Məhkəmə qərarları › İş №2(103)-2603/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2603/2024

22.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2603/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “alimentin və borcun azaldılması” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi,İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair 2(003)-576/2024 saylı iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-389/2023 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarının azaldılaraq xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşaq üçün 50 manat olmaqla cəmi 150 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsini və onun 10422 manat aliment borcunun 7722 manat hissəsini ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-576/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1; Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa; Azərbaycan Respublikası 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanunun 13; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına istinadən qeyd edilmişdir ki, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə, azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız о halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşağın layiqli həyat şəraitini təmin etmək mümkün olsun. İddiaçının müəyyən olunmuş alimentin miqdarının azaldılmasının səbəbi kimi təqdim etdiyi əsaslar işləməməsi, evdar qadın olması, ikinci dəfə nikah qurması və həmin nikahdan iki uşağının doğulması məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində əhəmiyyətli pisləşmənin olmasına dəlalət edən hal kimi qəbul edilə bilməz. Belə ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə qətnamə çıxarılarkən bu əsaslar nəzərə alınmışdır. Həmçinin, iddiaçının qazancının olmaması övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin, o, əmək qabiliyyətlidir və öz bacarığına uyğun müvafiq fəaliyyətlə məşğul olmaq iqtidarındadır. Hazırkı işdə müəyyən edilmişdir ki, uşaqların saxlanılması üçün cavabdehdən tutulan aliment miqdarı hər ay hər uşaq üçün 193 manatdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etməklə yalnız minimum təminat səviyyəsini nəzərdə tutur. İddiaçının isə iddiasının təmin edilməsi halında isə hər uşaq üçün yaşayış minimumundan çox aşağı bir məbləğdə aliment müəyyən olunmasına gətirib çıxarar ki, bu da uşaqların təminat səviyəsinə pis təsir edə bilər. Halbuki, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu belə heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-389/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği göstərilən halların məcmusu baxımından da ədalətli və ağlabatandır. 3.Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-389/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə X8 arasında Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2011-ci ildə bağlanmış və 144 nömrə ilə qeyd edilmiş nikahın pozulması, Cavabdeh ilə X4 birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X6 boşanmadan sonra atası Cavabdeh himayəsinə verilməsi, məhkəməyə müraciət olunduğu xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün X2 hər ay, hər uşaq üçün 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir; - AZ-İ seriyalı, 452839 nömrəli nikahın pozulması haqqında şəhadətnamə ilə Cavabdeh və X4 nikahı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Rzazadə soyadı verilmişdir Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-576/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 26, 60; AR Ailə Məcəlləsinin 76.2,107.2 və 112.1; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına; “ İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 88, 209, 210, 227, 360, 384, 385, 386, 387-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh ilə xx.xx.2011 -ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından 3 övladları - xx.xx.2011-ci il təvəllüdlü X11, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X12 dünyaya gəlmişlər. Daha sonra cavabdehlə münasibətləri korlanmış, buna görə də 2021 -ci ilin sentyabrında cavabdehlə birgə yaşadığı evi tərk edib ata evinə qayıtmışdır. Cavabdehlə nikahları Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-389/2023 saylı qətnaməsi ilə pozulmuş azyaşlı 3 övladlarının atanın yanında qalması qət edilmişdir. Bu barədə Sabunçu rayon qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə qeyd aparılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-389/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2011 -ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün ondan hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində alimentin tutularaq X7 ödənilməsi qət edilmişdir. O, cavabdehlə ayrıldıqdan sonra X13 ilə birgə yaşamış və faktiki ailə münasibətlərində olmuşdur. Elə həmin dövrdə faktiki nikahlarından 2 övladları - xx.xx.2022-ci ildə 1 qız uşağı və xx.xx.2023- cü ildə isə 1 oğlan uşağı doğulmuşdur. Məhkəmə işə baxıldığı zaman onun himayəsində 8 aylıq körpəsi olmuş və eyni zamanda həmin dövrdə yenidən hamilə olmuşdur. 2-ci övladı məhkəmənin yuxanda qeyd etdiyi qətnaməsi çıxarıldıqdan 2 ay sonra doğulmuşdur. Onun 2-ci dəfə ailə həyatı qurmağından və himayəsində körpə övladlarının olmasından məlumatsız olan məhkəmə qətnaməsində hər uşaq üçün ondan 193 manat aliment tutulması qənaətinə gəlmişdir. Lakin hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəməyə imkanı yoxdur. Belə ki, övladları körpə və südəmər olduğundan onlara baxmaqla məşğuldur, heç bir yerdə işləmir, evdar qadındır. Onun heç bir aylıq gəliri, vəsaiti, ali təhsili yoxdur. İş yeri olan qadınlara belə, Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə hamilə vaxtı və uşaq doğulduğu zamandan 3 yaşına çatanadək sosial güzəştlər nəzərdə tutulur. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, iddiaçının müəyyən olunmuş aliment miqdarının azaldılmasının səbəbi kimi təqdim etdiyi əsaslar: işləməməsi, evdar qadın olması, ikinci dəfə nikah qurması və həmin nikahdan iki uşağının doğulması məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində əhəmiyyətli pisləşmənin olmasına dəlalət edən hal kimi qəbul edilə bilməz. Göründüyü kimi, məhkəmə qətnaməsi çıxarıldıqdan sonra onun ailə vəziyyətində dəyişiklik olmuş və övladlarına qulluq etməsi səbəbindən işləyə bilməmişdir. Hakim iş üzrə halların tədqiqinin qurtardığını elan etmədən və məhkəmə çıxışlarına keçmədən, çıxış üçün tərəflərə söz vermədən və tərəflərin replika hüququnun istifadə üçün şərait yaratmadan müşavirə otağına getmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, cavabdehlə faktiki nikah münasibətlərinin 2023 ilin əvvəllərindən pozulduğunu, sadəcə olaraq məhkəmə prosesinin uzun müddət çəkdiyini,müəyyən səbəblərə görə evdən getmək məcburiyyətində qaldığını, rəsmi olaraq boşandıqdan sonra başqa bir şəxslə faktiki nikah münasibətinə daxil olduğunu və bu nikahdan 2 körpə övladının olduğunu və uşaqların qayğısına qaldığından heç bir yerdə işləmədiyini, maddi vəziyyətinin alimenti ödəmək üçün kifayət etmədiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsassız hesab etdiyini, iddiaçının uşaqlarını onun üstünə atıb evdən getdiyini və artıq 3 ildir ki, uşaqlara özünün baxdığını vurğulamış və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 17, 34; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19-22, 49, 50, 51, 60, 61, 75; «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyası və Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77, 80 - 82, 106.2, 119.1, 216, 217.3, 217.4, 385-390cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, uşağların mənafeyi nəzərə alınaraq qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri uşaqların təminatları (artan tələbatlara müvafiq valideynlərin onlara münasibətdə vəzifələri) və qanunvericiliyin tələbləri baxımından qətnamənin (qismən) ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. 9.Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: 106.1. İcra vərəqəsi və ya aliment ödənilməsi barədə notariat qaydasında təsdiq olunmuş saziş əsasında onların təqdim edilməsindən əvvəlki dövrə görə aliment 3 illik müddət həddində tutula bilər. 106.2. Aliment onu icra vərəqəsi və ya aliment ödənilməsi barədə saziş əsasında ödəməli olan şəxsin təqsiri üzündən ödənilmədikdə, əvvəlki dövr üçün aliment bu Məcəllənin 100.3-cü maddəsi ilə müəyyən edilmiş 3 illik müddətdən asılı olmayaraq istənilən müddətdə tutula bilər. 106.3. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. 106.4. Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. 106.5. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. 107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləyə görə: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 11.Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. 12.Kollegiya hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Alimentin müəyyən edilməsi üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Dəyişən şəraitə və tələbatlara müvafiq aliment məbləğinin müəyyən edilməsi (dəyişdirilməsi) üzrə tələblərin yenidən baxılmasını istisna etmir. Hazırki münasibətlər həddində qeyd edilməlidir ki, artıq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Yəni, artıq 2023-ci ilə münasibətdə yaşayış minimumu üzrə tələbat artmışdır. İddiaçının yenidən ailə qurması (halbuki yeni rəsmi nikah mövcud deyildir), habelə digər əsassız və sübuta yetirilməyən dəlilləri aliment öhdəlikləri vəzifəsindən azad edilməsi (aliment məbləğinin azadılması və borcların silinməsi) və qətnamənin dəyişdirilməsi üçün əsas deyildir. 13.Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəfə aid edilməlidir. 14.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya Q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-576/20234 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar