Məhkəmə qərarları › İş №2(103)-2508/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2508/2021

07.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2508/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı Məmmədova Sevinc Sabir qızının cavabdeh Məmmədov Rövşən Ağahəsən oğluna qarşı alimentin tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4961/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehdən xx.xx.2008-ci il təvəllüdlü Məmmədov Mirməhəmməd Rövşən oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 500 manat sabit pul məbləğində alimentin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçının vəkili məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək 500 manat sabit pul məbləğində alimentin və həmçinin uşağın xəstəliyi ilə əlaqədar 200 manat, cəmi 700 manat sabit pul məbləğində vəsaitin xx.xx.2008-ci il təvəllüdlü Məmmədov Mirməhəmməd Rövşən oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə xx.xx.2001-ci il tarixdə Bakı şəhəri Xətai rayon VVADQ şöbəsində rəsmi nikah qeydiyyatına daxil olmaqla ailə qurmuşdur. Cavabdehlə birgə nikahdan iki övladları olmuşdur. Cavabdeh başqa qadınla yaşayır. Ailəsinə baxmır, uşaqlarının maddi tələbatlarını ödəməkdən yayınır. Cavabdeh müğənlilik fəaliyyəti ilə məşğuldur. Müxtəlif el şənliklərinə gedərək yaxşı qazanc əldə edir. Ölkədə yaranan vəziyyət ilə əlaqədar müvəqqəti olaraq taksi fəaliyyəti ilə də məşğul olur. Rövşən Məmmədovun aylıq qazancı 2500-3000 manata çatır. Uşaqlarına, ailəsinə baxmaması ilə əlaqədar iddiaçı öz etirazını bildirəndə cavabdeh ona həmişə bu cür olacağını bildirmişdir. İddiaçı özü heç bir yerdə işləmir, tək başına bir qadın olaraq ailənin maddi tələbatlarını ödəmək ona çox çətindir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4961/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2008-ci il təvəllüdlü Məmmədov Mirməhəmməd Rövşən oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla, hər ay 170 manat sabit pul məbləğində alimentin Məmmədov Rövşən Ağahəsən oğlundan tutularaq Məmmədova Sevinc Sabir qızına verilməsi, xx.xx.2008-ci il təvəllüdlü Məmmədov Mirməhəmməd Rövşən oğlunun müalicəsi ilə əlaqədar çəkilən xərclərdə iştirak etməsi üçün xx xxxxxx 2020-ci il tarixdən başlayaraq, Məmmədov Mirməhəmməd Rövşən oğlunun müalicəsinin davam etdiyi müddətdə Məmmədov Rövşən Ağahəsən oğlundan hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq Məmmədova Sevinc Sabir qızına verilməsi, cavabdeh Məmmədov Rövşən Ağahəsən oğlundan 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Qətnamədən Məmmədov Rövşən Ağahəsən oğlu apellyasiya şikayəti verərək onun əlavə xərcin tutulması hissəsində ləğv olunmasını xahiş etmiş, şikayətini, məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyi, uşağın həqiqətən xəstə-olub olmadığını araşdırmadığı, maddi qazancının alimentdən əlavə 100 manat da ödəməsinə imkan vermədiyini, onun taksi sürücüsü işlədiyini almadığı arqumentləri ilə əsaslandırmışdır. Qətnamədən, həmçinin, iddiaçı da apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. İşə baxılmasının yeri və vatı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarında toplanmış sübutları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Rövşən Məmmədovun verdiyi şikayət qismən təmin olunmalı, qətnamə “xx.xx.2008-ci il təvəllüdlü Məmmədov Mirməhəmməd Rövşən oğlunun müalicəsi ilə əlaqədar çəkilən xərclərdə iştirak etməsi üçün xx xxxxxx 2020-ci il tarixdən başlayaraq, Məmmədov Mirməhəmməd Rövşən oğlunun müalicəsinin davam etdiyi müddətdə Məmmədov Rövşən Ağahəsən oğlundan hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq Məmmədova Sevinc Sabir qızına verilməsi” hissəsində dəyişdirilməli, iddiaçı Sevinc Məmmədovanın isə apellyasiya şikayəti təmin edilməməlidir. İşin mübahisəsiz hallarına görə, iddiaçı ilə cavabdehin rəsmi nikahından xx.xx.1999-cu il təvəllüdlü Məmmədova Ləman Rövşən qızı və xx.xx.2008-ci il təvəllüdlü Məmmədov Mirməhəmməd Rövşən oğlu doğulmuşdur. Yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü Məmmədov Mirməhəmməd Rövşən oğlu hazırda iddiaçı ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindn verilmiş arayışda qeyd edilir ki, Məmmədov Mirməhəmməd Rövşən oğlunun ambulator vərəqinə əsasən xx.xx.2020-ci il tarixdə tibb mərkəzində həkim-nevropatoloq müayinəsindən keçmişdir. Xəstəyə “Gecə enurezi. Hiperaktivlik sindromu” diaqnozu qoyulmuşdur. Xəstəyə davamlı olaraq nevropatoloq müayinəsi və psixoterapiya məsləhət görülmüşdür. Ailə Məcəlləsinin 22.2-ci maddəsinə görə məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. İşin hallarını nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin uşağın saxlanılması üçün müəyyənləşdirdiyi müəyyən etdiyi aliment məbləği göstərilən halların məcmusu baxımından ədalətlidir və uşağın marağının pozulması hallarını yaratmır və iddiaçının apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsassızdır. Birinci instansiya məhkəməsi Məmmədov Mirməhəmməd Rövşən oğluna təyin edilmiş xəstəliklə bağlı davamlı olaraq müalicə olunmasına ehtiyac olduğunu vurğulamaqla cavabdehdən əlavə xərc qismində 100 manat pul vəsaitinin tutulmalı olduğu qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmə həmin qənaətə gələrkən maddi hüquq normasını düzgün tətbiq etmişdir. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı həmin tələbini Ailə Məcəlləsinin 81.1-ci maddəsinə istinad edərək irəli sürmüş, məhkəmə də həmin maddi hüquq normasına əsaslanmaqla bu tələbi qismən əsaslı hesab etmişdir. Ailə Məcəlləsinin 81-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, valideynlər əlavə xərclərin ödənilməsinə o halda cəlb edilə bilərlər ki, bu xərclər ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə və digər hallarla əlaqədar olsun. Başqa sözlə, valideynin əlavə xərclərin çəkilməsinə cəlb edilməsi üçün əsas, müstəsna halların – ağır xəstə və şikəst uşaqların, habelə əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların mövcudluğudur. Bununla belə kollegiya hesab edir ki, cavabdehin hazırda taksi sürücüsü işləməklə aylıq qazancının müəyyən edilmədiyi və uşağın saxlanılması üçün ümumilikdə 170 manat aliment ödəməli olduğu nəzərə alındığında, ondan əlavə xərc qismində 30 manat tutulması ədalətli hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Ximətinin xx xxxx 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Məmmədov Rövşən Ağahəsən oğlu (VÖEN: **********) taksi fəaliyyəti göstərilməsi ilə əlaqədar xx.xx.2017-ci il tarixdə vergi uçotuna alınmışdır. Məmmədov Rövşən Ağahəsən oğlunun vergi orqanına təqdim etdiyi arayışa əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz; həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı Məmmədova Sevinc Sabir qızının apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Məmmədov Rövşən Ağahəsən oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4961/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi “xx.xx.2008-ci il təvəllüdlü Məmmədov Mirməhəmməd Rövşən oğlunun müalicəsi ilə əlaqədar çəkilən xərclərdə iştirak etməsi üçün xx xxxxxx 2020-ci il tarixdən başlayaraq, Məmmədov Mirməhəmməd Rövşən oğlunun müalicəsinin davam etdiyi müddətdə Məmmədov Rövşən Ağahəsən oğlundan hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq Məmmədova Sevinc Sabir qızına verilməsi” hissəsində dəyişdirilsin. Məmmədov Mirməhəmməd Rövşən oğlunun müalicəsinin davam etdiyi müddətdə tutulmalı olan məbləğ hər ay 30 (otuz) manat müəyyənləşdirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mədanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar