Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2500/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: qızıl-zinət əşyaları) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 15 may 2024cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Cavabdeh1 xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuş, bu nikahdan xx.xx.2022-cu il təvəllüdlü Məhəmməd adlı uşaqları doğulmuşdur. Bir müddət keçdikdən sonra aralarında olan münasibət pozulmuş, iddiaçı yaşadığı evi tərk etmişdir. Daha sonra tərəflər barışmış və iddiaçı cavabdehlə birgə yaşamağa başlamışdır. Sonradan münasibətləri təkrar pozulmuş və iddiaçı yaşadığı evi tərk etmişdir. Hazırda tərəflər ayrı yaşayırlar.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona məxsus nişan üzüyü 585 əyarlı, 7 qram, üstü ağ qaşlı - 500 manat; üzük üstü mirvari qıraqları qaşlı, 5 qram, 583 əyar - 300 manat; sırğa, sep üzük, bilərzik dəst, 583 əyar, 20 qram – 1800 manat dəyərində qızıl-zinət əşyalarının natura şəklində alınaraq ona qaytarılması, bu mümkün olmadıqda isə ümumi dəyəri 2600 manat olan pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda cavabdeh nikahın pozulması tələbinə dair Nizamı Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmə barışıq üçün üç ay vaxt müəyyən etmişdir. Cavabdeh ilə ailə həyatı quraraq bir müddət onun evində yaşamış, həmin vaxtlar qızılları dəfələrlə anası Cavabdeh2 ondan alsa da, sonradan geri qaytarmışdır. Cavabdehdən küsüb gedəndə qızıllar evdə qalırdı. Yenidən qayıtdıqdan sonra Cavabdeh2 qızılları geri qaytarırdı. Hamiləlik vaxtı anasının evinə gedən zaman qızıllar onda olmuş, xx.xx.2022-ci ildə övladı doğulmuşdur. Həyat yoldaşı xx.xx.2022-ci ildə onu kirayə tutduğu evə apararaq təkidlə bildirmişdir ki, qızılları gətir. Həmin vaxtı qızılları aparmışdır. Bundan sonra həyat yoldaşı qızılları ondan alaraq anasına vermişdir. Sonradan dələlərlə geri istəsə də, cavabdeh qızılları qaytarmaqdan imtina etmişdir. Buna səbəb isə deyirdi ki, evə qayıtdıqdan sonra qızılları qaytaracaq. xx.xx.2022-ci ildə həyal yoldaşı ilə ailə daxili mübahisələri şiddətlənmişdir. 1 ay ərzində qapını bağlayaraq evdən gedirdi və yalnız gecə vaxtlarında evə qayıdırdı. Hətta səhərə yaxın gəldiyi günlər olub. Məcburiyyət qarşısında qalaraq DİN-nin 102 xidmətinə müraciət etmiş və qaynanası qapını acaraq onu evdən buraxmışdır. Həmin vaxtdan anasının himayəsində yaşayır. Dəfələrlə cavabdehlə vvotsap yazışmaları apararaq qızıllarını tələb etmiş, cavabdeh isə hər dəfə “...qızılları evdə saxlayıram, nə vaxt evimizə köçərik, onda ora qoyarıq...”, “...qızılları da mən almışam özümündür, götürürəm qoyuram otağıma” deməklə, qızıl zinyət əşyalarını qaytarmaqdan imtina etmişdir
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-219/24 saylı iş üzrə 10 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) iddia qismən təmin edilərək, Cavabdeh1 1 ədəd 585 əyar, 7 qramlıq ağ qaşlı nişan üzük 500 manat dəyərində, 1 ədəd 583 əyar, 5 qramlıq mirvari qıraqları qaşlı üzük 300 manat dəyərində, 1 ədəd 583 əyar, 20 qramlıq sırğa, sep, üzük, bilərzik dəsti 1800 manat dəyərində olan qızıl-zinət əşyalarının, qətnamə icra olunan vaxt mövcud olmayacağı təqdirdə onların dəyərinin alınaraq iddiaçıya verilməsi, 50 manat ekspertiza xərcinin Cavabdeh1 tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, ddiaçı cavabdehlə aralarında olan telefon yazışmalarını iddia ərizəsinə əlavə etmiş və həmin yazışmalarda cavabdeh mübahisə predmeti olan qızıl-zinət əşyalarını özü aldığı üçün götürdüyünü və bununla da qızıl-zinət əşyaların onda olmasını etiraf etmişdir. Cavabdeh yazışmaların onun yatdığı zaman əvəzinə iddiaçının yazdığını bildirsə də, lakin fotoşəkillərdən görünür ki, yazışmalar günorta vaxtı aparılmışdır. Bundan başqa əgər yazışmalar iddiaçı tərəfindən olunmuşdursa, cavabdeh həmin yazışmaları gördükdən sonra iddiaçıya iradını bildirməli idi. Həmçinin cavabdeh yazışmaların iddiaçı tərəfindən aparılmasına dair hər hansı sübut təqdim edə bilməmiş, bunun əksi olaraq iddiaçı ilə yazışmalarını sildiyini bildirmişdir. Cavabdeh tərəfindən yazışmalara dair gətirdiyi şifahi dəlilləri məhkəmə ağlabat hesab etməyərək, həmin yazışmaların cavabdeh tərəfindən aparıldığını hesab edir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları – cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona məxsus olan qızıl-zinət əşyaları üzərində faktiki sahiblikdən məhrum olmasını və həmin əşyaların cavabdehin sahibliyində olmasını sübut edə bilmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh2 hissədə qeyd edir ki, mübahisə predmeti olan qızıl-zinət əşyaları Cavabdeh1 olduğu sübut edildiyindən, həmçinin həmin əşyaların Cavabdeh2 olması və ya digər cavabdeh ilə birgə saxlaması sübuta yetirilmədiyindən, iddia Cavabdeh2 hissədə təmin edilməməlidir. Əşyaların iddia ərizəsində göstərilən dəyəri 2600 manat, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7179 nömrəli rəyində isə 2720 manat olması ilə bağlı qeyd edilməlidir ki, hazırda iddia tələbi 2600 manat məbləğdən ibarət olduğundan iddia, tələbdə qeyd edilən 2600 manat həcmində təmin edilməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci, Ailə Məcəlləsinin 34.1, 34.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı özü də iddia ərizəsində etiraf etmişdir ki, o, cavabdehlə mübahisə edərkən hər zaman qızıllar cavabdehin evində qalmırdı, qızılları özü ilə öz evinə aparırdı. Çünki belə olmayan təqdirdə necə ola bilər ki, 22 may 2022-ci il tarixdə iddiaçı cavabdehin evinə qayıdarkən qızıllar iddiaçının özündə olmuşdur? Cavabdeh1 iddiaya etirazında və məhkəmə iclasında bildirmişdir ki, İddiaçı onunla mübahisə etdikdən sonra cehiz əşyalarını, o cümlədən qızıl-zinət əşyalarını özü ilə aparmış, hətta cavabdeh bu faktı təsdiq edən videoyazını da məhkəməyə təqdim etmişdir. Həmin videoyazıdan da görünür ki, iddiaçı cavabdehin evindən çıxarkən cehiz əşyalarını, o cümlədən qızıl-zinət əşyalarını özü ilə cavabdehin evindən aparıb. İddiaçı onunla mübahisə etdikdən sonra 22 may 2022-ci il tarixdə barışmış, buna görə onun evinə qayıtmış, İddiaçı gələcəkdə qızılların onda deyil, cavabdehdə olması təəsürütı yaratmaq üçün o (Cavabdeh1) evdə yatdığı, yaxud hamamda (ayaqyolunda) olduğu zaman ona məxsus mobil telefonu İddiaçı özbaşına götürərək öz telefonundan onun telefonuna mesajlar yazmış, özü də onun telefonundan öz mesajlarına cavablar yazaraq özünə göndərmiş, həmin yazışmanın fotoşəkillərini çəkdikdən sonra onları silmişdir. Lakin, 1-ci instansiya məhkəməsi qətnaməsində cavabdehin bu dəlillərinin nədən ağlabatan hesab etmədiyini əsaslandırmamışdır. İddiaçı buna dair yalnız telefon danışıqlarının fotoşəkillərini məhkəməyə təqdim etmiş, lakin məhkəmə cavabdehin bildirdiyi halların da (yatarkən, yaxud telefonu üzərində daşımadığı digər vaxtlarda iddiaçının özü tərəfindən bu mesajlara onun telefonundan yaza bilməsinə dair) reallıqda baş verməsinin mümkün olduğuna baxmayaraq, məhkəmə qətnaməsində əsassız olaraq göstərmişdir ki, “məhkəmə hesab edir ki, iddiaçı təqdim etdiyi telefon yazışmaları ilə mübahisə predmeti olan qızıl-zinət əşyaların cavabdehdə olması sübuta yetirildiyindən əlavə araşdırmağa ehtiyac yoxdur”
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər;
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
13. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir.
14. Maddə 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
15. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı işdə iddia qismən təmin edildiyindən və qətnamə yalnız Cavabdeh1 tərəfindən apellyasiya qaydasında mübahisələndirildiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını yalnız iddianın təmin olunmuş hissəsində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə işin hallarını düzgün müəyyən etmiş və mübahisəli hüquq münasibətinə maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
19. İşin mübahisəsiz hallarına görə tərəflər xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İddiaçıya toy və nişan hədiyyəsi olaraq 1 ədəd 585 əyar, 7 qramlıq ağ qaşlı nişan üzüyü, 1 ədəd 583 əyar, 5 qramlıq mirvari qıraqları qaşlı üzük, 1 ədəd 583 əyar, 20 qramlıq sırğa, sep, üzük, bilərzik dəsti hədiyyə edilmiş, tərəflər rəsmi nikahdan sonra birlikdə yaşamışlar. Cavabdehlə aralarında mübahisə yarandığından iddiaçı valideynlərinin evinə getmiş, sonra tərəflər barışmış, iddiaçı cavabdehlə yaşamağa başlamışdır. Sonradan münasibətləri təkrar pozulmuş, iddiaçı yaşadığı evi tərk etmişdir.
20. İddiaçı münasibətləri pozulduqdan sonra iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarının cavabdehlərdə qaldığına istinad edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci və Ailə Məcəlləsinin 34.1-ci maddələrinə müvafiq olaraq nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
22. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
23. MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3).
24. Sadalanan maddi və prosessual hüquq normalarının mənasına görə baxılan iş üzrə iddia tələbinin təmin olunması üçün iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının mövcudluğu, iddia ərizəsində göstərilən dəyərdə olduğu və hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. Tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi o halda əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir ki, həmin etiraf məhkəmə iclasının protokoluna yazılsın və bu barədə etiraf edən tərəf protokola imza etsin və ya faktın etiraf edildiyi yazılı ərizə işə tikilmiş olsun.
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmuşdur.
26. Belə ki, mülki işin məhkəmə baxışı zamanı iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehin yaşadığı evdə qaldığını bildirmişdir. Cavabdeh isə tələb olunan qızıl-zinət əşyalarını iddiaçının evdən gedərkən özü ilə apardığını bildirmişdir.
27. Qanunun göstərişinə əsasən tələb olunan qızıl-zinət əşyalarının hal-hazırda həqiqətən cavabdehdə olduğunu sübut etmə yükü iddiaçının üzərinə düşür.
28. İddiaçı tərəfindən təqdim edilmiş yazışmada (“whatsapp” sosial şəbəkə vasitəsi ilə aparılmışdır) Cavabdeh1 “Mən də o qızılları sənə almışam, mən də güvənmirəm götürürəm qoyuram evdə saxlayıram, nə vaxt evimizə köçərik onda ora qoyarıq, səndə mebel alarsan”, “Mən saxlayıram öz aldığım öz qızılımı, mənim deyil nə istəsəm edərəm” bildirir.
29. Qeyd edilən yazışmalara münasibətdə cavabdeh bildirmişdir ki, həmin yazışmalar onun tərəfindən deyil, iddiaçı tərəfindən aparılmış, yəni iddiaçı onun telefonunu o yatarkən götürmüş və onun adından etiraf edici yazılar yazmışdır. Lakin bu halı təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir
30. Məhkəmə kollegiyası işin hallarını, habelə tərəflərin izahatlarını nəzərə alaraq cavabdehin bu məzmunda izahatına tənqidi yanaşır. Kollegiya cavabdehin belə izahat verməsinin tərəflər arasında nikahın pozulması ilə bağlı olduğunu, iddianın təmin edilməməsinə yönəldiyini, məhkəməni yanıltmaq cəhdi kimi qiymətləndirir.
31. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
32. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
34. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.