Məhkəmə qərarları › İş №2(103)-2577/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2577/2024

22.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2577/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iş üzrə (Açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-570/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh ilə İddiaçı xx.xx.2017-ci il tarixdə Tovuz Rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X9, xx.xx.2021-ci il təvəllüdlü X7, xx.xx.2022-ci il təvəllüdlü X8 anadan olmuşdur.

2. Tərəflər arasında olan nikah pozulmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X5, xx.xx.2021-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavadeh Cavabdeh hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 21 sentyabr 2017-ci il tarixdə Tovuz rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X9, xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X8 doğulmuşdur. Ailə qurandan bu günə kimi cavabdehin ailəyə laqeyd davranışı, şiddəti, zorakarlığı və maddi ehtiyaclarını ödəməməsi ailə münasibətlərinin bitməsinə səbəb olmuşdur. Lakin o, yenə də ailəsini qorumaq niyyətindədir. Hal-hazırda azyaşlı uşaqları ilə birlikdə valideynlərinin köməkliyi ilə yaşayır. Cavabdeh isə kifayət qədər gəlirli işlə məşğul olub qazanc əldə etsə də onlara maddi yardım etmir. Halbuki onun kifayət qədər maddi imkanı var. Özü isə az qazancı ilə 3 azyaşlı uşağının tələbatını ödəyə bilmir. Maddi vəziyyəti çətindir və dövlətdən maddi yardım almır. Valideynlərinin maddi yardımı olmasa tək başına 3 azyaşlı uşağa baxa bilməz. Belə olan halda cavabdehdən aliment tutulması tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-570/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddiasının rədd edilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən məhkəməyə nikahın pozulması ilə bağlı hər hansı iddia tələbi irəli sürülməmiş, bununla yanaşı tərəflər bir evdə yaşamaqla birgə təsərrüfat aparırlar. Cavabdehin məhkəmə iclasında verdiyi izahatından görünür ki, maddi imkanları çərçivəsində ailənin bütün maddi ehtiyaclarını qarşılayır. Ərzaq məhsulları, uşaq yeməyi, pampers, geyim məhsullarının alınması ilə bağlı xərcləri özü çəkir. İddiaçı ilə birlikdə yaşayır, ər-arvad münasibətləri davam edir. Habelə, iddiaçının ad gününü “28 Mall” ticarət mərkəzində “Mado” restoranında qeyd etmişlər. Eyni zamanda, cavabdehin maddi imkanları çərçivəsində ailənin maddi ehtiyaclarını qarşılaması Cavabdeh iş materialı kimi məhkəməyə təqdim etdiyi qəbzlərin surəti və həmin qəbzləri təsdiq edən bank çıxarışları ilə öz təsdiqini tapır və qəbzlərdən və bank çıxarışlarından görünür ki, Cavabdeh ailənin, habelə uşaqlarının saxlanması üçün zəruri olan gündəlik ehtiyac məhsullarını (geyim, ərzaq, dərman, pampers və s.) təmin edir. Qəbzlərin tarixinə nəzər yetirdikdə görmək olur ki, iddiaçının məhkəməyə müraciət etdikdən həm əvvəlki, həm də sonrakı dövrə aid olan ailənin saxlanması üçün zəruri olan məhsulların alışına dair qəbzlər var. İddiaçı isə, cavabdehin ailəsinin və uşaqlarının saxlanmaları ilə bağlı təqdim etdiyi dəlilləri təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Qanunvericiliyə əsasən hər bir tərəf öz tələb və etirazının əsasını təşkil edən faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir.

7. Məhkəmə gəldiyi nəticəni “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19, 75.1, 75.2, 75.3, 75.4, 75.5-ci maddələri, Ailə Məcəlləsinin 75.4-cü maddələri və Mülki Prosessual Məcəllənin 119.1, 217.4, 216-220-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-570/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnamə qəbul edərkən xx.xx.2023-cü il tarixdə e-16(004)-478/2023 nömrəli qərardadla müvəqqəti təminat tədbiri barədə ərizə əsasında təyin etdiyi alimentin ödənilmə vəziyyətini müəyyən etməklə cavabdehin məsuliyyətsiz davranışını müəyyən edə bilərdi. Məhkəmə işin ədalətli və düzgün aparılmasını təmin etməyərək qəbul etdiyi qətnamə ilə təkcə cavabdehin mövqeyini müdafiə etməklə hüquqlarını pozmuşdur. İş materiallarından görünür ki, cavabdeh iddiaçıya uşaqların minimum yaşayış maddi vəziyyətində hər hansı yaxşılamanın olması barədə iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. İşin hallarından göründüyü kimi, məhkəmə işə baxarkən hüquq normalarının tələbini pozmaqla yanaşı gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır. Məhkəmə cavabdehin iddiaçıya 3 azyaşlı uşağa görə mübahisə dövründə aliment ödəyib ödəməsini tam aydınlaşdırmamış və bu barədə iddiaçının şəxsi fikrini öyrənməmişdir. Məhkəmə cavabdehin aliment ödəməsi kimi mülahizəsinə qulaq asıb ona inansa da bu barədə ondan hər hansı sübut tələb etməmişdir. Qətnamədə göstərilmiş nəticələr işin faktiki hallarına, yəni cavabdehin iddiaçıya aliment ödəməsi kimi hala uyğun deyil.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, müəllimə işləyir. Boşanma ilə bağlı iddia qaldıra bilmir, ailəsi icazə vermir. Valideyni xəstədir. Cavabdehlə hər bir məsələsi davadır. Uşaqları bağçaya getmir, icazə vermir. Anasıgil hər ay pul göndərir, köməklik edir. Cavabdehlə bir evdə qalsa da, cavabdeh uşağın saxlanılmasında iştirak etmir. Uşaqların yanında mübahisə etməmək üçün restorana getmişdir, orada da hər kəs öz hesabını ödədi.

12. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, rayon məhkəməsi qərar qəbul edərkən bəzi hallara nəzər yetirməmişdir. İddiaçı apellyasiya şikayəti verdiyi üçün döyülmüşdür. Aliment əmək haqqının tutulmasına yönəldilsə də cavabdeh aliment ödəmir. Kredit ödənişlərini cavabdeh iddiaçının adına götürüb və cavabdeh hissə-hissə iddiaçının kartına ödəniş etməklə aliment ödəyirmiş görüntüsü yaradır. Cavabdehin kifayət qədər qazancı var, amma köməklik etmir. İddiaçı müəllimə işləyir, onu döyür. Müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə qərar bugün də icra edilmir, iş yerinə sorğu da verib. İş materiallarına əlavə edib. İcra məmuru cavabdehlə də danışıb ki, icra edilməsə hüquqi şəxs cərimələnəcək. 3 övladın saxlanılması çətindir, buna görə iddianın təmin edilməsini xahiş edir.

13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikası Konstitutsiyası Maddə 17. İİ bənd. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

15. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Maddə 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: Maddə 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Maddə 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; Maddə 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

21. İşin halları ilə müəyyən edilir ki, tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X9, xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X8 anadan olmuşdur.

22. Hazırda tərəflər arasında nikah pozulmamışdır və iddiaçı birgə nikahdan olan uşaqlarının saxlanılması üçün hər uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tututulmasını xahiş edir.

23. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və ona istinad edilmişdir ki, iddiaçı cavabdehin ailənin və uşaqlarının saxlanması ilə bağlı təqdim etdiyi dəlilləri təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. 24.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etmir. İddiaçının verdiyi apellyasiya şikayətinə qarşı etiraz da verməmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən marketdən alış verişə dair qəbzlər təqdim etmişdir. Həmin qəbzlərə əsasən alınanların məhz 3 uşağın saxlanılması üçün xərclənməsini və kifayət etməsini müəyyən etmək olmur. 25.Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda uşaqların mənafeyi üstün tutulmalıdır. İddiaçı məhkəmə iclasında da bir daha bildirir ki, uşaqların saxlanılmasında cavabdeh iştirak etmir. 26.Məhkəmə kollegiyası iddia tələbini əsaslı hesab edir.

27. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanunun 19-cu maddəsi, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2-ci maddələrindən göründüyü kimi, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin.

28. Bu mənada kollegiya hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir.

29. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyəti, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

30. Göstərilənlər onu deməyə əsas verir ki, uşağın saxlanması üçün aliment məbləğinin müəyyən edilməsi zamanı uşaqların əvvəlki yaşayış səviyyəsinin saxlanılmalı olması və aliment ödəməli olan valideynin maddi vəziyyəti nəzərə alınmalı, müəyyən edilən aliment məbləği qanunvericilik aktlarında göstərilən minimum dolanacaq həddində olmalıdır.

31. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. 2024-cü il üçün isə yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin müntəzəm gəliri vardır. İş materiallarına əsasən cavabdehin əmək haqqısı 1698.29 manat civarındadır. Ailə qanunvericiliyinə əsasən 3 uşağın saxlanılması üçün qazancın və başqa gəlirlərinin yarısı miqdarında aliment tutula bilər. Hazırki iş üzrə isə iddiaçının tələbi 3 uşağın saxlanılması üçün cəmi 660 manat məbləğində alimentin tutulmasıdır.

33. O cümlədən, qeyd edilməlidir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-16(004)- 478/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qərardadına əsasən iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, yektinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X7, xx.xx.2019cu il təvəllüdlü X9, xx.xx.2022-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır.

34. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 570/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X9, xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarxindən hesablanmaqla hər ay hər uşağa görə 220 manat, cəmi 660 manat sabit pul məbləğində aliment, ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

35. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-570/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X9, xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarxindən hesablanmaqla hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 660 (altı yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar