Məhkəmə qərarları › İş №2(103)-2606/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2606/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2606/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6423/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış 18.10.2018-ci il tarixli DEN-00024-08/18A saylı əsas kredit müqaviləsinin, 21.01.2020-ci il tarixli DEN- C0024- 08/18A saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 15.10.2020-cu il tarixinə olan 32.577 manat əsas borc, 2.628,97 manat faiz borcu, 31,09 manat dəbbə borcu, cəmi 35.237,06 manat borcun, iddia qaldırılması üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, 18.01.2018-ci il tarixli, DENG-00024-08/18A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsi, 245B saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, açıq hərracda satılması, kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına ödənilməsi, ipoteka predmetinin satışından əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2 qızının övladları X2 və X5 ilə birlikdə fərdi yaşayış evindən istifadə hüquqlarına xitan verilməsi və evin boşaldılması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6423/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızından müştərək qaydada 21.01.2020-ci il tarixli DEN-C0024-08/18A saylı əlavə kredit müqaviləsi üzrə 32.577 manat əsas borc, 2.628,97 manat faiz borcu, 31,09 manat dəbbə borcu, cəmi 35.237,06 (otuz beş min iki yüz otuz yeddi manat 6 qəpik) manat borc və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu Bank "xxxx" ASC-nin xeyrinə tutulması, tutma ipoteka qoyulmuş, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsi, 245B saylı fərdi yaşayış evinə yönəldilərək ilkin satış qiyməti 59500 (əlli doqquz min beş yüz) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunmuş vəsait pul tələbinin təmin edilməsi üçün kifayət etmədiyi halda borcun qalan hissəsi ümumi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması, Bakı şəhəri, Xətai rayonu, 2 nğmrəli Zeytun sovxozu, Zeytun küçəsi, 245B saylı fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı övladları X2 və X5 ilə birlikdə fərdi yaşayış evindən çıxarılması və evin boşaldılması, Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.10.2018-ci il tarixli DEN-00024-08/18A saylı əsas kredit müqaviləsi və 21.01.2020-ci il tarixli DEN-C0024- 08/18A saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi, iddia tələbinin “tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi” hissəsində təmin edilməməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, bankın tələb etdiyi məbləğ həddindən artıq şişirdilmiş bir məbləğdir. Mülki işin obyektiv araşdırılması məqsədi ilə iş üzrə ekspertiza təyin edilməsi üçün məhkəmədə vəsatət qaldırsa da, məhkəmə vəsatətini təmin etməmişdir. Nəticədə ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər Cavabdeh1 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 319.1, 319.6, 385.1, 386.1, 421.2, 425.1, 427.3, 442, 445.1, 445.2, 448.1, 470.1, 472.2-cı maddələrini, “İpoteka haqqında” Qanunun 34.1.1, 34.1.2, 34.1.3, 34.1.4, 39.3, 39.3.3, 59.3.1, 59.3.2-ci maddələrinə istinad edərək qənaətini əsaslandırmışdır. Cavabdehlərin apellyasiya şikayətinin dəlillərindən biri iş üzrə ekspertiza keçirilməməsi olumuşdur. Cavabdehlər 05.04.2021-ci il tarixli məhkəmə iclasında ipoteka predmeti olan evin qiyməti ilə razılaşmadıqlarından qiymətləndirmə təyin edilməsini xahiş etmiş və Bakı Apellyasiya Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə həm məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, həm də ipoteka predmeti olan tutmanın Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinin mövcud bazar qiymətinin və likvid dəyətinin müəyyən edilməsi üçün mütəxəssis rəyinin alınması qərara alınmışdır. Lakin mütəxəssis rəyinin verilməsi üçün tələb edilən xidmət haqqı cavabdehlər tərəfindən təqdim edilmədiyindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən rəyin verilməsi mümükün olmamış və qərardad icra olunmadan geri qaytarılmışdılr. Məhkəmə-mühasibatlıq ekspertizasının 9/2346 saylı, 12 avqust 2021-ci il tarixli rəyində qeyd edilmişdir ki, Cavabdeh1 tərəfindən "xxxx" ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu əsas borc üzrə 32.577 manat, faiz borcu üzrə 2.629,16 manat müəyyən edilir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qərardadı ilə yuxarıda qeyd edilən ipoteka predmetinin mövcud bazar qiymətinin və likvid dəyətinin müəyyən edilməsi üçün yenidən mütəxəssis rəyinin alınması qərara alınmış və qərardadın icrası "xxxx" MMC Qiymətləndirmə Şirkətinə tapşırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin dəftərxanası vasitəsi ilə 10 noyabr 2021-ci il tarixdə "xxxx" MMC-dən daxil olmuş məktubda "xxxx" MMC-nin nümayəndəsinin Cavabdeh2 ilə telefon əlaqəsi saxlayarkən qarşı tərəfin yaşayış evinə baxış keçirilməsinə qəti şəkildə şərait yaratmayacağı və əgər həyat yoldaşı Əkbər ilə evə gizlin baxış keçiriləcəyi təqdirdə özünə qəsd edəcəyini bildirdiyi qeyd edilmişdir. Göründüyü kimi, evin qiymətləndirilməsi barədə məhkəmə iclasında vəsatət vermələrinə baxmayaraq cavabdeh tərəfin hərəkətsizliyi, eləcə də yaratdığı maneələr nəticəsində ipoteka predmeti olan evin qiymətləndirilməsi mümkün olmamışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Cavabdehlərin apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin tam hissəsi, yəni iddianın təmin edilməməsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia tələbinin təmin edilməyən hissədə yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək, qətnamə mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi düzgün olmuşdur. Əvvəla, cavabdehlərin borc məbləğinin şişirdildiyi barədə dəlilləri də əsassızdır. Çünki, cavabdehlər hansısa formada öhdəliyini icra etmişdirsə bu barədə sübut təqdim etməli idi. İddia tələbi üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə ciddi zərurət və əsas olmasa da həqiqətin müəyyən edilməsi məqsədilə cavabdehlərin vəsatəti təmin edilərək məhkəmə mühasibatlıq ekspertizası təyin edilməklə xüsusi biliyə malik ekspertin rəyi alınmışdır. Lakin ekspertiza rəyi ilə də tələb edilən borcun məbləğinin şişirdilmədiyi təsdiq olundu. İkincisi, cavabdehlərin göstərdiyi digər dəlillər də onları iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə öhdəlikdən azad etmir. Çünki, cavabdehlər qeyd olunan kredit və zaminlik müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, ... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 39y2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6423/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iş üzrə keçirilmiş ekspertiza xərci - 145(yüz qırx beş) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar