Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2560/2023 14.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsi və Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı iş üzrə (Açar sözlər: qanuni istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X5 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsi və Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı “qanuni istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-82/2022 nömrəli 20 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 noyabr 2023cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni qəsəbə, bina 8, 57 saylı mənzilində, Cavabdeh3 isə həmin bananın aşağı mərtəbəsində yerləşən 53 saylı mənzildə yaşayırlar. İddiaçının mənzilinə gələn su təchizatı ilə bağlı aralarında mübahisə mövcuddur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 tərəfindən onun istifadəsinə verilmiş Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Yeni qəsəbə bina 8 ev 57 nömrəli mənzilə gələn su təchizatına yaradılmış maneələrin, qeyri-qanuni olaraq qoyulmuş ventillərin götürülərək aradan qaldırılması; Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin nəzdində Mənzil İstismar Departamenti və Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsi (Məcburi köçkün şəhərəciyi üzrə) tərəfindən xx.xx.2013-cü il tarixli kirayə müqaviləsi üzrə mənzilə lazımi keyfiyyətlə su təchizatının xidmətlərin göstərilməsini təmin etmək öhdəliyinin icra edilməsi; cavabdehlər Cavabdeh3, Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsi (Məcburi köçkün şəhərəciyi üzrə) tərəfindən ona dəymiş 3.000 manat maddi və 3.000 manat mənəvi ziyana görə kompensasiyanın, 500 manat hüquqi xidmətə görə ödənilmiş pul vəsaitinin müştərək qaydada alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır ki, 2013-cü ildən Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Yeni qəsəbə, bina 8, ev 57 nömrəli mənzildə məskunlaşmışdır. Həmin məcburi köçkün şəhərciyində yaşayan, onunla qonşu qadın olan Cavabdeh3 (53-cü mənzil) ümumi birgə yaşayış qaydalarını pozaraq mütəmadi olaraq bilərəkdən narahatlıqlar yaradır, dava-dalaş salaraq qəsdən münaqişə yaradır, qonşularla onu dalaşdırmağa çalışır, söz-söhbət yaradır, demək olar günaşırı günün istənilən vaxtı drel, çəkic, laqonda işlədir, vurub-dağıdır, qanunsuz hərəkətlər edir, gecə yarı tanımadığı adamlara qapısını döydürtdürür, haqqında nalayiq fikir formalaşdırır, dəfələrlə mənzilinə və səhhətinə ziyan vurub, səs-küy edir, nalayiq ifadələr işlədir. O, artıq 7 ildən çoxdur ki, bu acınacaqlı vəziyyət içərisində yaşayır. O, məsələ ilə bağlı Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal istismar Sahəsinə, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil istismar departamentinə, Qaradağ Rayon Polis İdarəsinə, Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinə, iki dəfə isə məcbur qalaraq DİN-ə şikayətlər etmişdir. Lakin heç bir müsbət nəticə verməmişdir. Cavabdeh3 onun mənizilinin alt mərtəbəsində yerləşən evdə yaşayır. Cavabdeh, 2021-ci ilin mart ayının 16-da mənzilinə gələn su borularının sonuncunun mənzilinin su şaxtasından keçən hissəsini (isti və soyuq olmaqla hər iksini) bilərəkdən qıraraq, zədələmişdir. Nəticədə 5 gün su gəlməmişdir və o, eləcə də, blokda olan digər qonşular tamamilə susuz qalmışlar. O, yaranmış narazılıqla bağlı yaşadığı sahənin MİS-nə müraciət etsə də, MİS heç bir tədbir görə bilməmiş, MİS-in rəsinin köməkçisi Üzeyir Quliyevin məsləhəti ilə məcbur qalıb DİN-in qaynar 102 xəttinə müraciət edəndən sonra, Qaradağ RPİ 10-cu PB-dən sahə müvəkkili və inspektor hadisə yerinə gəlmişlər. Müraciəti əsasında Mənzil İstismar Sahəsinin ustası gəlmiş, polisə şikayət etdikdən sonra Cavabdeh3 mənzilə ustanı buraxmış, su borusu təmir edilərək bərpa edilmiş, lakin usta Arzu Əliyev və MİS-in rəisinin köməkçisi Üzeyir Quliyevin bildirdiyinə görə, Cavabdeh3 onları məcbur edərək mənzilinə gələn su borularına özbaşına olaraq ventil qoyduraraq evinə gələn suyu nizamlamağı öz əlinə almışdır. Buna görə də, evinə yenə də su az gəlir və ya heç gəlmir, hər gün suyu bağlayaraq Cavabdeh3 mənzilinə normal suyun gəlməsinə qəsdən maneə yaradır. Şikayətləri heç bir nəticə verməmişdir. Mənzilinə gələn su borularının Cavabdeh3 tərəfindən qırılmasına dair akt xx.xx.2021-ci il tarixli olmaqla, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Məcburi Köçkünlər Şəhərciyi MKİS-nin mühəndisi X10, Qaradağ RPİ 10-cu PB-nin polis sahə inspektoru X6, Qaradağ RPİ 10-cu PB-nin polis sahə inspektoru X2 iştirakı ilə təsdiq edilmişdir. Aktda deyilir ki, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Yeni qəsəbə bina 8 ev 53 nömrəli mənzildə məskunlaşan Cavabdeh3 yaşadığı mənzilin şaxtasından keçən binanın ümumi istilik və su borularını özbaşına kəsərək binanın zirzəmisinin su ilə dolmasına, su sayğacının zədələnməsinə, digər qonşuların istilik və su təchizatına problem yaratmışdır. Polis Bölməsində izahatı alınan Cavabdeh3 bildirmişdir ki, onun mənzilinə gedən su borusunu ona görə kəsmişdir ki, onun mənzilindən sonuncunun mənzilinə su axmışdır. Cavabdeh bu barədə ona xəbərdarlıq edə bilərdi. Bunun əvəzində su borusunu qırmışdır. Onun mənzilində su sızma kimi problem yoxdur. Dəfələrlə mütəxəssis gətirməklə müayinə etdirmişdir. Bildirilib ki, heç bir su sızma üçün şərait mövcud deyildir. Su sızmaya Cavabdeh3 özü şərait yaradır. Belə ki, suya qeyd etdiyi kimi borunu kəsərək, nasazlıq yaradaraq, qəsdən qanunsuz olaraq ventil qoyaraq mənzilinə gələn suyun azalmasına səbəb olur. O, vanna otağında istifadə etmək üçün suyu açanda, su o dərəcədə zəif gəlir ki, su qab dolana kimi, su qaba deyil divarla süzülür. İstər-istəməz bu da nəmlənməyə səbəb olur. Bu vəziyyət xeyli müddət baş verdiyinə və problem yaratdığına görə bu barədə dəfələrlə MİS-ə müraciət etməsinə baxmayaraq müxtəlif bəhanələrlə problemlə maraqlanmamışlar. Məhz Cavabdeh3 bu cür qanunsuz hərəkəti ona maddi və mənəvi zərər vurmuşdur. O, Məcburi Köçkünlər Şəhərciyi MKİS-ə müraciət etmişdir ki, onun sudan istifadəsinə yaranmış maneənin qarşısını alsınlar, ona şərait yaratsınlar. X9 Şəhərciyi MKİS üzərinə düşən vəzifələri yerinə yetirmir. Belə ki, Məcburi Köçkünlər Şəhərciyi MKİS su və istilik borularının kəsilməsi barədə aktı "xxxx" ASC və "xxxx" ASC-yə göndərmişdir. Həmin idarələr isə məsələnin Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil istismar departamentinə və MKİS-in özünə aid olduğunu bildirərək problem ilə maraqlanmamışlar. Hazırda onun mənzilinə yenə də su zəif gəlir, yaxud da heç gəlmir. Problemin ciddi tərəfi ondadır ki, Cavabdeh3 öz mənzilindəki şaxtasında qəsdən qeyri-qanuni olaraq onun mənzilinə aid su borularına ventil qoymaqla, hər gün suyu gah tamamilə bağlayıb onu susuz qoyur, gah da azaldaraq suyun hələ də onun mənzilinin divarlarına, oradan da onun evinin divarlarına suyun axmasına səbəb olur. Evinin divarlarının nəm çəkməsinə, divar kağızlarının aralanmasına, kif bağlamasına, divarların çürüməsinə və vanna otağının tamamilə bərbad vəziyyətə düşməsinə səbəb olmuşdur.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2022-ci il tarixli 10/6121 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbə bina 8 mənzil 57 ünvana gələn isti və soyuq su xəttində olan borularda hər hansı problem aşkar edilmədi. Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbə bina 8 mənzil 57 ünvana gələn suyun təzyiqində problem mövcuddur. Digər mənzillərə nisbətən iddiaçının mənzilində suyun təzyiqi aşağıdır. "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbə bina 8 mənzil 57 ünvanı üçün isti və soyuq su gəlməsində yaranmış problemə dair hər hansı mütəxəssis rəyi daxil olmamışdır. Problemin texniki səbəbi müəyyənləşdirildikdən sonra, həmin problemin həllinin texniki cəhətdən aradan qaldırılmasının mümkünlüyü müəyyən edilə bilər. Cavabdehin mənzilində quraşdırılmış sayğaca baxış keçirilən zaman hər-hansı bir ventilə rast gəlinmədi.
5. Məhkəmə sorğusuna əsasən Bakı şəhəri Qaradağ rayon MKİS-dən məhkəməyə daxil olmuş 076 saylı, 16 iyul 2021-ci il tarixli məktubda (İ.vər. 50) qeyd edilmişdir ki, iddiaçının mənzilindən cavabdehin mənzilinə su axıntısı müşahidə olunur, MKİS-in işçiləri problemin həll edilməsi, araşdırılması üçün həmin mənzilə getsələr də, iddiaçı işçiləri mənzilə buraxmamış, təmir etməyə şərait yaratmamışdır. Bu zəmində iddiaçı ilə cavabdeh arasında münasibətlər pozulub, cavabdeh mənzilinə su axıdıldığına görə 17 mart 2021-ci il tarixdə iddiaçının mənzilinə gedən su borusunu qırmışdır, 18 mart 2021-ci il tarixdə xətt bərpa olunmuşdur. Sakinlərin isti suya görə ödəniş etməməsi səbəbindən "xxxx" ASC tərəfindən qəsəbəyə verilən isti su təchizatı tamamilə dayandırılmışdır. Soyuq su ilə bağlı saat 01-dən 03-dək məhdudiyyət qoyulub, qalan 22 saat ərzində bütün sakinlər məhdudiyyətsiz içməli su ilə təmin olunur. Cavabdehin mənzilinə baxış keçirilib və iddiaçının mənzilinə gedən su xəttlərində hər hansı ventil aşkar edilməyib və s.
6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 aprel 2022-ci il tarixli 2(002)-82/2022 saylı qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia rədd edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Qaradağ rayon MKİS tərəfindən məhkəməyə 16 iyul 2021-ci il tarixli 076 saylı məktub göndərilərək, məktubda iddia tələbi ilə bağlı real durum müfəssəl şəkildə izah edilmişdir. Həmin məktubda qeyd olunur ki, iddiaçının mənzilindən cavabdehin mənzilinə su axıntısı müşahidə olunur, MKİS-in işçiləri problemin həll edilməsi, araşdırılması üçün həmin mənzilə getsələr də, iddiaçı işçiləri mənzilə buraxmamış, təmir etməyə şərait yaratmamışdır. Bu zəmində iddiaçı ilə cavabdeh arasında münasibətlər pozulmuş, cavabdeh mənzilinə su axıdıldığına görə 17 mart 2021-ci il tarixdə iddiaçının mənzilinə gedən su borusunu qırmışdır, 18 mart 2021-ci il tarixdə xətt bərpa olunmuşdur. Sakinlərin isti suya görə ödəniş etməməsi səbəbindən "xxxx" ASC tərəfindən qəsəbəyə verilən isti su təchizatı tamamilə dayandırılmışdır. Soyuq su ilə bağlı saat 01-dən 03-dək məhdudiyyət qoyulub, qalan 22 saat ərzində bütün sakinlər məhdudiyyətsiz içməli su ilə təmin olunur. Cavabdehin mənzilinə baxış keçirilib və iddiaçının mənzilinə gedən su xətlərində hər hansı ventil aşkar edilməyib və s.
8. Məhkəmə hesab etmişdir ki, Cavabdeh3 tərəfindən iddiaçının yaşadığı mənzilə gələn su xəttinə hər hansı müdaxilə edilməmiş, ventil quraşdırılmamış, suyun təzyiqinin zəif olması cavabdehlərin hüquqa zidd hərəkət və yaxud hərəkətsizliyi ilə bağlı deyildir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, mənzilinə suyun normal gəlməsinə yaradılan maneə aşkar olunaraq həllini tapmamışdır, cavabdehlər tərəfindın vurulmuş mənəvi ziyanın halları aydınlaşdırılmamışdır. Cavabdeh tərəfindən istirahət vaxtı səs-küy yaratmaları, binanın konstruktiv quruluşunu dəyişərək səs-küy, toz yaratma, evinə gələn su borularını qıraraq, narahatlıqlar yaratmaları aydınlaşdırılmamışdır. Hüquqlarının kobud surətdə pozulmasını məhz bu faktiki hallar əhəmiyyət kəsbetdiyindən məhkəmə bu halları aydınlaşdırmamışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2022-ci il tarixli 2(103)-5354/2022 nömrəli qətnaməsi ilə (hakim Q.A.Əsgərovun sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovun və F.Ş.Talışinskinin iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2(002)- 82/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçı Cavabdeh3 onun mənzilinə normal suyun gəlməsinə qəsdən maneə yaratdığını, cavabdehlərin onun şərəf və ləyaqətini alçaltmasını, ona mənəvi zərər vurulduğunu bilirsə də, bunu təsdiq edən heç bir sübutu nə birinci instansiya məhkəməsinə, nə də ki, apellyasiya məhkəməsinə təqdim edə bilməmiş, bununla da, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
c)Kassasiya instansiya məhkəməsindəki icraat
14. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) 2(102)-399/2023 saylı 25 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər E.Şamayev (məruzəçi), E.Vəliyeva və A.Abbasov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2022-ci il tarixli 2(103)-5354/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
16. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmələr tələbi araşdırarkən, yalnız qeyd olunan problemin Cavabdeh3 münasibətdə əsaslığına hüquqi qiymət vermişlər. Lakin iddiadan görünür ki, iddiaçı həmin cavabdehə münasibətdə qeyri-qanuni müdaxilələrin, qoyulmuş ventillərin götürülərək aradan qaldırılmasını tələb etsə də, cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin nəzdində Mənzil İstismar Departamentindən və Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsindən mənzilinə lazımi keyfiyyətlə su təchizatının xidmətlərin göstərilməsini təmin etmək öhdəliyinin qoyulması məhkəmədən xahiş etmişdir. Lakin, su probleminin Cavabdeh3 müdaxiləsi ilə əlaqəli olmamasını qəbul edilsə də belə, onun mövcudluğu obyektiv olaraq müəyyən edildiyi üçün apellyasiya məhkəməsi tərəfindən cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin nəzdində Mənzil İstismar Departamentinə və Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsinə qarşı yönəlmiş tələb üzrə ümumiyyətlə hüquqi dəyərləndirmə aparmamış və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır.
17. Həmçinin qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə alınmış ekspert rəyi qiymətləndirilərkən də Mülki Prosessual Məcəlləsinin 101.7 və 103.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, ekspert rəyi ilə iddiaçının mənzilində su təchizatında problemlərin olması qeyd edilməklə, bunun texniki səbəblərinin mütəxəssis rəyi əsasında müəyyən edilməli olması qeyd olunmuşdur. Lakin birinci instansiya məhkəməsi su təchizatında olan problemlərin texniki səbəblərinin araşdırılması məqsədi ilə mütəxəssis rəyinin alınmasını tərəflərlə müzakirə etməmiş və ekspertin natamam bu rəyini əsas götürərək qətnamə qəbul etmiş, apellyasiya məhkəməsi isə həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Nəzərə alınmalıdır ki, iş materiallarına əsasən cavabdehin mənzilindən keçən binanın ümumi istilik və su boruları sonuncu tərəfindən özbaşına kəsilərək, iddiaçının mənzilinə su təchizatında problemlər yaranmış, bu barədə MKİS-nin əməkdaşları tərəfindən 17 mart 2021-ci il tarixdə akt tərtib olunmuş və sonra su boruları bərpa olunmuşdur. Yəni cavabdehin mənzilindən yeni su boruları keçirilərkən, su axımına maneə yaradan texnik çatışmazlıqlara yol verilməsi də istisna olunmur. Bundan əlavə, iş materiallarında olan ekspert rəyinin təsviri hissəsindən müəyyən olunur ki, ekspert Teymur Məmmədov "xxxx" ASC-nin və MKİS-in əməkdaşları ilə birgə cavabdehin mənzilində quraşdırılmış sayğaca baxış keçirmiş və hər hansı ventilin quraşdırılmasını müəyyən etməmişlər. Lakin ekspert rəyində su borusunun cavabdehin mənzilindən keçən digər hissələrində (su sayğacından kənar) baxış keçirilərkən, ventilinin mövcud olubolmamasının araşdırılması görünmür. İddia tələbinin maddi və mənəvi ziyanın ödənilməsi hissəsi də yuxarıda qeyd olunan məsələlərin həllindən asılıdır.
Proses iştirakçılarının izahatı
18. Məhkəmə kollegiyasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
19. Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
20. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
23. Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
24. Maddə 29.4. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfı psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
26. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu 03 noyabr 2008-ci il tarixli "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi haqqında" qərarının 2-ci bəndində göstərmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya"nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır.
27. Qərarın 10-cu bəndində göstərmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
28. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərmişdir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 31.Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
32. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
36. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.
38. Göründüyü kimi iddiaçının mənzilinə gələn su təchizatı ilə bağlı tərəflər arasında mübahisə mövcuddur.
39. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbə bina 8 mənzil 57 ünvana gələn isti və soyuq su xəttində olan borularda hər hansı problem aşkar edilmədi. Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbə bina 8 mənzil 57 ünvana gələn suyun təzyiqində problem mövcuddur. Digər mənzillərə nisbətən iddiaçının mənzilində suyun təzyiqi aşağıdır. "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbə bina 8 mənzil 57 ünvanı üçün isti və soyuq su gəlməsində yaranmış problemə dair hər hansı mütəxəssis rəyi daxil olmamışdır. Problemin texniki səbəbi müəyyənləşdirildikdən sonra, həmin problemin həllinin texniki cəhətdən aradan qaldırılmasının mümkünlüyü müəyyən edilə bilər. Cavabdehin mənzilində quraşdırılmış sayğaca baxış keçirilən zaman hər-hansı bir ventilə rast gəlinmədi.
40. Ekspert rəyi ilə iddiaçının mənzilində su təchizatında problemlərin olması qeyd edilməklə, bunun texniki səbəblərinin mütəxəssis rəyi əsasında müəyyən edilməli olması qeyd olunmuşdur.
41. Bu səbəbdən mübahisənin obyektiv həlli məqsədi ilə "xxxx" ASC-nin mütəxəssisləri cəlb edilməklə Kollegiya tərəfindən təkrar məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 sentyabr 2023-cü il tarixli 10/3693 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri ünvan 1 ünvanında Cavabdeh3 yaşadığı 53 saylı mənzildən iddiaçının yaşadığı 57 saylı mənzilə gələn su xətlərində heç bir ventilin mövcud olmadığı müəyyən olunmuşdur. "xxxx" ASC-nin müvafiq mütəxəssis rəyi təqdim olunmadığına görə qərardadın suallarının digər hissəsini cavablandırmaq mümkün olmamışdır.
42. Təqiqat prosesinin təsviri hissəsindən görünür ki, ilk öncə iddiaçının mənzilinə baxış keçirilmiş, baxış zamanı iddiaçının mənzilinin su xətlərinin göz ilə görünə bilən hissəsində heç bir qüsur aşkar olunmamış, daha sonra iddiaçının mənzilinin altında yerləşən cavabdehin mənzilinə baxış keçirilmiş, cavabdehin mənzilinin su xətlərinin göz ilə görünə bilən hissəsində heç bir qüsur aşkar olunmamışdır. Cavabdehin mənzilinin şaxtasına baxış keçirilən zaman, iddiaçının mənzilinə qalxan su xətlərinin üzərində hər hansı ventilə rast gəlinməmişdir.
43. Göründüyü kimi ekspertizanın "xxxx" ASC-nin mütəxəssisləri cəlb edilməklə keçirilməsi qərara alınsa da, ASC tərəfindən mütəxəssis rəyi təqdim edilməmişdir.
44. Bu səbəbdən Kollegiya tərəfindən mübahisəli mənzillərə, həmçinin binada olan iddiaçı və cavabdehin yaşadıqları mənzillərdən aşağı mərtəbələrdə yaşayan digər mənzillərə baxış keçirilərək, həmin mənzillərlə iddiaçı və cavabdehə məxsus mənzillərə gələn suyun təzyiqi arasında müqayisəli təhlil aparılmış, yerində müayinə zamanı müəyyən edilmişdir ki, bütün qonşulara məxsus mənzillərlə iddiaçıya məxsus mənzilə gələn suyun təzyiqi eynidir. Baxış zamanı iddiaçı özü də bildirmişdir ki, cari ilin yay aylarından suyun təzyiqi düzəlmişdir, hazırda da suyun təzyiqində hər hansı problem yoxdur.
45. Yerli baxış zamanı mütəxəssis qismində cəlb edilmiş Qaradağ rayon MKİS-in nümayəndəsi X8 bildirmişdir ki, nasosxanada iki nasos mövcuddur. Həmin nasoslardan biri müəyyən müddət nasaz olduğuna görə işləməmiş və bu müddət ərzində su təchizatında problemlər olmuşdur. Yaranmış nasazlıq aradan qaldırıldıqdan sonra su təchizatında heç bir problem qalmamış, qəsəbə fasiləsiz olaraq su ilə təmin edilir.
46. Həmçinin yerli baxış zamanı cavabdehə məxsus mənzilin şaxtasında su xətlərində əlavə hər hansı ventil olmadığı da müəyyən edilmişdir.
47. Göründüyü kimi iddiaçının birinci tələbi Cavabdeh3 tərəfindən onun istifadəsinə verilmiş mənzilə gələn su təchizatına yaradılmış maneələrin, qeyri-qanuni olaraq qoyulmuş ventillərin götürülərək aradan qaldırılması olmuşdur.
48. Bu hissədə iddia tələbi əsassız olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq iddianı rədd etmişdir.
49. Belə ki, həm birinci instansiya məhkəməsi zamanı keçirilmiş ekspertiza nəticəsində, həmçinin apellyasiya baxışı zamanı keçirilmiş təkrar ekspertiza nəticəsində Cavabdeh3 yaşadığı 53 saylı mənzildən iddiaçının yaşadığı 57 saylı mənzilə gələn su xətlərində heç bir ventilin mövcud olmadığı müəyyən olunmuşdur.
50. Həmçinin yerində müayinə zamanı da cavabdehə məxsus mənzilin şaxtasında su xətlərində əlavə hər hansı ventil olmadığı müəyyən edilmişdir.
51. Beləliklə Cavabdeh3 tərəfindən iddiaçının istifadəsinə verilmiş mənzilə gələn su təchizatına hər hansı maneə yaradılması, iddia etdiyi kimi ventil qoyulması müəyyən edilməmişdir, bu hissədə iddiaçının tələbi öz təsdiqini tapmamışdır.
52. İddiaçının ikinci tələbi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin nəzdində Mənzil İstismar Departamenti və Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsi (Məcburi köçkün şəhərəciyi üzrə) tərəfindən xx.xx.2013-cü il tarixli kirayə müqaviləsi üzrə mənzilə lazımi keyfiyyətlə su təchizatının xidmətlərin göstərilməsini təmin etmək öhdəliyinin icra edilməsi olmuşdur.
53. Bu hissədə də Kollegiya hesab edir ki, iddianın təmin edilməsi üçün əsas yoxdur.
54. Yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının mənzilinə gələn suyun təzyiqində hər hansı problem yoxdur, hətta iddiaçı özü də suyun təzyiqinin düzəldiyini, hazırda bununla bağlı hər hansı problem olmadığını bildirmişdir.
55. Əvvəllər suyun təzyiqində problem yaranması ilə bağlı isə yerli baxış zamanı mütəxəssis qismində cəlb edilmiş Qaradağ rayon MKİS-in nümayəndəsi X8 bildirmişdir ki, nasosxanadakı iki nasosdan biri müəyyən müddət nasaz olduğuna görə işləməmiş və bu müddət ərzində su təchizatında problemlər olmuşdur. Yaranmış nasazlıq aradan qaldırıldıqdan sonra su təchizatında heç bir problem qalmamışdır.
56. İddiaçının üçüncü tələbi isə cavabdehlər Cavabdeh3, Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsi (Məcburi köçkün şəhərəciyi üzrə) tərəfindən ona dəymiş 3.000 manat maddi və 3.000 manat mənəvi ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmuşdur.
57. Kollegiya hesab edir ki, iddiaçı 3000 manat maddi zərər tələb etsə də, bununla bağlı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı hər hansı sübut təqdim etməmiş, həmin məbləğdə maddi zərərin nə üçün çəkildiyi müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, bu hissədə iddia sübuta yetirilmədiyindən məhkəmə haqlı olaraq rədd etmişdir.
58. Mənəvi zərər hissəsində isə Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmır, hesab edir ki, bu hissədə qətnamə ləğv edilməklə iddia tələbi qismən təmin edilməlidir.
59. Belə ki, iş materiallarında olan 17 mart 2021-ci il tarixli Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Məcburi Köçkünlər Şəhərciyi MKİS-in mühəndisi Asif Əliyev tərəfindən Qaradağ RPİ 10-cu PB-in polis sahə inspektoru, polis baş leytenantı Əli Seyidəliyevin və Qaradağ RPİ 10-cu PB-in polis sahə inspektoru, polis kapitanı Faiq Bağırovun iştirakı ilə tərtib edilmiş aktda göstərilmişdir ki, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Məcburi Köçkünlər Şəhərciyi bina 8 mənzil 53-də yaşayan Cavabdeh3 yaşadığı mənzilin şaxtasından keçən binanın ümumi istilik və su borularını özbaşına kəsərək binanın zirzəmisinin su ilə dolmasına, digər qonşuların istilik və su təchizatında problem yaratmışdır.
60. Bakı şəhəri Qaradağ rayon MKİS-in 16 iyul 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının mənzilindən cavabdehin mənzilinə su axıntısı müşahidə olunur, MKİS-in işçiləri problemin həll edilməsi, araşdırılması üçün həmin mənzilə getsələr də, iddiaçı işçiləri mənzilə buraxmamış, təmir etməyə şərait yaratmamışdır. Bu zəmində iddiaçı ilə cavabdeh arasında münasibətlər pozulub, cavabdeh mənzilinə su axıdıldığına görə 17 mart 2021-ci il tarixdə iddiaçının mənzilinə gedən su borusunu qırmışdır, 18 mart 2021-ci il tarixdə yararsız vəziyyətə salınmış su boruları yenisi ilə əvəz olunaraq iddiaçının mənzilinə gedən su bərpa olunmuşdur.
61. Cavabdeh3 Bakı şəhəri Qaradağ RPİ 10-cu PB-in rəisinin adına verdiyi xx.xx.2021-ci il tarixli izahatda da iddiaçının mənzilinə gedən su borusunu kəsdiyini etiraf etmişdir (cild 1, i.v. 15).
62. Göründüyü kimi Cavabdeh3 su borusunu qırması nəticəsində iddiaçının mənzilinə gələn su təchizatında iki gün problem yaranmış, 18 mart 2021-ci ildə yararsız vəziyyətə salınmış su boruları yenisi ilə əvəz olunaraq iddiaçının mənzilinə gedən su bərpa olunmuşdur.
63. Şəxsə mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozulmalarda) ifadə oluna bilər və iddiaçı mənəvi ziyanın mövcudluğunu sübut etmək yükünü daşımır.
64. Cavabdeh3 qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan vurulmuşdur.
65. Bununla belə Məhkəmə kollegiyası iddiaçının tələb etdiyi həddə mənəvi zərərin tutulmasını ağlabatan və ədalətli hesab etməyib, bu məqsədlə Cavabdeh3 iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 200 manat məbləğində pulun tutulmasının yetərli olması qənaətinə gəlir. Belə ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz.
66. Digər cavabdeh Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsinə aid hissədə isə Kollegiya hesab edir ki, iddianın təmin edilməsi üçün əsas yoxdur.
67. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
68. İş materiallarında olan xx.xx.2021-ci il tarixldə “Emanat” ödəniş sistemi vasitəsi ilə edilmiş ödəniş qəbzindən görürür ki, Bakı şəhəri 20 saylı Vəkil Bürosuna 497 manat ödənilmişdir (3 manat komissiya).
69. İddiaçı hüquqi xidmətə görə ödənilmiş 500 manat pulun tutulmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, göstərilən normanın tələbinə uyğun olaraq vəkil xidmətinə görə ağlabatan məbləğ kimi 300 manat Cavabdeh3 iddiaçının xeyrinə ödənilməlidir.
70. Keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti iddiaçı X1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2(002)- 82/2022 nömrəli qətnaməsi qismən - cavabdehlər Cavabdeh3, Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsi (Məcburi köçkün şəhərəciyi üzrə) tərəfindən ona dəymiş 3.000 manat mənəvi ziyana görə kompensasiyanın, 500 manat hüquqi xidmətə görə ödənilmiş pul vəsaitinin müştərək qaydada alınıb onun xeyrinə ödənilməsi hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi qismən təmin edilsin. İddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti Cavabdeh3 tutularaq İddiaçı ödənilsin. Vəkil xidmətlərinə çəkilmiş xərcə görə 300 manat məbləğində pul vəsaiti Cavabdeh3 tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən iddiaçı qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.