Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2563/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X2 cavabdeh “xxxx” ASC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-ə qarşı “sığorta ödənişi tələbinə dair” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)-1021/2020 nömrəli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X5 cavabdeh “xxxx” ASC-ə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-ə qarşı “sığorta ödənişi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən sığorta ödənişinə görə 3 214 manat məbləğində pulun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 3 244 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli Daxili maliyyə lizinqi müqaviləsinə əsasən sonuncunun mülkiyyətində olan “Toyota Prius” markalı ** BP *** dövlət nömrə nişanlı minik avtomobili onun istifadəsinə və sahibliyinə verilmişdir. xx xxxxxxxx 2019-cu il tarixli 011362 saylı sığorta şəhadətnaməsinə əsasən cavabdeh “xxxx” ASC sığortaçı, “xxxx” MMC sığortalı, iddiaçı isə sığortaolunan qismində çıxış etməklə və azadolma məbləği 500 manat məbləğində müəyyən edilməklə minik avtomobilinin dəyərinin 75 faizi – 8 250 manat məbləğində yol-nəqliyyat hadisəsi daxil olmaqla bir sıra sığorta risklərindən sığortalanmışdır. xx xxxxxx 2019-cu il tarixdə X4 təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə maddi ziyan dəymişdir. İddiaçı sığorta şəhadətnaməsi ilə əhatə olunan sığorta hadisəsi baş verdiyindən sığorta ödənişinin alınması üçün cavabdehə müraciət edərək tələb olunan bütün sənədləri və məlumatları sonuncuya təqdim etmişdir. Cavabdeh sığorta şəhadətnaməsi ilə əhatə olunan sığorta hadisəsinin baş verdiyini və bununla da iddiaçıya sığorta ödənişinin verilməli olduğunu qəbul etsə də, yol nəqliyyat hadisəsi zamanı avtomobilə dəymiş zərəri əhəmiyyətli dərəcədə aşağı qiymətləndirərək ödənilməli olan sığorta məbləğindən əhəmiyyətli dərəcədə az məbləği iddiaçıya təklif etmişdir. Belə ki, cavabdehin sifarişi ilə avtomobilə dəymiş zərərin qiymətləndirilməsini həyata keçirmiş “İnter Continental” Avtomobillərə Texniki Xidmət Stansiyası tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli Qüsur Aktına əsasən avtomobilə dəymiş zərər 1500 manat məbləğində (işçilik haqqı da daxil olmaqla) qiymətləndirilmişdir. Həmin qüsur aktına əsasən cavabdeh tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli sığorta aktına əsasən sığorta ödənişinin məbləği 625 manat (1500x75%-500) məbləğində müəyyən edilmişdir. Qiymətləndirməni həyata keçirmiş “İnter Continental” Avtomobillərə Texniki Xidmət Stansiyası maliyyə bazarlarına nəzarət orqanının apardığı reyestrə daxil edilmədiyindən həmin şəxs qeyd edilmiş tələblərə cavab vermir. Bundan başqa cavabdeh (o cümlədən onun sifarişi ilə qiymətləndirməni həyata keçirmiş şəxs) tərəfindən avtomobilə dəymiş zərərin məbləği əhəmiyyətli dərəcədə azaldılmışdır. Belə ki, “xxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli qiymətləndirmə aktına əsasən dəymiş zərərin aradan qaldırılması üçün ödənilməli olan məbləğ 4952,06 manat təşkil edir. Ziyanın həddən artıq az dəyərləndirilməsi cavabdehin “İnstagram” hesabında paylaşdığı məlumatlardan aydın olur. Belə ki, cavabdeh həmin səhifədə özünün paylaşdığı məlumata əsasən sonuncu Çin istehsalı olan və avtomobillə müqayisədə əhəmiyyətli dərəcədə az ziyan dəymiş avtomobilə 2743 manat sığorta etmişdir. Tərəflər arasında qanunvericiliyin tələblərinə müvafiq olaraq zərərin qiymətləndirilməsi üçün müstəqil ekspertin təyin edilməsi barədə razılıq olmadığından hesab edirik ki, sığorta ödənişi hesablanarkən Toyota avtomobillərinin rəsmi servis mərkəzi olan “xxxx” MMC tərəfindən tərtib edilmiş aktda göstərilən yekun məbləğ nəzərə alınmalıdır. Bununla da cavabdeh tərəfindən ödənilməli olan sığorta məbləği 3 214 (4 952,06x75%-500) manat təşkil etməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)- 1021/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “xxxx” ASC-dən 361 (üç yüz altmış bir) manat məbləğində pul və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat tərəflərdən müştərək qaydada tutularaq (Az.MEM, VÖEN **********,AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh “xxxx” ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1021/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini, aparılmış ekspertiza xərcinin iddiaçıya aid edilməsi, sığorta ödənişinin müqavilə şərtlərinə uyğun olaraq sığortalı “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Nərimanov Məhkəməsinin qərarı mülki və prossesual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. “xxxx” MMC ilə “xxxx”ASC arasında xx.xx.2019-cu il tarixdə sığorta müqaviləsi bağlanaraq, ** PB *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobil Mİ-011362 №-li şəhadətnamə üzrə 3 (üç) il müddətinə sığorta obyektinin dəyəri 11000 (on bir min) manat, sığorta məbləği 8250 (səkkiz min iki yüz əlli) manat məbləğində olmaqla qismən (75%) sığortalanmışdır. Sığortalanmış avtomobil xx.xx.2019-cu il tarixdə Xətai rayonu ərazisində hərəkətdə olan zaman yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə sığortalı avtomobilə zərər dəymişdir. Sığortalı avtomobil, “İnter Continental” avtomobillərə texniki xidmət stansiyasında qiymətləndirilmiş və aparılmış xx.xx.2019-cu il tarixli qiymətləndirməyə əsasən avtomobilə dəymiş zərər 1500 (bir min beş yüz) manat məbləğində müəyyən edilmişdir. Avtomobil qismən sığortalı olduğundan (75%) hesablanmış zərər məbləğindən müqavilə şərtlərinə uyğun olaraq 500 manat azadolma məbləği, 264 manat sığorta haqqına görə qalıq borc çıxılmaqla 361 manat sığorta ödənişinin verilməsinə razılıq verilmişdir. Bununla əlaqədar xx.xx.2019-cu il tarixdə tərəflərindən sığorta ödənişinə razılıq verilməsinə dair iddiaçıya bildiriş göndərilmişdir. Lakin iddiaçı bununla razılaşmamış və həddindən artıq şişirdilməklə hesablanmış qiymətləndirmə aktı təqdim etməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə işlə bağlı əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Aparılmış ekspertiza tədqiqatına dair rəydən görünür ki, tərəflərindən hesablanmış sığotrta ödənişi məbləği tamamilə həqiqəti əks etdirir, iddiaçının təqdim etdiyi qüsur aktı isə şişirdilmiş məbləğdir. Belə ki, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən avtomobilə dəymiş zərər 1500 manat məbləğindədir və bu da birə-bir onların təqdim etdikləri qüsur aktı ilə eynidir. Mübahisənin yaranmasına səbəb sığortaolunanın əsassız varlanma istəyidir ki, bu da yolverilməzdir və hüquqdan sui-istifadədir. Belə olan halda aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məğində pul müştərək qaydada deyil, iddiaçıdan tutulmalı idi. Həmçinin, Mİ-011362 №-li sığorta müqaviləsi üzrə faydalanan şəxs “xxxx” MMC-dir. Yəni, “xxxx” MMC sığorta ödənişinin ödənilməli olduğu şəxsdir. 2(005)-1021/2020 saylı, xx.xx.2020-ci il tarixli Qətnamədə isə 371 manat məbləğində pulun birbaşa iddiaçıya ödənilməli olduğu qeyd olunmuşdur. Apellyasiya şikayətini qanuni və əsaslı sayaraq hesab edirlər ki, Nərimanov Məhkəməsi tərəfindən 2(005)-1021/2020 saylı, xx.xx.2020-ci il tarixli inəsi ekspertiza xərcinin tutulması və sığorta ödənişinin ödənilməli olduğu hissədə dəyişdirilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, aparılmış ekspertiza xərcinin iddiaçıya aid edilməsi, sığorta ödənişinin müqavilə şərtlərinə uyğun olaraq sığortalı “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Xəzər RPİ tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli 07/0225/DLİZ nömrəli Daxili maliyyə lizinqi müqaviləsinin surətindən görünür ki, İddiaçı “Toyota Prius” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobili “xxxx” MMCdən lizinq qaydalarına uyğun olaraq sahiblik və istifadəsinə götürür. İş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli 011362 saylı sığorta şəhadətnaməsindən görünür ki, “Toyota Prius” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh “xxxx” ASC sığortaçı, “xxxx” MMC sığortalı, iddiaçı isə sığortaolunan qismində çıxış etməklə və azadolma məbləği 500 manat məbləğində müəyyən edilməklə minik avtomobilinin dəyərinin 75 faizi – 8 250 manat məbləğində yolnəqliyyat hadisəsi daxil olmaqla bir sıra sığorta risklərindən sığortalanmışdır. Sığorta Şəhadətnaməsinə Əlavə Şərtlərin 9-cu bəndindən görünür ki, sığorta haqqının ödənilməsi bütövlükdə və ya hissələrlə razılaşdırıla bilər. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı halda sığorta hadisəsi baş verdiyi zaman ödənilməli olan bütün hissələr sığorta ödənişindən birdəfəlik çıxılır. İş materiallarında olan “xxxx” ASC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli KSK nömrəli sığorta aktından görünür ki, sürücüsü X7 olan “VAZ21061” minik markalı **- LK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində “xxxx” MMC-nin mülkiyyətində olub lizinq müqaviləsinə əsasən İddiaçı istifadəsində və sahibliyində olan “Toyota Prius” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1.500 manat məbləğində zərər vurmuşdur. Ödənilmiş sığorta ödənişinin məbləği 1500x75%-500 (azadolma məbləği)=625 manat qaydasında hesablanmış, həmin məbləğdən 264 manat məbləğində müştərinin debitor borcu çıxılmış, yerdə qaldan 361 manat məbləğində pul vəsaiti İddiaçı “xxxx” ASC-də olan “xxxx” MMC-nin hesabına köçürülməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “İnter Continental” Avtomobillərə Texniki Xidmət Stansiyası tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli Qüsur Aktının surətindən görünür ki, avtomobilə dəymiş zərər 1 500 manat məbləğində (işçilik haqqı da daxil olmaqla) qiymətləndirilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli Qüsur Aktının surətindən görünür ki, avtomobilə dəymiş zərər 4 952,06 manat məbləğində (işçilik haqqı da daxil olmaqla) qiymətləndirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/1350 nömrəli ekspert rəyinin surətindən görünür ki, nəzəri hesablama yolu ilə “İnter Continental” Avtomobillərə Texniki Xidmət Stansiyası tərəfindən təqdim edilmiş xx xxxxxx 2019-cu il tarixli və “xxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxxxx 2019- cu il tarixli Qüsur Aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Toyota Prius” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1 500 manat müəyyən edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ( və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. “İcbari sığortalar haqqında” Qanunun 23.1.6-cı maddəsində sığortaçının sadalanan hüquqları sırasında sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ da nəzərdə tutulmuşdur. Həmin Qanunun 25.1.3-cü maddəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar sırasında o da qeyd edilir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxxxx 2019-cu il tarixli Daxili maliyyə lizinqi müqaviləsinə əsasən “xxxx” MMC-dən sonuncunun mülkiyyətində olan “Toyota Prius” markalı ** BP *** dövlət nömrə nişanlı minik avtomobili daxili lizinq qaydasında istifadəsinə və sahibliyinə götürmüşdür. xx xxxxxxxx 2019-cu il tarixli 011362 saylı sığorta şəhadətnaməsinə əsasən cavabdeh “xxxx” ASC sığortaçı, “xxxx” MMC sığortalı, iddiaçı isə sığortaolunan qismində çıxış etməklə və azadolma məbləği 500 manat məbləğində müəyyən edilməklə minik avtomobilinin dəyərinin 75 faizi – 8 250 manat məbləğində yol-nəqliyyat hadisəsi daxil olmaqla bir sıra sığorta risklərindən sığortalanmışdır. xx xxxxxx 2019-cu il tarixdə X4 təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə maddi ziyan dəymişdir. İddiaçı sığorta şəhadətnaməsi ilə əhatə olunan sığorta hadisəsi baş verdiyindən sığorta ödənişinin alınması üçün cavabdehə müraciət edərək tələb olunan bütün sənədləri və məlumatları cavabdehə təqdim etmişdir. Cavabdehin sifarişi ilə avtomobilə dəymiş zərərin qiymətləndirilməsini həyata keçirmiş “İnter Continental” Avtomobillərə Texniki Xidmət Stansiyası tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli Qüsur Aktına əsasən avtomobilə dəymiş zərər 1 500 manat məbləğində (işçilik haqqı da daxil olmaqla) qiymətləndirilmişdir. Həmin qüsur aktına əsasən cavabdeh tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli sığorta aktına əsasən sığorta ödənişinin məbləği 625 manat (1500x75%-500) məbləğində müəyyən edilmişdir. İddiaçı bununla razılaşmayaraq “xxxx” MMC-ə müraciət etmiş, sonuncu tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli qiymətləndirmə aktına əsasən dəymiş zərərin aradan qaldırılması üçün ödənilməli olan məbləğ 4 952,06 manat təşkil edir. Dəymiş zərərin məbləği ilə bağlı tərəflərin arasında yaranmış ziddiyyəti aradan qaldırmaq üçün məhkəmə xx xxxx 2020-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş,Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/1350 nömrəli ekspert rəyinin surətindən görünür ki, nəzəri hesablama yolu ilə “İnter Continental” Avtomobillərə Texniki Xidmət Stansiyası tərəfindən təqdim edilmiş xx xxxxxx 2019-cu il tarixli və “xxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli Qüsur Aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Toyota Prius” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1 500 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası iddia tələbinin əsaslarını, həmçinin cavabdeh “xxxx” ASC-nin gətirdiyi arqumentləri, keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələrini araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək cavabdeh “xxxx” ASCdən 361 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırır ki, vurulmuş ziyanın əvəzi ödənilərkən müvafiq ekspert rəyilə “Toyota Prius” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin 1 500 manat müəyyən edilmiş məbləğindən sığorta şəhadətnaməsinə əsasən minik avtomobilinin dəyərinin 75 faizinin sığorta olunması halı nəzərə alınmalıdır. Bu da 1500 manat müəyyən edilmiş məbləğə münasibətdə 1125 manat təşkil edir. Habelə sığorta hadisəsinin baş verdiyi zaman ödənilməli olan bütün hissələr ödənişdən birdəfəlik çıxıalması ilə bağlı tərəflər həmin sığorta şəhadətnaməsinin 9-cü bəndində nəzərdə tutulmuş razılaşma ilə müəyyən etdiyindən cavabdeh tərəfindən sığorta ödənişinin ödənilməmiş 264 manat hissəsi 1125 manat müəyyən edilmiş məbləğdən çıxılmalı və əlavə olaraq tərəflərin razılaşdığı qaydada azadolma məbləğinin 500 manat məbləğində müəyyən edilməsi nəzərə alınmalıdır. (1500 manat ekspert rəinə əsasən müəyyən edilmiş ziyanın məbləğinin 75 %-i olan 1125 manat - 264 manat sığorta ödənişinin ödənilməmiş hissəsi - 500 manat azadolma məbləği = 361 manat). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, 361 manat sığorta ödənişinin “xxxx” MMC-nin xeyrinə tutulmalı olmasını tələb etmək “xxxx” ASC-nin deyil, “xxxx” MMC-nin hüququdur və MMC iş üzrə 3-cü şəxsdir. Həmçinin, iddia qismən təmin olunduğundan Məhkəmə kollegiyası hesab edir ki, 1-ci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün çəkilmiş ekspertiza xərcləri müştərək qaydada iddiaçı və cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)- 1021/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2563/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2563/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver