Məhkəmə qərarları › İş №2(103)-2551/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2551/2023

14.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2551/2023 14.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı X1 Cavabdeh qarşı “valideynin övladın əlavə xərclərinə cəlb olunması barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı Şahanə Əliyevanın apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, ali təhsil müəssisəsində əyani təhsil alan iddiaçı Şahanə Əliyeva bakalavr pilləsini bitirənə kimi onun atasından - Cavabdeh hər ay 220 manat tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı xx.xx.2022-ci il təvəllüdlüdür, yetkinlik yaşına çatıb, hazırda 20 yaşı var. O, 2019-cu ildə Bakı Avrasiya Universitetinin Filologiya fakültəsi tərcümə (ingilis dili) ixtisasının əyani şöbəsinə qəbul olub. İddiaçı əyani təhsil aldığına əsaslanaraq cavabdehdən (atasından) qeyd olunan vəsaiti tələb edir . Bu məsələni Ailə Məcəlləsinin 80 və 81-ci maddələri tənzimləyir. 80.1-ci maddəyə görə, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. O cümlədən 81.1-ci maddəyə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. İddianın təmin edilməsi üçün həmin maddələrdə müəyyən edilmiş əsaslar yoxdur. Belə ki, iddiaçı əmək qabiliyyətlidir, ağır xəstəliyi yoxdur, şikəst deyil. İddiaçının ali təhsil müəssisəsində təhsil alması isə iddianın təmin edilməsinə əsas ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd olunub: “... ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır”. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar