Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-255/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-255/2023 (Açar sözlər: pul kompensasiyası) Bakı şəhəri, 07 fevral 2023-cü il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul kompensasiyasının tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)-4448/2021 saylı qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:
1. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul kompensasiyasının tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Əmanətlərin Sığortalanması Fondunda iş saatlarından artıq, bayram və istirahət günləri üçün ödənilməmiş əmək haqqına əlavələrinin işlədiyi vaxtlar üçün 500.000 manatın cavabdeh Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulması; Əmanətlərin Sığortalanması Fondunda iş saatlarından artıq, bayram və istirahət günləri üçün ödənilməmiş əmək haqqına əlavələri cavabdeh tərəfindən gecikdirilməsinə görə, hər gecikdirilm iş gün üçün kompensasiya miqdarında cəmi 50.000 manat pul kompensasiyasının cavabdeh Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulması; qeyd edilən hallar ona maddi və mənəvi ziyan vurduğundan, sağlamlığının və mənəvi halının pisləşməsinə səbəb olaraq vurulmuş mənəvi ziyanın əvəzi 50.000 manatın cavabdeh Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulması; əldən çıxmış fayda üzrə 10.000 manat pul vəsaitinin Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək o, Əmanətlərin Sığortalanması Fondunda aparıcı hüquqşünas, sonra isə departament direktorunun müavini vəzifəsində işləmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək onunla bağlanmış əmək müqaviləsinə əsasən iş saatları 5 günlük iş həftəsi ilə gündəlik 8 saat, həftəlik 40 saat qeyd edilmişdir. Əmək müqaviləsinə uyğun olaraq o, vəzifə təlimatı əsasında öhdəliyinə düşən işləri yerinə yetirmək məqsədi ilə gündəlik iş saatlarından artıq işləmişdir. Belə ki, ƏSF ləğv prosesində olan bankların ləğvedicisidir. İşlədiyi dövrlərdə ləğv prosesində olan bankların çoxluğu iş yükünün həddən artıq artmasına səbəb olmuşdur. Bununla əlaqədar, o, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixlərədək həftənin 6-cı günlərində və gündəlik olaraq iş saatından artıq vaxtlarda vəzifə öhdəliklərini yerinə yetirmişdir. Həmçinin, o, İİ qrup əlil olduğu üçün onun iş saatı həftəlik 36 saat olmalıdır. Tərəflərin birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verildikdən sonra o, ödənilmiş son haqq-hesab zamanı iş vaxtından artıq işlədiyi saatlar nəzərə alınmadığı, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş həftəlik 36 saat normasından artıq işləməsini əlavə iş saatı kimi nəzərə alaraq, ona hesablanması və ödənilməsi barədə müraciətləri fond tərəfindən icra edilmir. İş vaxtından artıq işləməsinin təsdiqi Fondun elektron sənəd dövriyyəsi (Aurora proqramı) üzərindən onun icraatına verilmiş sənədlər üzrə müəyyən etmək olur. Həmin proqramda sənədə hər bir istifadəçi tərəfindən edilmiş münasibət tarixlər, saat və saniyələrlə sənəd məlumatları bölməsində əks edilir. Bəzən iş çoxluğu zərurətindən hətta bayram və bazar günləri də işləmişdir. İş vaxtlarından artıq işləmələri elektron sənəd dövriyyəsi proqramından hər icraatına daxil olmuş sənədlərin tərəfindən icra edildiyi vaxt sənəd məlumatlarında qeyd edilir. Təqribi hesablamalara görə 650 saat bilavasitə həftəlik 36 saat əvəzinə həftəlik 40 saat işlədiyi vaxtlar üçün iş vaxtından əlavə kimi sayılaraq ona kompensasiya edilməlidir. Həmçinin iş günləri ərzində əlavə işlədiyi saatlar üzrə ortalama 3- 4 saat gündəlik üçün 3.000 saatın, 6-cı və bayram günləri üçün 2.000 saatın haqqı ona əlavə iş saatları sonuncu əmək haqqı üzrə hesablanaraq ödənilməlidir. 500.000 manat ona ödənilməlidir. İddiaçı, Əmək Məcəlləsinin 91-ci maddəsinə, 99-cu maddəsinin İ hissəsinə, 102-ci maddəsinin İ hissəsinə istinad edərək daha sonra qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ƏSF-in Elektron sənəd dövriyyəsində onun icraatına daxil olmuş bütün sənədlər üzrə məlumatlarını məhkəməyə təqdim etməklə, iş saatından artıq işlədiyi vaxtların düzgün hesablanmasını təmin etməlidir. Əmək Məcəlləsinin 165-ci maddəsinin İ hissəsinə, 195-ci maddəsinin «d» bəndinə, «e» bəndinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, onun məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi günə olan hesaba görə cavabdeh Əmanətlərin Sığortalanması Fondu ödənişin hər gecikdirilmiş gün üçün ona əlavə kompensasiya verilməlidir. Əsas və digər ödənişlərin ödənilməsi üçün cavabdehə şifahi müraciət edilmiş, cavab alınmadıqda 2 dəfə onun tərəfindən sifarişli məktub göndərilmişdir. Həmin məktuba fond tərəfindən ona iş saatından artıq hesablanmış kompensasiyanın cəmi 7 gün üçün verilməsi qeyd edilsə də, bu cavab, onun tələbi üzrə imtina hesab edilməlidir. Əmək Məcəlləsinin 164, 165, 172-ci maddələrinə istinad edən iddiaçı həmçinin qeyd etmişdir ki, onun həftəlik 36 saat işləməli olduğu halda 40 saat rəsmiləşdirildiyi hal üçün əmək haqqına əlavə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ona ödənilməmişdir. Həmçinin iş vaxtından əlavə və istirahət günlərində işlədiyi üçün əmək haqqına əlavələri vaxtında ödənilməmişdir. Bu səbəbdən həmin gecikmə üçün sonuncu haqqhesab günü üzrə 50.000 manat fond tərəfindən ona ödənilməlidir. Əlavə olaraq qeyd edilən hallar ona mənəvi ziyan vurmuş, sağlamlığının və mənəvi halının pisləşməsinə səbəb olaraq vurulmuş mənəvi ziyanın əvəzinə fond ona 50.000 manat kompensasiya ödəməlidir. Mülki Məcəllənin 21-ci maddəsinə istinad edən iddiaçı bundan başqa qeyd etmişdir ki, Əmanətlərin Sığortalanması Fondunun ona vurduğu zərər maddi təminatının düzgün verilməməsi səbəbindən əldən çıxmış fayda üzrə ona ödəniləcək məbləğ 10.000 manat təşkil edir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)- 4448/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim: Ceyhun Tağıyev). Apellyasiya instansiyası məhkəməsində birinci icraat a) Apellyasiya şikayətinin dəlilləri
4. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti və ona əlavə verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2021 hazırlıq, xx.xx.2021-baxış qarşı tərəfin nüməyəndəsi iştirak etmədiyi üçün xx.xx.2021-ci il tarixə təxirə salınan proses, xx.xx.2021-ci il tarixdə tərəflərin izahatları dinlənirək xx.xx.2021-ci il tarixə təyin edilən məhkəmə prosesi aldatma yolu ilə prosesdə iştirakını təmin etmədən təcili şəkildə həmin tarixdə maddi və ya sair maraq müqabilində əsasız və qanunsuz məhkəmə aktının qəbulu ilə yekunlaşmışdır. xx.xx.2021-ci il tarixli məhkəmə prosesi zamanı cavabdehin nümayəndələrinin verdiyi şifahi cavabların qeyd edilməsi barədə iclas zamanı həmin cavabların xüsusilə mühüm əhəmiyyət kəsb etdiyi üçün məhkəmə iclas protokolunda qeyd edilməsi barədə bir neçə dəfə katibdən xahiş etmiş və sonradan həmin qeydlərin aparılmasını müəyyən etmək məqsədilə protokolla tanış olmağ ilə əlaqədar rəsmi ərizə ilə müraciət etsə də, müxtəlif əsasız və bəhanələrlə protokolla tanış olmağına şərait yaradılmamışdır. Həmçinin 1ci instansiya mərhələsində işə baxan hakim, özünü cavabdehin vəkili kimi aparmış hətta qəbul etdiyi məhkəmə aktında iddiaçıya qərəzini belə ifadə etməkdən çəkinməyərək, əlavə olaraq absurd əsaslandırma etmişdir. Belə ki, Bilərəkdən iddiaçının hüququndan sui istifadə etməsini iddia edərək əlilliklə bağlı sənədi təqdim etməməkdə günahlandırmış, lakin nəzərə almamışdır ki, iddiaçı tərəfindən əlilliklə bağlı sənəd təqdim edilməmişdirsə ƏSF tərəfindən hər ay əmək haqqından əlilliklə bağlı vergidən azadolma məbləğinin tutulması fond tərəfindən mütəmadi olaraq həyata keçirilmişdir. Bu barədə ilk baxış iclasında hakim tərəfimdən məlumatlandırılmışdır. Hakim bu fikrini dəqiqləşdirmək istəsəydi aylıq pul təminatım barədə ətraflı arayış tələb etməliydi. Hakimin daha bir qəzrəzi və prosessual pozuntusu xx.xx.2021-ci il tarixli maraqlı şəxs qismində müvafiq icra hakimiyyəti orqanlarını cəlb edilmə barədə ərizəmə rəğmən prosesi iştirakını belə təmin etmədən yekunlaşdırması və bu ərizəyə münasibət bildirməməsindən aşkardır. Hakim qətnamədə cavabdehin mahiyyəti üzrə baxışın keçirilməsini tələb etdiyini qeyd etsə də cavabdehin bu barədə ərizəsinin mövcudluğu şübhəlidir. Həmçinin üş üzrə mühüm əhəmiyyət kəsb edən halları müəyyən etmək məqsədilə xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, və s. Tarixli yazılı ərizə və vəsatətlərinə xx.xx.2021-ci il tarixli iclasda cavabdehin nümayəndələrinə ərizələrimdə tələb edilən məlumatların təqdim edilməsi barədə şifahi sorğu verdiyini bildirərək növbəti iclasadək həmin sənədləri təqdim etmədikdə müvafiq məhkəmə aktı ilə həmin sənədləri tələb edəcəyini bildirməsinə və cavabdehin nümayəndələrinin növbəti prosesədək həmin sənədləri təqdim edəcəklərini bildirsələr də təəssüf ki, hakim tələm-tələsik öz şəxsi mövqeyini üstün tutaraq qərəzli məhkəmə aktını qəbul etmək üçün müvafiq prosessual normaları pozmuş və xx.xx.2021-ci il tarixli ədalətsiz, qanunsuz və qərəzli əsallarla qərar qəbul etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10943/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməyərək, qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən: Xumar Mərdanova). b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya instansiyası məhkəməsində icraat:
9. Həmin qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
10. Ali Məhkəmənin 2(102)-1706/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 10943/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qətnaməsi əlilliyə görə əlavə iş vaxtlarına ödənilməli pul tələbinə dair iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, işin həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən: Ələsgər Əliyev). Apellyasiya instansiyası məhkəməsində ikinci icraat a) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
13. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.
14. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.
15. Oxşar mövqe X1 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui istifadə etmiş olur.
16. Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.
Apellyasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı halda kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsinin qətnaməsini qismən - əlilliyə görə əlavə iş vaxtlarına ödənilməli pul tələbinə dair iddianın rədd edilməsi hissəsində ləğv etdiyindən, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qətnaməni əlilliyə görə əlavə iş vaxtlarına ödənilməli pul tələbinə dair iddianın rədd edilməsi hissəsində yoxlayır.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
20. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2016-cı il tarixli tibbi sosial ekspertiza müayinəsindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixə kimi İİ dərəcəli əlillik təyin edilmişdir. Əmək qabiliyyətinin itirilməsi ilə bağlı TSEK-in diaqnozu: Virus mənşəli xroniki C hepatiti, 16 qenotipi residiv gedişli, natamam remissiya mərhələsində, qaraciyər fibrozu, İİ mərhələ İİİ dərəcəli.
21. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin iş yerinə dair arayışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən müddətli əmək müqaviləsinə əsasən Əmanətlərin Sığortalanması Fondunda departament direktorunun müavini vəzifəsinə təyin edilmiş, aylıq əmək haqqının məbləği 4200 manat müəyyən edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.
23. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.
24. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.
25. Yuxarıda qeyd olunduğu kimi, hazırkı qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən əlilliyə görə əlavə iş vaxtlarına ödənilməli pul tələbinə dair iddianın rədd edilməsi hissəsində ləğv edildiyindən, hazırki apellyasiya baxışının predmetini də həmin hissə təşkil edir.
26. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, “...hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün cavabdehin iddiaçıya hər ay əmək haqqı hesablayarkən əlilliklə bağlı vergidən azadolma tətbiq edib-etməməsinin müəyyənləşdirilməsi mühüm əhəmiyyətə malik olsa da apellyasiya instansiyası məhkəməsi qeyd edilən hala hüquqi qiymət verməmişdir. Halbuki cavabdeh tərəfindən iddiaçıya əlilliklə bağlı vergidən azadolmanın tətbiq edilib-edilməməsinin müəyyənləşdirilməsi, cavabdehin iddiaçının əlil olmasından məlumatlı olub-olmamasının aydınlaşdırılmasına və son nəticədə cavabdehin məlumatlı olduğunun müəyyən edilməsi iddianın təmin edilməsinə əsas ola bilər.”.
27. İşə yenidən apellyasiya instansiyası məhkəməsində baxılan zaman, Ali Məhkəmənin göstərişlərinə müvafiq araşdırma aparılmış və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
28. Ekspert qarşısında 1. İddiaçı ilə cavabdeh Əmanətlərin Sığortalanması Fondu arasında bağlanmış əmək müqaviləsinə əsasən hesablanan və ödənilmiş əmək haqqlarından əlilliklə bağlı vergidən azad olma tətbiq edilmişdirmi? 2. Ödənilmiş əmək haqqlarından əlilliklə bağlı vergidən azad olma tətbiq edilmişdirsə hansı tarixdən – hansı tarixədək tətbiq edilmişdir? 3. İddiaçının əmək haqqından əlilliklə bağlı vergidən azadolmalar tətbiq edilmişdirsə əmək müqaviləsi qüvvədə olan dövrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165-ci maddəsində qeyd edilən əsaslarla iddiaçı həftəlik 36 saatlıq iş saatı əvəzinə 40 saat işlədiyi təqdirdə ona nə qədər əlavə haqq ödənilməlidir? – sualları qoyulmuşdur.
29. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5932 saylı ekspert rəyinə əsasən, iş materiallarında olan məlumatları nəzərə alaraq, 2018-ci il in iyul ayından 2020-ci ilin avqust ayınadək olan müddətdə 78283.98 manat əmək haqqı, 20000.00 manat mükafat, 10859.00 manat məzuniyyət haqqı, 1513.24 manat əlavə gün üzrə hesablanmışdır. İddiaçı Əmanətlərin Sığortalanması Fondunda işlədiyi müddətdə hesablanmış əmək haqqlarından əlilliklə bağlı Vergi Məcəlləsinin 102.1.6-ci maddəsinə əsasən, vergidən güzəşt 5200.00 manat təşkil etdiyi müəyyən edilir. İddiaçı Əmanətlərin Sığortalanması Fondunda işlədiyi müddətdə, yəni 487 gün ərzində həftədə 36 saatdan artıq işlədiyi vaxt əvəzinə 40 iş saatı işlədiyi vaxt üçün 396 saat artıq işlədiyi müəyyən edilir. Bu səbəbdən, Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən, 15.964,84 manat hesablanmamış məbləğ müəyyən edilir.
30. Kollegiya qeyd edir ki, ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədiyindən həmin rəy hazırki mübahisənin həllində sübut kimi qəbul edilməlidir.
31. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları və ekspert rəyi ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)-4448/2021 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 487 gün ərzində həftədə 36 saat əvəzinə 40 iş saat işlədiyi üçün ümumilikdə 396 saata görə 15.964,84 manat məbləğində pul tutulmalıdır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
33. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
34. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
35. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
36. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)-4448/2021 saylı qətnaməsi yoxlanılan hissədə - əlilliyə görə əlavə iş vaxtlarına ödənilməli pul tələbinə dair iddianın rədd edilməsi hissəsində ləğv olunsun. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh Əmanətlərin Sığortalanması Fondundan İddiaçı xeyrinə 487 gün ərzində həftədə 36 saat əvəzinə 40 iş saat işlədiyi üçün ümumilikdə 396 saata görə 15.964,84 (on beş min doqquz yüz altmış dörd manat səksən dörd qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev