Məhkəmə qərarları › İş №2(103)-2559/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2559/2023

06.09.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2559/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 QSC və "xxxx" ASC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: ipoteka müqaviləsinə xitam verilməsi tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, Cavabdeh1 QSC BOKT-un nümayəndəsi X5, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 QSC BOKT və "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsi və onun dövlət qeydiyyatınaxitam edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 QSC BOKT tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. 10 fevral 2006-cı il tarixli, F-158 nömrəli ipoteka müqaviləsi ilə həmin tarixli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təminatı məqsədi ilə X9 mülkiyyətində olan “Daimler Craysler” markalı, 2000-ci il buraxılışlı, qara rəngli, WDB2200751A148083 ban nömrəli **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilini "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir.

2. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 oktyabr 2009-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X3 40000 ABŞ dolları əsas borc, 8621 ABŞ dolları faiz borcu, 1200 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 49821 ABŞ dolları pulun "xxxx" ASC-nin Gəncə filialının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş “Daimler Craysler” markalı, 2000-ci il buraxılışlı, qara rəngli, WDB2200751A148083 ban nömrəli **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana - cavabdeh X6 qaytarılması, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın iddiaçı "xxxx" ASC-nin tələbinin ödənilməsi üçün yetərli olmazsa, çatışmayan məbləğin cavabdeh X4 başqa əmlakı hesabına ödənilməsi qət edilmişdir.

3. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, hərracın keçirilməsi "xxxx" MMCyə həvalə edilmiş və həmin MMC tərəfindən 14 dekabr 2015-ci il tarixdə ilkin, 05 fevral 2016-cı il tarixdə təkrar hərraclar keçirilmiş, lakin hərraclar baş tutmamışdır.

4. Hərrac təşkilatının Gəncə şəhəri üzrə İcra İdarəsinə, "xxxx" ASC-yə və X6 ünvanlanmış 04 mart 2016-cı il tarixli məktubla “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələbinə əsasən ipoteka saxlayana təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməsi təklif edilmişdir.

5. İcra İdarəsinin 23 sentyabr 2016-cı il tarixli qərarı ilə icra edilməyən icra sənədi məhkəməyə qaytarılmışdır.

6. X9 adını və soyadını İddiaçı dəyişmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a. Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı cavabdehlər Cavabdeh1 QSC-yə və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Gəncə filialı ilə iddiaçı arasında bağlanmış 10 fevral 2006-cı il tarixli, F-158 nömrəli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və sonradan 24 oktyabr 2017-ci il tarixli akta əsasən Cavabdeh1 QSC-yə güzəşt edilmiş kredit portfeli üzrə təhvil verilmiş İddiaçı məxsus “Daimler Craysler” markalı, 2000-ci il buraxılışlı, qara rəngli, WDB2200751A148083 ban nömrəli **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 10 fevral 2006-cı il tarixli F-158 nömrəli ipoteka müqaviləsinə və həmin müqavilə üzrə aparılmış avtomobilin ipotekasının dövlət qeydiyyatına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 gün müddətində ipoteka predmetini əldə etmək imkanına malik olduğu halda onu almamışdır. Hazırda avtomobil iddiaçının mülkiyyəti olaraq qalmaqdadır.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(004)- 197/2021 nömrəli qətnaməsi ilə (hakim V.M.Hacıyev) iddia təmin edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 11.1, 15.1, 42.2, 43.2, 43.4, 43.5, 43.7, 43.8-ci maddələri, habelə “İpoteka haqqında” Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır.

b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

b) Apelyasiya şikayətinin dəlilləri:

12. Cavabdeh1 QSC birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında iddiaçının mülkiyyətində olan əmlakın hərracın tələbkara təklif edilməsi barədə hər hansı sübut mövcud deyildir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 noyabr 2021-ci il tarixli, 2(103)-9649/2021 nömrəli qətnaməsi ilə (hakimlər - N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(004)-197/2021 nömrəli qətnaməsi ləğv olunmuş, iddia rədd olunmuşdur.

15. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra hərrac təşkilatçısı və ya icra şöbəsi ipoteka predmetini almağı ipoteka saxlayana təklif etməyib. Bu, hüquqi müəyyənlik prinsipinin pozulmasıdır. Nəticədə isə ipoteka saxlayan “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsində müəyyən edilmiş subyektiv hüququnu həyata keçirə bilməyib. Beləliklə, ipotekaya xitam verilməsi üçün əsas yoxdur.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-16/2023 nömrəli iş üzrə 01 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər – E.Şamayev (sədrlik edən və məruzəçi), E.Vəliyeva, A.Abbasov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 noyabr 2021-ci il tarixli, 2(103)- 9649/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

17. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hazırki iş üzrə təkrar hərracın qanunla müəyyən olunmuş qaydada baş tutmamış elan olunması barədə məlumatın kütləvi informasiya vasitələrində dərc edilməsi araşdırılmamışdır. Halbuki, bu işin qanuni həlli üçün əhəmiyyətli olan haldır. Təkrar hərrac qanunla müəyyən edilmiş qaydada baş tutumamış elan edilmədiyi halda, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tətbiqidə qeyri-mümkün olacaqdır. Apellyasiya məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

18. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı:

19. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndələri apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onuın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apelyasiya baxışının hədləri

21. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır

22. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya instansiyası məhkəməsi tərəfindən tam ləğv edildiyi və yeni apellyasiya baxışına qaytarıldığından qətnamə bütövlükdə yoxlanılır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

24. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə olan redaksiyada)

25. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.

26. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

27. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.

28. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.

29. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Qərarı

30. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd olunmalıdır.

34. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.

35. İddiaçı iddia edir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 gün müddətində ipoteka predmetini əldə etmədiyindən ipotekaya xitam verilməlidir.

36. Cavabdeh isə əmlakın ona təklif edilməsi barədə hər hansı təklif göndərilmədiyini, bu barədə sübutun olmamasını əsas gətirərək iddiaya etiraz etmişdir.

37. Birinci instansiya məhkəməsi ipoteka predmetini qanunla müəyyən edilmiş müddət ərzində əldə edilmədiyinə əsaslanaraq iddia tələbini təmin etmişdir.

38. Məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin etməklə birinci instansiya məhkəməsi qanuni və əsaslı qənaətə gəlməmişdir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında göstərmişdir ki, hazırki iş üzrə təkrar hərracın qanunla müəyyən olunmuş qaydada baş tutmamış elan olunması barədə məlumatın kütləvi informasiya vasitələrində dərc edilməsi araşdırılmamışdır.

40. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir.

41. Hazırki işdə ipoteka predmetinin satılmaması işin mübahisəsiz hallarıdır. Mübahisəli məsələ hərrac təşkilatçısı tərəfindən təkrar hərracın keçrilməsinin baş tutuması barədə ipoteka saxlayanın qanunla müəyyən edilmiş qaydada məlumatının olub-olmamsıdır.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyaları tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 dekabr 2022-ci il tarixli qərardadına əsasən, İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30-cu günün sonunda başa çatır. Bu müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur. - İpoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilir. - “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət kəsici müddətdir və həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər

43. Qərardadda Ali Məhkəmənin tərkibi ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə qaydası ilə bağlı qeyd etmişdir ki, təkrar hərracın baş tutmaması barədə elan verildikdən sonra əmlakın əldə edilməsi üçün ipoteka saxlayana ayrıca sənəd şəklində təklifin göndərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, “İpoteka haqqında” Qanunun 43.7-1- ci və 43.8-ci maddələrinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Qanunun 43.1-ci maddəsində deyilir ki, hərracın təşkilatçısı hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracın iştirakçısı olmadıqda, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir. Göründüyü kimi, qanunverici hərrac təşkilatları tərəfindən hərracın yekunlarına dair elanların həm hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində), həm də özünün rəsmi internet saytında dərc edilməsini tələb edir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsini həmin Qanunun 43.1-ci maddəsinin məzmunu baxımından təhlil etdikdə belə qənaət hasil olur ki, təkrar hərracın baş tutmamış elan edilməsi anı hərrac təşkilatının media subyektlərində və özünün rəsmi internet saytında bununla bağlı məlumatı dərc etdirdiyi gün hesab olunur və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddət növbəti gündən (Mülki Məcəllə, Maddə 368) hesablanmağa başlayır. O da nəzərə alınmalıdır ki, ipoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddətdir. Çünki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 gün ərzində bu imkandan istifadə etməzsə həm predmeti əldə etmək, həm də ipoteka hüququnu itirir. Odur ki, ipoteka saxlayan müvafiq elanın dərc olunduğu vaxtdan keçən 30 gün ərzində ipoteka predmetini əldə etməlidir. ... . Beləliklə, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi ipotekaya xitam verilməsi üçün qanuni əsas yaradır. Bununla bağlı tərəflər arasında mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər.

44. Göründüyü kimi, Ali Məhkəmənin kollegiyalarının vahid məhkəmə təcrübəsi yaradan qərarında irəli sürülmüş hüquqi mövqeyə görə hərrac təşkilatçısının vəzifəsi təkrar hərracın baş tutmamış elan olunması ilə məhdudlaşır. Hərrac təşkilatçısı və ya icra şöbəsi ipoteka predmetini əldə etmək üçün ipoteka saxlayana əlavə təklif göndərmək öhdəliyini daşımırlar.

45. Kollegiya Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq işin yeni apellyasiya baxışı zamanı Gəncə Şəhər İcra İdarəsinə, "xxxx" MMC-yə sorğular ünvanlanaraq xx.xx.2016-cı il tarixli təkrar hərracın qanunla müəyyən edilmiş qaydada baş tutmamış elan edilməsi barədə kütləvi informasiya vasitələrində məlumat dərc edilib-edilməməsi, əgər dərc edilmişdirsə hansı kütləvi informasiya vasitəsində dərc edilməsi ilə bağlı məlumatın (sənədlərin) məhkəməyə təqdim edilməsi xahiş olunmuş, "xxxx" MMC sözügedən icra sənədi üzrə keçirilən hərraclarla bağlı tələb olunan sənədlərin uzun müddət keçdiyindən təqdim edilməsinin mümkün olmadığını bildirmişdir.

46. Eyni məzmunla sorğu Xətai Rayon İcra Şöbəsinə də ünvanlanmış, sonuncu sorğuya cavab olaraq qeyd etmişdir ki, Gəncə Şəhər İcra İdarəsindən göndərilən həmin icra işi üzrə icra materialları arasında 2016-cı il tarixdə hərracın nəticələri barədə hər hansı bir hərracın baş tutmamasına dair hər hansı bir qeydin olmadığı müəyyən edilmişdir.

47. Beləliklə, yeni apellyasiya baxışı zamanı təkrar hərracın baş tutmamış elan olunması ilə bağlı heç bir sübut təqdim edilməmiş və məhkəmə baxışı zamanı bu hal müəyyən edilməmişdir. Belə baxımından kassasiaya instansiyası məhkəməsinin mövqeyinə uyğun olaraq təkrar hərrac qanunla müəyyən edilmiş qaydada baş tutumamış elan edilmədiyi halda, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tətbiqi də qeyrimümkündür. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddia tələbi təmin edilə bilməz.

48. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

50. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

51. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

52. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istiad etdiyi halları sübuta yetirə bilməmişdir.

53. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı barədə məlumatlı olmamış, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsində müəyyən edilmiş subyektiv hüququnu həyata keçirə bilməmişdir.

54. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır, ipotekaya xitam verilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur.

55. Məhkəmə kollegiyası işin müəyyən edilən faktiki hallarını, apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi hüquq normaları tələbləri pozulmaqla tətbiq edildiyindən qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

57. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 QSC BOKT və "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsi və onun dövlət qeydiyyatınaxitam edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar