Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2592/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı aliment və əlavə xərclərdə iştirak tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2(005)- 3934/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment və əlavə xərclərdə iştirak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli 2(005)- 3934/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən 21 oktyabr 2021-ci il tarixdə iddiaçı apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli 2(103)-11412/2021 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilmiş və Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün şikayət mülki işlə birlikdə Nərimanov Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2(005)- 3934/2021 saylı qərardadına əsasən həmin məhkəmənin 27 avqust 2021-ci il tarixli 2(005)-3934/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2(005)-3934/2021 saylı qərardadından şikayət verərərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə apellyasiya şikayətini geri qaytararkən şikayətin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin hansı tələblərinə uyğun olmamasını göstərməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2(005)- 3934/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Güründüyü kimi İddiaçı apellyasiya şikayəti Mülki Prossesual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin ünvanı, apellyatorun şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar və şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməmiş, apellyasiya şikayəti əsaslandırılmamış, şikayətdə yalnız maddi və prosessual hüquq normaları sadalanmışdır. Bu barədə nəinki birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadında, həm də apelyasiyanın qeyri-mümkünlüyü barədə Bakı Apellyasiya Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli 2(103)-11412/2021 saylı qərardadında da göstərilmiş, iddiaçı həmin qərardadı 17 noyabr 2021-ci il tarixdə alsa da, qərardaddan kassasiya şikayəti verməmiş, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlili əsassızdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Buna görə də şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2(005)-3934/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan, dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Apellyasiya şikayətinin geri qaytarılması haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2(005)-3934/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2592/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2592/2022
15.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver