Məhkəmə qərarları › İş №2(103)-2592/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2592/2025

07.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2592/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiаçı İddiaçı iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-235/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İşin halları

1. Bakı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 13 avqust 2024-cü il tarixli MŞB/1/2024-00328 saylı arayışdan görünür ki, Cavabdeh 13 avqust 2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərci ödəmişdir.

2. Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 394-ABC-0642-23 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı istehlak məqsədləri üçün 18 ay müddətinə illik 27% ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmişdir.

3. "xxxx" (Azərbaycan) ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 330826-1-26253 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı istehlak məqsədləri üçün 60 ay müddətinə illik 21,90 % ödəmək şərtilə 12800 manat məbləğində kredit verilmişdir.

4. "xxxx" (Azərbaycan) ASC tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi (1300 manat məbləğində kredit) üzrə borc ödənilmişdir və ödənilməmiş öhdəlik qalmamışdır.

5. "xxxx" (Azərbaycan) ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən borcunu tam bağlamışdır.

6. 17.02.2024-cü il tarixli beh müqaviləsinin surətindən görünür ki, Səfərova X4 rayonu, 28 may qəsəbəsi, şəhid Rufiz Budaqov küçəsi, ev 100 ünvanında yerləşən mənzili 45000 manata satmışdır. Cavabdeh X2 5000 manat məbləğində beh vermişdir.

7. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2-(001)-2132/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı istifadə hüququ tanınmaqla mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilmişdir: Birgə nikah dövründə Binəqədi rayonu, 28 May qəsəbəsində aldıqları torpaq sahəsi və onun üzərində inşa etdikləri fərdi yaşayış evinə İddiaçı payı müqabilində ona 24000 (iyirmi dörd min) manat pul məbləğini verməyi öhdəsinə götürür. Cavabdeh birgə nikah dövründə əldə etdikləri “Chery Tiggo T11” markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərini İddiaçıla aralarında olan qarşılıqlı razılıq əsasında 10000 (on min) manat məbləğində qiymətləndirdikləri üçün, özünə düşən pay məbləği olan 5000 (beş min) manatı İddiaçı veriləcək 24000 (iyirmi dörd min) manat məbləğindən çıxaraq, yekun məbləğ olaraq İddiaçı həmin məbləğin 10000 (on min) manatı 10 iyun 2024- cü il tarixədək, yerdə qalan 9000 (doqquz min) manatı isə 15 iyul 2024-cü il tarixdə verməyi öhdəsinə götürür. 2. Birgə nikah dövründə əldə etdikləri “Chery TiggoT11” markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomaşına dair gələcəkdə hər hansı tələbi olmayacaqdır. İddiaçı öhdəlikləri: 1. Cavabdeh tərəfindən ona 19000 (on doqquz min) manat pul məbləğinin verilməsi qarşılığında birgə nikah dövründə Binəqədi rayonu, 28 May qəsəbəsində aldıqları torpaq sahəsi və onun üzərində inşa etdikləri fərdi yaşayış evinə olan payından imtina edir və gələcəkdə Cavabdeh qarşı hər hansı daşınmaz əmlak tələbi omayacaqdır. 2. Cavabdeh birgə nikah dövründə əldə etdikləri “Chery Tiggo T11” markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərini Cavabdeh ilə aralarında olan qarşılıqlı razılıq əsasında 10000 (on min) manat məbləğində qiymətləndirdikləri üçün, Cavabdeh düşən pay məbləği olan 5000 (beş min) manatı özünə veriləcək 24000 (iyirmi dörd min) manat məbləğindən çıxaraq, yekun məbləğ olaraq Cavabdeh həmin məbləğin 10000 (on min) manatını 10 iyun 2024-cü il tarixədək, yerdə qalan 9000 (doqquz min) manatı isə 15 iyul 2024-cü il tarixdə alacaqdır. 3. Barışıq sazişi təsdiq olunub, 15 iyul 2024-cü il tarixdə 9000 (doqquz min) manat pul vəsaitini aldığı gün, Binəqədi rayonu, 28 May qəsəbəsində aldıqları torpaq sahəsi və onun üzərində inşa etdikləri fərdi yaşayış evinə dair bütün kommunal xidmətləri (müqavilələri) (elektrik, su, qaz və s.) Cavabdeh adına keçirəcək. 4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan istifadə hüququ tanınmaqla mənzilə köçürülmə tələbinə dair e-2(001)- 2132/2024 nömrəli mülki iş üzrə iddiasından imtina edir və həmin iş üzrə icraata xitam verilməsinə etiraz etmir.

8. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2-(001)-2132/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı üzrə ilkin məbləğ 10000 manat pul vəsaitini almışdır.

9. 19.07.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2-(001)-2132/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı üzrə yekun məbləğ 9000 manat pul vəsaitini almışdır.

10. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-138/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X3 29 avqust 2007-ci il tarixdə nikaha daxil olmuşlar. İddiaçı ilə Cavabdeh arasında Bakı Şəhəri Nizami Rayon VVADQ Şöbəsində 29 avqust 2007-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 664 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş “Hisense” markalı, 2000 dollar (3400 manat) dəyərində televizor, 800 (səkkiz yüz) manat dəyərində olan soyuducu, “Embawood” mebel mağazasından alınmış ümumi 1800 manat (bir min səkkiz yüz manat) dəyərində olan 01 ədəd yataq, 02 ədəd şkaf, 01 ədəd termodan ibarət 01 ədəd yataq dəsti, 1500 (bir min beş yüz) manat dəyərində mətbəx mebeli üzərində ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh mülkiyyət hüququnun müəyyən olunmasına dair; “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 330826-1-26253 saylı kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənilmiş 4452 manat (dörd min dörd yüz əlli iki manat) (318 manat x 14 ay) məbləğində pul vəsaitinin yarısının, yəni 2226 manat (iki min iki yüz iyirmi altı manat) məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair; “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 330826-1-26253 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixindən xx.xx.2026-cı il tarixinədək aylıq ödənişlərin yarı hissəsinin, yəni 159 (bir yüz əlli doqquz) manat (318 manat: 2=159 manat) məbləğində pul vəsaitinin hər ayın 07 tarixində Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair; Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 394-ABC0642-23 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənilmiş 1820 (bir min səkkiz yüz iyirmi) manat (140 manat x 13 ay) məbləğində pul vəsaitinin yarısının, yəni 910 manat (doqquz yüz on manat) məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair; Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 394-ABC0642-23 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək aylıq ödənişlərin yarı hissəsinin, yəni 70 manat (yetmiş manat) (140 manat:2=70 manat) məbləğində pul vəsaitinin hər ayın 10 tarixində Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair; ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edilməsi məqsədilə iddia ərizəsinin tərtib olunmasına görə tərəfindən ödənilmiş 50 manat (əlli manat) məbləğində xidmət haqqının Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair; mediasiya xərci üçün tərəfindən ödənilmiş 60 manat (altmış manat) məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair; məhkəmə üçün ödənilmiş 85 manat (səksən beş manat) məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 330826-1- 26253 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənilmiş 4452 manat (dörd min dörd yüz əlli iki manat) (318 manat x 14 ay) məbləğində pul vəsaitinin yarısının, yəni 2226 manat (iki min iki yüz iyirmi altı manat) məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair; “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 330826-1- 26253 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixindən xx.xx.2026-cı il tarixinədək aylıq ödənişlərin yarı hissəsinin, yəni 159 (bir yüz əlli doqquz) manat (318 manat: 2=159 manat) məbləğində pul vəsaitinin hər ayın 07 tarixində Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair; Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 394-ABC0642-23 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənilmiş 1820 (bir min səkkiz yüz iyirmi) manat (140 manat x 13 ay) məbləğində pul vəsaitinin yarısının, yəni 910 manat (doqquz yüz on manat) məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair; Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 394-ABC0642-23 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək aylıq ödənişlərin yarı hissəsinin, yəni 70 manat (yetmiş manat) (140 manat:2=70 manat) məbləğində pul vəsaitinin hər ayın 10 tarixində Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair; ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edilməsi məqsədilə iddia ərizəsinin tərtib olunmasına görə tərəfindən ödənilmiş 50 manat (əllimanat) məbləğində xidmət haqqının Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair; mediasiya xərci üçün tərəfindən ödənilmiş 60 manat (altmış manat) məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair; məhkəmə üçün ödənilmiş 85 manat (səksən beş manat) məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2007-ci il tarixində rəsmi nikaha daxil olmuşlar. Nikahları Bakı Şəhəri Nizami Rayon VVADQ Şöbəsi tərəfindən rəsmiləşdirilmiş, aralarında baş verən ailədaxili məsələlər səbəbindən xx.xx.2023-cü il tarixində faktiki olaraq ayrılmışlar, daha sonra rəsmi nikahları Nizami Rayon Məhkəməsinin 2(007)-138/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. (Qətnamənin surəti iddia ərizəsinə əlavə edilmişdir). Qeyd edir ki, uzun illər ərzində onlar cavabdehlə ailə-nikah münasibətində olmuş, birgə nikahları dövründə ailələri üçün çalışmış, birgə vəsaitləri hesabına daşınar-daşınmaz əmlaklar, kreditlər əldə etmişlər. O, həmişə ailəsinə dəstək olub, əlindən gələn hər bir şeyi etməyə çalışmış, daima işləyərək gəlir əldə etmiş, məhz birgə nikahları üçün bu gəlirləri sərf etmişdir. Birgə nikah dövründə əldə edilmiş daşınar əmlak: Bundan başqa, birgə nikah dövründə əldə edilmiş daşınar əmlak-“Hisense” markalı, 2000 dollar (3400 manat) dəyərində televizor, 800 (səkkiz yüz) manat dəyərində olan soyuducu, bundan başqa, “Embawood” mebel mağazasından alınmış ümumi 1800 manat (bir min səkkiz yüz manat) dəyərində olan 01 ədəd yataq, 02 ədəd şkaf, 01 ədəd termodan ibarət 01 ədəd yataq dəsti, 1500 (bir min beş yüz) manat dəyərində mətbəx mebeli birgə nikah dövründə birgə təsərrüfatları hesabına alınmış, nikah dövründə onların istifadəsində olmuşdur. Sözügedən əmlakların alınması üçün tərəfindən Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC və “Bank VTB (Azərbaycan)” ASC-dən kreditlər götürülmüşdür. Bununla bağlı maliyyə arayışları da tərəfindən məhkəməyə təqdim edilir. Birgə nikah dövründə alınmış kreditlər: nəzərə çatdırır ki, birgə nikah dövründə əldə edilmiş və ailə ehtiyacları üçün sərf edilmiş kredit məbləğləri və müvafiq olaraq bağlanmış kredit müqavilələri aşağıdakı kimidir: 1. xx.xx.2021-ci il tarixində 12800 manat (on iki min səkkiz yüz manat) məbləğində kredit məbləğinin 60 aylıq müddətə, illik 21.9 % müqabilində verilməsi ilə bağlı “Bank VTB (Azərbaycan)” ASC ilə 330826-1-26253 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilə üzrə ödəniş qrafikləri də ona təqdim edilmiş və həmin kredit müqaviləsi üzrə aylıq ödəniş 318 manat (üç yüz on səkkiz manat) təşkil edir. Qeyd edir ki, xx.xx.2023-cü il tarixindən etibarən cavabdehlə faktiki olaraq ayrı yaşamışlar. Həmin dövrdən etibarən kredit ödənişləri yalnız onun vəsaitləri hesabına ödənilmişdir. Bildirir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçün alınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur. Bu səbəbdən birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmiləşdirilməsindən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür. Buna uyğun olaraq, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənilmiş 4452 manat (dörd min dörd yüz əlli iki manat) (318 manat x 14 ay) məbləğində pul vəsaitinin yarısının, yəni 2226 manat (iki min iki yüz iyirmi altı manat) məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsini qanunamüvafiq hesab edir. Həmçinin, xx.xx.2024-cü il tarixindən xx.xx.2026-cı il tarixinədək aylıq ödənişlərin yarı hissəsinin, yəni 159 (bir yüz əlli doqquz) manat (318 manat: 2=159 manat) məbləğində pul vəsaitinin hər ayın 07 tarixində Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi məqsədəuyğundur. xx.xx.2023-cü il tarixində 2000 manat (iki min) məbləğində kredit məbləğinin 18 aylıq müddətə, illik 27 % müqabilində verilməsi ilə bağlı Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə 394-ABC-0642-23 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilə üzrə ödəniş qrafikləri də ona təqdim edilmiş və həmin kredit müqaviləsi üzrə aylıq ödəniş 140 manat (bir yüz qırx manat) təşkil edir. Qeyd edir ki, xx.xx.2023-cü il tarixindən etibarən cavabdehlə faktiki olaraq ayrı yaşamışlar. Həmin dövrdən etibarən kredit ödənişləri yalnız onun vəsaitləri hesabına ödənilmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixindən xx.xx.2024cü il tarixinədək ödənilmiş 1820 (bir min səkkiz yüz iyirmi) manat (140 manat x 13 ay) məbləğində pul vəsaitinin yarısının, yəni 910 manat (doqquz yüz on manat) məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsini qanunamüvafiq hesab edir. Həmçinin, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək aylıq ödənişlərin yarı hissəsinin, yəni 70 manat (yetmiş manat) (140 manat:2=70 manat) məbləğində pul vəsaitinin hər ayın 10 tarixində Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi məqsədəuyğundur.

14. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-235/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddianın qismən təmin edilməsi, BOKT "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənilmiş 1820 manat məbləğində pul vəsaitinin yarısı 910 manat məbləğində pul vəsaitinin və xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənilmiş 4452 manat məbləğində pul vəsaitinin yarısı 2226 manat məbləğində pul vəsaitinin və 50 manat məbləğində xidmət haqqının Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh ödənilmiş 85 manat dövlət rüsumunun 47,50 manat hissəsinin, 60 manat mediasiya xərcinin 30 manat hissəsinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin, 32.1, 32.2, 36.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5 və 225.1-ci maddələrinə, Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarının 4.7, 6.20, 6.37, 6.39-cu bəndlərinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən cavabdeh X3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi ilə razı deyil. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, “kredit müqaviləsi üzrə tərəf olan İddiaçı nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi məbləğin yarısını cavabdehdən tələb edə bilər. Tərəflərin də etiraf etdiyi kimi aralarındakı nikah münasibətləri faktiki olaraq xx.xx.2023-cü il tarixdə kəsildiyindən iddiaçı həmin tarixdən məhkəməyə müraciət etdiyi tarixə, yəni xx.xx.2024-cü ilə kimi ödənilmiş kredit borcunun yarsını cavabdehdən tələb edir. Belə ki, məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı BOKT "xxxx" QSC-dən götürdüyü kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 1820 manat, “Bank VTB (Azərbaycan)” ASC-dən götürdüyü kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 4452 manat məbləğində ödəniş etmişdir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, BOKT "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənilmiş 1820 manat məbləğində pul vəsaitinin yarısı 910 manat məbləğində pul vəsaiti və xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023 cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənilmiş 4452 manat məbləğində pul vəsaitinin yarısı 2226 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq onun xeyrinə ödənilməlidir.” Məhkəmə iclasında da bildirmişdir ki, televizoru kreditlə götürmüşdülər. Ödənişini də etdiklərini bildirir. Cehiz əşyaları da evlə birgə satılıb. Ev 45000 manata satılmışdı. Məhkəmə 48000 manat hesablamışdır. Hər birimizə 24000 manat. Evin satılmasından 19000 manat ödəniş olunub. Avtomobil də 10000 manata satılıb, hər birimizə 5000 manat düşüb. 19000 manatı 2 dəfəyə iddiaçıya ödəmişdir. Qızıllar satılıb. Hətta 2000 manat Familə artıq düşüb. "xxxx"-dən götürülən puldan xəbəri olmayıb. Çünki o vaxt aralarında mübahisə vardı. Qeyd edir ki, xəbəri olmayan, ailəyə sərf edilməyən kredit məbləğinin yarısının payına düşməsi tam ədalətsiz və qanunsuz mövqedir. Birinci instansiya məhkəməsinin qətnaməsində cavabdehin məhkəmə müdafiəsi hüquqları pozularaq, işinə qərəzli yanaşılmış, iddia yalnız iddiaçının əsassız iddiasına əsaslanılmışdır. Birinci instansiya məhkəməsi Cavabdeh maraqlarını almadan, ədalətsiz qərar qəbul etmişdir. Məhhkəmə Cavabdeh tərəfindən istinad edilən halları və təqdim edilmiş sübutları tam nəzərə almamışdır. Məhkəmə iddiaçı tərəfindən götürülmüş kredit məbləğlərinin ailə ehtiyaclarına sərf edilməsinə dair iddiaçının əsassız arqumentlərinə istinad etmiş, heç bir əsaslı sübut olmadan iddianı qismən təmin etmişdir. Reallıqda isə həmin pul məbləğlərinin cavabdehə aidiyyatı olmamışdır. Məhkəmə qərar qəbul edərkən, yalnız iddiaçı tərəfin izahatına əsaslanmışdır. Halbuki, iddianın tam əsassız olmasına dair kifayət qədər əsas vardı. İddiaçı ailə ehtiyaclarına sərf etmədiyi pulun yarısını cavabdehdən tələb etmiş, əfsuslar olsun ki, məhkəmə də iddianı qismən təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

21. Maddə 31.1. ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.

22. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.

23. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

24. Maddə 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);

25. Maddə 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

26. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

27. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

28. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

29. Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.

30. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

31. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

32. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

33. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

41. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, qətnamə iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-235/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçün alınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur. Bu səbəbdən birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmiləşdirilməsindən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür. Bölüşdürmə aparılması üçün əvvəlcə ümumi əmlaka daxil olan bütün aktivlərin və passivlərin dəyəri müəyyən edilir (məsələn, hər biri 100.000 manat olan iki mənzil, 50.000 manat qiyməti olan torpaq sahəsi, 50.000 manatlıq avtomobil və ərin adına olan 60.000 manat bank əmanətindən ibarət aktivin ümumi dəyəri - 360.000 manat, ərin adına rəsmiləşmiş kredit borcu isə 60.000 manat), həmin dəyər paylara müvafiq bölünür (məsələn, hər birinə ½ payla 180.000 manat aktiv, 30.000 manat passiv düşür), buna uyğun olaraq ayrı-ayrı predmetlər ərin və arvadın paylarına, daxil edilməklə onların ayrıca (fərdi) mülkiyyətinə verilir. Ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər.

44. Məhkəmə baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər İddiaçı ilə X3 29 avqust 2007-ci il tarixdə nikaha daxil olmuşlar. Onların nikahı xx.xx.2024cü il tarixdə pozulmuşdur.

45. İşin faktiki hallarından görünür ki, yoxlanılan hissədə tərəflər arasındakı əsas mübahisə “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 330826-1-26253 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024cü il tarixinədək ödənilmiş 4452 manat (dörd min dörd yüz əlli iki manat) (318 manat x 14 ay) məbləğində pul vəsaitinin yarısının, yəni 2226 manat (iki min iki yüz iyirmi altı manat) məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi və Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 394- ABC0642-23 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənilmiş 1820 (bir min səkkiz yüz iyirmi) manat (140 manat x 13 ay) məbləğində pul vəsaitinin yarısının, yəni 910 manat (doqquz yüz on manat) məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi ilə bağlıdır. Belə ki, Cavabdeh iddianı qəbul etmir.

46. İşin halları ilə müəyyən edilir ki, hər iki kredit müqaviləsi birgə nikah dövründə bağlanmışdır. Kredit müqaviləsi üzrə tərəf olan İddiaçı nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi məbləğin yarısını cavabdehdən tələb edə bilər.

47. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, nikah münasibətləri faktiki olaraq xx.xx.2023-cü il tarixdə kəsildiyindən iddiaçı həmin tarixdən məhkəməyə müraciət etdiyi tarixə, yəni xx.xx.2024-cü ilə kimi ödənilmiş kredit borcunun yarsını cavabdehdən tələb etmişdir. Belə ki, iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, İddiaçı BOKT "xxxx" QSC-dən götürdüyü kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 1820 manat, “Bank VTB (Azərbaycan)” ASC-dən götürdüyü kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 4452 manat məbləğində ödəniş etmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər diqqətəlayiq halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

49. Kollegiya hesab edir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-235/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar