Məhkəmə qərarları › İş №2(103)-2520/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2520/2024

23.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2520/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “aliment”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-995/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan dünyaya gəlmiş övladı üçün o, 18 yaşına çatanadək aylıq 300 manat, iddiaçı üçün isə övladı 3 yaşına çatanadək aylıq 150 manat olmaqla sabit pul məbləğində alimentin, eləcə də övladının müalicəsi üçün çəkilən əlavə xərclərə görə hər ay 750 manat məbləğində pul vəsaitinin tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbində bildirmişdir ki, onun Cavabdeh ilə nikahı xx.xx.2023-cü ildə 5 saylı Bakı Asan Xidmət Mərkəzində 12 nömrəli akt qeydi ilə qeydə alınmaqla pozulmuşdur. Nikahı pozulduqdan sonra övladı xx.xx.2023-cü il təvəllüdlü X6 dünyaya gəlmişdir. Ailə qurduqdan sonra ilk vaxtlar Cavabdeh ilə münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuş, aralarında tez-tez mübahisələr baş vermişdir. Mütəmadi olaraq yaranan anlaşılmazlıqlar və mübahisələr münasibətlərinin daha da kəskinləşməsinə səbəb olmuşdur. Bu səbəbdən qarşılıqlı razılıq əsasında Cavabdeh ilə aralarında nikahın pozulması üçün müraciət etmək qərarına gəlmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ailə münasibətlərindən irəli gələn mübahisələrin həlli üçün məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak zəruri olduğundan iddiaçı tərəfindən qanunvericiliyə uyğun olaraq Bakı 15 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Bununla bağlı Bakı 15 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı məhkəməyə təqdim olunmuşdur. Mediasiya xərcləri iddiaçı tərəfindən qarşılanmışdır. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən də məlum olduğu kimi birgə nikahdan doğulmuş övladı xx.xx.2023-cü il təvəllüdlü X6 hal-hazırda xəstəlikləri ilə əlaqədar müalicə alır. Belə ki, ona “Generalizə olunmuş epilepsiyanın digər növləri, Vest sindromu, Affektiv respirator tutmaları” diaqnozu qoyulmuşdur. Bu səbəbdən də hər ay 10 günlük (gündəlik 20 manatdan ödənilməklə) idman və massajda olmalı, ayda 1 dəfə EEG çəkilməli, ayda bir dəfə qan, kreatin, sidik, vitamin D və B analizləri verilməlidir. Bunlardan əlavə hər ay pediatr yoxlanışı, 2 ayda bir dəfə qastreontoloq yoxlanışı, müalicəsi üçün dərmanların alınması, yol üçün çəkilən xərclər və s. ümumi olaraq aylıq təxminən 1500 manat məbləğində vəsait tələb edən bütün bu xərclərin iddiaçı tərəfindən tərəfindən təkbaşına çəkilməsi mümkünsüzdür. Bu səbəbdən də iddiaçı hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada birgə nikahdan dünyaya gəlmiş övladı üçün çəkilən əlavə xərclərdə keçmiş həyat yoldaşı da onunla birlikdə iştirak etməlidir.

3. Xətai Rayon Məhkəməsinin 2(011)-995/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim İlahə Abbasova) ilə iddia tələbinin qismən təmin olunması, cavabdeh X2 02 fevral 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 17 noyabr 2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 110 manat məbləğində, xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı Ramız qızına ödənilməsi qət edilmişdir.

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, cavabdeh isə qətnamə apellyasiya qaydasında mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəliləri:

5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi “Elektron məhkəmə” informasiya sistemindən çıxarışa istinad etməklə onun əmək haqqısının 1278.96 manat olmasına istinad etsə də orta aylıq əmək haqqı 660 manat təşkil edir və bu barədə müvafiq arayış məhkəməyə təqdim ediləcək. Belə ki, iş yoldaşı seçki məntəqəsinin sədri vəzifəsini icra etdiyinə görə və başqa vəzifə tutmaq hüququ olmadığına görə 07 dekabr 2023-cü il tarixdən 11 evral 2024-cü il tarixədək iş yoldaşının əmək haqqı onun əmək haqqı hesabına yazılmışdır. Həmin müddət ərzində onun dərslərində müəllim kimi iştirak etmişdir. Bundan başqa bildirir ki, qızının müalicə və yaşam xərclərini qarşılamaq üçün həm işləyib, həm də qızına tək qayğı göstərməli olur. Nəzərə alınsa ki, həkim müayinələri üçün qızını hər həftə Biləsuvar rayonundan Bakı şəhərinə gətirməli olur, bu həm uşağın, həm də onun fiziki yorğunluğuna, həm də maddi cəhətdən daha çox sıxıntı yaşamasına səbəb olur. Birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh əmək qabiliyyətinin olmamasını bildirsə də hazırda qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul olmaqla əmək qabiliyyətlidir və gəlirləri var. Eləcə də cavabdehin qeyd etdikləri onun alimenti ödəməsinə bəhanə olmamalıdır. Eyni zamanda cavabdeh hər ay pul göndərdiyini bildirsə də qızına hər hansı formada maddi köməklik göstərmir. Hesab edir ki, məhkəmənin müəyyən etdiyi aliment məbləği tamamilə əlverişsizdir. Aliment kimi müəyyən edilən məbləğ, nəinki bir neçə xəstəliyi olan körpə uşağın saxlanması üçün kifayət deyil, uşağın aylıq xərclərini belə tam qarşılamır. Həmçinin qeyd edilməlidir ki, qızına “Generalizə olunmuş epilepsiyanın digər növləri, Vest sindromu, Affektiv respirator tutmaları” diaqnozunun qoyulması nəzərə alınsa onun sadəcə aylıq əmək haqqı ilə onun yaşam ve müalicə xərclərini qarşılamağı nə dərəcədə mümkündür. Uşağın atası olaraq cavabdehin belə bəsit bəhanələrlə öz valideynlik vəzifəsini yerinə yetirməkdən boyun qaçırması, məhkəmənin də məhz o izahat əsasında çıxardığı qətnamə ədalətlidirmi. Cavabdehin uşağın yetkinlik yaşına çatana qədər saxlanılması prosesində ən az onun qədər məsuliyyətli olması, bir ata kimi övladının maddi və digər ehtiyaclarının qarşılanmasında icbari ve birbaşa iştirakı məhkəmə tərəfindən təmin edilməlidir. Cavabdeh aliment ödənişi ilə yanaşı uşağın müalicə xərclərinin qarşılanması üçün əlavə maddi yardım göstərməlidir. Bu səbəbdən, qətnamənin ləğv edilərək cavabdehdən birgə nikahdan dünyaya gəlmiş övladı üçün o, 18 yaşına çatanadək aylıq 300 manat, iddiaçı üçün isə övladı 3 yaşına çatanadək aylıq 150 manat olmaqla sabit pul məbləğində alimentin, eləcə də övladının müalicəsi üçün çəkilən əlavə xərclərə görə hər ay 750 manat məbləğində pul vəsaitinin tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətini müdafiə edərək, əlavə olaraq bildirdi ki, cavabdeh hazırda tikintidə işləməklə aylıq qazancı qənaətbəxşdir, rəsmi olmasa da, faktiki olaraq iş yeri mövcuddur. Cavabdehin torpaq sahəsi alması və kirayədə qalması barədə ona bildirdiyi smslər isə telefondan silindiyi üçün təqdim edə bilmir, özünün əmək haaqısının 1278 manat olması barədə rayon məhkəməsinin istinad etdiyi məlumat doğru deyil, həqiqətən də orta məktəbdə müəllimə işləyir və aylıq məvacibi 660 manat təşkil edir, həmin pulla xəstə olan uşağın xərclərini qarşılaya bilmir.

7. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, əlavə olaraq bildirdi ki, orta təhsillidir, əvvəllər hərbiçi olmuşdur, hazırda qazidir. Hər hansı bir yerdə əmək fəaliyyəti ilə məşğul deyil. Ümumiyyətlə səhhəti işləməyə imkan vermir. Belə ki, başında qəlpə var və epilepsiya xəstəliyindən əziyyət çəkir. Həmçinin 80 manat pensiya alır. Hər ay uşaq üçün də həmin pulu göndərir. Sübutların tədqiqi:

8. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 880583 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 02 fevral 2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır.

9. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 426662 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikaha 11 yanvar 2023-cü il tarixdə xitam verilmişdir.

10. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh vətən müharibəsi iştirakçısı kimi 80 manat məbləğində pensiya alır, onun adına heç bir əmək müqaviləsi müəyyən edilməmişdir.

11. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı X7 Təhsil İdarəsində ədəbiyyat müəllimi vəzifəsində işləyir, aylıq əmək haqqı 1278,96 manat təşkil edir.

12. 12 aprel 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X5 “qıcolma və spazm. Affektiv respirator tutmalar” diaqnozu qoyulmuşdur.

13. 03 iyul 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X5 “Generalizə olunmuş epilepsiyanın digər növləri, Vest sindromu, Affektiv respirator tutmaları” diaqnozu qoyulmuşdur.

14. K.Y.Fərəcova adına X1 Publik Hüquqi şəxsi tərəfindən verilmiş 17 noyabr 2023-cü il tarixli epikrizdən görünür ki, X5 J06.8 Yuxarı tənəffüs yollarının çox lokalizasiyalı digər kəskin infeksiyaları. Vest sindromu qoyulmuşdur.

15. K.Y.Fərəcova adına X1 Publik Hüquqi şəxsi tərəfindən verilmiş 02 fevral 2023cü il tarixli epikrizdən görünür ki, P90 yenidoğulmuşların qıcolması, P11.0 doğuş travması zamanı beynin ödəmi diaqnozu qoyulmuşdur. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası

16. Maddə 17.İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi

17. 55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir.

18. 55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.

19. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

20. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

21. 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur.

22. 78.1. Valideynlər arasında yetkinlik yaşınaçatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76- cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

23. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

24. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

25. 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər:

26. 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad;

27. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

32. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

33. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

34. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

35. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

38. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

40. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

41. Maddə 384.0.3. qətnaməni dəyişdirə bilər. Apellyasiya Məhkəməsinin mövqeyi:

42. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir.

43. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin alimentlə bağlı dəlili üzrə qismən razılaşır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

44. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

45. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 27 iyul 2016-cı il tarixli Qərarında da göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi, ailə vəziyyəti və diqqətəlayiq digər hallarını nəzərə almalıdır.

46. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin birgə nikahından olan xx.xx.2023cü il təvəllüdlü X4 iddiaçının yanında saxlanılması işin mübahisəsiz hallarıdır və uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin hazırkı vəziyyətdə iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərcləri miqdarında məbləğin aliment kimi cavabdehdən tutulmasına əsas ola bilər, çünki aliment ödəyən cavabdehin qazancının az olması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

47. Məhkəmə kollegiyası, eyni zamanda, qeyd edir ki, sabit məbləğdə müəyyən edilən aliment məbləğinin uşaqlar üçün həmin dövrün yaşayış minimumu həddində müəyyən edilməsi, uşağın minimum tələblatlarının tam təmin edilməsinə yönəlmiş hüquqi tədbirdir.

48. Bu baxımdan, hazırkı halda rayon məhkəməsinin illər üzrə müəyyən olunmuş alımenti məbləğini ikiyə bölməklə müəyyən etməsi anlaşılmaz və oturuşmuş məhkəmə təcrübəsinə zidd olmuşdur. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan alimetin məbləği dəyişdirilməli, cavabdehdən tutulmalı alimentin məbləği ərizənin verildiyi tarixdən hesablanmaqla hər ay üçün 235 manat olmaqla müəyyən edilməlidir.

49. Bununla yanaşı, iddiaçı tələbində həm də cavabdehdən xx.xx.2023-cü il təvəllüdlü X4 üç yaşına çatanadək saxlanılması üçün iddiaçının özünə görə 150 manat məbləğində alimentin, həmçinin uşağın müalicəsi üçün çəkilən əlavə xərclərə görə ödənilmiş 1500 manatın yarısının, hər ay 750 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir.

50. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının özü üçün hər ay 150 manat alimentin tutulmasının əsası ondan ibarətdir ki, həmin vəsait uşaq 3 yaşına çatanadək işləmək imkanı olmayan anaya ödənilməlidir. İddiaçı özü təsdiq edir ki, hazırda işləyir və aylıq məvacibi 660 manatdır. Demək ki, iddia tələbinin həmin hissədə təmini üçün əsas yoxdur.

51. Uşağın müalicəsi üçün şəkilən xərclərin 1500 manatın yarısının, yəni hər ay 750 manatın cavabdehdən tutulması ilə bağlı Kollegiya qeyd edir ki, iddiaçı həmin xərclərlə bağlı mötəbər sübutlar, eləcə də cavabdehin bunun üçün zəruri vəsaitə malik olması və qazancı barədə müvafiq sübutları məhkəməyə təqdim etməmişdir.

52. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri həmin hissələrdə əsassız olmaqla öz təsdiqini tapmadığından, təmin edilməməlidir. Nəticə:

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə alimentin məbləği hissədə dəyişdirilməli, cavabdehdən 02 fevral 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin məbləği (xx.xx.2023-cü il tarixdən hesablanmaqla) 235 (iki yüz otuz beş) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

55. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

56. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı Ramız qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Xətai Rayon Məhkəməsinin 2(011)-995/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilsin. Cavabdeh tərəflərin birgə nikahından olan xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləği (xx.xx.2023-cü il tarixdən hesablanmaqla) 235 (iki yüz otuz beş) manat müəyyən edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar