta yuxarıda qeyd edilən haqq-hesab sənədləri ("payslip") işçilərə təqdim edilməsəydi belə, işçinin özünün bu sənədlərlə tanış olmaq, ona hansı ödənişlərin edildiyini dəqiqləşdirmək və ödənişlərdə hər hansı çatışmazlıq aşkarlanarsa, bunu vaxtında münahisələndirmək imkanı olmuşdur. İddiaçılar isə öz mövqeyində dəfələrlə işəgötürən tərəfindən aylar üzrə onlara hesablama sənədlərinin təqdim edildiyini qəbul etmiş, lakin hüquqi əsas göstərmədən şəxsi mülahizələri ilə bu sənədlərin haqq-hesab sənədi olmayacağını bəyan etmişlər. İddiaçılar iddia tələbində, həmçinin təqdim etdikləri əlavələrdə dəfələrlə bildirirlər ki, cavabdeh ilə aralarında etibar münasibətiformalaşmış və əmək haqqına əlavənin onlara sonda veriləcəyini hesab etmişlər. İddiaçılar bununla, faktiki olaraq, gecə növbəsi ilə fərqli hesablama mexanizminin olduğunu daha öncədən bildiklərini qəbul edirlər. İşçilərlə onların arasında hər hansı anlaşmazlıq və aydın olmayan hal nə işçinin işə qəbulu zamanı, nə də əmək müqaviləsinə xitam verilən zaman mövcud olmamışdır. Hazırki tələb üzrə iddia müddətinin buraxıldığı açıq aydın faktdır və iddiaçılar tərəfdən bunun tərsini sübut edəcək hər hansı təsdiqedici sənəd təqdim edilməyib. Hazırda iddiaçılar 5 illik müddət ilə bağlı tələb irəli sürürlər ki, qeyd edilən dövrə aid Şirkətdə mövcud sənədləşmənin böyük hissəsi artıq arxivləşdirilmiş və ya məhv edilmişdir. İddia müddətinin tətbiq edilməməsi səbəbindən Bakı Gəmiqayırma Zavodu kimi Respublika əhəmiyyətli müəssisə uzun müddətdir qeyd edilən şikayətin araşdırılması ilə məşğul olur, bunun üçün lüzumsuz və öz fəaliyyətində digər sahədə daha effektiv faydalana biləcəyi zamanı cəmləşdirir. Beləliklə, bütün yuxarıda qeyd olunanlara əlavə və ümumi olaraq hesab edirlər ki, hər ayın əmək haqqı ayrı bir fakt kimi qiymətləndirilməli və iddia müddətinin axımı aylıq əmək haqqlara münasibətdə ayrıayrı müəyyən edilməlidir. İddiaçıların 2022-ci ilin iyul ayının ödənişinin 5 avqust 2022ci ildə ödənilməsi və bu səbəbdən iddia müddətinin ötürülməməsi iddiasına münasibətdə isə bildirirlər ki, onların ən yaxşı halda, 2022-ci ilin iyul ayının əmək haqqı ödənişləri ilə bağlı tələbi ola bilərdi. Lakin mediasiya müraciəti dekabr 2023-cü il tarixinə təsadüf etdiyi üçün, iddiaçılar bu tələbinin də müddətini ötürmüş sayılırlar.

30. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərmişdir ki, “cavabdeh şirkətdə 2013-cü ildən işləyir, hazırkı işdən xəbərdardır, işçilərin iş rejimi sürüşkən iş rejimidir, işçilər iki gün işdə, iki gün isə evdə olurdular, onların başqa cür işləməyi mümkün deyildi. 2020-ci ilin iyul ayının 1-dən iddiaçıya və digər işçilərə gecə növbəsi üzrə ödənişlər edilməyə başlanıb, işçilər əvvəlki dövrlərin gecə növbəsi pulunu istəməyiblər, onlar sadəcə müraciət etdikləri dövrdən sonrakı gecə növbəsi pulunu istəyiblər. İşçilərə əmək haqlarından çıxarış şirkət fəaliyyətə başladığı andan verilir, əvvəllər işçilərə kağız formasında çıxarışlar verilirdi, həmin proses əmək haqları verildiyi gündən bir həftə müddətinə davam edirdi, həmin günlərdə çox çalışdıqlarını, 2017-ci ildən işçilərin özünün təqdim etdikləri email hesablarına çıxarışlar göndərilməyə başlandı. Bəzi işçilər övladlarının və ya iş yoldaşlarının email hesablarını şirkətə verirdilər. Onların əmək haqlarından çıxarışları və iş saatlarını şirkətin nəzarət şöbəsinin müdiri və mühasib xanım hazırlayırdı. Gecə növbəsi üzrə ödənişlərinin veriləcəyini ilk olaraq o şöbə müdirlərinə və mühasib xanıma demişdir. Onlara işçilərə gecə növbəsi ödənişlərinin veriləcəyini deyə biləcəklərini, onlar da həmin məlumatı işçilərə dediklərini bildirmişdir. İşçilər gecə növbəsi və bayram günlərində işləməyə görə ödənişlərin verilməsi ilə bağlı rəsmi olmadan şifahi qaydada fərdi şəkildə şirkətə müraciət etmişdilər, o da həmin məsələni şirkətin rəhbərliyinə bildirdi, rəhbərlik isə məsələnin düzgün şəkildə həll ediləcəyini bildirdi. İşçilərdən heç biri həmin məsələnin həll edilməsi üçün məhkəməyə və ya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X3 Xidmətinə müraciət edəcəyi ilə bağlı şirkəti təhdid etməyib. Çünki şirkət və işçiləri ailə olublar, işçilər də bu şəkildə işləyə bilməzlər. Şirkət layihə əsasında fəaliyyət göstərir, şirkətin oksigen və işıq enerjisinin verilməsi şöbələrinin işçilərinə bayram günlərində işləməyə görə ödənişlər edilib, şirkətin hər struktur işçiləri üçün ayrı-ayrılıqda ödənişlər edilir, həmin ödənişlərin verilməsi şirkətin nizamnaməsi ilə müəyyən edilir, bu, ayrı-seçkilik hesab edilmir. Şirkətin maliyyə vəziyyətinin müəyyən edilməsi və işçilərin ixtisarı ilə şirkətin başqa şöbəsi məşğul olurdu, maliyyə vəziyyətinin müəyyən edilməsi üçün xarici auditorlar cəlb edilmişdi, şirkətin maliyyə vəziyyətinin müəyyən edilməsi ilə o məşğul olmamış, amma işçilərin ixtisarından bir-iki ay öncə məlumatı olub, işçilərin də ixtisardan bir-iki ay öncə dolayı məlumatı olub, onlara rəsmi qaydada belə bir məlumat verilməsə də şifahi qaydada bildirilmişdi. Amma cavabdeh şirkət öz işçilərinin maddi vəziyyətini düşünüb, belə ki yeni şirkətdən ixtisar edilən işçilərin işlə təmin edilməsi xahiş edilmişdi, bəzi işçilər işlə təmin edilmişdi.”

31. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 yanvar 2024-cü il tarixli 2(002)-132/2024 nömrəli qətnaməsi ilə (hakim Gülnar Aslanova) İddiaçı1 iddiası qismən təmin edilmiş, İddiaçı1 xx.xx.2021ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi, hüquqi yardıma görə 80 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı2 iddiasının qismən təmin edilməsi, İddiaçı2 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə faktiki işlədiyi bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi, hüquqi yardıma görə 80 manat məbləğində pulun cavabdeh "xxxx" MMCdən tutularaq İddiaçı2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

32. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki iş üzrə sübutlara əsasən müəyyən edilir ki, iddiaçılara gecə növbəsində və bayram günlərində işlədiklərinə görə əlavələrin ilk dəfə 2022-ci ilin iyul ayı üzrə hesablanaraq xx.xx.2022-ci il tarixdə verilməsi, əvvəlki dövrə görə əlavələrin ödənilmədiyinin iddiaçılar tərəfindən birmənalı olaraq məhz həmin tarixdə aşkar edilməsi; bundan əvvəl həmin əlavələri tələb edən işçilərə hər dəfə güvənverici məlumatların verildiyini, 2022-ci ilin iyulundan əlavələrin verilməsi ilə yanaşı həmin bölmənin gələcəkdə ixtisarı ilə bağlı araşdırmanın aparıldığını şahid T.Əliyevin təsdiq etməsi; müəssisənin istehsalat bölməsində həmin əlavələrin daha əvvəldən verildiyi halda iddiaçılara münasibətdə bu barədə ayrı-seçkiliyə yol verilməsi; əlavələrin yalnız 2022-ci ilin iyul ayından 2023cü ilin iyul ayları üzrə bir il ödənildikdən sonra işçilərin xx.xx.2023-cü il tarixdən işdən azad edilməsi və iddia müddətinin həmin bir il nəzərə alınmaqla tətbiqinin işçilərdən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olan işəgötürən tərəfindən tələb edilməsi, bununla da digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsinin hüquqdan sui-istifadə xarakteri daşıması; eyni zamanda iddiaçılara münasibətdə müddətin üzrlü hesab olunaraq bərpa edilməsinin əsaslı olması; tərəflərin mediasiya prosesində və məhkəmə baxışı gedişində mübahisəni sülh yolu ilə həll etmək üçün səy göstərməsi halları nəzərə alınaraq, iddia müddətinin xx.xx.2021-ci il tarixədək olan dövr üçün tətbiq edilməsi, iddiaçılara xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan bir illik dövrdə faktiki işlədikləri bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qanuni və ədalətli hesab olunmalıdır.

33. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 560.2, 560.3.4, Əmək Məcəlləsinin 2.3, 12, 16.1, 83.2 97.1, 102.1, 109, 154.1, 154.2, 157.3, 164.1, 166.1, 172.4, 172.5, 178.1, 296.4, 296.3, 296.6, 296.7, 310, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 76.1, 77.1, 106.1, 107, 119.1, 121, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

34. Qətnamədən iddiaçılar və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.

35. İddiaçılar apellyasiya şikayətində qətnamənin iddia tələblərinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizələri ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, onlarla imzalanmış əmək müqavilələrinə xx.xx.2023-cü il tarixində xitam verilmiş, onlar isə sonrakı müddət ərzində xx.xx.2023 (İddiaçı1), xx.xx.2023-cü (İddiaçı2) il tarixində artıq mövcud mübahisə ilə bağlı mediasiya təklifi göndərərək sonradan mediasiya təşkilatına müraciət etmiş, davamında isə məhkəmə instansiyasına müraciət etmişdir, bu halda 1 illik iddia müddətinin axımını heç bir halda ötürməmişdir. İşin həqiqi halından da bəlli olur ki, cavabdeh qurum onlar işdən çıxan zaman son haqq-hesab məbləği kimi əvvəlki dövrlər üzrə ödənilməli olan məbləğlər kimi əvvəlki dövrlər üzrə işlənilmiş gecə və bayram günlərinin əvəzini ödəməmişdir.

36. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə öz qətnaməsində qeyd edir ki, iddiaçılara gecə növbəsində və bayram günlərində işlədiklərinə görə əlavələrin ilk dəfə 2022-ci ilin iyul ayı üzrə hesablanaraq xx.xx.2022-ci il tarixdə verilməsi, əvvəlki dövrə görə əlavələrin ödənilmədiyinin iddiaçılar tərəfindən birmənalı olaraq məhz həmin tarixdə aşkar edilməsi deməkdir. Halbuki, iddiaçılar məhkəmə çıxışları zamanı dəfələrlə etiraf etmişlər ki, bu cür ödənişlərin edilməməsi ilə bağlı 2018-2019-cu illərdən məlumatlı idilər və bu barədə öz birbaşa rəhbərləri vasitəsilə Zavodun rəhbərliyinə müraciət etmişlər.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

38. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi-vəkili təmsil etdiyi şəxslərin apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

39. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi MMC-nin apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, iddiaçıların apellyasiya şiakayətinin təmin edilməməsini xahiş etdi.

40. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

41. Maddə 560.2 Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

42. Maddə 560.3.4 Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

43. Maddə 83.2 Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

44. Maddə 97.1 Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən, işəgötürən faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.

45. Maddə 102.1. İşəgötürən faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.

46. Maddə 109 Bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir.

47. Maddə 154.1 Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

48. Maddə 154.2 Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.

49. Maddə 157.3 Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

50. Maddə 164.1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla.

51. Maddə 166.1 Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir.

52. Maddə 172.4 İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

53. Maddə 172.5 Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Həmin maddənin Qeydinə əsasən, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir.

54. Maddə 178.1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.

55. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

56. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür.

57. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

58. Maddə 296.7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

59. Maddə 310. İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

63. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

64. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

65. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

66. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

67. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

68. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

69. Göründüyü kimi iddiaçılar əmək müqaviləsinə əsasən cavabdeh müəssisədə nəzarətçi vəzifəsində işləmiş, onlarla bağlanmış əmək müqavilələrinə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə ştatların ixtisarı əsası ilə xitam verilmiş və son haqq-hesab məbləğləri ödənilmişdir.

70. İddiaçılar hazırki tələblərində işə başladıqları gündən xx.xx.2022-ci il tarixədək gecə növbəsində və bayram günlərində faktiki işlədiklərinə görə əmək haqqına əlavələrin ödənilməsini, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulmasını tələb edirlər.

71. Tərəflər arasında bağlanmış əmək müqavilələrinin şərtlərinə və qanunvericiliyin tələblərinə əsasən gecə növbəsində və bayram günlərində işləyən işçilərə əmək haqqına müvafiq əlavələr ödənilməlidir.

72. Göründüyü kimi iddiaçılar işlədikləri dövr ərzində gecə növbəsində və bayram günlərində işə cəlb olunmuşlar, xx.xx.2022-ci il tarixədək buna görə əlavələr ödənilməmişdir, yalnız 2022-ci ilin iyul ayı üzrə həmin əlavələr hesablanmağa başlayaraq ilk dəfə xx.xx.2022-ci il tarixdə ödənilmiş, həmin əlavələrin ödənişi xx.xx.2023-cü il tarixədək davam etmişdir.

73. Kollegiya hesab edir ki, əlavələrin yalnız 2022-ci ilin iyul ayından 2023-cü ilin iyul ayları üzrə bir il ödənildikdən sonra işçilərin xx.xx.2023-cü il tarixdən işdən azad edilməsi və iddia müddətinin həmin bir il nəzərə alınmaqla tətbiqinin işçilərdən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olan işəgötürən tərəfindən tələb edilməsi, bununla da digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsinin hüquqdan sui-istifadə xarakteri daşıması; eyni zamanda iddiaçılara münasibətdə müddətin üzrlü hesab olunaraq bərpa edilməsinin əsaslı olması (iddiaçılar bu barədə ərizə vermişlər); tərəflərin mediasiya prosesində və məhkəmə baxışı gedişində mübahisəni sülh yolu ilə həll etmək üçün səy göstərməsi halları nəzərə alınaraq, iddia müddətinin xx.xx.2021-ci il tarixədək olan dövr üçün tətbiq edilməsi, iddiaçılara xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan bir illik dövrdə faktiki işlədikləri bayram günlərinə və gecə növbəsinə görə əmək haqqına əlavə məbləğinin, habelə xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün həmin məbləğin 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

74. Beləliklə, apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-132/2024 nömrəli iş üzrə 18 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar