Məhkəmə qərarları › İş №2(103)-2575/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2575/2021

30.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2575/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, X6 oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri alınması, borcun ödənilməsi, tələbin girov əşyaya yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 mart 2014-cü il tarixli, 2(006)-1165/2014 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri alınması, borcun ödənilməsi, tələbin girov əşyaya yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, iddiaçı və Cavabdeh2 arasında bağlanmış 05 iyun 2013cü il tarixli, DL-LA007-204102 saylı Daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq predmeti olan «daş doğrayan dəzgah», «Frez (naxış açan)», «daş hamarlayan», «Tokar dəzgahı (böyük)», «Tokar dəzgahı (kiçik)» texnikalarının iddiaçıya qaytarılması, Daxili lizinq müqaviləsinə əsasən 17.12.2013-cü il tarixinə hesablanmış 13396,35 manat əsas, 881,13 manat faiz, 1718,50 manat cərimə borcunun, ümumilikdə 15995,98 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq iddiaçıya ödənilməsi, 05 iyun 2013-cü il tarixdə tərtib olunmuş aktlarda qeyd olunan girov qoyulmuş qızıl-zinət əşyalarının açıq hərracda satılaraq satışdan əldə olunmuş vəsaitin borca yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 oğlu (lizinq alan) arasında 05 iyun 2013-cü il tarixli, DL-LA007-204102 saylı Daxili lizinq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən «daş doğrayan dəzgah», «Frez (naxış açan)», «daş hamarlayan», «Tokar dəzgahı (böyük)», «Tokar dəzgahı (kiçik)» avadanlıqları 18 ay müddətinə, hər ayın 05-dən gec olmamaqla, 1016 manat şərtilə lizinqə verilmişdir. Bundan başqa, iddiaçı ilə Cavabdeh2 oğlu (lizinq alan) arasında 05 iyun 2013-cü il tarixli Girov saxlanc müqaviləsi bağlanaraq, eyni tarixli aktlarda göstərilən qızıl-zinət əşyaları lizinq predmeti kimi girov qoyulmuşdur. Həmçinin iddiaçı ilə Cavabdeh1 arasında 05 iyun 2013cü il tarixli zaminlik müqaviləsi bağlanmış, sonuncu Cavabdeh2 öz öhdəliklərini yerinə yetirməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehlər dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öz üzərlərinə düşən müqavilə öhdəliklərini könüllü yerinə yetirməmiş, eyni zamanda lizinqə verilmiş avadanlıqları da qaytarmaqdan imtina etmişlər. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 mart 2014-cü il tarixli, 2(006)- 1165/2014 saylı qətnaməsi ilə (hakim Pərviz Hüseynov) iddia qismən təmin edilmişdir. Cavabdeh2 məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, lizinq verilən avadanlıqların iddiaçıya deyil, başqa şəxsə məxsus olması, iddiaçıdan yalnız nağd kredit götürməsi, iddiaçının məqsədinin girova qoyulmuş qızıl-zinət əşyalarını ələ keçirmək olması, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışı barədə ona məlumat verilməməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı və digər cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz Cavabdeh2 apellyasiya şikayəti həddində, ona münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan 05 iyun 2013-cü il tarixli, DL-LA007-204102 saylı Daxili lizinq müqaviləsindən və həmin müqavilənin 1 saylı Əlavəsindən görünür ki, iddiaçı tərəfindən 2 ədəd «daş doğrayan dəzgah», 2 ədəd «Frez (naxış açan)», 2 ədəd «daş hamarlayan», 1 ədəd «Tokar dəzgahı (böyük)», 1 ədəd «Tokar dəzgahı (kiçik)» avadanlıqları 18 ay müddətinə, hər ayın 05-dən gec olmamaqla, 1016 manat şərtilə Cavabdeh2 lizinqə verilmişdir. İşdə olan 05 iyun 2013-cü il tarixli qəbul aktından görünür ki, lizinq obyekti olan əşyalar Cavabdeh2 tərəfindən qəbul edilmişdir. İşdə olan iddiaçı ilə cavabdeh Yavər Həşim oğlu arasında bağlanmış 05 iyun 2013cü il tarixli zaminlik müqaviləsindən görünür ki, cavabdeh Yavər Həşim oğlu Cavabdeh2 lizinq müqaviləsindən irəli gələn öhdəliklərinin yerinə yetirməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Eyni zamanda, işdə olan iddiaçı və Cavabdeh2 arasında bağlanmış 05 iyun 2013cü il tarixli Girov saxlanc müqaviləsindən görünür ki, lizinq müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Cavabdeh2 tərəfindən aşağıdakı qızıl-zinət əşyaları girov qoyulmuşdur: - «klon – 3 ədəd, əyar 585, qram 7.4, qiyməti 125 manat, qolbağı və klon – 1 ədəd, əyar 583, qram 2.6, qiyməti 44 manat, boyunbağı – 1 ədəd, əyar 585, qram 12.8, qiyməti 217 manat, boyunbağı – 1 ədəd, əyar 583, qram 4.3, qiyməti 73 manat, qolbağ – 3 ədəd, əyar 583, qram 15, qiyməti 255 manat, qolbağ – 1 ədəd, əyar 750, qram 13, qiyməti 260 manat, sırğa – 1 cüt, əyar 750, qram 8.1, qiyməti 162 manat, sırğa – 2 cüt, əyar 585, qram 8.6, qiyməti 146 manat, üzük – 1 ədəd, əyar 750, qram 5.6, qiyməti 112 manat, üzük – 4 ədəd, əyar 583, qram 10, qiyməti 170 manat, boyunbağı – 4 ədəd, əyar 583, qram 16, qiyməti 272 manat, saat – 2 ədəd, əyar 583, qram 45, qiyməti 765 manat, boyunbağı və qolbağ – 1 dəst, əyar 585, qram 33.4, qiyməti 567 manat, boyunbağı -1 ədəd, əyar 585, qram 18.3, qiyməti 311 manat, kompölekt – 1 dəst, əyar 750, qram 9, qiyməti 180 manat, komplekt 2 dəst, əyar 583, qram 20, qiyməti 300 manat, üzük – 9 ədəd, əyar 583, qram 35, qiyməti 595 manat, sırğa – 2 cüt, əyar 750, qram 10.6, qiyməti 212 manat, boyunbağı – 2 ədəd, əyar 583, qram 31.4, qiyməti 533 manat, cəmi 5299 manat dəyərində». İşdə olan cavabdehlərə ünvanlanmış 13 sentyabr 2013-cü il tarixli bildirişdən görünür ki, cavabdehlərin diqqətinə gecikdirilmiş borcun olması çatdırılmış, öhdəliyin yerinə yetirilməsi, əks halda məhkəməyə müraciət olunacağı göstərilmişdir. İşdə olan ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-nin 748.1-ci maddəsinin tələbinə görə lizinq müqaviləsi yazılı formada bağlanılır. MM-nin 748-1.12 və 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. MM-nin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. İşdə olan sübutlardan göründüyü kimi, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Cavabdeh özü də apellyasiya şikayətində sonradan müəyyən səbəblərdən ödənişləri edə bilməməsini göstərmişdir. Beləliklə, işdə olan sübutlardan (lizinq müqaviləsi, akt və s.), həmçinin işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından aydın olur ki, iddiaçı hazırki iddianı qaldırmağa lizinq müqaviləsindən irəli gələn müvafiq subyektiv hüquqlara malikdir. Lakin, cavabdehin əsas dəlilləri müqavilənin saxta olması, lizinq obyektlərinin iddiaçıya məxsus olmaması, əslində kredit götürməsi və s. olmuş, buna baxmayaraq cavabdeh bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazını ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Bununla yanaşı, cavabdeh keçən uzun müddət ərzində (2013-cü ildən etibarən) əqdi mübahisələndirməmiş, əksinə bir müddət ödənişlər etmişdir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh öhdəliklərinin icrasının təmini kimi müəyyən qızıl-zinət əşyalarını iddiaçıya girov qoyduğundan, birinci instansiya məhkəməsi tələbin (borcun) həmin girov predmetlərinə yönəldilməli olmasını qət etməklə də düzgün nəticəyə gəlmişdir. Belə ki, MM-nin 276.1-ci maddəsinə əsasən ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. MM-nin 280.1-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. MM-nin 279-cu maddəsinə əsasən Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. MM-nin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İşdən görünür ki, tərəflər arasında yazılı girov müqaviləsi bağlanmış, cavabdeh borclu girovla təmin edilmiş öhdəliyi lazımınca icra etməmiş, bu səbəbdən də kreditorun (iddiaçının) tutmanın girov qoyulmuş əşyaya yönəldilməsi istiqamətində tələb hüququ yaranmışdır. Cavabdeh apellyasiya şikayətində dəbbə pulunun azaldılmalı olmasını göstərsə də, işdən görünür ki, tutulması qət edilmiş 1000 manat dəbbə pulu əsas borca (13396,35 manat) münasibətdə tənasübsüz deyildir. Bu səbəbdən də məhkəmə kollegiyası MM-nin 467-ci maddəsinə əsasən dəbbə pulunun azaldılmasını zəruri hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrlə əsaslandırılmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. Cavabdeh apellyasiya şikayətində, həmçinin məhkəmə iclasında iştirakının təmin olunmamasını göstərmiş, lakin işdə olan sübutlardan (bildirişlər, reyestrlər və s.) görünür ki, cavabdehə rəsmi qeydiyyatda olduğu ünvan üzrə (Tərtər rayonu, Umudlu kəndi) məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh həmin ünvanda yaşamadığından bildirişlər rabitə orqanı tərəfindən məhkəməyə qaytarılmışdır. Eyni zamanda, cavabdehin yaşayış yerini dəyişməsi ilə bağlı da işdə hər hansı sübut mövcud deyildir. Halbuki, MPM-nin 146-cı maddəsinin tələbinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin oluna bilməz. Şikayətin dəlilləri yoxlanılan hissədə qətnamənin ləğvinə əsas deyildir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri alınması, borcun ödənilməsi, tələbin girov əşyaya yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 mart 2014-cü il tarixli, 2(006)-1165/2014 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 mart 2014-cü il tarixli, 2(006)- 1165/2014 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar