Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2518/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(007)-3002/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, üç uşağın saxlanması üçün onun əmək haqqının 50% tutularaq hər birinə bərabər bölünməsi və ya həmin 50%-i manata çevirib hesablasaq 83,33 manat etsə də, üç uşağın hər birinə 100 manat stabil pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nizami Rayon Məhkəməsi 12 iyun 2017-ci il tarixli qətnaməsi ilə iki uşağının saxlanması üçün Cavabdeh1 xeyrinə hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında və eyni zamanda ayda hər uşağa görə 104 manat aliment tutulması qət olunmuşdur. Abşeron Rayon Məhkəməsi 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə isə onun bir uşağın saxlanması üçün Cavabdeh2 xeyrinə hər ay sabit pul miqdarında 150 manat aliment tutulması qət olumuşdur. Bildirir ki, hər iki qətnamələr tam əsassız və qanunsuzdur. Belə ki, o, 08.09.2014-cü il tarixdən «Mətanət A» şirkətində hüquqşünas vəzifəsində çalışır və aldığı əmək haqqı 550 manat təşkil edir. İş yerindən məhkəməyə təqdim edilən arayışa əsasən hazırda borc yığıldığına görə icra məmurunun tələbi ilə əmək haqqının 70%-i, yəni 350,52 manatı tutularaq üç uşaq arasında bərabər bölünərək hər birinə 116,84 manat ödənilir. Bundan başqa o, hec bir yerdə işləmir, başqa gəlirləri yoxdur, onun əmək haqqı stabildir və bu səbəbdən də, bu miqdarda aliment tutulmasına heç bir hüquqi əsas yoxdur. Belə ki, qanunvericilikdən də göründüyü kimi valideyinlərin hüquq və vəzifələri uşaqlar qarşısında eynidir. Bu səbəbdən də, maddi və digər öhdəliklərdə də, valideyinlər arasında bərabər bölünməli olduğu halda məhkəmələr praktikada heç bir hüquq əsas olmadan uşaqlar üçün müəyyənləşmiş yaşayış minimumun hamısını maksimum dərəcədə ataya öhdəlik kimi yükləyərək eləcədə digər işlərdə də həmişə ananın mənafelərini daha üstün tuturlar. Abşeron rayon içra şöbəsinin 10.02.21-ci tarixli bildirişinə əsasən onun iki aliment işi üzrə cəmi 4770 manat ailment borcu yığılmışdır. Bu günə əlavə 6 ayı da nəzərə alsa, indiki tarixə təxminən 5000-6000 manat borcu yaranmışdır. Bu isə onun gəlirləri və maaşı nəzərə alınmadan şişirdilmiş aliment təyin edilməsi nəticəsində yaranmış və bu məbləğlərdə alimentin ödənilməsi onun imkanı xaricindədir. Qeyd olunanlara əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(007)- 3002/2021 saylı qətnaməsi ilə (hakim Babək Qasımov) iddia təmin olunmamışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, tam və hərtərəfli araşdırmanın aparılmaması, iddianın əsaslı olması və s. göstərilmiş, məhkəmə kollegiyasından şikayətin təmin olunması xahiş edilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, qanuni qüvvədə olan məhkəmə qərarlarına (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli və Abşeron Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qətnamələri) əsasən, 16 mart 2007-ci il təvəllüdlü X3 və 24 aprel 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh1 xeyrinə İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında və ayda hər uşağa görə 103 (yüz üç) manat sabit pul məbləğində aliment tutulması, həmçinin 18 avqust 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay İddiaçı 150 manat sabit pul məbləğində alimentin tutularaq X1 ödənilməsi qət edilmişdir. İddiaçı hazırki iddia tələbində qeyd edilən alimentlərin miqdarının azaldılmasını xahiş etmiş, həmçinin "xxxx" Şirkətində işləyərək, aylıq əmək haqqının 550 manat təşkil etməsini göstərmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən alimentlərin miqdarının azaldılmasının qanunvericiliyin tələblərinə, uşaqların üstün maraqlarına uyğun olmamasınə və s. göstərmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq Hüquqları Haqqında Konvensiya»nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 58.2.-ci maddəsinə əsasən valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarədəri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər onu bir valideyn kimi uşaqlarını saxlamaq vəzifəsində azad etmir. Bununla yanaşı, iddiaçı əvvəlki məhkəmə aktları ilə alimentlərin miqdarının düzgün müəyyən olunmamasını göstərsə də, həmin qərarlar qanuni qüvvədə olduğundan mübahisə edilə bilməz. MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmçinin qeyd edilməlidir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndindəki mövqeyinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Analoji hüquqi mövqe, həmçinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Qərarında da göstərilmişdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, yaşayış minimumu özündə insanın sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri ehtiyacları müəyyənləşdirmişdir. Qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən olunmuş alimentlərin miqdarından isə görünür ki, onlar hazırki vaxtda ölkə üzrə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumuna yaxın həddindədir (hətta bir az aşağıdır). Belə olan halda isə, iddiaçının tələbi üzrə alimentlərin məbləğinin azaldılması yetkinlik yaşına çatmayanların azyaşlıların mənafeyinə və üstün maraqlarına uyğun deyildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə aktlarından görünür ki, iddiaçının əmək haqqının (başqa gəlirlərinin) yalnız 1/3 hissədə AM-nin 76-cı maddəsinə əsasən aliment kimi tutulmuş, qalan məbləğlər isə sabit pul miqdarında müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarında həmçinin göstərilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Göründüyü kimi, iddiaçının apellyasiya şikayətində də göstərdiyi kimi aliment borcunun olması faktı alimentin miqdarının azaldılması üçün qanuni əsas təşkil edə bilməz. Beləliklə, iddiaçı tələbinin (apellyasiya şikayətinin dəlillərini) əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamə qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(007)-3002/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(007)- 3002/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2518/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2518/2022
12.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver