Məhkəmə qərarları › İş №2(103)-2590/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2590/2020

16.06.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2590/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə1, Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında cavabdehin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mənzil üzərində iddiaçının mülkiyyət hüququnun bərpa olunaraq onun adına çıxarış verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)-3736/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında cavabdehin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mənzil üzərində iddiaçının mülkiyyət hüququnun bərpa olunaraq onun adına çıxarış verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı öz mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsində yerləşən 6 saylı evin 40 saylı mənzilini xx xxxxxx 2011ci il tarixli bağışlama müqaviləsinə əsasən nəvəsi Cavabdeh bağışlamış, müqavilə bağlanarkən cavabdeh iddiaçının daima qayğısına qalacağını öhdəsinə götürsə də, bir müddətdən sonra o, ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş öhdəlikləri hədiyyə verənin və onun yaxın qohumlarının barəsində kobudcasına pozmuşdur. İddiaçının müqavilənin əsasında durmuş təsəvvürləri yanlış çıxmış, müqavilə bağlandıqdan sonra ötən müddət ərzində şərait dəyişdiyinə görə o, bağışlama müqaviləsinin ləğv olunması və mənzil üzərində öz mülkiyyət hüququnun bərpa olunması üçün məhkəmədə iddia qaldırmışdır. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1 və 673.1.2-ci maddələri ilə əsaslandırılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 3736/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun deyil. Belə ki, hələ cavabdehin 6 yaşı olanda iddiaçı iddia predmeti olan mənzili cavabdehə vəsiyyət etmiş, 2011-ci ildə isə həmin mənzili bağışlama müqaviləsi ilə cavabdehin mülkiyyətinə keçirmişdir. Mənzil cavabdehin mülkiyyətinə keçdikdən sonra cavabdehin vəsaiti hesabına orada əsaslı şəkildə təmir işləri görülmüşdür. Cavabdeh 2018-ci ilin yayına qədər babası İddiaçılə bir ailə kimi mehriban şəraitdə yaşamış, daima ona qayğı göstərmiş, babası xəstə olduğu vaxtlarda onun yanında olmuş və qulluğunda durmuşdur. Cavabdehin iddiaçıya qayğı göstərməməsi, onunla kobud davranması barədə deyilənlər həqiqətə uyğun deyil. Tərəflər arasında bağlanmış bağışlama müqaviləsində Cavabdeh üzərinə hər hansı öhdəlik götürməmişdir. Qanunvericilikdə isə nəvənin baba qarşısında yeganə öhdəliyi Ailə Məcəlləsinin 90-cı maddəsində təsbit olunmuş nəvənin aliment öhdəliyidir. Hazırkı halda iddiaçı maddi vəziyyətinə görə cavabdehdən aliment tələb etməmiş və onun ümumiyyətlə nəvəsindən aliment almağa maddi cəhətdən ehtiyacı olmamışdır. Beləliklə, cavabdehin iddiaçı qarşısında nə müqavilədən, nə də qanundan irəli gələn öhdəliyi olmamışdır. Bundan əlavə, iddiaçı Mülki Məcəllənin 422.1-ci maddəsinə istinad edərək şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə görə bağışlama müqaviləsinin ləğvini tələb etsə də, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin nədən ibarət olduğunu əsaslandırmamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 hər biri ayrı-ayrılıqda apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh izahatında bildirdi ki, onun babası ilə münasibəti həmişə normal olmuş, daima babasının qayğısına qalmışdır. Babasının da ona qarşı münasibəti yaxşı olmuş, qarşılıqlı olaraq bir-birinə dəstək olmuşlar. 2017-ci ildə o, ailə qurduqdan sonra da həyat yoldaşı və babası ilə birlikdə həmin mənzildə yaşamağa davam etmiş, ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan atasının və bibisinin təsiri ilə babası onunla və həyat yoldaşı ilə yola getməməyə başlamışdır. Babası ahıl yaşda olduğuna görə onun hərəkətlərinə reaksiya verməmiş, yenə onun qayğısına qalmağa davam etmişdir. Lakin babasının hərəkətlərinin dözülməz olduğunu görüb 2019-cu ilin sentyabr ayında həyat yoldaşı ilə birlikdə yaşadıqları mənzili tərk edib kirayə evdə yaşamağa başlamışdır. Halhazırda da o, babası ilə barışmaq, münasibətlərinin əvvəlki kimi davam etməsini istəyir. O heç vaxt babasından narazı olmamış, heç vaxt onu təhqir etməmişdir. Babasının iddia ərizəsində göstərilən “ölüb getmirsən ki, bu evi rahat satım. Bəlkə, sən hələ 30 il də yaşayacaqsan?” kimi ifadələri heç vaxt işlətməmişdir. Hesab edir ki, onu uşaq yaşlarından atıb getmiş atası və bibisi bu işi qurararaq mənzili ələ keçirmək məqsədilə ahıl yaşında olan babasını bu iddianı qaldırmağa vadar etmişlər. Babası tərəfindən ona bağışlanan mənzil onun yeganə yaşayış yeridir. Həmin mənzili o əsaslı şəkildə təmir etdirmiş, təmirdən əvvəl 40000 manata yaxın qiyməti olan mənzilin dəyəri xeyli artmışdır. Hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək izahatında göstərdi ki, evin əsaslı təmiri onun hesabına aparılmış, cavabdeh tərəfindən təmirə cüzi xərc çəkmişdir. Kommunal ödənişlər də onun tərəfindən edilmişdir. Son dövrlərdə isə nəvəsi onunla yola getməmiş, ona qarşı pis davranmışdır. Cavabdeh öz doğma atasının evdən pasport qeydiyyatından çıxarılması üçün məhkəməyə müraciət etmiş, halbuki cavabdehə həmin evin bağışlanmasına məhz onun atası razı olmuşdur. Bundan əlavə nəvəsinin barışıq təklifinə qəti razı deyildir. O, nəvəsinin onunla münasibətinin yenidən normal olacağına inanmır, evində rahat və dinc yaşamaq istəyir. Qeyd edilənlərə görə İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə1 təmsil etdiyi şəxsin izahatına uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və Bakı şəhəri 50 saylı notariat kontorunun nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)-3736/2019 saylı qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işdə olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Əli Vəliyev küçəsindəki 6 nömrəli evin 40 nömrəli mənzili xx xxxxxxx 1995-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 23 saylı Dövlət notariat kontorunda təsdiq olunmuş xx xxxxx 1996-cı il tarixli vəsiyyətnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Əli Vəliyev küçəsindəki 6 nömrəli evin 40 nömrəli mənzilini nəvəsi Cavabdeh vəsiyyət etmişdir. İş materiallarında olan Bakı şəhərinin notariusu K.Rəhmanov tərəfindən təsdiq olunmuş xx xxxxxx 2011-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Əli Vəliyev küçəsindəki 6 nömrəli evin 40 nömrəli mənzilini nəvəsi Cavabdeh bağışlamışdır. Yenə iş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA Seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri Əli Vəliyev küçəsindəki 6 nömrəli evin 40 nömrəli mənzili xx xxxxxx 2012-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.2.1-ci maddəsinə əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər ki, həmin öhdəliklər bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı təminat əldə etməsi ilə bağlı olmamalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı öz iddiasını Cavabdeh onun qayğısına qalmaqdan boyun qaçırması, onu təhqir etməsi və ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş öhdəlikləri hədiyyə verənin və onun yaxın qohumlarının barəsində kobudcasına pozması ilə əsaslandırmış və şəraitin dəyişməsi əsasına görə müqavilənin ləğvini tələb etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bağışlama müqaviləsinin ləğvi ilə bağışlamaqdan imtina fərqli anlayışlardır. Belə ki, bağışlamaqdan imtina əmlakı gələcəkdə bağışlamaq vədi verildikdə və bağışlamanın hələ həyata keçirilmədiyi halda tətbiq olunduğu halda, bağışlamanın ləğvi bağışlama müqaviləsi bağlandıqdan sonra tətbiq olunur. Hazırkı işdə tərəflər arasında bağışlama müqaviləsi xx xxxxxx 2011-ci ildə bağlanmış və iddia qaldırıldığı dövrdə müqavilənin bağlanmasından 8 ilə yaxın vaxt keçmişdir. Bağışlama müqaviləsinin məzmunundan görünür ki, müqavilə bağlanarkən cavabdeh iddiaçı qarşısında hər hansı bir öhdəlik götürməmişdir. Ailə hüquq münasibətlərindən irəli gələn öhdəliyə gəldikdə isə, cavabdeh tərəfin apelyasiya şikayətində doğru qeyd etdiyi kimi, nəvənin baba qarşısında yeganə öhdəliyi Ailə Məcəlləsinin 90-cı maddəsində təsbit olunmuş nəvənin babanı saxlamaq öhdəliyidir. Həmin maddəyə əsasən, əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan baba və nənə saxlanmaq üçün yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) maddi yardım ala bilmədikdə, zəruri vəsaitə malik nəvələrdən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər. İş materiallarından görünür ki, İddiaçı nə maddi yardıma ehtiyacı olmuş, nə də nəvəsindən aliment tələb etməmişdir. Beləliklə, hazırkı işdə cavabdehin iddiaçı qarşısında nə müqavilədən, nə də qanundan irəli gələn öhdəliyi olmamışdır. Cavabdehin iddiaçını təhqir etməsi, onunla kobud davranması və həmin mənzildə yaşayışını dözülməz etməsi barədə iddia ərizəsində göstərilənlər iddiaçının izahatından başqa heç bir sübutla təsdiq olunmamaqla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, bu hallar təsdiq olunsa belə, ailə hüquq münasibətlərinə uyğun olaraq nəvənin üzərinə qoyulmuş vəzifələrin kobudcasına pozulması kimi qiymətləndirilə bilməz. Cavabdeh ona bağışlanmış mənzildən atası Xalıq Quliyevin istifadə hüququnun itirilməsini tələb etməsi isə hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin yaxın qohumunun barəsində kobudcasına pozulması kimi qiymətləndirilə bilməz. Şəraitin dəyişməsi əsasına görə bağışlama müqaviləsinin ləğvinə gəldikdə isə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. İddiaçı tərəf şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin nədən ibarət olduğunu kifayət qədər əsaslandırmamışdır. İddia ərizəsində hazırkı iddianın qaldırılmasının əsaslarından biri kimi cavabdehin müqavilə bağlanarkən mənzil ona bağışlandığı təqdirdə iddiaçının qayğısına qalacağını bildirməsi göstərilmişdir. Halbuki, Mülki Məcəllənin 666.1-ci maddəsinin məzmunundan da görünür ki, bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bağışlama müqaviləsi ilə bağlı mülki qanunvericiliyin normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Buna görə də qətnamə ləğv edilməli, iddia əsassız olduğundan, rədd edilməlidir. İddia əsassız olduğuna görə, məhkəmə kollegiyası iddia müddətinin tətbiqinə zərurət görmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.6-cı maddəsinə əsasən, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. İddia rədd edildiyindən və apelyasiya şikayəti təmin edildiyindən, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, apelyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu isə iddiaçıdan tutulub cavabdehə ödənilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.6, 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)- 3736/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında cavabdehin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mənzil üzərində iddiaçının mülkiyyət hüququnun bərpa olunaraq onun adına çıxarış verilməsi tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin, apelyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıdan tutulub cavabdehə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar