Məhkəmə qərarları › İş №2(103)-2599/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2599/2024

16.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2599/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, e-2(003)-144/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: xx.xx.2022-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan “İveco Urbanvay” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “Hyundai Genesis” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı və “Chevrolet Malibu” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığortalı olan “Hyundai Genesis” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq “Hyundai Genesis” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 15968,14 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabadehin icbari sığorta şirkəti olan "xxxx" Sığorta Şirkəti ASC subroqasiya qaydasında dəymiş zərərin 3851,68 manat hissəsini İddiaçı Sığorta Şirkəti ASC-yə ödədiyi üçün cavabdehin borc məbləği 12116,46 manat təşkil edir. Hazırda iddiaçı sığorta hadisəsi üzrə vurulmuş zərərə görə təqsirkar şəxsin üzərində qalan hissə 12116,46 manat ödənişi mövcud iddia ilə tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hyundai Genesis” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 12116,46 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 127 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində Cavabdeh inzibati tənbeh vermə haqqında qərarla təqsirli bilindiyinə görə cavabdehə qarşı subroqasiya hüquqları yaranmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, e-2(003)- 144/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 11705 manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş 122,0 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7 964,32 manatın alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 (əlli) manat məbləğində pul vəsaitinin 44,0 manatı Cavabdeh, 6 manatı isə İddiaçı Sığorta Şirkəti ASC- alınaraq dövlət büdcəsinə ödənilməsi (X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22,), iddianın qalan hissədə təmin edilməməsi və ödənilmiş 127 manat məbləğində dövlət rüsumunun 16 manatının iddiaçıya aid edilməsi qət edilmişdir. Bununla yanaşı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, e-2(003)-144/2024 nömrəli qərardadı ilə qeyd olunan qətnamədə yol verilmiş yanlışlığın düzəldilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(003)- 144/2024 saylı qətnaməsinin nəticə hissəsinin ikinci abzası “Cavabdeh 11705 manat məbləğində sığorta ödənişi əvəzi və ödənilmiş 122,0 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7964,32 manat alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun.” əvəzinə “Cavabdeh 7853,32 manat məbləğində sığorta ödənişi əvəzi və ödənilmiş 111,0 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7964,32 manat alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun.” kimi düzəldilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, İddiaçı Sığorta Şirkəti ASC-nin iddiasının əsası kimi istinad etdiyi xx.xx.2022-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan “İveco Urbanvay” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “Hyundai Genesis” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı və “Chevrolet Malibu” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq yol-nəqliyyat hadisəsi törətməsi sübut olunur. Bununla da sığortalanmış xx.xx.2022-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan “İveco Urbanvay” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “Hyundai Genesis” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində vurulmuş ziyan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ İddiaçı Sığorta Şirkəti ASC-yə keçmişdir. Vurulmuş ziyan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən aradan qaldırıldığından, bununla da göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı “İddiaçı Sığorta Şirkəti ASC-yə keçdiyindən, bununla da İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yarandığından, sığorta ödənişi cavabdehdən tutulmalıdır. Mülki hüquq pozuntusu (delikt) cavabdehdən alınaraq İddiaçı Sığorta ASC-nə ödənilməlidir. Lakin, məhkəmə hesab etmişdir ki, cavabdehdən iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən də aydın olur ki, “Hyundai Genesis” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği 15968,14 manat məbləğində deyil, 11705,0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə, rəyi vermiş şəxsin xüsusi biliyinin olduğunu nəzərə alaraq həmin rəylə razılaşmış, avtomobilə dəymiş zərərin və təmir-bərpa xərclərinin 11705,0 manat olduğunu işin hallarına uyğun saymışdır. Belə ki, iddiaçı sığortalıya həmin məbləğdə sığorta ödənişi ödəməli idi. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul etmiş və onunla razılaşmışdır. Lakin iddiadan, müəyyən edilmişdir ki, "xxxx"xxxx"xxxx" ASC-yə ödəniş etmişdir. Belə olan məhkəmə ekspert rəyi ilə razışaraq, rəydən göstərilənlərin işin faktiki hallarına uyğun gəlir. Avtomobilə ümumilikdə dəymiş zərərin məbləği 11705 manat müəyyən edilməli, həmin məbləğdən 3851,68 manatın "xxxx" ASC subroqasiya qaydasında iddiaçıya ödəməsi nəzərə alınmalıdır. Məhkəmə hesab etmişdir ki, avtomobilə dəymiş zərərin və təmir-bərpa xərclərinin məbləğinin 11705,0 manat olduğundan dəymiş zərərin ödənilməsi barədə iddia təmin edilərkən ekspert rəyi ilə müəyyən edilmiş 11705,0 manat məbləğindən "xxxx"xxxx"xxxx" ASC-nə ödənilmiş 3851,68 manat məbləği çıxılmalıdır (yəni 11705,0- 3851,68=7853,32 manat) və sığortalanmış Hyundai Genesis” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərərin sığorta ödənişi miqdarı əvəzi 7853,32 manat Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1, 936.1, 936.2, 936.5, 1096.1, 1096.2, 1097.1, 1108.2, 1104.1; Azərbaycan Respublikası MPM-nin 101.7, 103.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən zərərvuran kimi təqdim olunan şəxsin yüksək təhlükə mənbəyinin mülkiyyətçisi ilə hansı hüquqi münasibətdə olduğu aydınlaşdırılmamış və nəticədə tərəflər arasındakı hüquqi münasibətlərə uyğun olmayan bir qətnamə qəbul edilmişdir. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mənafeyini müdafiə edən hallara yol verilmişdir. Həmçinin iddiaçının təqdim etdiyi sənədlərə düzgün qiymət verilməmiş, cavabdehin izahatı nəzərə alınmamışdır. Eyni zamanda ekspert tərəfindən verilən və reallığı əks etdirməyən rəyi əsas götürülmüş, düzgün olmayan rəy verilməsinə heç bir qiymət verilməmişdir. Belə ki, avtomobilə dəyən zərər həddindən artıq şişirdilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - iddia tələbinin təmin edilən hissəsində yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari Sığortalar haqqında” Qanun: 20.4. Mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan “İveco Urbanvay” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “Hyundai Genesis” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı və “Chevrolet Malibu” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir və xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat cərimə olunmuşdur. Nəticədə baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığortalı olan “Hyundai Genesis” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Eyni zamanda müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına “Bank of Baku” vasitəsilə xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən 15968,14 manat sığorta ödənişi etmişdir. Həmçinin müəyyən edilmişdir ki, "xxxx"xxxx"xxxx" ASC-yə ödəniş etmişdir. Göründüyü kimi baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdehin təqsiri sübuta yetirildiyindən və hadisə zamanı ““Hyundai Genesis” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər yetirildiyindən eləcə də həmin yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzi iddiaçı tərəfindən ödənildiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş və birinci instansiya məhkəməsi də iddia tələbinin mahiyyəti üzrə əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir, qeyd olunan hissəyə dair cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmuşdur. Belə ki, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən zərərvuran kimi təqdim olunan şəxsin yüksək təhlükə mənbəyinin mülkiyyətçisi ilə hansı hüquqi münasibətdə olduğu aydınlaşdırılmamış və nəticədə tərəflər arasındakı hüquqi münasibətlərə uyun olmayan bir qətnamə qəbul edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Bakı şəhər DYPİ tərəfindən verilmiş arayışdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh tərəfindən idarə olunan “İveco Urbanvay” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətində olmuş, cavabdeh isə yol-nəqliyyat hadisəsi zamanı avtonəqliyyat vasitəsini “yol vərəqi” ilə idarə etməklə, buna səlahiyyəti olmuşdur. Mülki Məcəllənin 1108.1-ci və1108.2-ci maddəsinə görə, yol-nəqliyyat hadisəsi baş verən zaman cavabdeh “İveco Urbanvay” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə etməyə səlahiyyəti olmuş və iddiaçı hazırki tələbi yüksək təhlükə mənbəyinə qanuni əsaslarla idarə edən cavabdehə yönəltməklə haqlı olmuşdur. Bundan başqa, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, ekspert tərəfindən verilən və reallığı əks etdirməyən rəyi əsas götürülmüş, düzgün olmayan rəy verilməsinə heç bir qiymət verilməmişdir. Belə ki, avtomobilə dəyən zərər həddindən artıq şişirdilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli hesabatın surətindən görünür ki, “Hyundai Genesis” markalı **- AL-*** qeydiyyat nişanlı avtomobilə 15968,14 manat məbləğində müəyyən olunmuşdur. Bununla belə birinci instansiya məhkəməsi baxışı zamanı avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/7991 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Hyundai Genesis” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, hadisə baş verən tarixə təxminən 11705,0 manat müəyyən olunur. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilməklə müəyyən edilmişdir ki, hadisə baş verən tarixə “Hyundai Genesis” markalı **- AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 11705,0 manat müəyyən edilmişdir ki, cavabdeh apellyasiya şikayətində dəymiş zərərin məbləğini mübahisələndirsə də həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan yolnəqliyyat hadisəsinin baş verməsi nətiсəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə məlumatlardan görünür ki, hadisə zamanı “Hyundai Genesis” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön və arxa hissəsi zədə almışdır ki, ekspertiza zamanı da məhz həmin hissələr üzrə tədqiqat aparılmışdır. Həmçinin cavabdeh konkret olaraq ekspert rəyi ilə ziddiyyət təşkil edən avtomobilin hansı hissələrin zədələnməsini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası eyni qeyd edir ki, ekspert rəyinin nəticə hissəsini şübhə altına almaq üçün isə əsas yoxdur, həmin hissə ekspert tərəfindən müvafiq hesablamalar aparılmaqla əsaslandırılmışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilən hissəsində düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflər ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, e-2(003)- 144/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar