Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2593/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X12 və X3 ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi X9, üçüncü şəxs “X4 Mərkəzi” MMC-nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-yə və LPO "Cavabdeh2" ASC-nin ləğvedicisi X1rşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 9 saylı X22, “X4 Mərkəzi” MMC) hərracın yekunları protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və digər tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5085/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh LPO Cavabdeh2 ASC və iddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-yə və LPO "Cavabdeh2" ASC-nin ləğvedicisi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz şəhəri, S.Vurğun küçəsində 25 saylı fərdi yaşayış evinə (bundan sonra – mübahisəli ev) dair tələbkar "xxxxxxxxxxxxxx" ("Cavabdeh2") ASC ilə hərrac təşkilatçısı "X4 Mərkəzi" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, Y-371 saylı protokol və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, mübahisəli evə dair "xxxxxxxxxxxxxx" ("Cavabdeh2”) ASC-nin ipoteka hüququna xitam verilməsi, fərdi yaşayış evinə dair xxxxxxxxxxxxxx" ("Cavabdeh2") ASC-nin mülkiyyət hüququ barədə dövlət reyestrindən çıxarışın ləğv edilməsi və iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun bərpa edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X16 müvafiq qeydlər aparılmasını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 516/2010 saylı, xx xxxxxx 2010-cu il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra edilməsi Oğuz rayon İcra Qrupuna göndərilmişdir. Oğuz rayon İcra Qrupunun xx.xx.2013cü il tarixli, 748/01 saylı sifarişinə əsasən fərdi yaşayış evinin satış qiyməti 35000 manat olmaqla açıq hərracdan satılması üçün Hərrac təşkilatçısı "X4 Mərkəzi" MMC tərəfindən açıq hərracda satışa çıxarılmışdır. xx.xx.2013-cü il tarixində 11:00-da birinci hərrac, xx.xx.2013-cü il tarixində 11:00-da təkrar hərrac keçirilmişdir. "xxxxxxxxxxxxxx" ("Cavabdeh2") ASC ilə hərrac təşkilatçısı "X4 Mərkəzi" MMC arasında xx.xx.2013-cü il tarixli alqı-satqı müqavilə bağlanmışdır. “İpoteka Haqqında AR Qanununun” 43.8-ci maddəsinin tələblərinə əsasən bankın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi ipotekaya xitam verilməsinə, həmçinin Hərracın yekunları barədə Protokolun və Müqavilənin məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas yaradır. Qanunvericilikdə nəzərdə tutulmuş 30 təqvim günü keçdikdən uzun müddət (3 ay) sonra tərəflər arasında müvafiq protokol və müqavilə bağlandığından, iddia təmin edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5085/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia cavabdeh LPO Cavabdeh2 ASC-yə münasibətdə qismən təmin edilərək, mübahisəli fərdi yaşayış evinin “xxxxxxxxxxxxxx” ASC-yə satılmasına dair “X4 Mərkəzi” MMC tərəfindən tərtib olunmuş Hərracın Yekunları barədə xx xxxxxx 2013-cü il tarixli, Y-371 saylı Protokol və həmin protokol əsasında “X4 Mərkəzi” MMC ilə “xxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin etibarsız hesab edilməsi, fərdi yaşayış evinə dair ipoteka yüklülüyünə xitam verilməsi və fərdi yaşayış evinə dair “xxxxxxxxxxxxxx” ASC-nin (indiki LPO "Cavabdeh2" ASC) adına verilmiş çıxarışın ləğv edilməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X16 müvafiq qeydlərin aparılması, iddianın cavabdeh LPO Cavabdeh2 ASC-yə münasibətdə qalan hissədə təmin edilməməsi, xx xxxxxx 2013-cü il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə əsasında “xxxxxxxxxxxxxx” ASC tərəfindən “xxxxxxxxxx” MMC-nin borcunun bağlanması məqsədilə hesaba köçürülmüş 22313 manat məbləğində pulun LPO Cavabdeh2 ASC-yə qaytarılması qət edilmiş, iddia cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi X2 münasibətdə rədd edilmişdir. Qətnamədən cavabdeh LPO Cavabdeh2 ASC və iddiaçı ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Cavabdeh LPO Cavabdeh2 ASC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bank ipoteka predmetini ona təklif olunduqdan sonra 30 təqvim günü ərzində əldə etmişdir. İşdə olan təklif və əmlakın qəbuluna dair məktublardan görünür ki, “X4 Mərkəzi” MMC tərəfindən mübahisəli əmlak xx.xx.2013-cü il tarixli məktubla Banka təklif olunmuş, həmin tarixli məktubla da təklif qəbul edilmişdir. İddiaçıya xx.xx.2013-cü ildə, xx.xx.2013cü ildə qeyd olunan hərracların keçirilməsinə dair bildirişlər poçt vasitəsilə şəxsən çatdırılıb. İddiaçının həmin vaxt hərracın keçirilməsindən xəbəri olmuşdur. İddiaçı hərrac mərkəzinə şifahi müraciətinə cavab olaraq xx.xx.2013-cü il tarixli məktubla həmin günə kimi Bank ilə əmlakın alqı-satqısına dair protokol və müqavilənin imzalanmadığı bildirildiyinə dair məktubu da məhkəməyə təqdim etmişdir. Məhkəmə isə həmin məktuba istinad edərək kəsici müddəti tətbiq etməmişdir. Halbuki həmin məktub müddətin tətbiqi üçün əsas olmalı idi. İddiaçı isə hazırkı iddia ilə 6 il sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh LPO Cavabdeh2 ASC qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bank tərəfindən 22313 manat pulun “xxxxxxxxxx” MMC-nin hesabına köçürülməsinə dair heç bir sübut təqdim olunmamışdır. Bank əmlakı onun dəyərini ödəmədən əldə etmiş və bu barədə hərrac təşkilatçısı ilə protokol və müqavilə bağlamışdır. Hərracın keçirilməsinə əsas olmuş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli icra sənədində də “xxxxxxxxxx” MMCdən cəmi 377148 manat pulun alınaraq Banka ödənilməsi, tutmanın qeyd edilən əmlaka yönəldilməsi qeyd edilmişdir. İddiaçı qətnamənin 22313 maant pulun LPO Cavabdeh2 ASC-yə qaytarılması hissəsində ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili iddiaçının şikayətini müdafiə, Bankın şikayətinə isə etiraz edərək bildirdi ki, ola bilsin ki, hərrac təşkilatçısı tərəfindən daha əvvəl Banka göndərilmiş təklif məktubları itirilib. Nümayəndə-vəkil iddiaçının şikayətinin təmin olunmasını xahiş etdi. Cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi Bankın şikayətini müdafiə, iddiaçının şikayətinə etiraz edərək həmçinin bildirdi ki, mübahisəli əmlakın Banka xx.xx.2013-cü il tarixdən daha əvvəl təklif olunmasına dair hər hansı məktub Bankda mövcud deyildir. Əmlak 2013-cü ildən Bankın balansındadır. Nümayəndə Bankın şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı “X4 Mərkəzi” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Üçüncü şəxs ““X4 Mərkəzi” MMC-nin nümayəndəsi hərrac işini məhkəməyə təqdim edərək mübahisə üzrə hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdəqanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı ilə yanaşı, cavabdeh də mübahisələndirmiş, sonuncu iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsimə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1); maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (386). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə Qətnaməsi haqqında" xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarında təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlməmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli, 2(107)- 516/2010 saylı qətnaməsi ilə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli qətnaməsi qismən “cavabdeh İddiaçı, cavabdehin tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, X10, X8, X6, X7 digər ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsınlar" və “satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə cavabdeh “xxxxxxxxxxx" MMC-nin özündə və üçüncü şəxslərdə olan digər əmlakları hesabına ümumi qaydada icra edilsin’ hissələrində ləğv edilməsi və həmin hissələr üzrə yeni qətnamə çıxarılması, İddiaçı məxsus olan ipoteka ilə yüklü edilmiş, Oğuz şəhəri S.Vurğun küçəsində yerləşən 25 saylı fərdi yaşayış evində qeydiyyatda olan və yaşayan şəxslərin mənzildən çıxarılması və həmin evin satışından əldə olunan vəsait tələbin ödənilməsinə kifayət etmədikdə, cavabdehin özündə və üçüncü şəxslərdə olan digər əmlaklarına yönəldilməsi barədə iddiaçı "Cavabdeh2" ASC-nin iddia tələblərinin rədd edilməsi, qətnamənin cavabdeh "V.T.- İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətindən 25000 manat əsas borcun, 10378 manat kreditə görə faiz borcunun. 1750 manat dəbbə pulunun, həmçinin 20 manat dövlət rüsumunun, cəmi 37148 manatın alınaraq "Cavabdeh2" ASC-nin Qəbələ regional filialının hesabına ödənilməsi barədə hissəsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Qətnamə icraya yönəldilmiş, icra olunması üçün Oğuz Rayon İcra Qrupuna göndərilmişdir. Oğuz Rayon İcra Qrupunun xx.xx.2013-cü il tarixli sifariş məktubu əsasında mübahisəli əmlaka dair hərracın keçirilməsi “X4 Mərkəzi” MMC-dən xahiş edilmişdir. Sonuncu tərəfindən ilkin hərracın keçirilməsi xx.xx.2013-cü il tarixə, saat 11:00-a təyin edilmiş, mübahisəli əmlak 35000 manat ilkin satış qiyməti olmaqla satışa çıxarılmışdır. İlkin hərrac baş tutmamış, növbəti hərrac xx.xx.2013-cü il tarixdə saat 11:00-da keçirilmiş, əmlak 29750 manata satışa çıxarılmıdır. Hərracın keçirilməsi barədə “Elanlar” qəzetinin 21.07.13–02.08.13-cü il tarixli, 08.08.13–16.08.13-cü il tarixli buraxılışlarında məlumat dərc olunmuşdur. X4 Mərkəzi” MMC tərəfindən “xxxxxxxxxxxxxx” ASCnin rəhbərliyinə xx.xx.2013-cü il tarixli “ipoteka predmetini alma barədə” təklif göndərilmiş, təklifdə əmlakın keçirilən hərraclar zamanı satılmadığı, həmin əmlakları balansa götürmək üçün dəfələrlə Banka təklif olunduğu, lakin bu günə qədər həmin təkliflərə heç bir cavab verilmədiyi bildirilmiş, “İpoteka haqqında” AR qanununun 43.8 maddəsinə əsasən əmlakları xx.xx.2013-cü il tarixədək almadığı halda işlər sifarişçi icra şöbəsinə geri qaytarılacağı barədə xəbərdarlıq olunmuşdur. “xxxxxxxxxxxxxx” ASC tərəfindən “X4 Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2013-cü il tarixli ərizə ilə təklif Bank tərəfindən qəbul edilmiş, əmlak 22313 manata xx.xx.2013-cü il tarixdə Cavabdeh2 ASC-yə satılmışdır. Mübahisəli əmlak xx.xx.2014-cü il tarixdən Cavabdeh2 ASC-nin xüsusi mülkiyyətindədir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı... əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (hərracın təşkilatçısı) sifariş verir. Həmin Qanunun 43.7-ci maddəsinə görə, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal (hərraca iki nəfərdən az alıcı gəldikdə) istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Qanunun 43.8-ci maddəsinə görə isə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “... “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxx 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Qərarda həmçinin qeyd olunmuşdur ki, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarır. İşin hallarından da göründüyü kimi, keçirilmiş hərracda mübahisəli əmlak satılmadığına görə hərracın təşkilatçısı xx.xx.2013-cu il tarixdə həmin yaşayış evini almağı Cavabdeh2 ASC-yə təklif etmiş, xx.xx.2013-cü il tarixdə bank hərrac təşkilatçısına təklifi qəbul etdiyini bildirmiş, xx.xx.2013-cü il tarixdə isə sözügedən ev banka satılmışdır; bütün bunlar isə sözügedən fərdi yaşayış evi üzərindəki ipotekaya xitam verilməsi üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlərin mövcudluğunu istisna edir. İddiaçı sübut qismində ipoteka predmetini alma barədə təklifdə əmlakı balansa götürmək üçün dəfələrlə Banka təklif olunduğu, lakin bu günə qədər həmin təkliflərə heç bir cavab verilmədiyi, eləcə də özünün müraciəti əsasında “X4 Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli məktubda hərrac baş tutmadığından əmlakın Banka təklif olunduğu, lakin bugünədək əmlakın alqı-satqısına dair protokol və müqavilə imzalanmadığı barədə qeydlərə istinad etmişdir. Halbuki, işdə olan bildirişlərdən görünür ki, hərracların keçirilməsi vaxtı və yeri barədə iddiaçıya bildirişlər göndərilmiş, ilkin hərracın kçeirilməsinə dair bildiriş iddiaçı tərəfindən xx.xx.2013-cü ildə, ikinci hərracın keçirilməsinə dair bildiriş isə xx.xx.2013-cü il tarixdə qəbul edilmişdir. İşdə Cavabdeh2 ASC-yə göndərilməli olan bildiriş əlavə edilsə də, bildirişin Banka göndərilməsi barədə reyestr, yaxub bildirişin alınmasına dair hər hansı təsdiqedici sənəd, xəbərnamə mövcud deyildir. Bank özü də belə bir bildirişin Banka daxil olmadığını bildirir. Beləliklə, məhkəmə araşdırması zamanı, eləcə də hərrac işinin təqdiqi zamanı əmlakın Banka xx.xx.2013-cü il tarixdən daha əvvəl təklif olunduğuna dair heç bir təsdiqedici sübut aşkar edilməmişdir. Yuxarıda qeyd olunan əsaslar iddianın rədd olunmasına əsas verdiyindən Kollegiya apellyasiya şikayətinin digər dəlilləri üzrə əlavə araşdırmaya zərurət görmür. Odur ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh LPO Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5085/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2593/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2593/2020
04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver