Məhkəmə qərarları › İş №2(103)-2597/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2597/2022

06.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2597/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh və nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evin alınmasına və təmirinə çəkilmiş xərcin yarısının cavabdehdən tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(005)-3379/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən evin alınması ilə bağlı çəkilmiş 13.500 manat xərc, evin təmiri ilə bağlı çəkilmiş 500 manat, ümumilikdə 14.000 manat pulun yarısı 7.000 manatın və 30 manat dövlət rüsumun cavabdehdən alınıb onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən 60 kv.m-dən ibarət qanunsuz tikilmiş evi, 120 kv.m-dən ibarət torpaq sahəsini X3 həyat yoldaşı Cavabdeh ilə birlikdə 11.03.2020-ci il tarixdə 13.500 manata almışlar, həmin ev təmirsiz olduğu üçün 500 manat evin təmirinə sərf etmişlər. Evi təmir etdirdikləri dövrdə həyat yoldaşı ilə ailə münasibətləri pisləşmiş və o, cavabdehlə yaşadığı evdən çıxaraq valideynlərinin yanına gəlmişdir. O, həmin aldığı evdə təmir getdiyi üçün orada yaşamamışdır. Hazırda həyat yoldaşı Cavabdeh ilə ailə münasibətləri korlandığı üçün nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə Nərimanaov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(005)- 3379/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanda yerləşən evin alınması ilə bağlı çəkilmiş xərcin 13.500 manat məbləğində pulun ½ hissəsi – 6750 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, mübahisəli ev onun və həyat yoldaşının hesabına əldə edilməmişdir, evi anası Rəfiqə Əhədova 13.500 manata almış, sonuncu evin pulunu verib Türkiyəyə getmişdir, evin sənədi olmadığından X7 anasına bildirmişdir ki, tezliklə sənəd düzəldəcəkdir, lakin hər dəfə anası ona zəng edib sənədi soruşmuş və hazır olmadığını eşitmiş və ondan xahiş etmişdir ki, sonra pulu danarlar və evi onlara verməzlər. Ona görə də bildirmişdir ki, akt tərtib edilsin və akta şahidlər tərəfindən imza etdirsinlər. O, həyat yoldaşı İddiaçı, qonşular və Qasımov Fərman, yəni ev sahibi akta imza etmişlər ki, evi Əhədova Rəfiqə almışdır. Həmin şəxslər məhkəmədə də ifadə vermişlər ki, evi Əhədova Rəfiqə almışdır. Akt tərtib edilməsinə səbəb "COVİD19" xəstəliyinə görə Əhədova Rəfiqənin Bakıya gələ bilməməsi olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Cavabdeh həmçinin qeyd etdi ki, mübahisəli mənzili qayınanası tapmış, onun anası da almışdır. Mənzilin pulu öncədən anası tərəfindən ödənilmişdir. Aktda onun və iddiaçının adının salınması formal xarakter daşımışdır, onlar gedərkən akt artıq tərtib olunaraq hazır vəziyyətdə idi. İddiaçı və nümayəndəsi-vəkili isə apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdilər. İddiaçı həmçinin qeyd etdi ki, cavabdehlə mənzil şəraitləri pis olduğu üçün özlərinə ucuz ev tapıb almaq qərarına gəlmiş və hazırki evi tapmışlar. Hər ikisi də işləyib müəyyən məbləğdə pul yığmaqla, hazırki evi nisyə almışlar, belə ki, akt tərtib olunan vaxt 6500 manat ödəniş etmiş, qalan pulu isə hər ay hər ikisinin də qazancından hissə-hissə ödəməklə verib qurtarmışlar. Sonra isə mənzil təmirsiz olduğu üçün 500 manata qapı-pəncərə almış, lakin sonradan münasibətləri pozulmuşdur. Kollegiya qeyd edir ki, hazırki apelyasiya baxışının predmetini qətnamənin qismən iddianın təmin edilmiş hissəsində yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 11 mart 2020-ci il tarixli aktın əslindən görünür ki, Ə.Haqverdiyev küçəsi döngə 2, ev 4 ünvanında yerləşən 60 kv.m ev və 120 kv.m torpaq sahəsini X1 Gülşən Abdulnasir qızı və Cavabdehli oğluna satmışdır. İş materiallarında olan 27 avqust 2020-ci il tarixli "xxxx" ASC-nin Sabunçu rayon Sukanal İdarəsi ilə İddiaçı arasında bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” Müqavilənin surətindən görünür ki, bu Müqavilə "xxxx" ASC-nin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 nömrəli Dövlət standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Xidmət ünvanı Əbdulrəhimbəy Haqverdiyev küçəsi ev 1, mənzil 11C, ailə tərkibi 4 nəfər, Abonent kodu **********115. İş materiallarında olan Ramana qəsəbəsi üzrə nümayəndəliyinin 229 nömrəli, 09.07.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi köhnə tikilidir. Evin heç bir hüquqi sənədi olmadığından kimə məxsus olması məlum deyildir. Hazırda sözügedən fərdi yaşayış evində yaşayış yoxdur. Ramana Bələdiyyəsinin tədiyyə bildirişinə əsasən vergi ödəyicisi X8r. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli 2(005)- 2959/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 25.02.2017-ci il tarixdə 5 saylı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 475 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması 03.10.2017-ci il təvəllüdlü X10 anası İddiaçı yanında saxlanılması, Cavabdeh 03.10.2017-ci il təvəllüdlü X4yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində şahid X2 ifadəsində bildirmişdir ki, “o, evi Rəfiqə xanıma satmışdır. Rəfiqə xanımın oğlu, gəlini, onun baldızının oğlu, şahidin qonşusu və Rəfiqə xanımın qudası alqı-satqıya şahidlik etmişdir. Alqı-satqıda onun həyat yoldaşı da iştirak edib. Evi 13500 manata satmışdır. Qeyd edir ki, alqı-satqı ilə bağlı uşaqların hər hansı etirazı və ya razılığı olmayıb. Sadəcə olaraq onların pasport məlumatlarından istifadə edilib. Evi yoldaşı satıb, özü də ordaydı. Pulu ona Rəfiqə vermişdi. Rəfiqəni bir dəfə alqı-satqıda görüb, pul bir dəfəyə ödənilib.” Birinci instansiya məhkəməsində şahid X9 ifadəsində bildirmişdir ki, “cavabdeh onun qonşusunun kürəkənidir. O, qonşusu İlham ilə həyətdə söhbət edərkən Məlahət xanım ilə birlikdə bir xanım onlara yaxınlaşmışdır. Məlahət xanım ona bildirmişdir ki, evini satır. O, Məlahət xanımdan evi kimə satdığını soruşduqda o, qudasına satdığını bildirmiş və ondan şahidlik etməyini xahiş etmişdir. O da şahidlik etməyə razılıq verərək aktı imzalamışdır. Qeyd edir ki, Məlahət xanım ona evi Ceyhunun anasına satdığını bildirmişdir.” Məhkəmə iclasında şahid X11 ifadəsində bildirmişdir ki, “cavabdeh onun sinif yoldaşının xalası oğludur. İddiaçı ilə heç bir qohumluq münasibəti yoxdur, onu Ceyhunun həyat yoldaşı kimi tanıyır. O, həyətdə Camalxan ilə söhbət edərkən, dayısı arvadı bir qadın ilə ona yaxınlaşaraq evi satdığını bildirib onlardan şahidlik etməyini xahiş etdi. Onlar da tərtib edilən aktı imzalamışlar. Qeyd edir ki, Məlahət xanımdan evi kimə satdığını soruşduqda o, evi onun sinif yoldaşının xalasına satdığını bildirmişdir. Mənzilin qiyməti barədə hər hansı məlumatı yoxdur. O, sadəcə mənzilin Elnurun xalasına satılmasına şahidlik etmişdir.” İddiaçı mübahisəli evin birgə nikah dövründə əldə edildiyini iddia edərək, çəkilmiş xərcin yarısını tələb etmişdir. Cavabdeh evin anası tərəfindən alındığını bildirmişdir. Birinci instansiya məhkəməsi, cavabdehin dəlillərini əsassız hesab edərək, mübahisləndirilən pul vəsaitinə tərəflərin paylarının bərabər olduğunu, tərəflərin hazırda münasibətlərinin pozulduğunu, artıq birgə nikahda olmadıqlarını, tikilinin hazırda cavabdehin sahibliyində və istifadəsində qaldığını, bu səbəbdən də həmin mübahisəli tikilinin alınmasına çəkilmiş xərcin yarısının cavabdehdən alınaraq iddiaçıya ödənilməli olması qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir (maddə 32.2.2). Ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir ( maddə 33.1). Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir (maddə 36.1). Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (maddə 36.3). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (maddə 37.1). Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci madəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə, məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər (maddə 213.5). Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (maddə 225.1). Göründüyü kimi, mübahisəli ev tərəflərin birgə nikah dövründə alınmış, bu barədə akt imzalanmışdır. Cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, mübahisəli evin pulu anası tərəfindən verilmiş, evi də anası almış və Türkiyəyə getmişdir, akt tərtib edilməsinə səbəb "COVİD19" xəstəliyinə görə anasının Bakıya gələ bilməməsi olmuşdur. Kollegiya qeyd edir ki, cavabdehin dəlilləri əsassızdır, belə ki, “Covid 19” koronovirus infeksiyasının yayılması ilə əlaqədar olaraq pandemiyanın başlanması və müəyyən məhdudiyyətlərin tətbiq edilməsi 2020-ci il martın 19-dan tətbiq olunduğu halda, evin alınması ilə bağlı akt 11.03.2010-ci ildə tərtib edilmişdir. Digər tərəfdən, hər hansı səbəbdən anası iştirak edə bilmədiyi halda, cavabdeh sonuncunun əvəzinə yalnız özü alıcı qismində iştirak edə bilərdi, halbuki onunla bərabər iddiaçı (yəni həmin vaxt arvadı) da iştirak etmiş və aktı da məhz alıcı kimi imzalamışdır. Qeyd olunanlar cavabdehin dəlillərini təkzib edir. İşin müəyyən edilmiş hallarından aşkardır ki, mübahisəli ev tərəflərin birgə nikahı dövründə onların birgə vəsaiti hesabına əldə edilmişdir. Ona görə də iddiaçı hazırki iddianı qaldımaqda haqlı olmuşdur. Məhkəmə şahid ifadələrinə düzgün qiymət vermiş, evin alınmasına çəkilmiş xərcin tərəflər arasında bölünməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən Kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət e t d i: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3379/2021 saylı iş üzrə 06 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar