Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2540/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızının və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, Ərizəçinin və onun nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi «nikah akt qeydinin bərpa edilməsi» barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(008)-6931/2021 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi «nikah akt qeydinin bərpa edilməsi» barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 1958-ci ildə mərhum həyat yoldaşı X10 ilə nikaha girdiyi zaman verilmiş nikah haqqında şəhadətnamədə qeyd edilmiş nikah akt qeydinin bərpa edilməsi və şəhadətnamədə adının Həmzəyeva «Güllü» Nəzər qızı kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 1932-ci ildə anadan olmuş X10 ilə 1958ci ildə yaşadığı Ermənistan Qafan rayon qeydiyyat şöbəsində nikahları qeydə alınmışdır. Nikah bağlanan vaxt, Əliyeva soyadından ərinin soyadına keçmiş və nikahın bağlanması haqqında şəhadətnamədə X1 qeydiyyat aparılmışdır. Məlum hadisələrlə əlaqədar olaraq Ermənistandan Azərbaycana gəldiyi zaman əksər sənədləri orada qaldığından, sonradan tapılmamış, itmişdir. Arxivlərə müraciət etsə də, bu barədə heç bir bilgi əldə edə bilməmişdir. Mərhum həyat yoldaşı 1958-ci ildə nikaha girdiyi zaman bağlanmış nikah haqqında şəhadətnaməni bu günədək tapa bilməmiş və bu səbəbdən də, nikah akt qeydinin bərpası, alınması barədə aidiyyəti üzrə Bakı şəhəri Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Lakin, sonuncu 16.06.2021-ci il tarixli 1442-05/14 saylı məktubla müvafiq əsaslar olmadığından nikah akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün olmamasını, məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Bununla yanaşı, məhkəməyə bildirir ki, o Azərbaycanda şəxsiyyət vəsiqəsi alanda, adını Güllü əvəzini, Qulubəim kimi qeyd etmişlər. Şəxsiyyət vəsiqəsindəki yanlış yazını isə bu günədək dəyişə bilməmişdir. Ondan nikah haqqında şəhadətnaməni tələb etmişlər. Bu sənəd olmadan düzəlişin mümkün olmayacağını bildirmişlər. Həqiqətən də, onun adının Güllü olması və 1958-ci ildə nikaha girməyini isə təsdiq edən yaxın qohumların, şahidlər var. O, yaşlı bir anadır, bu sənədlər ona vərəsəlik işi üçün lazımdır. O, başqa qaydada bu sənədləri əldə edə bilmir. Birgə nikahlarından doğulmuş övladlarının hər birinin doğum haqqında şəhadətnamələrində onun adı düzgün olaraq Güllü kimi göstərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(008)- 6931/2021 saylı qətnaməsi ilə (hakim Nilufər Cəfərli) ərizə təmin olunmamışdır. Ərizəçi qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Ərizəçi apellyasiya şikayətini ərizədə göstərilənlərə uyğun qaydada əsaslandırmış həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, ərizənin təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata oxşar, eyni məzmunlu izahat verərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı oduğu faktları müəyyən edir. MPM-in 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, birinci instansiya rayon (şəhər) məhkəmələri xüsusi icraat qaydasında fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının yaranmasının, dəyişməsinin və xitamının asılı olduğu hüquqi əhəmiyyət kəsb edən faktları, habelə qanunla hüquqi əhəmiyyət daşıyan konkret hərəkətləri və hadisələri təsdiq etmək səlahiyyətinə malik olan orqanların hərəkətinin hüquqauyğun olub-olmamasını müəyyən edirlər. MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd edilən normanın mənasına görə - doğum, övladlığa götürmə, nikah, boşanma və ölümlə bağlı əvvəllər vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı aparılsa da, müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası müəyyən səbəblərdən mümkün deyildir. Həmçinin, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarındakı mövqeyinə görə, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən göstərmişdir ki, mülki işin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrə əsasən, X5, X6, X2, X3 anası X7, atası isə X8r. Lakin, məhz Güllü Həmzəyevanın hazırda məhkəməyə ərizə ilə müraciət edən ərizəçi X4 ilə eyni şəxs olduğunu təsdiq edəcək heç bir mötəbər sübutlar məhkəməyə təqdim edə bilməmişdir. O cümlədən, məhkəmədə şahid qismində ifadə vermiş şahid Mürvət Mehdiyev ərizəçi Qulibəim Həmzəyevanın kim olduğu haqqında məlumatı olmadığını bildirmişdir. Belə olan halda ilk növbətə ərizəçi adı ilə bağlı məsələni qanunvericiliyin tələblərinə uyğun qaydada həll etməli, bundan sonra hazırki ərizə ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası ərizənin rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, qeyd edir ki, ərizəçi ilkin olaraq adının «Güllü» olmasını təsdiq edən sübutları təqdim etməlidir. Bu hal hazırki icraat çərçivəsində şahid ifadəsi ilə müəyyən oluna bilməz. Ərizəçi şəxsiyyət vəsiqəsi alarkən səhvən adının Qulibəim kimi qeyd olunmasını bildirsə də, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Yəni, ərizəçi bu istiqamətdə ya müvafiq inzibati orqanının hərəkəti ilə bağlı mübahisə açmalı, ya da qanunvericiliklə müəyyən edilmiş qaydada adının dəyişdirilməsi ilə bağlı sənədləri təqdim etməlidir. Ərizəçi isə hazırki ərizəsində yalnız nikah akt qeydinin bərpa olunmasını tələb etmişdir. Belə olan halda isə məhkəmə kollegiyası hazırki icraat çərçivəsində eyni zamanda adla bağlı məsələnin araşdırılmasını zəruri və mümkün saymır. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni rədd etmişdir, qətnamə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, ərizəçi adlı bağlı mübahisəli məsələni həll etdikdən sonra yenidən müvafiq ərizə ilə müraciət etmək hüququnu özündə saxlayır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Ərizəçi «nikah akt qeydinin bərpa edilməsi» barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(008)-6931/2021 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(008)-6931/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2540/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2540/2022
29.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver