Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2525/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Daşdəmirova İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh, qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 Əli oğlunun, tərcüməçi X5 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-2525/2021 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh1 və ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Daşdəmirova İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İlk iddia üzrə iddiaçı Daşdəmirova İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 məhəllə 945 ünvanda inşa edilmiş yaşayış evin 65 saylı mənzilə dair cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK arasında xx xxxxxxxx 2015-ci il tarixdə bağlanmış mübahisəli mənzilin Cavabdeh2 adına keçrilməsinə dair (alqı-satqı) müqaviləsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 da qarşılqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Daşdəmirova İddiaçı vicdansızcasına iddia tələbi irəli sürməsi səbəbindən 15000 (on beş min) manat kompensasiya alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-2525/20 saylı qərardadı ilə ilkin iddia üzrə iddiaçı Daşdəmirova İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK-ya qarşı “alqı-satqı müqaviləsinin ləğvi” tələbi üzrə iddiaya Cavabdeh2 aid hissədə xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-2525/2021 saylı qətnaməsi ilə hər iki iddia rədd edilmişdir. Qətnamədən Cavabdeh1 apellyaiya şikayəti verərək qarşılıqlı iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və bu barədə iddia tələbinin təmin olunması, digər hissələrinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qətnamə qarşılıqlı iddia tələbinin təmin olunmayan hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən həmin hissədə ləğv edilməli və verilmiş qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Qarşıqlılı iddia ilkin iddiaçının bilə-bilə, qəsdən ona qarşı məhkəmlərdə əsassız iddia tələbləri ilə çıxış etməsi barədə əsaslandırılmışdır. Belə ki, Şəbinə Daşdəmirova heç bir hüquqi əsası olmayan iddialarla məhkəməyə müraciət etməsi, vaxtı ilə onun tələblərinin rədd olunması barədə məhkəmə qərarlarının olmasına baxmayaraq, ancaq yenə də məhkəmədə ona qarşı iddialar irəli sürməkdə davam etmişdir. Bu iddaların da heç birinin hüquqi əsası olmamış və özü də yaxşı bilir ki, bir dəfə baxılmış məhkəmə işlərinə yenidən baxılması hallarına yol verilmədiyi halda, bu niyyətinədən əl çəkməyərək, məhkəmələrə müraciət etmişdir. Qarşılıqlı iddianın hüquqi cəhətdən əsaslandırılması MPM-in 120-ci maddəsinə uyğun həyata keçirilmişdir. Belə ki, gündəlik həyat tərzinin pozulması, istər maddi, istərsə də mənəvi cəhətdən ziyan vurmasına gətirib çıxarması, heç bir hüquqi əsası olmayan iddia tələbləri ilə məhkəmələrə gəlməklə hüquqları pozulmuşdur. Həmin əsassız iddia tələbləri olmasa idi, onun maddi və mənəvi iztirab çəkməyi nə olmayacaqdı, nədəki, vaxtının boş itirilməsinə gətirib çıxarmayacaqdı. Bu mövqedən çıxış edərək, Şəbinə Daşdəmirovanın vicdansızcasına əsassız iddia verdiyinə və iş vaxtımın itirilməsinə görə xeyrinə kompensassiyanın tutulmasını xahiş edir. Yəni, tələb hüquqlarının maddi hüquq normalarının üzərindən deyil, birbaşa prosessual hüquq normalarına əsaslanmışdır. Əsaslandığı hüquq norması isə prosessual hüquq norması olmaqla, verilmiş ilkin iddia tələblərinin əsassızlığının qarşısını almaq, vicdansızcasına verilmiş iddialara görə cəzalandırmaq və s., hüquqi bir təddbirdir. Bütün bunlara baxmayaraq, işə baxan məhkəmə iddia tələbini MM-in 386-cı maddəsinin müddəalarına istinad etməklə rədd etmişdir. MM-in qeyd edilən maddəsi öhdəliklərin əmələ gəlməsinin hüquqi əsaslarını müəyyənləşdirir. Ancaq hazırki mübahisənin öhdəliklərlə heç bir aidiyyəti yoxdur. Bu barədə hətta məhkəmə öz qətnaməsində belə istinad edir (qətnamənin 10cu səhifəsinin 5 və 6-cı səhifələri bütünlüklə). Lakin tərəfindən irəli sürülmüş iddianın hüquqi kökü, əsası MPM-in 120-ci maddəsi çıxış etmişdir. Yuxarıda qeyd etdiyi kimi, bu maddə prosessual hüquq pozuntuları halı üçün nəzərdə tutulmuş məcburiyyət tədbiridir.Yəni, şəxsin istənilən vaxt məhkəməyə müraciət hüququnun normativ darlaşdırılmasıdır. Daha doğrusu, prosessual hüqqudan sui-istifadənin qarşısının alınmasına xidmət edən bir hüquq normasıdır. Bununla belə, işə baxan məhkəmə qeyd olunan normaya prosessual maraqlar baxımından deyil, maddi hüquq münasibətlərinin iştirakçıları fonunda yanaşaraq, Mülki Məcələnin qeyd edilən maddi hüquq normasının hazırki münasibət üçün nəzərdə tutmuşdur. Bu isə qeyd olunduğu kimi həm əsassız, həm də hazırki iddia tələbinə aid olmayan bir norma olaraq müəyyən olunur. Qətnamədən cavabdeh Daşdəmirova İddiaçı da apellyasiya şikayəti verərək qətnamə ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə xx xxxxxxx 2000-ci il tarixdə rəsmi qeyd edilmiş nikaha daxil olmuşlar. Cavabdehlə birgə ailə münasibətlərindən xx xxxx 2001-ci il təvəllüdlü X2, xx xxxxxxx 2004-cü il təvəllüdlü X4 və xx xxxxxx 2015-ci il təvəllüdlü X6 adlı övladları doğulmuşlar. Cavabdehlə ailə münasibətləri korlandığından Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə aralarında olan nikahları pozulmuş, onlar hazırda ayrılıqda yaşamaqla birgə təsərrüfat aparmırlar. Birgə nikah dövründə Cavabdeh3 MTK tərəfindən ünvan 1 məhəllə 945 ünvanda inşa edilmiş yaşayış evin 65 saylı mənzil Cavabdeh1 tərəfindən kredit hesabına alınsa da, guya X1 imzaladığı Cavabdeh3 MTK-nin №0l\005 saylı xx xxxxxxxx 2015-ci il tarixli maliyyə arayışına və həmin tarixli 05 saylı orderə əsasən mənzil alıcısı keçmiş qayınatası Cavabdeh2 qeyd olunur, müvafiq mənzilə dair alqı-satqı (və ya podrat) müqaviləsinin surəti isə onlara bu günə təqdim edilməyib. Halbuki, Novruzov Rövşən İmran oğlunun xx xxxxxx 2019-cu il tarixdə notariat qaydasında təsdiq olunmuş ərizəsinə əsasən, Cavabdeh3 MTK ilə onların aralarında bağlanmış müqavilə əsasında və adı çəkilən MTK tərəfindən ünvan 1 məhəllə 945 ünvanda inşa edilmiş və əvvəl Rövşən Novruzova məxsus olmuş 65 saylı mənzili sonradan adının və soyadını bildiyi Cavabdeh1 satılmışdır. Cavabdeh3 MTK-ya yazılan ərizə də 65 saylı mənzilə dair müqavilənin pozulmasına və Cavabdeh1 adına rəsmilləşdirilməsinə etirazlarının olmadığını bildirmişdir. Mənzilin alqı-satqısı zamanı da Cavabdeh1 söhbət əsnasında həmin mənzili özü və ailəsi üçün aldığını bildirmişdir.Cavabdeh3 MTK-nin elektrik enerjisinin ödəniş qəbzlərindən müəyyən olunur ki, 2015-ci ildən 2017-ci ilin iyul ayı daxil olmaqla həmin elektrik enerjisinin abunəçisi kimi məhz Cavabdeh1 qeydiyyata alınmış və bu ödənişlər məhz Cavabdeh1 adından aparılmışdır. Cavabdeh3 MTK tərəfindən ünvan 1 məhəllə 945 ünvanda inşa edilmiş yaşayış evinin 65 saylı mənzili Cavabdeh2 adına hər hansı hüquq ilə keçrilməsinə onun razılığı olmayıb. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Daşdəmirova Şəbinə Lətifovnanın Cavabdeh1 qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın (pul vəsaitin) bölgüsü» tələbinə dair digər məhkəmə prosesi üzrə Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzovanın sədrliyi ilə (2(005)-3692/2019 nömrəli mülki iş) xx xxxxxx 2019-cu il tarixdə keçirilən ilkin məhkəmə baxışı iclasında Cavabdeh1 vəkilsiz iştirak edərək etiraf etmişdir ki, 2015-ci il tarixdə üçüncü uşağın dünyaya gəlməsi ilə əlaqədar yaşayış sahələrinin genişləndirilməsinə ehtiyac yaranmış, ona görə də kredit götürüb yeni ev almışdır. Bununla yanaşı, Cavabdeh3 MTK-ya vəkil sorğusu göndərilərək, Cavabdeh3 MTK tərəfindən ünvan 1 məhəllə 945 ünvanda inşa edilmiş yaşayış evinin 65 saylı mənzilin əvvəlki rəsmi sahibləri Novruzov Rövşən İmran oğlu və ya X3 tərəfindən həmin mənzili xx xxxxxxxx 2015-ci il tarixdə kimin adma özgəninkilləşdirilməsi və sözügedən mənzilə dair Cavabdeh1 adına müqavilənin hansı tarixdə bağlanması barədə ətraflı arayışın verilməsini; həmçinin Cavabdeh3 MTK tərəfindən ünvan 1 məhəllə 945 ünvanda inşa edilmiş yaşayış evin 65 saylı mənzilə dair Cavabdeh1 və Cavabdeh2la bağlanmış müqavilələrin surətlərinin təqdim olunması xahiş edilmişdir. Lakin bu günə qədər vəkil sorğusuna hər hansı cavab təqdim edilməmişdir. Bu səbəblərdən yuxarıda qeyd olunan məlumatlarla bağlı hər hansı sənədləri məhkəməyə təqdim etmək iqtidarında deyllər. Halbuki, həmin məlumatların əldə olunması hazırkı iddianın mahiyyəti üzrə həll edilməsinə birbaşa və mühüm təsiredici əhəmiyyətə malikdir. Bununla bağlı vəkili tərəfindən məhkəməyə vəsatətlə müraciət olunaraq məlumatları əks etdirən sənədləri Cavabdeh3 MTK-dan tələb edilərək məhkəmə araşdırılması zamanı tədqiq edilməsi və onlara hüquqi qiymətin verilməsi xahiş olunmuşdur. Lakin məhkəmə, yalnız işə baxılması üçün prosessual müddətinin bitməsini əsas gətirərək vəsatəti təmin etməkdən imtina etmişdir. Halbuki, məhkəmə iclasları təyin edilərkən, məhkəmə məhz bu cür halları da nəzərə almalı idi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək qətnamənin ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və ilkin iddianın təmin edilməsini xahiş etdi, həmçinin bildirdi ki, əvvəllər baxılan işdə tərəflər və iddianın predmeti başqa olub. Protokolun tələb edilməsi məhkəmənin səlahiyyətində olduğu üçün onlar həmin imkandan məhrumdular. Şəxsin etirafı təsdiq edir ki, mənzil Anar və İddiaçı tərəfindən birgə nikah dövründə alınıb. Bugünə qədər də kommunal xidmətlər Daşdəmirova İddiaçı adına rəsmiləşdirilib. Məhkəmə iclasında ilkini iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Daşdəmirova İddiaçı nümayəndəsi və vəkilinin dedikləri ilə razı olduğunu bildirdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 Əli oğlu öz apellyasiya şikayətini müdafiə etdi, həmçinin bildirdi ki, əgər alqı-satqı müqaviləsi olmayıbsa, onda qarşı tərəf hazırda nəyi mübahisələndirir. İndi bildirirlər ki, mənzil birgə nikah dövründə alınıb. Eyni ildə Anarın atası özünə məxsus başqa bir əmlakı satıb və 20-25 gün sonra hazırki mənzil alınıb. Mübahisə predmeti olan mənzilin tərəflərin birgə nikah dövründə əldə edilmədiyinə dair artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarları vardır. Ona görə də ilkin iddia necə təmin oluna bilər. İşə baxılması vaxtı və yeri barədə işdə iştirak etməli olan digər şəxslərə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak edən olmamışdır. Apellyasiya instansiyası məhkəməsi işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instanstiya məhkəməsi hər iki iddianı rədd edrəkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı yeni əsaslarla Novruzov Rövşən İmran oğlu tərəfindən xx xxxxxx 2019cu il tarixli 8İ-8507 nömrəli notarial qaydada təsdiq olunmuş ərizə ilə Cavabdeh3 MTK ilə aralarında bağlanmış müqavilə əsasında ünvan 1 məhəllə 945 ünvanda inşa edilmiş və əvvəl ona məxsus olmuş 65 saylı mənzili sonradan adını və soyadını bildiyi Cavabdeh1 satması, Cavabdeh3 MTK-ya yazdığı ərizədə 65 saylı mənzilə dair müqavilənin pozulmasına və Cavabdeh1 adına rəsimləşdirilməsinə etirazının olmadığını bildirməsini əsas gətirərək ünvan 1 məhəllə 945 ünvanda inşa edilmiş yaşayış evin 65 saylı mənzilə dair cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK arasında xx xxxxxxxx 2015-ci il tarixdə bağlanmış mübahisəli mənzilin Cavabdeh2 adına keçrilməsinə dair (alqı-satqı) müqaviləsinin ləğv olunmasını xahiş etsə bu əsaslarla bağlı sübut təqdim edə bilməmişdir. Əkisnə olaraq cavabdeh tərəf mübahisəli mənzilin əldə olunması üçün ödənilmiş pul vəsaiti vaxtı ilə Cavabdeh1 atası Cavabdeh2 mülkiyyətində olmuş, ünvan 2 ünvanında yerləşən 40 nömrəli mənzilin satılması və bununda müqabilində hazırki mübahisə predmeti üzrə olan mənzilin əldə olunması ilə həyata keçirilməsi ilə izah etmişdir. Bu hal Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-3692/2019 saylı qətnaməsindən müəyyən edilmiş hallarla da öz təsdiqini tapmışdır ki, “Cavabdeh3 MTK”-dan xx xxxxxxxx 2015-ci il tarixli 05 nömrəli orderi və xx xxxxxxxx 2015-ci il tarixli maliyyə arayışı əsasında da mübahisəli mənzili Cavabdeh2 almışdır. ünvan 3 ünvanda yerləşən mənzil Cavabdeh2 Abddulla oğluna məxsusdur və birgə nikah dövründə əldə edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğv edilməsi və ilkin və qarşılıqlı iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx xxxxxxx 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. İddiaçı Daşdəmirova apellyasiya şikayətinin nəticə hissəsinin birinci bəndində qətnamənin onun iddiasına münasibətdə ləğv edilməsini, ikinci bəndində isə iddia ərizəsinin geri qaytarılaraq ilkin iddianın baxılmamış saxlanmasını xahiş etsə də, şikayətin məzmunundan, eləcə də apellyasiya baxışı zamanı özünün və vəkilinin izahatından aydın oldu ki, əslində şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni ilkin iddianın təmin edilməməsi hissəsi, Cavabdeh1 apellyasiya şikayətinin obyektini isə birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni qarşılıqlı iddianın təmin edilməməsi hissəsi, (şikayətlərin obyekti apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətlərin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq şikayətlərdə iddia olunan yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissələrdə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Hazırki iş üzrə, hər iki iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin qənaəti nəticə etibarı ilə düzgün olmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, mübahisə predmeti olan mənzilin tərəflərin birgə nikah dövründə əldə edilən mənzil olmadığı hər üç instansiya məhkəməsi tərəfindən baxılmış iş üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Düzdür, hazırki iş üzrə iddianın predmeti fərqli olsa da nəticə etibarı ilə iddiaçının niyyəti və məqsədi həmin mənzilə hansısa hüquqlarının yaranmasına nail olmaqdır. Lakin bunun üçün yeni faktiki və hüquqi əsas yaranmalıdır, ancaq yaranmamışdır. Cavabdeh1 hansısa məhkəmə iclasında mübahisəli mənzili birgə nikah dövründə kredit götürərək almasını etiraf etməsi həqiqi olsa belə bu halda hazırki ilk iddianı əsaslı olduğuna dəlalət etmir. Çünki, qeyd olunduğu kimi mübahisə predmeti olan mənzilin tərəflərin birgə nikahı dövründə əldə edilən mənzil olmadığına, başqa sözlə birgə mülkiyyətləri sayılmadığına dair qüvvədə olan məhkəmə aktı mövcuddur. Məhkəmə aktları ilə müəyyən edilən hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Ona görə də hansısa mülki işin protokollarının və MTK-dan bu mənzillə bağlı sənədlərin tələb edilərək tədqiq edilməsinə də zərurət və əsas olmamışdır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 da qarşılıqlı iddiasını və apellyasiya şikayətini əsaslı hesab etmir. Düzdür, qarşılıqlı iddianın açıq-aşkar əsassız olmadığı inandırıcı və ağlabatan görünür. Lakin qarşılıqlı iddiaçı ilk iddiaçının vicdansızcasına əsassız iddia verməsini sübuta yetirməlidir. Çünki, iddia etdiyi bu halları sübut etmək yükü onun üzərinə düşür. Ancaq o, bu halları sübuta yetirə bilməmişdir. Bununla yanaşı, sual oluna bilər ki, qarşılıqlı iddiaçı bu cür iddia verməsə də belə məhkəmə MPM-in 120-ci maddəsinin tələbinə əsasən ilk iddiaçının vicdansızcasına əsassız iddia verdiyini müəyyən etdiyi halda onsuzda onun şifahi vəsatətinə əsasən də xeyrinə hansısa məbləğ tuta bilər. Ancaq qarşılıqlı iddiaçının nəzəri cəhətdən belə bir hüququ olduğu üçün qarşılıqlı iddianın predmeti də olmuşdur. Bundan başqa, qeyd olunduğu kimi qarşılıqlı iddiaçı ilk iddianı vicdansızcasına verilmiş əsassız iddia hesab edir və bundan zərər çəkdiyini bəyan edirsə heç olmasa ilk iddiaçının ona qarşı niyə bu cür iddia irəli sürməsinin səbəblərinə yaxud motivlərinə dair tutarlı arqument göstərməli idi. Çünki, istənilən şəxs, o cümlədən qarşılıqlı iddiaçı da bu və ya digər iddialar nəticəsində də şikayətində göstərilən hallara məruz qala və həmin iddialar heç də vicdansızcasına verilmiş əsassız iddialar sayılmaya bilər. Ona görə vicdansızcasına əsassız iddianın səbəbi və motivi dəqiq müəyyən edilməsə demək qarşılıqlı iddianın təmin olunması nəticəsində ilk iddiaçının məhkəmə müdafiəsindən istifadə etmək hüququ pozula bilər. Bu cür hallarda əlbətdə ki, məhkəmənin hər iki iddianı rədd etməkdən başqa çıxış yolu qalmır. Çünki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən hazırki iş üzrə tərəflər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, aralarında bu cür münasibətlər qurarkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərdikləri dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-2525/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2525/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2525/2021
15.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver