Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2589/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək haqqının bərpa olunması və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 sentyabr 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün və cavabdeh MMC-nin vəkili (nümayəndəsi) X1 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İş üzrə İddiaçı, cavabdeh MMC-yə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, pozulmuş insan hüquqlarının, 2018-ci ilin dekabr ayından 2020-ci ilin iyun ayına kimi şənbə, bazar, bayram günləri və gücləndirilmiş iş rejimlərində normadan artıq iş günləri (118 gün) və normadan artıq iş saatlarına görə işlədiyi və almadığı 4.130 manat məbləğində əmək haqqının, bundan başqa ona dəymiş maddi və mənəvi ziyana görə 5.000 manat məbləğində pulun cavabdehdən MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sabiq hərbi qulluqçu, Qarabağ veteranı olan iddiaçı, 13.01.2014-cü il tarixdən cavabdeh MMC-də hissə, bölmə rəisi vəzifəsində 6 ildir qüsursuz xidmət edir və “xxxx” MMC-nin təhlükəsizliyini təmin edir. Cavabdeh MMCnin direktoru, hazırda isə direktor müavini vəzifəsində işləyən Teymur Əliyev və hazırda direktor işləyən Vaqif İsgəndərov qalıb işləməsi üçün iddiaçıdan rüşvət tələb etmiş, istəklərinə nail ola bilmədikləri üçün iddiaçıya təzyiqlər etməyə başlamış, iddiaçının əvvəllər aldığı 1.000 manata yaxın əmək haqqı Teymur Əliyev tərəfindən 500 manata endirilmişdir. Bundan başqa, T.Əliyev iddiaçını şənbə, bazar və bayram günləri gücləndirilmiş iş rejimlərində məcburi işə cəlb etmiş, lakin heç bir əlavə ödəniş və mükafat verməmişdir. 2019-cu ilin iyul ayından direktor vəzifəsini müvəqqəti icra edən Vaqif İsgəndərov “Şimal-2” Enerji blokunun açılış tədbiri ilə əlaqədar olaraq iddiaçının rəhbərlik etdiyi bölmənin şəxsi heyətini, o cümlədən iddiaçını gücləndirilmiş iş rejiminə keçirilməsi barədə 18.07.2019-cu il tarixdə 167 saylı əmr imzalamışdır. Həmin əmr 18.07.2018-ci il tarixdən 05.09.2019-cu il tarixədək qüvvədə olmuş, lakin əmr kadrlar və mühasibatlıq şöbəsi tərəfindən gizlədilərək icra olunmamışdır. Həmin ərəfədə iddiaçı, şənbə, bazar və bayram günləri gücləndirilmiş iş rejimində V.İsgəndərov tərəfindən məcburi işlərə cəlb edilsə də, iddiaçıya heç bir əlavə və mükafat verilməmişdir. İş üzrə cavabdeh MMC-nin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı 13.01.2014-cü il tarixdən 14 saylı mühafizə hissəsinə (“STP” satış mərkəzi) 4-cü dərəcəli atıcı vəzifəsinə, 02.09.2014-cü il tarixli əmək müqaviləsinə əsasən 03.09.2014-cü il tarixdən 3 saylı mühafizə hissəsinin 10-cu dərəcəli hissə rəisi vəzifəsinə təyin olunmuşdur. 12.02.2019-cu il tarixdən işlədiyi hissə 1 saylı mühafizə bölməsi adlandırılmışdır. Cavabdehin «“xxxx” MMC-nin 2-ci Enerji blokunun istismara tam hazır vəziyyətə gətirilməsi ilə bağlı mühafizə xidmətinin gücləndirilməsi barədə» 18.07.2019-cu il tarixli 167/kş saylı əmrinə əsasən 20.07.2019-cu il tarixdən xüsusi göstərişədək MMC-nin idarə heyəti və 1 saylı mühafizə bölməsinin şəxsi heyəti gücləndirilmiş iş rejiminə keçirilmişdir. İddiaçının 18.07.2019-cu il tarixdən 05.09.2019-cu il tarixədək olan müddətdə şənbə, bazar və bayram günləri gücləndirilmiş iş rejimində məcburi işə cəlb olunması və bunlara görə ona əlavə iş günlərinə və normadan artıq iş saatlarına görə ödəniş və ya mükafat verilməməsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı cavabdehin 1 saylı mühafizə bölməsinin rəisi kimi iş vaxtının uçotu cədvəlini özü tərtib edib imzalamış, iddiasında göstərdiyi aylarda iş vaxtından artıq işləməmiş, tabeldə özünə artıq iş saatı yazmadığına görə bunun üçün əlavə əmək haqqı ödənilməmiş, idarədə bununla əlaqədar hər hansı bir əmr verilməmiş və iddiaçının həmin aylarda əlavə işə cəlb olunması barədə müvafiq əmr və işəgötürənin işçidən buna dair yazılı xahişi olmamışdır. Əvvəllər isə, konkret olaraq 2018ci ilin oktyabr, noyabr, dekabr və 2019-cu ilin yanvar, fevral aylarında iddiaçıya əlavə iş saatları üçün ikiqat ödəmə edilmiş, 2019-cu ilin mart ayından etibarən isə, artıq əlavə iş günlərinə cəlb edilmə və normadan artıq işləmə halları olmadığından buna görə ödəmələr olunmamışdır. İddiaçının istinad etdiyi gücləndirilmiş iş rejimi ilə bağlı 18.07.2019-cu il tarixli 167 saylı əmrdə işçilərin əlavə işə cəlb edilməsi və buna görə əlavə ödəniş verilməsinə dair heç bir müddəa yoxdur, bununla əlaqədar heç kimə əlavə əmək haqqı verilməmişdir. Gücləndirilmiş iş rejimi dövründə yalnız “xxxx” ASC-nin Prezidentinin əmrinə uyğun olaraq “xxxx” MMC-nin ərazisinə podratçı təşkilatların əməkdaşlarının buraxılmasının xüsusi qaydası tətbiq olunmuş, mühafizə postlarında şəraitə uyğun dislokasiya aparılmış, bəzi postlarda olan mühafizəçilər növbəyə xidməti silahla çıxmışlar. Göstərilənlərə əsasən isə müəyyən edilir ki, iddiaçının iddia tələbi əsassızdır. İşə baxmış Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 30.09.2020-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək şikayətin dəlillərinə etiraz etdi və iddiaya etirazın məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 2667 saylı “Əmək müqaviləsinə” əsasən iddiaçı 13.01.2014-cü il tarixdən 13.04.2014-cü il tarixədək (bir ay sınaq müddəti olmaqla) MMC-nin 14 saylı mühafizə hissəsinə (“STP” satış mərkəzi) 4-cü dərəcəli atıcı vəzifəsinə təyin edilmişdir. Sonradan tərəflər arasında yenidən bağlanmış 2667 saylı əmək müqaviləsinə əsasən iddiaçı 03.09.2014-cü il tarixdən 03.12.2014-cü il tarixədək (bir ay sınaq müddəti olmaqla) MMC-nin 3 saylı mühafizə hissəsinə 10-cu dərəcəli hissə rəisi vəzifəsinə təyin olunmuşdur. Daha sonra iddiaçı ilə müddətsiz əmək müqaviləsi (əmək müqaviləsi 30.05.2019-cu il tarixdə qeydiyyata alınmışdır) bağlanılmaqla iddiaçı, cavabdeh MMC-nin 1 saylı mühafizə hissəsinin rəisi vəzifəsinə təyin olunmuşdur (sonuncu vəzifəsi). İddiaçı bildirir ki, o, şənbə, bazar və bayram günləri gücləndirilmiş iş rejimlərində məcburi işə cəlb edilmiş, lakin ona işəgötürən tərəfindən heç bir əlavə ödəniş və ya mükafat verməmişdir. Bunları nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 99-cu maddəsinin 1-ci bəndinə görə, iş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Əmək Məcəlləsinin 99-cu maddəsinin 2-ci bəndinə görə, təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejiminin təmin edilməsi, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir. Məcəllənin 101-ci maddəsinin 1-ci hissəsində isə iş vaxtından artıq işlərə müstəsna hallarda yol verilməsinin növləri şadlanır. Bunlara aiddir: a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə; b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün; c) başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda; ç) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda; d) əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda. Məcəlləsinin 107-ci maddəsində görə, bu Məcəllənin 101-ci maddəsinin “a” və “b” bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir. Cavabdeh MMC-nin 18.07.2019-cu il tarixdə qəbul etdiyi 167/ks saylı əmrindən də görünür ki, sözügedən əmrdə 20.07.2019-cu il tarixdən cavabdehin idarə heyəti və 1 saylı mühafizə bölməsinin şəxsi heyətinin gücləndirilmiş iş rejiminə keçirilməsi, bununla bağlı 20.07.2019-cu il tarixdən etibarən “xxxx” MMC-nin ərazisinə giriş-çıxış qaydalarının müəyyən olunması, ərazidə müəyyən postların yaradılması, sahənin perimetri boyunca mühafizə xidmətinin təmin olunması ilə əlaqədar tədbirlər barədə məsələlər nəzərdə tutulmuşdur. 26.12.2018-ci il, 16.01.2019-cu il, 18.03.2019-cu il, 15.05.2019-cu il, 14.08.2019-cu il, 10.10.2019-cu il, 21.12.2019-cu il, 26.12.2019-cu il və 16.03.2019-cu il tarixlərdə cavabdeh tərəfindən telefonoqrammalar verilmiş və həmin telefonoqramlarda (11.10.2019cu il tarixdə verilmiş telefonoqramdan başqa) şəxsi heyətin yalnız gücləndirlmiş iş rejiminə keçirilməsi və bununla bağlı mühafizə tədbirlərin görülməsi əks olunmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh MMC üzrə qəbul edilmiş nə 18.07.2019-cu il tarixli 167/kş saylı əmrdə, nə də cavabdeh MMC tərəfindən müxtəlif vaxtlarda verilmiş yuxarıda qeyd edilən telefonoqramlarda işçilərin iş vaxtından artıq işlərə cəlb edilməsi nəzərdə tutulmamış, həmin əmr və telefonoqramlarda işçilərin əvvəlcədən müəyyən edilmiş gündəlik iş saatları müddətində yerinə yetirdiyi adi xidmət rejimindən fərqlənən gücləndirilmiş şərtlərlə xidmət göstərmələri barədə tapşırıqlar əks olunmuşdur. İş materiallarında olan və iddiaçının özü tərəfindən tərtib edilmiş “İş vaxtının uçotu cədvəlində” iddiaçının tələb etdiyi iş vaxtı müddətlərində özünün iş vaxtından artıq iş saatlarında işləməsi ilə bağlı qeydiyyatın aparılması müəyyən olunmur. Halbuki, iddiaçı məhkəmə baxışı zamanı özü də bildirmişdir ki, onlara (işçilərə) əmək haqqının hesablanması həmin cədvəllə müəyyən edilmiş iş saatları nəzərə alınmaqla həyata keçirilir. İş üzrə iddiaçı istirahət və bayram günlərində işə cəlb edilməsi barədə qeydiyyatın məhkəməyə təqdim etdiyi 20.07.2019-cu il tarixdən 08.11.2019-cu il tarixədək dövrü əhatə edən “1 saylı postun təhvil-təslim jurnalı” adlı kitabda aparıldığını bildirmişdir. Lakin həmin kitab iddiaçının özü tərəfindən tərtib edilmiş, cavabdeh MMC tərəfindən isə hər hansı formada təsdiq edilməmişdir. Bundan başqa, hətta həmin kitabla belə iddiaçının istirahət və bayram günlərində 118 gün müddətində artıq işlərə cəlb edilməsi halı öz təsdiqini tapmır. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iddiaçının 2018-ci ilin dekabr ayından 2020-ci ilin iyun ayınadək şənbə, bazar, bayram günləri və gücləndirilmiş iş rejimlərində normadan artıq iş günləri (118 gün) və normadan artıq iş saatlarına görə işlədiyi və almadığı 4.130 manat məbləğində əmək haqqı tələbi ilə bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş hesablaşma vərəqələri ilə müəyyən edilir ki, iddiaçıya 2018-ci ilin oktyabr, noyabr, dekabr, 2019-cu ilin yanvar və fevral ayları üzrə əlavə iş saatlarına görə ikiqat əmək haqqı, habelə 2019-cu ilin mart, avqust və dekabr ayları üzrə bayram günlərinə görə əlavə pul ödənilmişdir. İddiaçı ona 4.130 manat əlavə əmək haqqı ödənilməsini tələb etsə də, həmin pul məbləğinin hansı müddət üçün, artıq işlədiyi neçə saat və neçə istirahət və bayram günləri üçün tələb etməsi ilə bağlı iddia tələbinin faktiki əsaslarını göstərə bilməmiş, habelə həmin halları təsdiq edən sübutları belə məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə, iddianı maddi və mənəvi zərərin tələb edilməsi hissəsində də əsassız hesab edərək qeyd edir ki, iddiaçı ona maddi zərər dəydiyini, yaşadığı maddi və mənəvi ziyana görə ona pul formasında təzminat ödənilməsini tələb etsə də, dəymiş maddi və mənəvi zərərin, bu zərərin dəyməsində cavabdehin təqsirinin nədən ibarət olduğunu iddia ərizəsində göstərməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında deyilir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh MMC-nin iddiaçıya münasibətdə qanunsuz hərəkət etməsi, iddiaçının hüquqlarını pozması müəyyən edilmədiyindən MMC tərəfindən iddiaçıya maddi və mənəvi zərər vurmasından söhbət gedə bilməz. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 sentyabr 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2589/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2589/2021
16.04.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver