Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2553/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(007)- 2350/2022 saylı qətnaməsindən iddiçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı 01 avqust 2018-ci ildən "xxxx" MMC-də 36 saylı marşurutda sürücü işləyib.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MMC-nə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, işə qəbul olunan günü o, əmək kitabçasını əmək müqaviləsi bağlanılması üçün müəssisənin rəhbərliyinə təqdim edib. Ona 300 manat əmək haqqı təyin ediblər. Lakin işlədiyi müddət ərzində bir dəfə də olsun iddiaçıya əmək haqqı ödənilməyib. 2022-ci ilin may ayının sonunda iddiaçıya böyük məbləğdə pul lazım oldu və müəssisənin rəhbərliyindən işlədiyi müddət üçün əmək haqqını tələb etdi. Bundan az sonra 2022-cı ilin iyun ayında iddiaçıya bildirdilər kı,işdən azad olunub, lakin ona heç bir sənəd təqdim etmədilər və bundan sonra iddiaçıya məlum oldu ki, müəssisənin müdiriyyəti tərəfindən iddiaçı ilə əmək müqaviləsi yalnız xx.xx.2022-ci ildə rəsmiləşdirilib. Bu çox ciddi qanun pozuntusudur. Beləki, bununla müəssisənin rəhbərliyi həm dövlətə, həm də iddiaçıya böyük zərər vurub. Yəni həm vergidən yayınıblar, həm də sosial müdafiə fonduna iddiaçının əmək haqqına görə ödənişlər edilmədiyi üçün iddiaçının gələcəkdə pensiya təminatına ciddi zərər vurublar. "xxxx" MMC tərəfindən iddiaçıya nəzərdə tutulan əmək haqqı bir dəfə də olsun ödənilməyib. İddiaçı ödənilməmiş əmək haqqının ödənilməsi üçün "xxxx" MMC-nin rəhbərliyinə müraciət edib, lakin cavabdeh tərəfindən heç bir tədbir görülməyib. Bundan sonra təkrar "xxxx" MMC yə müraciət edərək problemin Mediasiya vasitəsi ilə həll olunmasını təklif etmişlər. Lakin cavabdeh mediasiya iclasında iştirak etməmişdir. Bundan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.Qeyd olunanlara əsasən 01 avqust 2018-ci ildən 01 iyun 2022-ci ilə qədər müddət üçün ödənilməyən 13800 manat məbləğində əmək haqqının cavabdeh "VƏTƏN AZ-TRANS” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini,eyni zamanda cavabdeh tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı xüsusi qərardad çıxarılmasını xahiş edir.
4. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 oktyabr 2022-ci il tarixli, 2(007)-2350/2022 qətnaməsi ilə (hakim Mirzəyev Fikrət) iddia tələbi təmin edilməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə kimi “Kənan-2000” şirkəti ilə Əmək Müqaviıəsi bağlasa da, həmin müddətlərdə də "xxxx" MMC-də işləmişdir. (hakim mütləq xüsusi qərardad çıxarmalı idi) Təqdim olunan həkim yoxlaması barədə arayışlar, yol vərəqələri bunu əyani sübut edir. İddiaçının bu və ya digər şərtlərlə (qeyd etdiyi tarixdə cavabdeh müəssisədə öz razılığı ilə, rəsmi əmək müqaviləsi bağlamadan (rəsmi müqavilə bağlamadan işləməyə icazə verilirmi?) müəyyən işlər gördüyü istisna olunmasa da fikri hakimin hüquq elminə gətirdiyi yenilikdir. Görünür ki, hakim qanunlara deyil, bədii yardıcılığa üstünlük verir. Məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həmin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qətnamə tamamilə əsassızdır və tamamilə ləğv olunmalıdır. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Bu nöqteyi nəzərdən də hesab edirik ki, barəsində şikayət olunan Bakı şəhəri Nizami rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə faktlara deyil, öz subyektiv fikirlərinə istinad etmişdir. Çox təəssüf ki, məhkəmə iddiaçının təqdim etdiyi sübutlara heç bir qiymət verməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, iddiaçının təqdim etdiyi çox mötəbər sübutlar və verdiyi izahat nəzərə alınmamışdır. Nəticədə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələri işin həqiqi hallarına uyğun gəlməmişdir. Həmçinin məhkəmə özünün istinad etdiyi normaları düzgün tövsif etməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
8. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi xahiş etdilər.
9. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, həmin iddiaçı ümumiyyətlə cavabdeh təşkilatda 2018-2019-cu illər arasılmnda rəsmi olaraq işləməmişdir. Digər yol vərəqələrində adının olması və əmək haqqı ödənişi alması həmin xətt üzrə sərnidişindaşıma üçün müxtəligf vaxtlarda işləməsi ilə bağlı gündəlik olaraq pulunu almışdır. 2022-ci ilin yanvarından isə rəsmi olaraq təmsil etdiyim qurumda işləmiş və rəsmi olaraq da sənədlərdən də müəyyən edildiyi kimi, əmək haqqını almışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi 10.Maddə 5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 11 Maddə 5-1. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır
12. Maddə 42. 1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
13. Maddə 44. 1. Əmək müqaviləsi yazılı formada bağlanır. 2. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. 3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları) əsas götürməklə müəyyən edilir.
14. Maddə 149. Əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları) əsas götürməklə müəyyən edilir.
15. Maddə 157 İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir.
16. Maddə 296. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir kiaşğıda qeyd edilənlərə əsasən qətnamə ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. 25.Kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş Cavabdeh MMC tərəfindən iddiaçının adına verilmiş şəhərdaxili və şəhərətrafı sərnişin avtonəqliyyatı üçün yol vərəqələrindən göründüyü kimi, iddiaçıya cavabdeh qurum tərəfindən sərnişindaşıma üçün 2019-cu ilin avqust ayından 2022-ci ilin aprel ayına kimi yol vərəqələri verilmişdir. Eyni zamanda həmin tarixlər üçün sürücünün tibbi müayinə kitabçasından da gündəlik olaraq tibbi yoxlanışdan keçməsi məüyyən edilir. Qeyd edilənlərə əsasən kollegiya qeyd edir ki, iddiaçı iddia tələbində 2018-ci ilin avqust ayından cavabdeh qurumda işləməsini qeyd etsə də, 2019-cu ilin aprel ayınadək iddiaçının orada işləməsi məhkəmə araşdırması zamanı işdə olan sübutlarla təsdiqni tapmır. İddiaçının yalnız 2019-cu ilin avqust ayından 2022-ci ilin iyun ayınadək cavabdeh qurumda işləməsi təsdiqini tapır. Bu baxımdan onun ödənilməmiş əmək haqqının verilməsi ilə bağlı tələbinə məhz bu tarixlər arasında qiymət verilməlidir. 26.Məhkəmə araşdırması müəyyən edilir ki, iddiaçı tərəfindən ona əmək haqqının ödənilməməsi qeyd edilməsinə baxmayaraq işdə olan sənədlərdən görünür ki, iddiaçının sərnişindaşıma ilə bağl işə çıxdığı günlərə görə gündəlik olaraq özü trəfindən imza edilməklə hər işlədiyi gün üçün əmək haqqı qismində 10 manat pul verilmişdir. İşdə çıxdığı günlər üçün hər günə görə ödənilməyən pulların tələb edilməsində iddiaçı haqlıdır. Lakin kollegiya qeyd edir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən iddiaçı son bir ərzində ödənilməyən əmək haqqını tələb edə bilər. Bu baxımdan işdən çıxarıldığı iyun ayından öncə bir il müddəti 2021-ci ilin iyun ayından 2022-ci ilin iyun ayınadək olan aylar üzrə işlədiyini günlər üçün ödənilməyən əmək haqqı ödənilə bilər. 2022-ci ilin yanvar ayından isə rəsmi qaydada əmək müqaviləsi balanılmaqla işlədi üçün aylar üzrə ödənilməyən əmək haqqı cavabdeh tərəfindən ona ödənilməlidir. 27.Məhkəmə araşdırması zamanı işdə olan sənədlərlə 2021-ci ilin iyul ayından 2022-ci ilin yanvar ayınadək olan dövrdə aylar üzrə işə çıxdığı günlərin sayı nəzərə alınmaqla iddiaçının 87 gün müddətində işə çıxdığı və həmin günlər üçün isə əmək haqqının ödənilmədiyi müəyyən edilir. Belə ki, 2021-ci ilin iyun ayından 2022-ci ilin yanvar ayınadək olan dövrdə aylar üzrə işə çıxdığı günlərə görə gündəlik olaraq əmək haqqının verilməsi barədə cavabdeh qurum məhkəməyə hər hansı bir sənəd tələb edə bilməmişdir. Kollegiya hesab edir ki, həmin aylar üzrə işə çıxdığı günlərin sayı 87 gün olmaqla hər gün üçün 10 manatı hesabı ilə hesablanmaqla ödənilməyən 870 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 2022-ci ilin yanvar ayından iyun ayına kimi işlədiyi dövrə görə isə əmək haqqının tutulması təmin edilə bilməz. Belə ki, cavabdeh tərəfindən təqdim edilən əmək haqqı ödənişləri ilə bağlı sənədlərdən göründüyü kimi həmin aylar üzrə rəsmi qaydada iddiaçıya əmək haqqı ödənilmişdir. Birinci instansiya məhkəməsi işin qeyd edilən hallarına qiymət vermədən, müddətin tətbiqi barədə ərizəni nəzərə almadan iddianı iddiaçının müəssisədə işləməsinin müəyyən dilməməsi əsası ilə iddianı təmin etməmişdir. Halbuki, bu əsasla iddianın təmin edilməməsi qanuni və əsaslı ola bilməz. Belə ki, iddiaçının cavabdeh qurumda 2019-cu ilin avqust ayından 2022-ci ilin iyun ayınadək cavabdeh qurumda işləməsi təsdiqinitapmaqla işin yuxarıda qeyd edilən halları ilə təkzib edilir. 28.İddia tələbinin 2021-ci ilin iyun ayınadək olan hissəsinəə münsibətdə isə kollegiya hesab edir ki, Əmək qanunvericiliyinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etməli olduğundan müddət tətbiq edilməklə əmək haqqı kimi tələb edilən məbləğin son bir ilədək tələb edilən hissəsi təmin edilməməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi sözügedən dövr üçün iddiaçının tələbi irəli sürdüyü zaman qanunla müəyyənləşdirilmiş iddia müddətini ötürmüş olduğunu nəzərə almamış, nəticədə, tətbiq edilməli maddi hüquq normasını tətbiq etməmişdir. 29.Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(007)-2350/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməklə İddiaçı xeyrinə Cavabdeh MMC-dən 870 manat tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(007)- 2350/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı xeyrinə Cavabdeh MMC-dən 870 manat tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.