Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2566/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “aliment”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1415/2024 saylı, 08 fevral 2024cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı və Cavabdeh arasında 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində 06 aprel 2022-ci il tarixində nikah bağlanmış, bu nikahdan xx.xx.2023-cü il təvəllüdlü X3 doğulmuşdur.
2. İddiaçı işləmir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan olan qızı X1 üçün aylıq 235 manat alimentin, uşaq üç yaşına çatanadək ayda 100 manat olmaqla, toplam 335 manat alimentin xx.xx.2023-cü il tarixdən hesablanmaqla tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Tələbdə göstərilir ki, rəsmi nikaha daxil olandan bir ay sonra xx.xx.2022-ci ildə ünvan 1 ünvanına gəlin köçmüşdür. Cavabdehlə aralarında heç bir problem olmasa da, birgə yaşadıqları evdə valideynləri tərəfindən dəfələrlə alçaldılmış, təhqir olunmuş, mənəvi- psixoloji şiddətə məruz qalmışdır. xx.xx.2023-ci il tarixində təkrar cavabdehin valideynləri tərəfindən özünün və ailəsinin alçalmasına dözməyərək (həmin vaxtı hamiləliyinin son ayında idi) yoldaşına evdən çıxmaq istədiyini bildirmişdir. Dəfələrlə cavabdeh özü valideynləri ilə mübahisədə evdən çıxacağını, ayrı yaşayacaqlarını bildirirdi. Həmin gün ona də "get, arxanca gələcəm" vədini verərək onu atası ilə yola salmışdır. Birgə nikahdan xx.xx.2023-cü ildə X3 adlı qızı dünyaya gəldi. Doğuş yüksək stress və yüksək tonus səbəbilə erkən başa çatdığına görə qızı X3 bir müddət küvezdə qaldı. Cavabdeh şəxs ayrı evə çıxacaqlarını vəd versə də, xəstəxanada olarkən ona təkrar onların evinə qayıtmağı təklif etdi. Özü isə övladının və özünün ruhi, mənəvi və psixoloji sağlamlığını düşünərək bunu qəbul etməmişdir. Buna görə də cavabdeh onları xəstəxanadan çıxarıb atasının evinə gətirdi. Yalnız ilk bir ay müddətində övladının atası qızına 3 dəfə yemək (süni qida) və 3 dəfə pampers alıb və özü də bildirib ki, “rayonda anasının yanında olsan, sizdən arxayın olacam.” Getmək istəməsə də, yoldaşının sözü ilə razılaşıb rayona-anası və atasının yanına getmişdir. Bundan sonra, uşağın bütün xərclərini atası qarşılayıb. Son yeddi ay ərzində təkcə müalicə və müayinə xərclərinə görə 3500 manatdan çox pul xərclənib. Cavabdeh uşağın saxlanma xərcləri ilə bağlı demək olar ki, heç bir kömək etməyib. Dəfələrlə çağırsada ki, uşağı həkimə aparmaq lazımdır, hər dəfə müxtəlif bəhanələrlə boyun qaçırır. Beləliklə də, Cavabdeh qızının və onun hüquqlarını kobud surətdə pozur. Hesab edir ki, cavabdeh birgə nikahdan olan qızının saxlanması üçün könüllü kömək etmədiyi üçün məhkəmə qaydasında aliment kəsilməlidir. Bu barədə rəsmi ərizə ilə 2 saylı Mediasiya təşkilatına müracət etmişdir. Lakin cavabdeh mediasiya təşkilatına gəlməkdən də boyun qaçırdı. Cavabdehlə birgə yaşadıqları müddətdə AQTAda polis serjantı kimi çalışırdı. İndiki gəlirləri barədə heç bir məlumatı yoxdur. Kifayət qədər imkana malikdir. Bütün bunları nəzərə alaraq, alimentin minimum 235 manat sabit pul məbləğində tutulması məqsədə müvafiqdir. Qızı Fatimə 7 aylıqdır. Doğuşdan ürəyində dəlik olduğundan, daimi müalicəyə və müayinəyə ehtiyacı var. Belə ki, 3 yaşına kimi görməsi, eşitməsi və ürəyi ilə bağlı həkim nəzarətində olmaqla, vaxtı-vaxtında müalicə və müayinə almalıdır.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1415/2024 saylı, 08 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia qismən təmin edilmiş, xx.xx.2023cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək hər ay 220 (iki yüz iyirmi) manat, xx.xx.2024-cü il tarixdən isə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi; xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşına çatanadək xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi; qətnamənin dərhal icra ediməsi; iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun çatışmayan hissəsində 10 (on) manat məbləğində vəsaitin Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi iş üzrə yekun qənaətini belə əsaslandırmışdır ki, uşağı saxlamaq valideynin borcu olduğundan, cavabdeh valideyn olaraq faktiki olaraq uşağın saxlanılmasında iştirak etmədiyindən, birgə münasibətlərindən doğulmuş uşaq halhazırda iddiaçının, yəni ananın himayəsində olduğundan iddiaçı cavabdehdən aliment tələb etməkdə haqlıdır. Xüsusilə vurğulanmalıdır ki, aliment ödəməli olan əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması belə onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Belə ki, sabit pul məbləğində müəyyən edilən alimentin uşaqlar üçün həmin dövr üçün yaşayış minimumu həddində müəyyən edilməsi, uşağın minimum ehtiyaclarının qarşılanmasına yönəlmiş hüquqi tədbirdir. Belə olduqda isə cavabdeh bir valideyn kimi uşaqlarının maddi tələbatlarını ödəməyə borcludur. Aliment isə məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalı olduğundan arvadın xeyrinə tutulan aliment xx.xx.2023-cü il tarixindən hesablanmalıdır. Məhkəmə tərəflərin uzun müddət faktiki olaraq ayrı yaşamasını, uşağın körpə olmasını və bununla bağlı ananın əmək fəaliyyəti ilə məşğul olması imkanının məhdudluğunu, uşağın saxlanılması üçün tutulmalı olan alimentin məbləğini nəzərə alaraq hesab etmişdir ki, uşağın 3 yaşına çatanadək arvadın xeyrinə tutulmalı olan alimentin məbləğinin hər ay üçün 100 manat məbləğində müəyyən edilməsi tərəflərin mənafeyinə uyğundur. Belə ki, cavabdehin əmək fəaliyyəti ilə məşğul olaraq aylıq 580 manat əmək haqqı almağı onun zəruri vəsaitə malik olmasını təsdiq edir. Üstəlik hal-hazırda nikahda olan şəxslərin, yəni ər-arvadın bir-birinə maddi cəhətdən kömək etməli olması qanundan irəli gələn vəzifədir və cavabdehin yalnız uşağa aliment ödəməklə bu vəzifədən yayınması qəbul edilə bilməz.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, əmək haqqının və digər qazancının ¼ hissəsi miqdarında alimentin və uşaq 3 yaşına çatanadək uşağa qulluğa görə hər ay 30 manat alimentin tutulması xahiş edib göstərir ki, rəsmi iş yeri var və həmin iş yerinin əmək haqqısından başqa qazancı yoxdur. Ailəli olduqları vaxt ailəsini 580 manat olan əmək haqqısı ilə saxlamışdır. Uşaq vaxtından əvvəl doğulduğu üçün bir müddət xəstəxanada müalicə alıb, sonra tam sağalaraq evə buraxılıb. Uşağın doğum və sonrakı müalicə xərclərini ödəyib, iddiaçı işləmədiyindən qazancı yoxdur. Uşağın xərclərini ödəmək üçün bankdan kredit götürmüşdür.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və şikayətində qeyd etdiklərindən əlavə bildirdi ki, atası ürək əməliyyatı keçirib. Onun müalcəsi ilə bağlı kredit götürüb, hər ay onu ödəməlidir. Anaya görə 30 manat ödəyə bilər. Alimenti qətnamədə göstərilən məbləğdə ödəsə, özünün yaşaması üçün pul qalmır.
9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, həmçinin bildirdi ki, hazırda atası onun və uşağının xərcləərini qarşılayır. Özü uşağa görə işləmir, maddi təminatı yoxdur. Uşaq xəstədir, müalicə və müayinə xərclərinə atası kömək etmir. Onun da atası ürək əməliyyatı olub, atasının tək dərman xərcləri 500 manatdır. Atasından başqa ona kömək edəcək heç kim yoxdur. Əslində həmin 100 manat da uşağın xərclərinə sərf olunur.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqdauşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddə 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Maddə 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır.
13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni uşaq 3 yaşına çatanadək anaya ödənilməli olan sabit pul məbləğindəki aliment hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
16. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
17. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından uşaq 3 yaşına çatanadək anaya ödənilməli olan sabit pul məbləğindəki aliment məbləği hissəsi istisna olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
18. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbi ilə bağlı faktiki hallar Ailə Məcəlləsinin yuxarıda qeyd olunan normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə tam aradan qalxmadığı üçün, tutulmalı vəsaitin məbləği istisna olmaqla iddia haqlı sayılır.
19. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı Ailə Məcəlləsinin 84.2 və 84.2.2-ci maddəsinə əsasən, yəni hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində cavabdehdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Çünki xx.xx.2023-cü il təvəllüdlü X3 azyaşlı olduğundan və üç yaşına qədər yaşaması üçün ananın bilavasitə fizioloji və bioloji cəhətdən ona qulluq etməsi və qidalandırması zəruridir. Qeyd olunan dövrdə ananın özünün maddi cəhətdən təmin etməsi üçün məcburən işləməsi isə nəticə etibarı ilə uşağın fiziki və psixi cəhətdən sağlam böyüməsinə mənfi təsir göstərməyəcəyi inandırıcı və əsaslı görünmür. Uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də ata kimi həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. 20 Lakin cavabdehin polis nəfəri olması və şikayətində qeyd etdiyi məbləğdə əmək haqqı alması da işin mübahisəsiz halıdır. Buna görə də iddiaçı uşağının üç yaşına çatanadək cavabdehin 235 manat alimentlə yanaşı, ona hər ay 100 manat alment ödəmək iqtidarında olmasına, yəni zəruri vəsaitə(əlavə qazancının və gəlirlərinin olmasına və.s) malik olmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Bu cür vəziyyətdə başqa fəaliyyətlə məşğul olması qadağan edilən cavabdehin polis nəfəri kimi aldığı əmək haqqından əlavə qazıncının və digər gəlirlərinin olmaması şikayətinin qismən də olsa əsaslı olduğuna dəlalət edir. Ona görə tərəflərin birgə nikahdan doğulmuş uşağı üç yaşına çatanadək cavabdehdən hər ay tutulmalı olan 100 manat aliment məbləği azaldılaraq 50 manat müəyyən edilməlidir. 21.Alimentin sabit pul məbləğində deyil qazancın və digər gəlirlərin ¼ hissəsində tutulması barədə şikayətin dəlilləri də əsaslı hesab edilə bilməz. Çünki bu cür tutulma uşağın mənafeyinə uyğun olmamaqla, ölkə üzrə uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumuna da uyğun deyildir. Birdəki qazancın və digər gəlirlərin ¼ hissəsində tutulması müəyyən ediləcəyi təqdirdə uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumuna çatdırılması üçün qalan hissədə həm də Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sabit pul məbləğində aliment tutulmasına onsuzda əsas və zərurət yaranmış olur. Ona görə də iddiaçının tələbinə uyğun sabit pul məbləğində alimentin tutulması hər iki tərəfin mənafeyinə də uyğun olmuş və birinci instansiya məhkəməsində cavabdeh 235 manat aliment tutulmasına razı olmuşdur.
22. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1415/2024 saylı, 08 fevral 2024-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşına çatanadək xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilməli və həmin məbləğ azaldılaraq 50 (əlli) manat müəyyən edilməlidir.
23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1415/2024 saylı, 08 fevral 2024-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşına çatanadək xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilsin və həmin məbləğ azaldılaraq 50 (əlli) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.