Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2502/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evin və hasarın bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(001)-870/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “evin və hasarın bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 2/3 hissəsi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 2B saylı evin və həmin ünvanda yerləşən 2C və 2B saylı evlərin arasındakı hasarın cavabdeh tərəfindən bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ev torpaq sahəsi ilə birlikdə 01 avqust 2014-cü il tarixli, ********** reyestr nömrəli, RX ******* nömrəli daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış əsasında ona məxsusdur. Həmçinin, həmin fərdi yaşayış sahəsi ilə qonşuluqda olan - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 2B saylı ev isə 1/3 hissədə X1, 2/3 hissədə onun mülkiyyətindədir. O, həmin əmlakın 2/3 hissəsinin özünə məxsus olmasına baxmayaraq həmin tikili ilə 2C ünvanında ona məxsus olan tikili arasında 11 daşdan ibarət ortaq hasarın tikilməsinə etiraz etməmişdir. Onun mülkiyyətində olan əmlak Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 07 noyabr 2013-cü il tarixli, S-258 saylı razılaşma məktubu və “Azərmemarlayihə” tərəfindən tərtib olunmuş layihəyəyə uyğun tikilərək başa çatdırılmışdır. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi, 3023-cü məhəllədə yerləşən 2C və 2B saylı evlərin arasındakı hasarın və 2/3 hissəsi mülkiyyət hüququ ilə ona məxsus olan həmin ünvanda yerləşən 2B saylı ev X1 qardaşı Cavabdeh tərəfindən sökülmüşdür. Cavabdeh söküntü işlərini bacısının göstərişi ilə həyata keçirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 2(102)-4309/2021 saylı qərarı ilə söküntünün X1 deyil, hazırki iş üzrə cavabdeh tərəfindən həyata keçirildiyi bir daha təsdiq olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(001)- 870/2022 saylı qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia təmin olunmamışdır. İddiaçı, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddanın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, apellyasiya şikayətinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə digər üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş QYM seriyalı, 000433 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3023-cü məhəllə, 2A saylı ev X2 xüsusi mülkiyyəti kimi 27 dekabr 1999-cu il tarixdə hüquqi qeydiyyatdan keçmişdir. Eyni zamanda, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 2b saylı ev 1/3 hissədə X1, 2/3 hissədə İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə kollegiyası hazırki mübahisə ilə bağlı apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Konstitusiyanın, mülki qanunvericiliyinin və beynəlxalq müqavilələrin müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmşdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaq vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı, həmçinin apellyasiya instansiyası məhkəməsinin araşdırmalı olduğu məsələdir. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın əsaslı olub-olmaması məsələsidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunmuş ilk halla bağlı qeyd edir ki, iddiaçının paylı mülkiyyətçi kimi mülkiyyət hüququnun müdafiəsindən irəli gələn subyektiv hüquqları daima mövcuddur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. «Loizidu Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Lakin, iddiaçı onun mülkiyyət hüququna qəsdin (söküntü ilə bağlı qanunsuz, hüquqazidd hərəkətin) məhz cavabdeh tərəfindən həyata keçirilməsini sübut etmək yükünü daşıyır. Qeyd edilməlidir ki, işdə olan məhkəmə aktlarına əsasən İddiaçı eyni faktiki hallara əsaslanan iddia ərizəsi ilə daha əvvəl X3 qarşı məhkəməyə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(001)-392/2019 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, eyni zamanda "xxxx" ASC-nin X3 qarşı “sökülmüş fərdi yaşayış evinin bərpa edilməsi və ya vurulmuş maddi zərərin N.Zeynalovadan bankın xeyrinə tutulması” tələbinə dair iddiasının qismən təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 2c və 2b saylı evlərin arasındakı sökülmüş hasarın və 2/3 hissəsi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 2b saylı sökülmüş evin X4 tərəfindən bərpa edilməsi qət olunmuşdur. Lakin, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli, 2(103)-1919/2020 saylı qətnaməsi ilə cavabdeh X1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbləri rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(102)- 4309/2021 saylı qərarının surətindən görünür ki, İddiaçı və üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1919/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Belə ki, hazırki mülki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşməsinə baxmayaraq, Bakı şəhəri, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin 2/3 hissəsinin və həmin fərdi yaşayış ev ilə eyni ünvanda yerləşən 2c saylı fərdi yaşayış evindən ayıran hasarın məhz cavabdeh tərəfindən və ya onun göstərişi ilə sökülməsi iş materialları ilə öz təsdiqini tapmır, iddiaçı bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı istər hazırki iddia ərizəsində, istərsə də apellyasiya şikayətində, qeyd edilən məhkəmə qərarları ilə söküntünün məhz X1 qardaşı Cavabdeh tərəfindən həyata keçirilməsinin müəyyən olunmasını qeyd etsə də, həmin məhkəmə qərarlarında belə bir hal müəyyən olunmamışdır (qeyd edilən mülki iş Binəqədi Rayon Məhkəməsindən tələb olunaraq, ona tərəflərin iştirakı ilə də baxış keçirilmişdir). Hazırki iddia tələbi üzrə də sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddia etdiyi kimi 2B saylı evin və həmin evlə 2C saylı evin arasında olan hasarın məhz Cavabdeh tərəfindən söküldüyünü sübuta yetirməlidir. Cavabdeh isə mübahisəli evin və hasarın onun tərəfindən sökülmədiyini bildirərək, iddianı qəbul etmir. Mülki Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı iddia etdiyi kimi 2B saylı evin və həmin evlə 2C saylı evin arasında olan hasarın məhz Cavabdeh tərəfindən söküldüyünü təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı tərəf Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində özünün (iddiaçının) şikayəti əsasında evin və hasarın sökülməsinin araşdırıldığını və həmin söküntülərin cavabdehin tərəfindən aparılması barədə cavabdehin özünün izahatının olduğunu bildirsə də, cavabdeh bunu təkzib etmiş, belə bir izahat vermədiyini bildirmişdir. İddiaçının vəsatəti əsasında əldə edilmiş Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin baş təhqiqatçısı İlkin Əsgərov tərəfindən qəbul edilmiş 13 iyun 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən edilmişdir ki, cavabdeh izahatında Cəfər Xəndan küçəsi 2 “B”-də yerləşən özlərinə məxsus torpaq sahəsində heç bir qanunsuz tikinti işlərini aparılmadığını bildimişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada iddia tələblərinin qanuni əsasını həmçinin Mülki Məcəllənin 1096.1-ci maddəsi təşkil edə bilər. Həmin maddəyə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki qanunvericiliyin qeyd edilən müddəasının mənasına görə, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması üçün üç əsas ünsürün məcmu halda mövcud olması lazımdır – zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. İddiaçı isə cavabdehin qanunsuz, hüquqazidd hərəkətinin nədən ibarət olmasını, iddiaçının paylı mülkiyyətində olan əmlakın sökülməsində iştirakını və s. bu kimi zəruri halları əsaslandıra və sübut edə bilməmiş, məhkəmə araşdırması zamanı belə bir hal müəyyən olunmamışdır. Məhkəmə kollegiyasının tərəflərin iştirakı ilə yerində müayinə (baxış) zamanı iddia olanan ərazidə söküntü qalıqları müşahidə olunmuş, lakin bunun məhz cavabdeh tərəfindən həyata keçirilməsi istiqamətində hər hansı hal müəyyən olunmamışdır. Eyni zamanda, iddiaçının polisə analoji şikayəti üzrə aparılmış araşdırma zamanı da mübahisə üzrə cavabdehlə bağlı hər hansı hüquqazidd hərəkətin olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində sübut kimi məhz əvvəlki məhkəmə qərarlarına əsaslanaraq, söküntü işlərinin məhz cavabdeh tərəfindən aparılmasını (əvvəlki məhkəmə aktında bu halın təsdiq olunmasını) göstərmiş, lakin həmin qərarlarda belə bir halın müəyyən olunması görünmür. Xüsusilə qeyd edilməldiir ki, iddiaçının mövqeyi ziddiyyətli olmaqla, əsaslandırılmamışdır. Yəni, iddiaçı eyni məsələ üzrə müxtəlif şəxslərə qarşı analoji iddialar qaldırmaqla, tələbini, habelə tələbin yönəldiyi şəxsləri də konkretləşdirə bilməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddia əsassızdır, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçının özünün izahatı (bildirdikləri) də iddianın əsaslı olması nəticəsinə gəlməyə imkan vermir. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “evin və hasarın bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(001)-870/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Binəqədi Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(001)-870/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2502/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2502/2023
06.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver