Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2588/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: övladları ilə birlikdə birgə nikah dövründə, birgə vəsait hesabına inşa edilmiş evə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “övladları ilə birlikdə birgə nikah dövründə, birgə vəsait hesabına inşa edilmiş evə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-565/2024 nömrəli 23 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər 2010-cu ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan dörd uşaqları doğulmuş, nikaha daxil olduqdan sonra cavabdehin atasına məxsus evdə yaşamış, 2013-2014-cü illərdə mübahisəli evi tikərək, həmin evə köçmüş, 2023-cü ilədək həmin evdə birlikdə yaşamışlar. Evin iddiaçı ilə birgə nikahları dövründə tikilməsi cavabdeh tərəfindən mübahisələndirilmir, lakin o, evin atasının vəsaiti hesabına tikilməsini bildirir. Bununla yanaşı evin birinci mərtəbəsinin iddiaçının atası tərəfindən təmir etdirilməsi və həmin təmirə 5000 manat pul xərcləməsi də işin mübahisələndirilməyən hallarındandır. Mübahisəli evə dair “Azəriqaz” İstehsalat Birliyi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə müvafiq müqavilələr hazırkı iş üzrə cavabdeh olan Cavabdeh tərəfindən bağlanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə birgə vəsait hesabına ünvan 1 ünvanında yerləşən torpaq sahəsində tikdirdikləri iki mərtəbəli fərdi yaşayış evinə övladları ilə birlikdə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə 29 oktyabr 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X10 doğulmuşlar. Nikahları Abşeron Rayon Məhkəməsinin 2(012)-1678/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, həmin qətnamə ilə uşaqları onun yanında saxlanılmış və 880 manat sabit pul məbləğində aliment tutulmuşdur. Nikaha daxil olub, birgə təsərrüfat apardıqları dövrdə, təxminən 2014-2015-ci illər ərzində Binəqədi rayonu, R.Allahverdiyev küçəsi, döngə 2, ev 2 ünvanında yerləşən torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi tikmiş və orada yaşamışlar. Həmçinin cehiz əşyaları və birgə aldıqları əşyalar həmin evdə olduğundan və cavabdeh onu evdən çıxmağa məcbur etdiyindən, məhkəməyə müvəqqəti təminat tədbiri barədə ərizə verilmiş və həmin əşyaların üzərinə həbs qoyulması xahiş edilmişdir. Cavabdeh onunla telefonla danışanda və göndərdiyi səsli mesajlarda etiraf edərək: “Yaşadığımız evimiz sənədsiz evdir, qanunla mən səni ordan çıxara bilmərəm və bizim birgə nikah dövründə tikilibdir. Mən səni necə evdən çıxara bilərəm” demişdir. 4 uşağı ilə birlikdə evdən çıxmağa məcbur olmuşdur, hazırda heç yerdə işləmir və övladları ilə birgə yaşayış yerinə ciddi ehtiyacı vardır.
4. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 bildirmişdir ki, mübahisəli ev onun vəsaiti hesabına tikilib. İddiaçı etdiyi səhvlərə görə o evdə yaşaya bilməz. Nəvələri lap bu gün köçüb yaşasın – etiraz etmir. Nəvələrinə özü də baxa bilər. Evin təmiri 2013-cü ildə başlayıb, 2014-cü ildə yekunlaşıb. 2014-cü ilin sonuna qədər oğlu və gəlini onunla yaşayıb, sonradan 2014-cü ilin sonunda tikdirdiyi evə köçüblər. Onlar ipoteka ilə ev götürmək istəsələr də o, buna razı olmayıb. Mübahisəli evin tikildiyi torpaq sahəsini 1995-ci ildə onunla işləyən Hənifə Quliyevin adına alıb. Mübahisəli evi oğlunun ailəsi ilə birlikdə yaşaması üçün tikdirmiş, özü həmin evdə heç vaxt yaşamamışdır. Hal-hazırda da həmin evdə heç kim yaşamır. Tikintinin onun tərəfindən aparılmasına dair hər hansı ödəniş qəbzləri, yazılı sübutları yoxdur. Ev tikilən zaman o, Moskvada ticarətlə məşğul idi. Eyni zamanda 2005-ci ildən bu günədək pendir sexi işlədir. Evin tikintisinə nə qədər xərcinin çıxmasını bilmir. 130000 manata qədər xərclərin qeydiyyatını aparmış, sonradan isə digər xərclərin qeydiyyatını aparmamışdır. İddiaçının atası evin 1-ci mərtəbəsinin qonaq otağı, hamam otağı və yemək otağının döşəməsinə 5800 manat xərc çəkib. Halhazırda nəvələri yaşadığı evi qudasına o, verib, bunu qonşular da təsdiq edə bilər. Nə oğlu, nə gəlini mübahisəli evin təmirinə 1 manat belə pul xərcləməyib. Həmin vaxt oğlunun işlədiyi yer və qazancı buna heç imkan verməzdi də. O, ailənin dolanışığına da daim köməklik etmişdir.
5. Şahid qismində dindirilmiş X6 bildirmişdir ki, o, daş ustasıdır. 2013-ci ilin mart ya aprel ayında Sulutəpədə yerləşən evi o, tikmişdir. Yay aylarınadək tikinti davam etmiş, sonradan işi dam ustasına təhvil vermişdir. Ona pulu Nazim müəllim verib, onun bütün danışıqları onunla olub. Nə qədər pul aldığını xatırlamır, amma pul birdəfəlik deyil, hissə-hissə verilib. Ev iki mərtəbəli idi. Hal-hazırda da Nazim müəllimin ailəsində nə tikinti işi olsa yenə də ona etibar edirlər.
6. Şahid qismində dindirilmiş X11 bildirmişdir ki, o, fəhlədir. Nazim müəllimin evində döşəmə, tavan, dam örtüyü işini görmüşdür. Nazim müəllim evi oğlu üçün tikdirirdi. O, gördüyü işlərin pulunu Nazim müəllimdən almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində məhkəməyə bildirdi ki, o, elektrik ustasıdır. Mübahisəli ev Sulutəpədə Nazim müəllim tərəfindən tikdirilib. 2013-cü ildə onun tərəfindən evdə elektrik işləri görülüb. Elektrik xətləri çəkilmədən döşəmə işləri görülmür.
7. Şahid qismində dindirilmiş X7 bildirmişdir ki, o, suvaq ustasıdır. 2013-cü ilin avqustsentyabr aylarında Nazim müəllimin Sulutəpədə yerləşən evində “şkatur” işini görmüşdür. Evin neçə mərtəbəli olmasını xatırlamır. Kürsülü ev idi. Evin təmiri ilə bağlı ona pulları Nazim müəllim verib. Nə qədər pul aldığı yadında deyil. Rauf ona heç vaxt pul verməyib.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 yanvar 2024-cü il tarixli 2(001)-565/2024 nömrəli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia ərizəsi təmin edilmiş, İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2019-cü il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X10 ilə birlikdə ünvan 2 ünvanında inşa edilmiş iki mərtəbəli özbaşına tikili olan fərdi yaşayış evinə köçürülməsi, iddia ərizəsi verilərkən ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
9. Məhkəmə şahidlərin ifadələrinə tənqidi yanaşaraq göstərmişdir ki, X1 tikintiyə nəzarət etməsi, ustalara pul verməsi, evin onun vəsaiti hesabına tikilməsinə birbaşa sübut kimi qəbul edilə bilməz və belə olan halda şahid ifadələri digər sübutlarla yanaşı qiymətləndirilməlidir. X3 özü ifadəsində evin tikintisinə xərclənmiş pulun ona məxsus olduğunu əsaslandırmaq və mənbəyini göstərmək məqsədilə həmin vaxt Moskvada ticarətlə məşğul olduğunu bildirmiş, lakin şahid qismində dindirilmiş ustalar gördükləri işlərə görə hissə-hissə aldıqları pulun onlara yalnız Nazim Əmiraslanov tərəfindən şəxsən verilməsini göstərmişlər. Nazim Əmiraslanovun eyni zamanda başqa ölkədə ticarətlə məşğul olması və burada bir il ərzində tikintini idarə etməsinin mümkünlüyü müəyyən suallar doğurur. Göründüyü kimi, cavabdeh evin atası X1 vəsaiti hesabına tikilməsini məhkəməyə bildirilsə də, bunu birbaşa təsdiq edə biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisəli evdə tikildiyi gündən 10 ilə yaxın müddətdə yaşaması, hal hazırda həmin evdə yaşamaq imkanından məhrum olması cavabdeh tərəfindən qəbul edilir. Məhrum edilmənin qanuniliyinə gəldikdə, nə cavabdehin, nə də hər hansı digər şəxsin həmin evə dair hüquqmüəyyənedici sənədi olmadığından, hazırkı vəziyyətdə iddiaçının dörd uşağı ilə birlikdə həmin evə köçürülməsinə maneələrin törədilməsi əsassızdır. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur. İddiaçının orada əvvəllər yaşamasını və evin məhz tərəflərin ailə olaraq yaşaması üçün tikilməsini tərəflərin heç biri mübahisələndirmir. Bundan başqa, məhkəmə iclasında dinlənilmiş cavabdehə məxsus səs yazısından görünür ki, cavabdeh də iddiaçının mübahisəli evdə yaşamaq hüququnun olmasını inkar etmir. Məhkəmə iclasında səsləndirilən fikirlərdən aydın olur ki, tərəflərin birgə nikahından doğulmuş və həyatlarının çox hissələrini mübahisəli evdə yaşamış uşaqların mübahisəli evdə yaşamasına halhazırda maneə törədilmir. Sadəcə uşaqların anaları olmadan gəlib yaşaya bilmələri qeyd olunur. Halbuki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 1678/2023 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş (xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2019-cu il və xx.xx.2022-ci il təvəllüdlü) uşaqlar ananın yanında saxlanılmışdır.
11. Məhkəmə onu da qeyd etmişdir ki, mübahisəli ev özbaşına tikili olduğundan, iddiaçının evə köçürülməsi iddiaçının həmin evə dair istifadə hüququnun tanınması kimi qiymətləndirilə bilməz. Belə ki, şəxsin daşınmaz əmlaka istifadə hüququnun tanınması üçün həmin əmlak dövlət reyestrində qeydiyyatda olmalıdır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konsititusiyasının 43.1, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarına, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanununa, Mülki Məcəllənin 11.1, 11.2, 27, 180.1, 180.2, Mülki Prosessual Məcəllənin 13.4, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə mübahisəli evin H.H.Quliyevin adına ayrılmış torpaq sahəsində tikilməsinə dair dəlilləri iddianın rədd edilməsi üçün əsas kimi qəbul etmir. Hənifə Quliyev atasının evində usta kimi 1990-cı illərdə işləmiş, sözügedən torpaq sahəsi ilə bağlı Sərəncam atası həmin vaxt Rusiya vətəndaşı olduğundan Hənifənin adına olmuşdur. Bununla bağlı xərclər atası tərəfindən ödənilmiş və faktiki sahib atası olmuşdur. Sərəncamın tarixinin 1995-ci ilə təsadüf etdiyi nəzərə alınsa torpaq sahəsinin Hənifənin adına olsa da atası tərəfindən alındığı aşkardır. Məhkəmə şahid ifadələrinə qərəzli yanaşmışdır. İddiaçı evin onun vəsaiti hesabına tikilməsinə dair sübut təqdim etməmişdir. İddiaçı onun kredit götürüb evi tikdirməsini bildirsə də, sübut təqdim etməmşdir. Ev 2013-2014-cu illərdə tilkilmiş, o isə 2014-cü ilin sentyabrından Vəkillər Kollegiyasının üzvü olmuşdur. X14 evə dair sərəncam vermək hüququ olmasa da gözlənilən mülkiyyət hüququ vardır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı tərəf apellyasiya şikayətinə etiraz ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
17. İddiaçı və nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
19. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
20. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.
21. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
22. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
23. Maddə 11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
32. Göründüyü kimi mübahisəli ev özbaşına tikilidir.
33. Tərəflər 2010-cu ildə ailə qurmuş, birgə nikahdan dörd uşaqları doğulmuşdur. Mübahisəli ev 2013-2014-cü illərdə tikilmiş, həmin vaxtdan 2023-cü ilədək birlikdə mübahisəli evdə yaşamışlar.
34. Cavabdeh X8 torpaq sahəsi ayrılmasına dair xx.xx.1995-ci il tarixli Sərəncama istinad edərək, sərəncamın Hənifə Quliyevin adına olasa da, əslində torpaq sahəsinin atasına məxsus olduğunu və evin də atası tərəfindən tikildiyini bildirir.
35. Lakin evin birinci mərtəbəsinin təmir etdirilməsi üçün iddiaçının atası tərəfindən 5000 manat pul xərclənməsi işin mübahisəsiz halıdır.
36. Göründüyü kimi özbaşına tikili olan mübahisəli ev tərəflərin birgə nikah dövründə - 2013-2014-cü illər ərzində inşa edilmiş, həmin dövrdən tərəflər və onların uşaqları mübahisəli evdə yaşamışlar. Evin təmirində iddiaçının atası tərəfindən 5000 manat pul xərclənmişdir.
37. Digər tərəfdən təqdim edilmiş sərəncamla Hənifə Quliyevə torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin mübahisəli evin tikildiyi torpaq sahəsi olması isə müəyyən edilmir, bununla yanaşı məhkəmə haqlı olaraq göstərmişdir ki, bu hal təsdiq edilmiş olsa belə, bu xüsusat H.H.Quliyevin “gözlənti hüququnun” realizə edilməsi səlahiyyətini nə cavabdehə, nə də hər hansı digər şəxsə vermir.
38. Cavabdehin bununla bağlı apellyasiya şikayətinin dəlilləri əsassızdır.
39. İddiaçı hazırda uşaqları ilə birlikdə həmin evə köçürülməsini tələb edir.
40. Formalaşmış təcrübəyə əsasən özbaşına tikiliyə köçürmə o halda baş verə bilər ki, iddiaçının həmin yaşayış evinin əldə edilməsində, tikilməsində və ya əsaslı təmirində iştirakı olsun.
41. Baxılan iş üzrə isə iddiaçının atası tərəfindən ev üçün 5000 manat vəsait xərclənməsi mübahisəsizdir.
42. Eyni zamanda, evin tikilməsində tərəflərin bilavasitə özlərinin də bu və ya digər şəkildə iştirakını (maddi vəsait sərf edilməsi, material seçilməsi və s.) istisna etmək olmaz.
43. Kollegiya onu da qeyd edir ki, hətta evin tikilməsi cavabdehin atası tərəfindən həyata keçirilməsi barədə dəlillər inandırıcı hesab olunsa belə, aydındır ki, çəkilən xərc (vəsait) məhz tərəflərin birgə yaşaması üçün tikilən evə sərf olunduğundan, həmin vəsaitin tərəflərə bağışlanması kimi dəyərləndirilməlidir.
44. İddiaçı özünün və övladlarının yeganə yaşayış sahəsi olan, hüquq müəyyənedici sənədi olmayan tikilidə uzun müddət övladları ilə birlikdə yaşadığından, cavabdehlə birgə nikah dövründə əldə edərək, birgə vəsait hesabına bu evdə tikinti işləri apardığından, cavabdeh istinad etdiyi hallar iddiaçının və övladlarının həmin tikiliyə köçürülməmələri üçün əsas olmadığından məhkəmə haqlı olaraq iddianın təmin edilməsi qənaətinə gəlmişdir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-565/2024 nömrəli iş üzrə 23 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.