Məhkəmə qərarları › İş №2(103)-2581/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2581/2023

18.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2581/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «əlavə xərclərin tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-266/2023 saylı iş üzrə 27 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Tərəflər 19 iyul 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahından 21 sentyabr 2019-cu il təvəllüdlü X6 doğulmuşdur. Tərəflər arasında olan nikah 19 mart 2021-ci il tarixdə pozulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(009)- 3299/2019 nömrəli qətnaməsinə əsasən Cavabdeh 12 noyabr 2019-cu il tarixdən başlayaraq, 21 sentyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bütün növ qazancının 1/4 hissəsi miqdarında aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il təvəllüdlü X4 müalicəsinə görə cavabdehdən əlavə xərc kimi 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Qızına xroniki qəbzlik, dolixomeqakolon, ikincili meqarektosiqmoid, nəcis inkontinesiyası diaqnozu qoyulmuşdur. Qızının xərclərini təmin edə bilmir. İddiaçının artıq maddi imkanı uşağın müayinəsini davam etdirməsinə imkan vermir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-266/2023 saylı iş üzrə 27 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2019-cu il təvəllüdlü X4 müalicəsi üçün əlavə olaraq hər ay 100 manat məbləğində pul vəsaitin Cavabdeh tutulub İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X6 “xroniki qəbzlik, dolixomeqakolon, ikincili meqarektosiqmoid, nəcis inkontinesiyası”ndan əziyyət çəkir və mütəmadi həkim nəzarətinə və müalicəyə ehtiyacı vardır. Məhkəmə xx.xx.2019-cu il təvəllüdlü X4 xəstəliyinin ağırlığını və onun daim müalicəsi üçün cavabdehin əlavə xərclərə cəlb edilməsinin zəruriliyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən hər ay əlavə olaraq X4 müalicə xərcləri üçün 100 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1, 81.2-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 220.5-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün hərtərəfli araşdırılması zəruri olan iki xüsusatı – iddiaçının böyük məbləğdə alimentlə təmin olunmasını və yeni nikaha girməsi ilə onun ailə və maddi vəziyyətində baş vermiş dəyişikliyi, yeni ailə qurması ilə əlaqədar onsuz da pisləşmiş maddi vəziyyətinin hazırkı iddia tələbi təmin ediləcəyi təqdirdə daha da ağırlaşacağı kimi iş üçün əhəmiyyəti olan halları hərtərəfli, tam və obyektiv araşdırmadan qətnamə qəbul etmişdir. Əmək haqqının məbləği (1887 manat), həmin məbləğə uyğun alimentin miqdarı (həmin məbləği 1/4 hissəsi), yeni ailə qurmağı və yeni nikahdan uşağın doğulması işin mübahisəsiz hallarıdır və hesab edir ki, bu hallar iddianın rədd edilməsi üçün kifayət qədər ciddi əsaslardır. İşə baxılarkən bu xüsusatların tam və hərtərəfli araşdırılmaması və bunun davamı olaraq iddiaçının qeyri-mötəbər sübutlarına əsaslanmaqla iddianın təmin edilməsi məhkəmənin subyektiv mülahizələrdən irəli gələn və qeyri-obyektiv, birtərəfli xarakter daşıyan mövqeyinin ifadəsidir. Belə ki, uşağın xəstəliyi ilə bağlı ilk növbədə onu qeyd edir ki, məhkəməyə təqdim edilmiş xəstəlik sənədləri yalnız kserosurət şəklindədir, yəni əslləri və yaxud notarial təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilməmişdir. Bu isə mülki prosessual qanunvericiliyin tələblərinin pozulması deməkdir. Qətnamə qəbul edilərkən belə bir pozuntuya (kserosurət şəklində təqdim edilmiş sənədlərə əsaslanmaq) yol verildiyini qeyd etməklə yanaşı bildirir ki, qanunvericilik əlavə xərclərə cəlb etməni hər bir xəstəlik halında deyil, yalnız müstəsna hallarda mümkün edir. Belə ki, ailə qanunvericiliyi uşaqlara görə əlavə xərclərin ödənilməsinə cəlbetmənin əsasları kimi uşağın ağır xəstəliyini və əlilliyini müəyyən etmişdir. Bu halların heç biri iddiaçı tərəfindən sübut olunmasa da, uşağın xəstəliyinin dərəcəsi iddiaçının hətta prosessual pozuntularla təqdim etdiyi kserosurətlərdə də öz əksini tapmasa da məhkəmə qeyri-müəyyən mənbəyə əsaslanmaqla uşağın xəstəliyinin ağır olması qənaətinə gəlmişdir. Halbuki heç bir sənəddə xəstəliyin dərəcəsindən bəhs edilmir. Buna görə də məhkəmənin gəldiyi nəticəni əsaslı və qanuni saymaq olmaz. Onu da qeyd edir ki, xəstəlik ağır olmuş olsaydı belə istinad etdiyi iki xüsusatdan dolayı (iddiaçıya böyük məbləğdə aliment ödənişi ilə uşağın təminat altında olması və onun yeni nikaha girməsi, yeni nikahdan uşağın doğulması) iddia tələbi rədd edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56-cı maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Bir valideyn olaraq övladı ilə bağlı yüksək maddi yardım şəklində vəzifələrini yerinə yetirir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən nəzərə almamışdır ki, bu vəzifə yalnız ona aid deyil, iddiaçının da belə bir vəzifəsi var. Bu vəzifə birtərəfli qaydada yalnız ondan tələb edilə bilməz. Onu da qeyd edir ki, iddiaçı müstəqil şəkildə kifayət qədər gəlirli sahədə çalışır, evdə şagird hazırlığı ilə məşğuldur, lakin o, bu qeyri-rəsmi fəaliyyətini etiraf etmir. Eyni zamanda məhkəmə nəzərə almamışdır ki, onun hazırkı nikahdan olan övladı ilə bağlı da vəzifələri var və bu vəzifələrin öhdəsindən gələ bilmir. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi qətnaməsi yalnız bir tərəfin, yəni iddiaçının mahiyyət etibarı ilə iddianın təmin edilməsinin əsası üçün yetərli olmayan, qanunun tələblərinə cavab verməyən kserosurət şəklində təqdim etdiyi xəstəlik sənədləri üzərində qurulmaqla qəbul edilmiş və bu zaman cavabdehin böyük məbləğdə aliment ödənişi, yeni ailə qurulması və yeni nikahdan uşağın doğulması, həmçinin iddiaçının təqdim etdiyi sənədlərin forma və mahiyyəti ilə bağlı etirazları, təqdim etdiyi sübutlar ümumiyyətlə araşdırılmamış və nəzərə alınmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnamə təmin olunmuş hissədə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi: 49.1-ci maddəsinə əsasən,18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-ci maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Mülki Prosessual Məcəllə: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 81-ci maddəsi təşkil edir; həmin maddi hüquq normasına görə isə, “alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmamış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər”. İş materiallarında olan 4 nömrəli Uşaq Poliklinikasının xx.xx.2022-ci il tarixli məktubunda və Azərbaycan Tibb Universitetinin X2 arayışında qeyd edilmişdir ki, xx.xx.2019-cu il təvəllüdlü X6 həkim-otorinolorinqoloqda “ikitərəfli seroz otit, adenoitit, damaq badamcıqlarının hipertrofiyası, həkim-nevropatoloqda “sinir-reflektor gərginlik, əsəbilik”, həkim-cərrahda “hər iki pəncədə yüngül valqus deformasiyası” diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Tibb Universitetinin X2 xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X5 “xroniki qəbzlik, dolixomeqakolon, ikincili meqarektosiqmoid, nəcis inkontinesiyası” diaqnozu qoyulmuşdur. Xəstəyə uzunmüddətli müalicə və daha sonra cərrahi müdaxilə tövsiyə olunur. Göründüyü kimi tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X6 “ikitərəfli seroz otit, adenoitit, damaq badamcıqlarının hipertrofiyası, həkim-nevropatoloqda “sinir-reflektor gərginlik, əsəbilik”, həkim-cərrahda “hər iki pəncədə yüngül valqus deformasiyası, xroniki qəbzlik, dolixomeqakolon, ikincili meqarektosiqmoid, nəcis inkontinesiyası” xəstəliklərindən əziyyət çəkir və mütəmadi həkim nəzarətinə, müalicəyə və sonradan cərrahi müdaxiləyə ehtiyacı vardır. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin kserosurət olmasını qeyd etsə də məhz həmin sənədlərdən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X5 uzunmüddətli müalicə və daha sonra cərrahi müdaxilə tövsiyə olunmuşdur. Cavabdeh isə xx.xx.2019-cu il təvəllüdlü X4 xəstəliyinin ağır olmamasına dair hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0 və 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi bu Məcəllənin vəzifələrindən biridir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası 19 may 1998-ci il tarixli Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» BMT-nin konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur Birləşmiş Millətlər Təşkilatının «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası yuxarıda istinad edilən daxili və beynəlxalq qanunvericilik normalarına əsasən hesab edir ki, cavabdeh hər bir halda bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşağın tələbatını təmin etməlidir. Məhkəmə kollegiyası xüsusi ilə vurğulayır ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, qanunverici müəyyən edilən aliment məbləğinin uşaqlar üçün dövrün yaşayış minimumu həddində və uşağın minimum tələblatlarının tam təmin edilməsi yönəlmiş hüquqi tədbirlər müəyyən etməklə yanaşı, həmçinin valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilməsini də təsbit etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, uşağın saxlanılması hər iki valideynin vəzifəsidir, lakin uşağın xəstəliyi ilə əlaqədar zəruri dərman preparatlarının alınması, nəqliyyat və digər əlavə xərclərin çəkilməsi labüddür və yetkinlik yaşına çatmayan uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərindədir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsasızdır. Himayəsində başqa nikahdan uşağın olması barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu hal onu xx.xx.2019-cu il təvəllüdlü X4 xəstəliyinin ağırlığının və onun daim müalicəsi üçün əlavə xərclərdə iştirak vəzifəsindən azad etmir. Bununla yanaşı məhkəmə kollegiyası ididaçının və uşağın diqqətəlayiq olan digər maraqlarını nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə uyğun olaraq qəbul edilmiş və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə hesablanmışdır. Qanunvericiliyə əsasən də uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2019-cu il təvəllüdlü X4 xəstəliyinin ağırlığını və onun daim müalicəsi üçün cavabdehin əlavə xərclərə cəlb edilməsinin zəruriliyini nəzərə alaraq düzgün olaraq hesab etmişdir ki, cavabdehdən hər ay əlavə olaraq X4 müalicə xərcləri üçün 100 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almaqla, mübahisəni tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəldiyindən apellyasiya şikayətinin dəlillərini əsassız sayır, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-266/2023 saylı iş üzrə 27 yanvar 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar