Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2607/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Süleymanova (Yaqubova) Şəlalə Əhməd qızına qarşı “uşaqların atanın yanında saxlanılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Açar sözlər: (uşağın atanın yanında qalması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X13 və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil4, Cavabdeh Süleymanova (Yaqubova) Şəlalə Əhməd qızının, onun nümayəndəsi və vəkili Nümayəndə1, 3-cü şəxs Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi X5 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(008)-338/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Tərəflərin yetkinlik yaşına çatmamış iki uşağı var: xx.xx.2011-ci il tarixdə doğulmuş X11, xx.xx.2015-ci il tarixdə doğulmuş X12. 2.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, övladları xx.xx.2015-ci il tarixdə doğulmuş X6 ananın yanında saxlanılması, xx.xx.2011-ci il tarixdə doğulmuş X7 atasından alınıb ananın himayəsinə verilməsi qət edilmiş, qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. 3.Məhkəmə qətnaməsi icra edilmiş, lakin Malik Yaqubzadə 2021-ci ilin dekabr ayında atasının yanına getmişdir, hal-hazırda atası ilə birlikdə yaşayır. 4.Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli 1/2785 nömrəli rəyinə əsasən, xx.xx.2011-ci il tarixdə doğulmuş Yaqubzadə Malikin atası, xx.xx.2015-ci il tarixdə doğulmuş Yaqubzadə Muradın anasının himayəsinə verilməsi məqsədəuyğun hesab edilmişdir (uşaqların istəyi nəzərə alınmaqla). 5.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 11/592 nömrəli ekspert rəyinə görə, Yaqubzadə Malikin hazırda atası İddiaçı və qardaşı X8 bağlılığı müəyyən olunmaqla, anası X4 bağlılığı üzə çıxmır. Onun ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikir və mülahizələrinə kənar psixoloji təsir əlamətləri müəyyən olunur. İddiaçı və X3 fərdipsixoloji xüsusiyyətlərində uşaqların emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur, hər iki uşağın normal psixi inkişafı baxımından hər iki valideyni ilə görüşlərinin və ünsiyyətinin təmin olunması psixoloji cəhətdən məqsədəmüvafiqdir. Muradın hazırda anası və qardaşına bağlılığı müəyyən olunmaqla, atasına bağlılığı üzə çıxmır, onun ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikir və mülahizələrinə kənar psixoloji təsir əlamətləri müəyyən olunur. Valideynləri arasında qarşılıqlı münasibətlərdə yaranmış gərginlik hər iki uşağın emosionaliradi sferasına və ayrı yaşayan valideyninə qarşı olan münasibətinə neqativ təsir göstərmişdir. a)Birinci instansiya məhkəməsində icraat 6.İddiaçı cavabdehə qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, birgə nikahdan xx.xx.2015ci il tarixdə doğulmuş X6 cavabdehdən alınaraq iddiaçının himayəsinə verilməsi, xx.xx.2011-ci il tarixdə doğulmuş X7 və X6 onun yanında və himayəsində saxlanmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 7.Məhkəmə iclasında Malik Yaqubzadə bildirmişdir ki, anası onu döydüyündən və atasına qarşı yönəltdiyindən, o, evdən qaçmış və taksi ilə atasının yanına, Sulutəpəyə getmişdir. Hal-hazırda məktəbə getmir, təhsildən geri qalır, o, Sulutəpədə yerləşən 103 nömrəli məktəbdə oxumaq istəyir, lakin anası onun sənədlərini atasına vermir. 2021-ci ilin dekabr ayından atasıyla yaşayır və bundan sonra da onunla qalmaq istəyir, anasını heç görmür. 8.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-338/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Əsədova) iddia rədd edilmişdir. 9.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... ekspert rəyinə əsasən 7 yaşında olan Muradın anasına bağlılığı müəyyən edilmiş, Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə əsasən Muradın anasına verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmədə Murad sərbəst şəkildə anasına olan sevgisini, bağlılığını, atasına olan aqressivliyini açıq surətdə nümayiş etmişdir. Bu əsasdan məhkəmə hesab edir ki, Murad anasından alınıb atasına verilə bilməz. Hazırki mülki işdə məhkəmə iddianın 10 yaşlı Maliklə olan hissəsinə xüsusi həssaslıqla yanaşmağı zəruri hesab edir. Belə ki, qeyd edildiyi kimi, Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə əsasən Malikin istəyi nəzərə alınmaqla onun atasına verilməsi məqsədəmüvafiq hesab edilmiş, ekspert rəyinə əsasən Malikin atasına bağlılığı müəyyən edilmiş, anasına bağlılığı üzə çıxmamışdır. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Malik atası ilə qalmaq istədiyini bildirmiş, lakin pedaqoqların iştirakı ilə keçirilən iclasa Malik gəlməmişdir. Atanın Malikə olan təsirini nəzərə alaraq uşağın özünün gəlmək istəmədiyini məhkəmə inandırıcı hesab etməmişdir. Odur ki, məhkəmə pedaqoqların yanında bir daha Malikin fikrini öyrənə bilməmişdir. Malikin anası tərəfindən döyüldüyünə dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, Malikin anasını istəməməyi üçün ciddi bir səbəb mövcud deyil, o, sadəcə atasını həddindən artıq sevdyinə görə, atasının anasına qarşı aqressivliyi olduğuna görə atası ilə həmrəylik edir. Qeyd edildiyi kimi, Plenumun qərarına əsasən, uşaqların eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. İki qardaşın bir-birinə bağlılığı hazırki işdə qeydşərtsizdir. İddiaçı atanın da fikrinə görə uşaqların birgə böyüməsi, bir-birinə qarşı yaxın münasibətdə qalması olduqca vacibdir, Malik Yaqubzadə hətta icra şöbəsində icra məmuruna bildirmişdir ki, qardaşı Murad Yaqubzadədən ötrü çox darıxır, onu görmək istəyir, onunla birgə qalmaq istəyir (iddia ərizəsi). Məhkəmə hesab edir ki, uşaqların bir-birindən ayrı böyümələri onların psixologiyalarına mənfi təsir göstərəcək. İki uşağın atalarına verilməsi mümkün deyil, çünki Murad çox balacadır və atasına qarşı çox aqressivdir, onun anaya daha çox ehtiyacı var. Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Malikin fikri atası ilə qalmaq olsa da, bu onun maraqlarına ziddir. Belə ki, ata işləyir və uşağın ataya verilməsi faktiki ana olduğu halda nənəyəbabaya verilməsi deməkdir. Məhkəmə hesab edir ki, nə qədər Malik atası ilə qalmaq istəsə də, iki valideynin birbirinə olan nifrəti, Muradın atasını, Malikin də anasını istəməməsi, Malikin atasının yanında qalması onun anasından və kiçik qardaşından tamamilə soyumasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, 10 yaşlı Malik anası və qardaşı ilə birlikdə yaşasa, o, atasına olan sevginin nəticəsində qardaşı Muradı da buna yönəldə bilər və bu da nəticədə hər iki uşağın hər valideynlə münasibətinin bərpasına gətirib çıxara bilər. İddiaçının “cavabdeh heç bir yerdə işləmir, onun qazancı, gəliri yoxdur, uşaqları təkbaşına böyütməkdə çətinlik çəkir, hal-hazırda ərzaq, dərman vasitələri, texnika, kommunal xərclər və s. qiymətlərdə artım olduğundan cavabdehin tək başına övladlarıni və özünü saxlaması olduqca çətindir, hətta aliment tutulsa belə, cavabdehin uşaqların ildən-ilə artan maddi və mənəvi ehtiyaclarını qarşılaması mümkünsüz olacaqdır, lakin iddiaçı uşaqların iradə, həm də maddi və mənəvi təminat baxımından hər iki övladını saxlamaq, onları yanında və himayəsində yüksək təminatla saxlmağa qadirdir” mövqeyinə dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, uşaqların atalarından ayrı yaşaması atanın qeyd etdiyi qayğı göstərmək vəzifəsindən və hüququndan azad etmir. Atanın uşaqlarına lazımi maddi və mənəvi səviyyədə baxması uşaqların onun yanında qalmaları ilə şərtləndirilə bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri 10.Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir. 11.İddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iddianı rədd etməklə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Rayon Məhkəməsi uşaqların üstün mənafeyini, tərbiyəsini, psixi, fiziki, mənəvi inkişafını, Malikin artıq atası ilə yaşamasını, atası ilə qalmaq üçün özünü təhlükəyə atmasını (evdən qaçmasını), bu halın nə vaxtsa təkrarlana biləcəyini, Qəyyumluq və Himayəçilik Komissiyasının iş üzrə erdiyi rəyi, uşaqların fikirlərini, onların atalarına bağlılığını, Malikin anasına bağlılığı olmamasını, onun həm Qəyyumluq və Himayəçilik Komissiyasında həm də məhkəmədə atası ilə qalmaq istəyini nəzərə almamış, onların mənafeləri baxımından atalarının yanında qalmalarını əlverişli vəziyyət kimi qiymətləndirməmiş və uşaqların ataları ilə saxlanmasını istisna edən halların olmamasınına baxmayaraq iddianı rədd etməklə azyaşlı uşaqların mənafeyinə zidd qətnamə qəbul etmişdir. Bundan başqa, Rayon Məhkəməsi nəzərə almamışdır ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə hər iki uşağın nikahın pozulmasından sonra analarının yanında saxlanılması hissəsində bugünədək icrasız qalmışdır. Çünki həmin qətnaməni icra edilməsi ilə bağlı icra məmuru müvafiq icra hərəkətlərini həyata keçirmək istəsə də, Malik anasının yanına getməkdən imtina edir. Qəyyumluq və Himayəçilik Komissiyası da hazırki iş üzrə verdiyi rəydə göstərmişdir ki, Malikin atasının yanında saxlanılması Malikin mənafeyinə uyğun olardı. Həmçinin Rayon Məhkəməsi nəzərə almamışdır ki, cavabdeh, uşaqları saxlamaq, onları normal böyütmək üçün zəruri vəsaitə və şəraitə malik deyil. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 12.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya instansiyasında birinci icraat: 13.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3682/2023 nömrəli iş üzrə xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), A.İmanov və F.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 14.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... uşaqların hüquq və mənafelərini, iş üzrə verilmiş rəylər və uşaqların ana qayğısına daha çox ehtiyacının olmasını, uşaqların psixoloji vəziyyətini nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsi tərəflərin birgə nikahından olan hər iki uşağın anadan (cavabdeh) alınaraq ataya (iddiaçıya) verilməsinin uşaqların mənafeyinə uyğun olmaması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Bu zaman işə baxmış Rayon Məhkəməsinin iş üzrə keçirtdiyi hazırlıq iclasında hər iki uşağın fikrini dinləmiş (bax: hazırki qətnamənin 5-ci bəndinə), Sabunçu Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının, habelə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Pisixiatrik Ekspertiza Mərkəzinin iş üzrə verdikləri müvafiq rəyləri alaraq, rəyləri tədqiq etmişdir (bax: 7 və 8-ci bəndlərinə). Rayon Məhkəməsi iş üzrə toplanmış sübutları əlaqəli şəkildə araşdırmış, onlara MPM-nin 88-ci maddəsinə uyğun olaraq hüquqi qiymət vermişdir. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. Apellyasiya şikayətində iddiaçı, cavabdehin yaşayış şəraitinin və maddi vəziyyətinin uşaqlar üçün əlverişli olmadığını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. İşdə olan və yuxarıda qeyd edilən sənədlərdən isə həmin hal müəyyən edilmir. Belə ki, iş üzrə tərəflərin verdikləri məlumatlardan, Sabunçu Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının yuxarıda qeyd edilmiş xx.xx.2023-cü il tarixli rəyinə əlavə edilmiş “Müayinə aktlarından” görünür ki, həm iddiaçı, həm də cavabdehin yaşadıqları yaşayış sahələri tam kommunal şəraitli, orta təmirli, yaşayış üçün sanitar normalara cavab verir və zəruri məişət əşyaları ilə təchiz edilmişdir. Tərəflərin məhkəmələrə bildiriklərindən həmçinin məlum olur ki, iddiaçının daimi iş yeri var və o, işləyir. Cavabdehin isə rəsmi iş yeri yoxdur. O, yaşadığı mənzildə bunun üçün şərait yaradaraq dırnaq ustası kimi fəaliyyət göstərir. Bundan başqa nəzərə alınmalıdır ki, əgər cavabdeh uşaqların saxlanılması ilə bağlı gələcəkdə maddi çətinliklə üzləşərsə, hazırki iş üzrə iddiaçıya “alimentin tutulması tələbi barədə” iddia irəli sürmək hüququna malikdir. Buna görə də, hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. Apellyasiya şikayətində iddiaçı daha sonra bildirir ki, işə baxmış Rayon Məhkəməsi xx.xx.2011-ci il təvəllüdlü Malikin cavabdehin yanında deyil, onun yanında qalmaq barədə arzusunu nəzərə almamışdır. Bununla bağlı Məhkəmə bildirir ki, Malik cavabdehin yanında deyil, iddiaçının himayəsində qalmaq barədə istəyini işə baxmış birinci instansiya Rayon Məhkəməsinə bildirsə də, apellyasiya baxışı zamanı Məhkəmə, iddiaçı tərəfin təşəbbüsü və hər iki valideynin razılığı ilə həm xx.xx.2011-ci il təvəllüdlü Maliki, həm də xx.xx.2015-ci il təvəllüdlü Muradın fikrini dinləmişdir. Malik bildirmişdir ki, o, atasını sevir, onunla birlikdə yaşamaq istəyir. Qardaşı Murad üçün çox darıxır. İstəyir ki, o və Murad atalarının yanında yaşasınlar. Onu zorla “Ədliyyədən” (İcra Şöbəsini nəzərdə tutur) atasının əlindən zorla alıb qaçırıblar. O, hazırda məktəbdə təhsil ala bilmir. Lakin hazırlıqlara gedir. Çünki, “qarşı tərəf” (anasını nəzərdə tutur) sənədlərini oxudu məktəbdən alaraq başqa məktəbə təqdim etmişdir. O, anası ilə qalanda, nənəsi ayağı ilə onun dizinin üstünə çıxmış və dizini əzmişdir. Murad isə bildirmişdir ki, o, anasının yanında yaşayır. İstəyir ki, qardaşı Malik də onlarla birlikdə yaşasın. Anası və nənəsi Maliki döyməmişlər. Nənəsi Malikin dizini əzməmiş, o, bunu görməmişdir. Göründüyü kimi Malik, qardaşı Muraddan fərqli olaraq anasına (cavabdehə) aqressiv olduğu göstərməyə çalışsa da, o, anasına olan bu münasibətin hansı səbəbdən yarandığını izah edə bilməmişdir (o, bu barədə verilən suallara cavab verməmiş, ağlamışdır). Bütün bunları nəzərə alan Məhkəmə, Malikin fikrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu tərəfindən qəbul edilmiş və yuxarıda qeyd edilmiş xx.xx.2016-cı il tarixli qərarının tələbləri baxımından qiymətləndirərək hesab edir ki, uşaqların bir-birindən ayrı yaşaması onların mənafeyinə uyğun deyil, çünki əks hal qardaşlar arasında bağlılığın qırılmasına gətirib çıxara bilər. Hər bir halda nəzərə alınmalıdır ki, uşaqların ana qayğısına daha çox ehtiyacları var. Yalnız müstəsna hallarda uşaqlar anadan alınaraq ataya verilə bilər. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. Lakin hazırki halda, yuxarıda sadalanan hallardan heç biri mövcud deyil. Cavabdeh fiziki və psixi cəhətdən sağlamdır. Heç bir pis vərdişi yoxdur. O, hüququndan sui-istifadə etməmiş, uşaqlarına qarşı zor tətbiq etməmişdir. Bunun əksini təsdiq edən sübutları iddiaçı tərəf məhkəmələrə təqdim etməmişdir.” b) Kassasiya instansiyası Məhkəməsində icraat: 15.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. 16.Kassasiya şikayəti onunla əsaslandırılır ki, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Lakin nədənsə həm rayon məhkəməsi, həm də apellyasiya məhkəməsi 12 yaşı olan Malikin fikrini nəzərə almamışdır. Halbuki, qanunun tələbinə görə 10 yaşına çatmış uşağın fikri mütləq nəzər alınmalıdır. Məhkəmə Ailə Məcəlləsinin 52-ci maddəsini tətbiq etməməklə maddi hüquq normasını kobud şəkildə pozmuşdur. Malik bir dəfə məcbur olaraq atasından alınıb anasına verilib və o, taksi ilə atasının yanına qaçıb. Bu işin mübahisəsiz halıdır. Çünki Malik öz fikirlərini sərbəst surətdə ifadə edə bilir və bu barədə ekspert rəyi də var. Məhkəmə kollegiyasının diqqətinə çatdırır ki, Malik atasının yanında qalmaq istəyir. Qardaşına bağlı olsa belə atasının yanında qalmaq istəyir və qardaşı ilə birlikdə bunu istəyir. Uşağın fikrinə hörmətlə yanaşaraq, ona xoş olan mühitdə onun yaşamasına şərait yaratmaq lazımdır. Öncə çıxarılmış qətnamə icra olunmur, uşaq anasına getmir. Bu qətnamə də icra olunmayacaq və hər dəfə icra şöbəsinə aparılan uşağın psixikasına və sağlamlığına ziyan vuracaq. Uşaq əşya deyil ki, atasından alınıb anasına verilsin və bununla da iş bitsin. Axı bir dəfə zorla atasından alınıb anasına verilmiş uşaq anasının yanından taksi ilə atasına qaçmışdır. Niyə bu halları məhkəmə nəzərə almır? Uşağın fikirlərinə hörmətlə yanaşmaq və onun fikrini mütləq nəzərə almaq qanunun tələbidir. Nəzərə alınsa ki, çıxarılmış məhkəmə aktlarının icrası mütləqdir və məcburidir, amma bu cür işlərdə məhz məhkəmələrin yanlış qərarları uşaqların mənafeyinə zidd olur. 17.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)- 159/2024 saylı qərarı ilə (hakimlər V.Məmmədov (sədrlik edən və məruzəçi), Z.Əliyev və A.Abbasov) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3682/2023 nömrəli iş üzrə 08 avqust 2023cü il tarixli qətnaməsi qismən, iddianın X9 aid rədd olunan hissədə ləğv edilərək, işin eyni hissədə yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin qalan hissədə dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. 18.Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia Malik Yaqubova aid hissədə rədd apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da həmin hissədə iş üzrə qanunsuz və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. 19.İlk olaraq, cəmiyyətin əsas özəyi olan ailə, xüsusən də uşaqlar dövlət tərəfindən müdafiə edilir və dəstəklənir. Nikah, ailə həyatına hörmət hüququ, uşaq hüquqları milli qanunvericiliklə yanaşı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə də təsbit olunmuşdur. “İnsan hüquqlarının ümumi Bəyannaməsi”, “Mülki və siyası hüquqlar haqqında” Beynəlxalq Pakt, “İqtisadi, mədəni və sosial hüquqlar haqqında” Beynəlxalq Pakt, “Uşaq hüquqları haqqında” Konvensiya, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya nikah, ailə həyatına hörmət hüququ, uşaq hüquqları ilə bağlı müddəaları nəzərdə tutmaqla yanaşı, həmin hüquqların müdafiəsi ilə bağlı dövlətin pozitiv öhdəliklərini də müəyyənləşdirmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs ailə həyatına hörmət hüququna malikdir. Bu hüquq yalnız həmin maddədə və qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda müdaxiləyə məruz qala bilər. Azərbaycan Respublikasının Konstitusiyasında da cəmiyyətin əsas özəyi kimi ailənin dövlətin xüsusi himayəsində olması, ər ilə arvadın hüquqlarının bərabərliyi, uşaqların qayğısına qalmaq və onları tərbiyə etməyin valideynlərin borcu olması təsbit edilmişdir. 20.Uşaq hüquqlarının müdafiəsi ilə bağlı işlərə baxılarkən iş üzrə bütün hallar nəzərə alınaraq ilk növbədə uşağın mənafeyi qorunmalıdır. Bu, həmçinin hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsi təminatından irəli gəlir. 21.Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən məlum olur ki, həmin məhkəmə tərəfindən Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, adıçəkilən normanın tələbinə zidd olaraq işə məhkəmədə baxılarkən artıq 12 yaş 6 aylığında olan Malikin fikri mütləq nəzərə alınmalı olduğu halda, bu baş verməmişdir. Həmin norma ilə təsbit olunan qaydaya, yəni 10 yaşına çatmış uşağın fikrinin mütləq nəzərə alınmalı olmasına istisna təşkil edən hallar eyni maddə ilə tənzimlənmiş, bu istisnayi hallar isə uşağın maraqlarına zidd olan hallar kimi nəzərdə tutulmuşdur. 22.Bu kontekstdə, işdən müəyyən edilir ki, rayon Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə xx.xx.2011-ci il tarixdə doğulmuş Malikin atasının himayəsinə verilməsi məqsədəuyğun hesab edilmiş (uşağın öz istəyi nəzərə alınmaqla), Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində Malikin atasına bağlılığı müəyyən olunmaqla, anasına bağlılığının üzə çıxmadığı göstərilmişdir. 23.Məhkəmə iclasında bilavasitə dindirilən Malikin özü də atası ilə qalmaq istədiyini bildirmişdir. 34. İşdən, həmçinin, müəyyən olunur ki, Malik taksi ilə atasının yanına getmişdir, 2021-ci ilin dekabr ayından, yəni fasiləsiz 2 ildir çoxdur ki, sonuncu ilə yaşayır. 24.Malikin atasından alınıb anasına verilməsi barədə məhkəmə qətnaməsinin belə uzun müddət icra oluna bilməməsinin bir səbəbi də uşağın təkidlə bu icraya mane olması, zorla anasına verilməsinin onun təbiyəsi və inkişafı üçün kritik əhəmiyyət kəsb etməsi ilə bağlı olmuşdur. 25.Göründüyü kimi, istinad olunan hallar aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilib, qiymətləndirilsə də, bu qiymətləndirmə uşağın üstün maraqları baxımından düzgün olmamış və mübahisə həmin maraqlar nəzərə alınmaqla həll edilməmiş, gəlinən nəticə qanunvericinin uşağın mənafeyinin qorunması ilə bağlı güddüyü məqsədlərə cavab verməmiş, 10 yaşına çatmış uşağın fikrinin mütləq nəzərə alınmalı olması qaydasına istisna təşkil etməklə uşağın maraqlarına zidd olan hallar uşağın əsas qayğı obyekti nöqteyi-nəzərindən əsaslandırılmamışdır. 26.Bu mənada, sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması demək olub, iş üzrə toplanmış sübutetmə materiallarının qanunun tələblərinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların qiymətləndirilməsi prosesi sübutların qəbul edildiyi və araşdırıldığı bütün icraat gedişində həyata keçirilir. Bu prosesdə sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. 27.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək, bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə xx.xx.1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. 28.Konstitusiya Məhkəməsinin Plenumu da bir sıra qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərar və sair). 29.Məhkəmə kollegiyası, həmçinin, bildirir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H. Belçikaya qarşı iş üzrə xx.xx.1987-ci il tarixli Qərar, §53; Suominen Finlandiyaya qarşı iş üzrə xx.xx.2003-cü il tarixli Qərar, §36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (X14rşı iş üzrə xx.xx.1994-cü il tarixli Qərar, §30; Buzescu Rumıniyaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli Qərar, §67). 30.Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. 31.Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə Malik Yaqubzadəyə aid hissədə qismən razılaşır. Belə ki, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş halları cavabdehin Malik onunla birlikdə qaldığı dövrlərdə valideynlik hüquqlarını həyata keçirərkən tərəflərin birgə nikahından anadan olmuş uşağın mənəvi inkişafı, fiziki və psixi sağlamlığının qorunması ilə bağlı vəzifələrini tam yerinə yetirməyə nail ola bildiyinə dair əminlik təlqin etmir, uşağın üstün mənafeyi, onun rifahına və inkişafına qayğının atanın yanında qaldığı təqdirdə daha yaxşı təmin oluna biləcəyi barədə qənaət formalaşdırır. 32.MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır. 33.İşə apellyasiya instansiyası məhkəməsində mübahisələndirilən hissədə yenidən baxılarkən hazırkı Qərarda (§29-40) şərh edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. 34.Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Malik Yaqubzadəyə aid hissədə qismən ləğv edilməli, iş eyni hissədə yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat c) Məhkəmə icraatı iştirakçılarının izahatları 35.Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətini mübahisələndirilən hissədə müdafiə edərək, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin mübahisələndirilən hissədə ləğv edilib, iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etdilər. 36.Məhkəmə kollegiyasının iclasında cavabdeh Süleymanova (Yaqubova) Şəlalə Əhməd qızı, onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. 37.Məhkəmə kollegiyasının iclasında 3-cü şəxs Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi X10 izahatında qeyd etdi ki, uşağın yaşını nəzərə alaraq, onun fikrinə hörmətlə yanışırlar. Qəyyumluq və psixoloji rəy olduğundan, xx.xx.2011-ci il təvəllüdlü X7 atasının yanında qalmasına etirazları yoxdur. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası: 38.Maddə 17. Ailə, uşaqlar və dövlət İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir; 39.Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. 40.Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; 41.Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 42.Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: 43.Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 7 saylı Protokol: 44.Maddə 5. Ər-arvadın hüquq bərabərliyi Ər-arvad nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. “Uşaq hüquqları haqqında” Konvensiya (BMT Baş Assableyasının 44/25 nömrəli nömrəli qətnaməsi ilə xx.xx.1989-cu ildə qəbul edilmiş, xx.xx.1990-cı il tarixdə qüvvəyə minmişdir): 45.Maddə 3.
1. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir; 46.Maddə 9. 1.İştirakçı dövlətlər təmin edirlər ki, uşaq öz valideynlərinin ziddinə olaraq onlardan ayrılmasınlar, bir şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq edilən qanuna və qaydalara müvafiq surətdə müəyyən etsinlər ki, belə ayrılıq uşağın ən yaxşı halda mənafeyi naminə labüddür. Belə ayrılıq bu və ya digər konkret halda labüd ola bilər. Məsələn, valideynlər uşaqla sərt rəftar edir və ya ona qayğı göstərmir, yaxud valideynlər bir-birindən ayrı yaşayırlar və belə olan təqdirdə uşağın yaşayış yeri barədə qərar qəbul edilməlidir; 2.Bu maddənin 1-ci bəndinə uyğun olaraq hər cür araşdırma zamanı bütün əlaqədar tərəflərə araşdırmada iştirak etməyə və öz fikrini şərh etməyə imkan verilir; 3.İştirakçı dövlətlər valideynlərinin biri və ya hər ikisi ilə ayrılmış uşağın hər iki valideynlə müntəzəm surətdə şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləyirlər, bir şərtlə ki, bu münasibət və əlaqələr uşağın şəxsi maraqlarına zidd olmasın; 47.Maddə 12. 1.İştirakçı dövlətlər baxışlarının formalaşdırmağa qadir olan uşağı həmin baxışları özünə aid bütün məsələlərlə əlaqədar azad ifadə etmək hüququ ilə təmin edirlər. Həm də uşağın baxışlarına onun yaşına və yetkinliyinə müvafiq surətdə lazımi diqqət yetirirlər; 2.Bu məqsədlə uşağa imkan verilir ki, ona aid hər hansı məhkəmə araşdırmasının və ya inzibati araşdırmanın gedişində ya bilavasitə özü, ya da nümayəndə, yaxud müvafiq orqan vasitəsilə onu milli qanunvericiliyin prosessual normalarında nəzərdə tutulan qaydada dinlənsinlər; 48.Maddə 18.
1. İştirakçı dövlətlər uşağın təbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları - onlara əsas qayğı obyektidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 49.Maddə 1.2. Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir; 50.Maddə 2.2. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir; 51.Maddə 3.0. Bu Məcəllənin vəzifələri aşağıdakılardır: 3.0.4. ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi; 52.Maddə 6.2. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır; 53.Maddə 49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar; 54.Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir; 55.Maddə 50.1.Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir; 56.Maddə 50.2.Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir; 57.Maddə 50.3. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir; 58.Maddə 52. Uşağın öz fikrini bildirmək hüququ Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər; 59.Maddə 56.1.Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 60.Maddə 58.1.Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar; 61.Maddə 60.1.Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz; 62.Maddə 60.2.Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 63.Maddə 4. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 64.Maddə 5.Uşaq mənafelərinin üstünlüyü Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar; 65.Maddə 18. Valideynlərindən ayrı yaşayan uşağın hüququ Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır; 66.Maddə 19. Valideynlərin hüquq və vəzifələri Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 67.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 68.Maddə 217.2.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 69.Maddələr 385.1.1, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. 70.Maddə 420.Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
71.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 72.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın xx.xx.2011-ci il təvəllüdlü X9 aid təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Qətnamə digər hissədə qüvvədədir.
Məhkəmə kollegiysının mövqeyi:
73.Məhkəmə kollegiyası tərəfləri, onların nümayəndələrini, 3-cü şəxsin nümayəndəsini dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməli, qətnamə həmin hissədə ləğv edilməli, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. 74.İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflərin yetkinlik yaşına çatmamış iki uşağı var: xx.xx.2011-ci il tarixdə doğulmuş X11, xx.xx.2015-ci il tarixdə doğulmuş X12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, övladları xx.xx.2015-ci il tarixdə doğulmuş X6 ananın yanında saxlanılması, xx.xx.2011-ci il tarixdə doğulmuş X7 atasından alınıb ananın himayəsinə verilməsi qət edilmiş, qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi icra edilmiş, lakin Malik Yaqubzadə 2021-ci ilin dekabr ayında atasının yanına getmişdir, hal-hazırda atası ilə birlikdə yaşayır. 75.Məhkəmə mübahisələndirilən hissədə iddianı rədd edərkən qeyd etmişdir ki, Malikin anasını istəməməyi üçün ciddi bir səbəb mövcud deyil, o, sadəcə atasını həddindən artıq sevdiyinə görə, atasının anasına qarşı aqressivliyi olduğuna görə atası ilə həmrəylik edir. Plenumun qərarına əsasən, uşaqların eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. İki qardaşın bir-birinə bağlılığı hazırki işdə qeyd-şərtsizdir. İddiaçı atanın da fikrinə görə uşaqların birgə böyüməsi, bir-birinə qarşı yaxın münasibətdə qalması olduqca vacibdir, Malik Yaqubzadə hətta icra şöbəsində icra məmuruna bildirmişdir ki, qardaşı Murad Yaqubzadədən ötrü çox darıxır, onu görmək istəyir, onunla birgə qalmaq istəyir (iddia ərizəsi). Məhkəmə hesab edir ki, uşaqların birbirindən ayrı böyümələri onların psixologiyalarına mənfi təsir göstərəcək. Malikin fikri atası ilə qalmaq olsa da, bu onun maraqlarına ziddir. Belə ki, ata işləyir və uşağın ataya verilməsi faktiki ana olduğu halda nənəyə-babaya verilməsi deməkdir. Nə qədər Malik atası ilə qalmaq istəsə də, iki valideynin bir-birinə olan nifrəti, Muradın atasını, Malikin də anasını istəməməsi, Malikin atasının yanında qalması onun anasından və kiçik qardaşından tamamilə soyumasına gətirib çıxara bilər. 10 yaşlı Malik anası və qardaşı ilə birlikdə yaşasa, o, atasına olan sevginin nəticəsində qardaşı Muradı da buna yönəldə bilər və bu da nəticədə hər iki uşağın hər valideynlə münasibətinin bərpasına gətirib çıxara bilər. 76.Kollegiya mübahisələndirilən hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, həmin hissədə qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. 77.Belə ki, iş materiallarından görünür ki, rayon Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə xx.xx.2011-ci il tarixdə doğulmuş Malikin atasının himayəsinə verilməsi məqsədəuyğun hesab edilmiş (uşağın öz istəyi nəzərə alınmaqla), Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində Malikin atasına bağlılığı müəyyən olunmaqla, anasına bağlılığının üzə çıxmadığı göstərilmişdir. 78.Məhkəmə iclasında bilavasitə dindirilən Malikin özü də atası ilə qalmaq istədiyini bildirmişdir. Həmçinin, müəyyən olunur ki, Malik taksi ilə atasının yanına getmişdir, 2021-ci ilin dekabr ayından, yəni fasiləsiz 2 ildir çoxdur ki, sonuncu ilə yaşayır. 79.Malikin atasından alınıb anasına verilməsi barədə məhkəmə qətnaməsinin belə uzun müddət icra oluna bilməməsinin bir səbəbi də uşağın təkidlə bu icraya mane olması, zorla anasına verilməsinin onun təbiyəsi və inkişafı üçün kritik əhəmiyyət kəsb etməsi ilə bağlı olmuşdur. 80.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-psixoloji ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-psixoloji ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 81.Lakin birinci instansiya məhkəməsinin qətnaməsindən məlum olur ki, həmin məhkəmə tərəfindən Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, adıçəkilən normanın tələbinə zidd olaraq işə məhkəmədə baxılarkən artıq 12 yaş 6 aylığında olan Malikin fikri mütləq nəzərə alınmalı olduğu halda, bu baş verməmişdir. Həmin norma ilə təsbit olunan qaydaya, yəni 10 yaşına çatmış uşağın fikrinin mütləq nəzərə alınmalı olmasına istisna təşkil edən hallar eyni maddə ilə tənzimlənmiş, bu istisnayi hallar isə uşağın maraqlarına zidd olan hallar kimi nəzərdə tutulmuşdur. 82.Göründüyü kimi, istinad olunan hallar birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilib, qiymətləndirilsə də, bu qiymətləndirmə uşağın üstün maraqları baxımından düzgün olmamış və mübahisə həmin maraqlar nəzərə alınmaqla həll edilməmiş, gəlinən nəticə qanunvericinin uşağın mənafeyinin qorunması ilə bağlı güddüyü məqsədlərə cavab verməmiş, 10 yaşına çatmış uşağın fikrinin mütləq nəzərə alınmalı olması qaydasına istisna təşkil etməklə uşağın maraqlarına zidd olan hallar uşağın əsas qayğı obyekti nöqteyi-nəzərindən əsaslandırılmamışdır. 83.Məhkəmə kollegiyası Malikin atanın yanında qalmasının məqsədəmüvafiq olması ilə bağlı qəyyumluq və himayəçilik komissiyasının və psixoloji ekspertin rəylərini, uşağın atasına daha çox bağlı olmasını, atanın uşağın qayğısı ilə daha çox məşğul olması kimi işin fakitki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, Malikin atanın yanında qalmasını qanuni və əsaslı hesab edir. 84.Məhkəmə kollegiyası bu qənaətə gələrkən həm də mütləq olaraq Malikin xx.xx.2011-ci il təvəllüdlü olmasını və onun fikrini nəzərə alır. 85.Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericilikdə, istər beynəlxaq konvensiyalarda, eləcə də Avropa Məhkəməsinin çoxsaylı qərarlarında da uşaqlarla bağlı mübahisələrə baxılarkən hər şeydən öncə uşaqların üstün maraqlarının təmin edilməsi təsbit olunmuşdur. 86.Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Qərarının 7.1-ci bəndində Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu göstərmişdir ki: boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərdən hansının yanında (himayəsində) saxlanılmasıyla bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmalı, bu vaxt digər amillərlə yanaşı uşağın yaşı da nəzərə alınmalıdır. 87.Azərbaycan Respublikası Ali Məhkəməsinin “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqlardan valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarına əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar nəzərə alınmalıdır. 88.BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların qayğı obyektidir. 89.“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 90.Hazırki halda məhkəmə kollegiyası Malikin qayğısı, təlim-tərbiyəsi və tələbatları ilə ciddi məğul olan atada saxlanılmasını uşağın üstün mənafeyinə uyğun hesab edir. 91.Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası mübahisələndirilən hissədə apellyasiya şikayəti ilə razılaşır. Belə ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş halları cavabdehin Malik onunla birlikdə qaldığı dövrlərdə valideynlik hüquqlarını həyata keçirərkən tərəflərin birgə nikahından anadan olmuş uşağın mənəvi inkişafı, fiziki və psixi sağlamlığının qorunması ilə bağlı vəzifələrini tam yerinə yetirməyə nail ola bildiyinə dair əminlik təlqin etmir, uşağın üstün mənafeyi, onun rifahına və inkişafına qayğının atanın yanında qaldığı təqdirdə daha yaxşı təmin oluna biləcəyi barədə qənaət formalaşdırır. 92.Beləliklə kollegiya hesab edir ki, xx.xx.2011-ci il təvəllüdlü Malik atasının yanında saxlanılmalıdır. 93.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(008)-338/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X1 İlkin Malik oğlunun yanında saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov