Məhkəmə qərarları › İş №2(103)-2613/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2613/2024

20.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2613/2024 20.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X16 (sədrlik edən və məruzəçi), X10 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin nümayəndəsi X11, Cavabdeh “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və «Salyan Rayon Mərkəzi Xəstəxanası» PHŞ-yə qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-296/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(057)-33/2023 saylı hökmündən görünür ki, X20 02 aprel 2020-ci il tarixdən Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdaretmə Birliyi «Salyan Rayon Mərkəzi Xəstəxanası» X36n Təcili və X9 Stansiyasında feldşer vəzifəsində işləyərkən 15 may 2022-ci il tarixdə saat 21:00-dan 16 may 2022-ci il tarixə saat 09:00-dək xidməti üzrə növbədə olduğu müddətdə 15 may 2022-ci il tarixdə saat 21:54-də Salyan rayonu Şorsulu kəndində yerləşən Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında «şizofreniya paranoid forma» diaqnozu ilə müalicədə olan ağrılarını xəstəliyi səbəbindən büruzə vermək iqtidarında olmayan X7 qan qusması ilə bağlı həmin xəstəxananın tibb işçiləri tərəfindən Salyan Rayon Təcili və X9 Stansiyasına verilmiş çağırış əsasında göstərilən psixatriya xəstəxanasına gedib Anar Əsgərovu ilkin müayinə edərək onun nəbzini yoxlayıb təzyiqinin aşağı olduğunu müəyyən etdikdən sonra psixiatriya xəstəxanasının böyük tibb qardaşı X12, kiçik tibb işçiləri X8, X1 xəstə Anar Əsgərovun qan qusması barədə məlumat vermələrinə əhəmiyyət verməyib, sonuncunun ölümünə səbəb olacağı imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə bilməli olduğu halda bunu görməyərək qüvvədə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş feldşerin nümunəvi vəzifə təlimatının 6, 9, 12-ci bəndləri ilə müəyyən olunmuş müalicəprofilaktika və sanitarprofilaktika yardımı, ağır xəstəliklər və bədbəxt hadisələr zamanı ilkin X9 göstərməklə həkimə qədər tibbi yardım göstərməli, əhalinin müxtəlif qruplarının (uşaqlar, yeniyetmələr, hamilə qadınlar, müharibə iştirakçıları və əlillər, ağır xəstəliklər keçirmiş pasiyentlər, xroniki xəstəliklərdən əziyyət çəkən pasiyentlər) dispanser müşahidəsini təşkil etməli və aparmalı olduğu halda həmin təlimatın tələblərini pozub, öz işinə laqeyd münasibət göstərməklə üzərinə düşən vəzifələrini yerinə yetirməyərək Anar Əsgərovda hər hansı qanaxma müşahidə etmədiyi üçün ona «burun qanaxması» diaqnozu qoyaraq qanaxmanın qarşının alınması üçün 2 ml «ditsinon» iynəsi vurmaqla kifayətlənib, patoloji vəziyyətilə əlaqədar Anar Əsgərovun profil üzrə mütəxəssis cərrah tərəfindən konsultativ baxışının təmin edilməsi və tibb müəssisəsində cərrahi müdaxilə icra edilməklə ixtisaslı tibbi yardım göstərilməsi məqsədilə hospitalizasiya etməməsi nəticəsində sonuncunun həmin gün saat 23:45-də müalicə aldığı Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında bağırsaq divarının yarasının deşilməsi ilə əlaqədar baş vermiş diffuz irinli-fibrinoz peritonit nəticəsində inkişaf edən orqanizmin ümumi intoksikasiya səbəbindən ölümünə səbəb olmaqla, ehtiyatsızlıqdan adam öldürmə cinayətini törətmişdir

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və «Salyan Rayon Mərkəzi Xəstəxanası» PHŞ-yə qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 40.000 manat mənəvi zərərə görə kompensasiyanın və ödənilmiş 210 manat dövlət rüsumunun cavabdehlər «Salyan Rayon Mərkəzi Xəstəxanası» PHŞ-dən və Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum böyük qardaşının sağlamlıq imkanlarının məhdud olması həm ailələrinin, xüsusilə də qardaş olaraq onun iztirab yeri olmuşdur. O, demək olar ki, qardaşının vəfatına qədər həyatını qardaşının qorunmasına, sağlamlığını yenidən qazanmasına həsr etmişdir. Keçən bu uzun illərdə qardaşının yaşayış tərzinin çətinliklərdən uzaq olması üçün əlindən gələn hər şeyi etməyə çalışmışdır. Qardaşının sağlamlığında olan problemlər, atacağı hər addımda onu iki dəfə düşündürüb, qarşısına çıxan imkanlarda hər zaman ilk öncə qardaşını düşünüb ondan uzaq qalmasının qardaşına yaradacağı çətinliklərini nəzərə almalı olmuşdur. Qardaşı Anar hərbi xidmətdə Vətən borcunu yerinə yetirərkən xəstələnmişdir. Hərbi xidmətdə olduğu vaxt xəstəliyi ciddiyə alınmamış və vəziyyəti ağırlaşdıqdan sonra müayinə edilərək vərəm diaqnozu qoyulmuşdur. Vərəm diqanozunun nəticəsi olaraq Hərbi xidmətdən vaxtından əvvəl tərxis olunduqdan sonra həm qardaşı üçün, həm də özü və ailəsi üçün çətin günlər başlamışdır. Uzun illər vərəm xəstəliyindən əziyyət çəkməsi sonradan onun psixi pozğunluğuna gətirib çıxarmışdır. Uzun illər həm hərbi xidmət dövründə və sonrasında onların qardaşının sağlamlığı üçün çəkdikləri əziyyətlər həkim ehtiyatsızlığı ucbatından puç olmuşdur. Belə ki, qardaşı X35 Rayonlararası Psixiatriya Xəstəxanasında «psixi pozğunluq» diaqnozu ilə xəstəxanaya qəbul edilmişdir və diaqnoza uyğun olaraq konservativ müalicələrə başlanılmışdır. xx.xx.2022-xx.xx.2022-ci il aralığında qardaşının müalicəsi davam etmişdir. xx.xx.2022-ci il tarixdə stasionar müalicə müddətində diffuz peritonit nəticəsində qardaşının vəziyyəti ağırlaşmış, lakin bu patoloji vəziyyət müəyyən edilmədiyindən qardaşı vəfat etmişdir. Qardaşı psixi pozğunluqdan əziyyət çəkdiyi üçün ağrılarını büruzə vermək iqtidarında olmamışdır. xx.xx.2022-ci ildə saat 22 radələrində qardaşı qan qusmuş və vəziyyəti kəskin surətdə pisləşməyə başlamışdır. Bu səbəbdən X3 işçiləri X6 çağırış vermişdir. Həmin gün gecə növbəsində olan təqsirləndirilən şəxs - X20 çağırışı qəbul etmiş, həkim Vüsal Fərzəliyevin göstərişi ilə həmin xəstəxanaya getmiş və Anar Əsgərovun vəziyyəti ilə maraqlanmışdır. Xəstəxananın işçiləri xəstənin Mərkəzi Xəstəxanaya aparmasını istəsə də, Musayev Salman qan axmasının qarşısını alması üçün qardaşına hər ehtimala qanaxmasının qarşısını almaq üçün 2 ml «ditsinon» iynəsi vurmuşdur. O, qardaşını vəziyyətinin ağırlaşacağı təqdirdə xəstəxanaya aparacağını bildirmişdir və psixiatriya xəstəxanasının işçilərinin qardaşının vəziyyətilə bağlı xəbərdarlığına məhəl qoymamışdır. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 124-cü maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(057)-33/2023 saylı hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Məhkumun cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Bütün bunlardan aydın olur ki, təqsirləndirilən şəxs - X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. O, qardaşının ağır vəziyyətinə məhəl qoymayaraq ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuşdur. Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(057)-33/2023 saylı hökmünə əsasən X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancının 10 %-i məbləğində pul tutmaqla 2 il müddətdə islah işləri cəzasına məhkum edilmişdir. Yuxarıda qeyd olunan faktlar qanuni qüvvəyə minmiş Salyan rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli hökmü ilə preyudisial qaydada öz təsdiqini tapmaqdadır. Belə ki, Salyan rayon Məhkəməsinin hökmü ilə müəyyən edilmişdir ki, məhkum olunan şəxs X20 hadisəni törədərkən «Salyan Rayon Mərkəzi Xəstəxanası» X25 Təcili və X23 Stansiyasında feldşer işləmişdir. Göründüyü kimi, onun qardaşının vəfatına səbəb «Salyan Rayon Mərkəzi Xəstəxanası» publik hüququ şəxsinin TTTYS əməkdaşının təqsiri ucbatından baş vermişdir. Cavabdeh orqanın əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona qardaşının ölümü ilə bağlı dözülməz mənəvi zərər dəymişdir. Qardaşı onun üçün çox əziz və dəyərli idi. Qardaşının əvvəllər də zehni xəstəlikdən əziyyət çəkməsi və belə vəziyyətdə bu cür faciəvi şəkildə bir həkimin ehtiyatsızlığı ucbatından əziyyət çəkərək həyatdan köçməsi yadına düşdükcə ona izahı mümkün olmayanbir əzab verir. İllər boyu qardaşının müalicəsindən ötrü dəfələrlə həkimlərə, xəstəxanalara üz tutmuşlar. Düzdür, qardaşının diaqnozu ağır idi, amma yenə də ümidlərini azaltmamışlar. Hər dəfə əqli problemli qardaşının az da olsa, yaxşılaşacağını ümidlə gözləmişlər. Çox təəssüf, ümidlə gözlədikləri müalicənin axırı qəfil ölüm olmuşdur. Heç kimə zərəri dəyməyən, ürəyitəmiz qardaşının ölümü ürəklərinə dağ çəkmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində qardaşının faciəvi şəkildə ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşadığı mənəvi sarsıntılar, stress, iztirablar, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Çəkdiyi mənəvi ziyanın dərəcəsini ondan başqa heç kəs bilə bilməz. Bu səbəbdən yuxarıda qeyd etdiyi halları, iztirabını, əzab və sarsıntılar nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi olaraq, 40.000 manat məbləğində pul cavabdehlər Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi «Salyan Rayon Mərkəzi Xəstəxanası» X36 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən müştərək qaydada alınaraq ona ödənilməlidir.

4. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-296/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, vurulmuş mənəvi zərərə görə 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin cavabdeh «Salyan Rayon Mərkəzi Xəstəxanası» PHŞ-dən tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 210 manat pul vəsaiti dövlət büdcəsindən iddiaçıya geri qaytarılması, cavabdeh «Salyan Rayon Mərkəzi Xəstəxanası» PHŞ-dən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 180 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(057)-33/2023 saylı hökmündən «Salyan Rayon Mərkəzi Xəstəxanası» PHŞ-nin feldşeri olmuş X13 təqsiri səbəbindən iddiaçının qardaşı vəfat etmişdir. Məhkəmə həmçinin vurğulayır ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə, iddiaçının törədilmiş cinayət əməli nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə vurulmuş mənəvi ziyana görə ağlabatan həddə, yəni 30.000 (otuz min) manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 30.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1097.1, 1099.1, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli qərarına. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 119.1, 119.2, 217.4, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdeh «Salyan Rayon Mərkəzi Xəstəxanası» PHŞ apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-296/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin ərazi aidiyyatı pozulduğu və eyni zamanda əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmə cavabdehin maddi durumunu nəzərə almamış və heç bir əsaslanması olmayan qətnamə qəbul etmişdir. Mənəvi ziyanın təmin olunması üçün əsasən mərhum Anar Əsgərovun ölümü ilə İddiaçı münasibəti və əlaqəliliyi müəyyən edilməmiş və qərarda göstərilənə uyğunluğu müəyyən edilməmişdir. Məhkəmə mərhum Anar Əsgərovun ölümü ilə İddiaçı vurulmuş mənəvi ziyanın hansı qeyri maddi nemətə aid olduğunu sübuta yetirilmədən qətnamə qəbul etmişdir. Bu qətnamə ilə mərhum Anar Əsgərovun ölümü ilə İddiaçı hansı hal üzrə mənəvi ziyanın ödənilməsi bir cümlə ilə olsa əsaslandırılmamışdır. Ödəniləcək zərərin kompensasiya edilməsi maddi ziyanları-gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, iddiaçıya vurulmuş qeyri-maddi zərəri müəyyən etməmişdir. İddiaçı belə olan halda özünün hansı hüququnun, azadlığının, maraqlarının qorunması və təmin etməsini əsaslandırmamışdır. Göründüyü kimi məhkəmə əsassız olaraq hadisənin olub olması və hadisəyə aidiyyatı deyil birbaşa kompensasiya məbləği hissəsində eyni məzmunlu qətnamə çıxarmaqla kifayətlənmişdir. İddiaçının bu iddiadakı hüquqi statusu müəyyən edilməmişdir. Tək və qardaşının olduğu müəyyən edilir ki, bu da onu deməyə əsas vemir ki, hazırki halda iddianı qaldıra bilər ya yox. İş materiallarından da göründüyü kimi iddiaçının iddia qaldırmaq hüququnun olub olmaması müəyyən edilməli olduğu halda məhkəmə bunu etməmişdir. Göründüyü kimi cavabdehin hüquqi ünvanı Salyan rayon ərazisi olduğu halda iddia Bakı şəhərində qaldırılmaqla ərazi aidiyyatı pozulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi göründüyü kimi cavabdeh ola bilmədiyi halda hüquqi ünvanın olduğu yerdə iddianın qaldırılması birbaşa ərazi aidiyyatının pozulmasıdır. Salyan rayon Məhkəməsinin hökmü ilə müəyyən edilir ki, X20 hadisəni törədərkən «Salyan Rayon Mərkəzi Xəstəxanası» X25 Təcili və X23 Stansiyasında feldşer işləmişdir. Belə olan halda cavabdeh məlum olduğu halda bilərəkdən ərazi aidiyyatının pozulması və iddiaçılar sırasına Səhiyyə Nazirliyinin daxil edilməsi düzgün deyildir. X5 cavabdeh olaraq Səhiyyə Nazirliyinin işçisi deyildir ki, Səhiyyə Nazirliyi cavabdehlik daşısın. Məhkəmədə ərizədə bu hal qeyd olunmuşdur: İddiaçı demək olar ki, qardaşının vəfatına qədər həyatını qardaşının qorunmasına, sağlamlığını yenidən qazanmasına həsr etmişdir. Bu hal əsas götürülsə vəfat edənin iddiaçının qardaşı olduğu müəyyən edilir. Qardaş qanun üzrə vərəsə hesab edilibmi, bunu faktiki olaraq məhkəmə araşdırmamışdır. İddiaçı Əsgrov Toğrul işə əlavə edilmiş hökmdə zərərçəkmiş şəxsin hüquqi varisi qismində iştirak etməsi heç də mülki qaydada iddia qaldırmağa əsas vermir. Çünki qətnamədə qeyd olunur ki, vurulmuş mənəvi zərərə görə 30.000 manat məbləğində pul vəsaiti cavabdeh «Salyan Rayon Mərkəzi Xəstəxanası» PHŞ-dən tutularaq İddiaçı ödənilsin. Yaxşı niyə ödənilsin, hansı əsasla iddiaçıya ödənilsin bu barədə faktiki hallar araşdırılmamışdır. Digər tərəfdən işə əlavə edilmiş qətnamələrə diqqət edilsin: 1. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-3195/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamə: Vəfa Yusubova xx.xx.2018-ci il tarixdə doğuşdan sonra ölüb, onun doğduğu uşaq Zaman Şamiyevin sağlamlığına isə doğuş zamanı ağır zərər vurulub. İddiaçı Famil Şamiyev mərhum Vəfa Yusubova ilə faktiki nikah münasibətində olub, uşaq Zaman Şamiyevin isə atasıdır. 2. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-1979/2023 saylı xx.xx.2023-cü il qətnamə: iddiaçı Atasının ölümü ilə əlaqədar məhkəməyə müraciət etmişdir. 3. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-672/2023 saylı xx.xx.2023cü il qətnaməsi: X4 iddiaçının qızıdır. Hər üç məhkəmədə iddiaçılar qanun üzrə vərəsədir və hazırki iddia üzrə isə bununla bağlı heç bir hal araşdırılmamışdır ki, iddiaçının iddia qaldlrmaq hüququ vardır yoxsa yox. Vurulmuş mənəvi zərərə görə 30.000 (otuz min) manat məbləğində pul vəsaiti cavabdeh «Salyan Rayon Mərkəzi Xəstəxanası» PHŞ-dən tutularaq İddiaçı ödənilsin. Bu 30000 manatın hansı əsasla alınıb verilməli olduğu barədə heç bir sübut araşdırılmamış və yalnız qanunvericilik və Konstuitusiya və Ali Məhkəmənin qərarlarını saylmaqla məhkəmə kifayətlənmışdır. Qətnamədə göstərilir ki, məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Həmin hökm qanuni qüvvəyə minmişdir və hazırki mülki iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Məhkəmə həmçinin vurğulayır ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə, iddiaçının törədilmiş cinayət əməli nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə vurulmuş mənəvi ziyana görə ağlabatan həddə, yəni 30.000 manat məbləğində pul vəsaiti tutulmalıdır. Buradan görünür ki ağlabatan məbləğ hansı meyarla götürülüb bununla bağlı sübuta heç bir əsaslandırma yoxdur. İşə əlavə edilmiş qətnamələrdə iddianın təmini üçün əsaslar: 1. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-3195/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamə: İddiaçı mənəvi sarsıntı keçirib. Belə ki, onun uşaqlarının anası həyatını itirib, üç uşağı anasız qalıb, yeni doğulan uşağının sağlamlığına isə ağır zərər vurulub. Məhkəmə, iddiaçının törədilmiş cinayət əməli nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə vurulmuş mənəvi ziyana görə ağlabatan həddə, yəni 30.000 manat məbləğində pul vəsaiti tutulmalıdır. 2. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)- 1979/2023 saylı xx.xx.2023-cü il qətnamə: Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 30.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. 3. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e- 2(006)-672/2023 saylı xx.xx.2023-cü il qətnamə: Məhkəmə həmçinin vurğulayır ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Amma nədənsə məhkəmə mərhum Anar Əsgərovun ölümü ilə İddiaçı vurulmuş mənəvi ziyanın əlaqəli olduğunu və birbaşa İddiaçı hansı mənəvi iztirab keçirdiyini müəyyən etmədən işə əlavə edilən 3 qətnaməyə uyğun qətnamə çıxarmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən cavabdeh «Salyan Rayon Mərkəzi Xəstəxanası» PHŞ-nin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırki mübahisə üzrə çıxartdığı qətnamə prosessual və X18 pozulması nəticəsində tərtib edilmişdir. İlkin olaraq prosessual pozuntuya nəzər salınsa görünər ki, Nəsimi Rayon məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 35, 36 və 151-ci maddələrinin tələblərinə əməl edilməmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İddia ərizəsinin yönəldiyi cavabdehlər isə hüquqi ünvanı Salyan rayonunda olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” X36 və hüquq ünvanı Bakı şəhəri Nəsimi rayonu olan Səhiyyə Nazirliyidir. Lakin, birinci instansiya məhkəməsinin qətnaməsinə nəzər salınsa görünər ki, məhkəmə, Səhiyyə Nazirliyini qətnamənin yalnız Giriş və Təsviri hissəsində qeyd etmiş, Əsaslandırıcı və Nəticə hissələrində qeyd etməyərək faktiki olaraq Səhiyyə Nazirliyini iş üzrə cavabdeh kimi dəyərləndirməmiş, iddia tələbinin Səhiyyə Nazirliyinə münasibətdə hansı səbəbdən rədd olunduğunu qeyd etməmişdir. Çünkü, iş materiallarında olan hökm ilə də aydın olur ki, iddiaçının qardaşı mərhum X27 rayonunda vəfat etməsində təqsirkar bilinən Salman Musayev “Salyan Rayon Mərkəzi Xəstəxanası” X25 işçisi olmuşdur. Həmçinin, iş materiallarında olan 10 yanvar 2024-cü il tarixli məktub ilə də aydın olur ki, “Salyan Rayon Mərkəzi Xəstəxanası” X36 TƏBİB-in tabeliyinə verilmişdir. Nəsimi Rayon Məhkəməsi, Səhiyyə Nazirliyinə münasibətdə Mülki Prosessual Məcəllənin 36.2-ci maddəsinə əsasən iddia ərizəsini qəbul etmiş, lakin qətnamə çıxardan zaman Səhiyyə Nazirliyinə münasibətdə faktiki olaraq iddiaya hissəvi xitam verərək, yalnız “Salyan Rayon Mərkəzi Xəstəxanası” X28 münasibətdə iddiaya mahiyyəti üzrə baxmışdır. Nəsimi Rayon Məhkəməsinin etməli olduğu prosessual hərəkətlər qanuna uyğun belə olmalı idi: Məhkəmə, iddia ərizəsini icraata götüməzdən qabaq Səhiyyə Nazirliyinin müştərək cavabdeh olmadığını müəyyən etməli və bir-biri ilə əlaqədar olmayan bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyinə görə geri qaytarmalı, iddiaçıya Səhiyyə Nazirliyinə qarşı ayrıca iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməli idi. Beləliklə, iddia ərizəsi icraata görürülərək Mülki Prosessual Məcəllənin 151-ci maddəsi olan - “iddia ərizəsinin mümkünlüyü” pozulmuşdur. Eyni zamanda “Salyan Rayon Mərkəzi Xəstəxanası” X25 nizamnaməsinin 1.4-cü maddəsində müəssisənin müstəqil balansa malik olduğu qeyd edilir. Bu da onu göstərir ki, müəssisə TƏBİB-in tabeliyində olmasına baxmayaraq, maddi risklərə görə müstəqil cavabdehlik daşıyır. Bu səbəbdən və iddiaçı tərəfindən zərərin vurulduğu yerə görə aidiyyət seçilsə belə, hazırki mübahisəyə yalnız Salyan Rayon Məhkəməsində mahiyyəti üzrə baxıla bilər. İkinci olaraq X18 pozulmasına nəzər salınmalıdır. Nəsimi Rayon Məhkəməsi kompensasiya məbləğini müəyyən edərkən Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin plenum qərarlarının, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəlarını nəzərə almamışdır. Belə ki, mənəvi sarsıntıların, şüurdakı mənfi halların, ümidsizliyin, yaşamaq eşqinin azalmasının və s. kimi halların yaranmasındakı səbəb, şəxslər arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılığın mövcud olmasıdır. Şəxsin keçirdiyi iztirabın və sarsıntının dərəcəsi isə uzun illər birlikdə ailə bağları ilə yaşamış insanın ölümü həddindədir. Lakin, iş materiallarında olan Hökm ilə müəyyən olunur ki, mərhum Anar Əsgərov 2010-2021-ci illərdə, həyatının son 11 ilini Respublika Psixiatriya Xəstəxanasında və Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında “şizofreniya paranoid forma” diaqnozu ilə müalicədə olmuşdur. Mənəvi təzminatın həcmi müəyyən edilərkən iddia irəli sürülən insanla ölən şəxs arasındakı şəfqət və mənəvi bağlılığın möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları nəzərə alınmalı idi. Lakin iş materiallarında olan hökmlə və Salyan Rayonlararası Psixiatriya Xəstəxanasına verilən sorğunun cavabı ilə müəyyən olunur ki, mərhum Anar Əsgərovun stasionarda olduğu müddətdə “Şöbə üzrə xəstələrlə yaxınlarının görüşü” jurnalında görüşü qeydə alınmamışdır. Zərərçəkmiş fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkət və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması anlaşılır. Lakin, iş materiallarında olan Hökmdən görünür ki, iddiaçı qardaşının vəfatında təqsirkar olan Salman Musayevə qarşı heç bir şikayət və tələbi olmamışdır. Bu da öz növbəsində iddiaçının baş vermiş hadisəyə humanistcəsinə yanaşdığını, psixi vəziyyətinin mülayim olduğunu sübut edir. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Belə ki, iş materiallarında olan hökmdə qeyd edilən komissyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 372/KEŞ nömrəli rəyindən görünür ki, iddiaçının qardaşının vəfat etməyindəki səbəblərdən biri mərhum Anar Əsgərovun nazik bağırsaq divarının yarasının deşilməsi ilə əlaqədar baş vermiş diffuz irinli-fibrinoz peritonit nəticəsində inkişaf edən orqanizmin ümumi intoksikasiyası olmuşdur. Stationar müalicə müddətində X7 vəziyyəti getdikcə ağırlaşmış və xx.xx.2022-ci il tarixdə ölüm baş vermişdir. Bu da onu göstərir ki, “Xəstəxana”nın işçisinin təqsiri olmasaydı belə, mərhum Anar Əsgərovun vəfat etmək ehtimalı yüksək idi. Eyni zamanda, kompensasiya məbləği müəyyən edilən zaman, mənəvi iztiraba səbəb olan əməlin qəsdən və ya ehtiyasızlıqda törədilən əməl olunması nəzərə alınmamışdır. Belə ki, zərərçəkən şəxsə şişirdilmiş məbləğin verilməsi əsassız varlanmaya səbəb olar. Lakin, iş materiallarında olan hökm ilə əməlin ehtiyasızlıqdan törədilən cinayət olması müəyyən edilsə də, birinci instansiya məhkəməsi bunu nəzərə almayaraq, zərərçəkən şəxsin əsassız varlanmasına şərait yaratmışdır. Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Lakin, iş materiallar ilə mərhum Anar Əsgərovun vəfatından 1 il keçdikdən sonra iddiaçının ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmamışdır. Bundan əlavə iddiaçı qeyd edilən halları təkzib edən sübutlar məhkəməyə təqdim etməmiş, mənəvi sarsıntılar keçirtməsini əsaslandırmamışdır. Bununla yanaşı məhkəmə tərəfindən kompensasiya məbləği müəyyən edilən zaman cavabdehin maddi durumu nəzərə alınmalı idi. Lakin, cavabdehin X26raq ictimai əhəmiyyətliliyi, müstəqil balansa malik olması, İcbari Tibbi Sığorta Agentliyi tərəfindən yalnız ictimai xidmət göstərilməsi üçün maliyyələşən, qanunvericilik və nizamnaməsində maddi məsuliyyətinə görə dövlətdən vəsaitin ayrılmaması, kompensasiya məbləğinin yüksək olacağı təqdirdə müəssisənin işçilərinin ixtisarının və əmək haqqlarının azalmasının qaçınılmaz olması və bununla da yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsinin mümkün olmayacağı nəzərə alınmamışdır. Beləliklə, prosessual və X18 pozulması ilə tərtib edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edir. Oxşar məhkəmə qətnamələrinə münasibətdə bildirmək istəyir ki, Azərbaycan anqlo-sakson hüquq sisteminə aid deyil,r oman-german hüquq sisteminə əsasən fəaliyyət göstərir. Mülki Prosessual Məcəlləyə əsasən mülki prosessual icraat zamanı çəkişmə prinsipi əsasında qərarlar çıxarılır. Eyni bir hala görə fərqli qətnamələrin çıxarılması roman-german hüquq sisteminə əsasən mümkün olan haldır. Yəni imperativ deyil ki, onların qətnaməsinə şamil edilsin. Səhiyyə Nazirliyinin nəzarət funksiyasını yerinə yetirir, lisenziya verir, belə olan halda Səhiyyə Nazirliyini üçüncü şəxs olaraq işə cəlb edilməli idi. Qarşı tərəf xəstəxananın idarə etmədə ciddi pozuntu etdiyi fikiri ilə razı deyil, xəstəxanın digər işçilərinin ifadələrinin alınmış və onlarla bağlı cinayət işinin başlanmasının rədd edildiyi müəyyən olunmuşdur. Hökmlə görünür ki, birbaşa olaraq Salman Musayevin təqsiri nəticəsində əməl törədilmişdir. Şəxsin verdiyi ifadəsində ona qarşı hər hansı şikayət və tələbinin olmadığı aydın olur. Hökmlə cəzalandırılan şəxs PHŞdə əmək müqaviləsi əsasında işləyən orta tibb təhsili olan işci olub. Cavabdeh orqan TƏBİB-in tabeliyindədir, TƏBİB də İcbari Tibbi Sığorta Agentliyinin tabeliyindədir. Cavabdeh düzgün seçilmişdir. Səhiyyə Nazirliyinə qarşı ayrı iddia qaldırıla bilər. Xərclərin smetasında hansı xərclərin olması müəyyən olunur və ayın sonunda istənilir. İcbari Tibbi Sığorta tərəfindən həmin xərclərə uyğun olaraq vəsait ödənir. Mənəvi təzminat olduqda isə onu İcbari Tibbi Sığorta Agentliyinə göstərə bilmir. Çünki, o halda İcbari Tibbi Sığorta nə qanunvercilikdə, nə də nizamnamədə əks etdirilmədiyini və PHŞ-nin tədbir görməli olduğunu bildirəcək. Bu da işçilərin artıq ixtisarına və Salyan rayonunun 55000 nəfərlik əhalisinə keyfiyyətli xidmət göstərilməsinin qeyri-mümkünlülüyünə gətirib çıxardacaq.

11. Məhkəmə iclasında iştirak edən cavabdeh «Salyan Rayon Mərkəzi Xəstəxanası» PHŞ-nin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, əlavəsi yoxdur.

12. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, bütün tibbə nəzarət funksiyası Səhiyyə Nazirliyinin səlahiyyətindədir. Pulun tutulması isə PHŞ olduğu üçün birbaşa ondan tutulmalıdır. İcbari Tibbi Sığorta nəticəsində ödənişlər X37ə ödənildiyi üçün birbaşa olaraq özündən tutulur. Səhiyyə Nazirliyinin nəzarətində və onun lisenziyası ilə xəstəxanalar açılır. Bunun üçün də Səhiyyə Nazirliyi cavabdeh kimi qoyulmalıdır. Bununla bağlı vahid mövqeyi var, aidiyyat məsələsi ilə bağlı da boşluq yoxdur. Hökmlə xəstənin ölümünə həkimin səbəb olduğu öz təsdiqini tapmışdır. Hökmlə, iddiaçının verdiyi ifadələrlə qardaşına münasibəti, əsgərlikdən sonra qardaşını daimi müalicələrə qardaşı ilə mənəvi bağlılığının sübutudur. İddiaçının qardaşı xəstəliyi ilə bağlı müalicə olunduqda iddiaçı tərəfindən aparılıb, stasianor müalicə mərkəzində psixoloji müalicələrə aparılıb. Bu da mənəvi bağlılığının sübutudur. Əgər keyfiyyətli tibbi yardım olsa idi, xəstə belə vəziyyətə düşməzdi. Avropa, Amerika təcrübələrinə əsasən burada məsuliyyət təkcə həkimin deyil, eyni zamanda orada olan tibb işçilərinə də şamil edilir. Artan xəstə ölümü onu göstərir ki, xəstəxana idarə etməsi ilə bağlı ciddi problem var. Lakin, ən böyük əziyyəti xəstənin yaxınları çəkir. Əsas mahiyyət odur ki, xəstəxananın səhlənkarlığı şəxsin həyatını sonlandırıb və bununla bağlı hökm var. Qanunvericilik imkan verir ki, cavabdeh orqan həkimdən pulu tutsun və maliyyə vəziyyətlərini yaxşılaşdırsınlar. Mənəvi zərərin olmaması ilə bağlı qətiyyən razı deyil. Anar Əsgərov 10 ildir xəstəxanada psixiatrik müalicələr alıb. Onun ölümünə səbəb psixiatrik hal olmayıb. X19 sonra daimi müalicələrdə olub. İddiaçı edib, cinayət işində hüquqi varis kimi o tanınıb. Müalicə 10 il çəkib, 10 ildə elə vaxt ola bilər ki, qardaşı onun yanına getməyib. Amma, bu ailə bağının olmaması anlamına gəlmir.

13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Maddə 51.1. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi zərərin məbləğində dəyişdirilməlidir.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, “Salyan Rayon Mərkəzi Xəstəxanası” X25 Təcili və X9 Stansiyasında feldşer işləmiş X20 iddiaçının qardaşının ölümündə təqsirli bilindiyindən, qardaşının ölümünə gərə iddiaçı iztirab keçirdiyindən mənəvi ziyan cavabdeh “Salyan Rayon Mərkəzi Xəstəxanası” X36ndən tutulmalıdır.

21. Belə ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(057)-33/2023 saylı hökmündən görünür ki, X20 02 aprel 2020-ci il tarixdən Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdaretmə Birliyi «Salyan Rayon Mərkəzi Xəstəxanası» X36n Təcili və X9 Stansiyasında feldşer vəzifəsində işləyərkən 15 may 2022-ci il tarixdə saat 21:00-dan 16 may 2022-ci il tarixə saat 09:00-dək xidməti üzrə növbədə olduğu müddətdə 15 may 2022ci il tarixdə saat 21:54-də Salyan rayonu Şorsulu kəndində yerləşən Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında «şizofreniya paranoid forma» diaqnozu ilə müalicədə olan ağrılarını xəstəliyi səbəbindən büruzə vermək iqtidarında olmayan X2 23:45-də müalicə aldığı Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında bağırsaq divarının yarasının deşilməsi ilə əlaqədar baş vermiş diffuz irinli-fibrinoz peritonit nəticəsində inkişaf edən orqanizmin ümumi intoksikasiya səbəbindən ölümünə səbəb olmaqla, ehtiyatsızlıqdan adam öldürmə cinayətini törətmişdir. X20 Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancının 10 (on) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir.

22. Apellyasiya şikayətinin dəlillərindən biri odur ki, iddia ərizəsi verilərkən aidiyyət qaydaları pozulmuşdur, cavabdeh “Salyan Rayon Mərkəzi Xəstəxanası” X25 ünvanı Salyan rayonu olmasına baxmayaraq əsassız olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi cavabdeh qismində işə cəlb edilərək, onun yerləşdiyi ərazi üzrə məhkəməyə müraciət edilmişdir.

23. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbini həm “Salyan Rayon Mərkəzi Xəstəxanası” X28, həm də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı verərək hər iki cavabdehdən pulun tutulmasını xahiş etmişdir. İddia ərizəsinin geri qaytarılması üçün mülki prosessual qanunvericilkdə nəzərədə tutulmuş əsaslar olmadığından, iddia ərizəsi cavabdehlərdən birinin hüquqi ünvanı üzrə verildiyindən icraata götürülmüşdür.

24. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub olmaması, vərəsə hesab edilib edilməməsi müəyyən edilməmişdir.

25. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları mənəvi təzminat tələb etmək hüququna malik ola bilər. İşin halarından da görünür ki, X17 iddiaçının qardaşıdır. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(057)-33/2023 saylı hökmündən görünür ki, İddiaçı zərər çəkmiş şəxsin hüquqi varisi olaraq tanınmışdır.

26. Cavabdehin nümayəndəsi və vəkilinin izahatında qeyd etdiyi hallara münasibətdə qeyd olunmalıdır ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(057)-33/2023 saylı hökmündən görünür ki, zərərşəkmiş şəxsin hüquqi varisi İddiaçı baş həkimdən şikayətçi olduğunu, onun barəsində tədbir görülməsini, təqsirləndirilən şəxs Salman Musayevi tanımadığını, ona qarşı şikayət və tələbinin olmamasını qeyd etmişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, bu hal iddiaçının mənəvi zərərə görə təzminat tələbini aradan qaldırmır. Çünki, göründüyü kimi İddiaçı qardaşının ölümündə məhz baş həkimin təqsirli olmasını güman edərək Salman Musayevi tanımadığı və şikayət və tələbinin olmadığını bildirmişdir. Lakin sonradan hökmlə müəyyən olunmuşdur ki, qardaşının ölümündə məhz Salman Musayev təqsirli bilinmişdir.

28. Bundan əlavə, iddiaçının 1 ildən sonra məhkəməyə müraciət etməsinin nəzərə alınmamasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qardaşı 2022-ci ildə vəfat etsə də qeyd edilən hökm xx.xx.2023-ci il tarixdə verilmişdir. İddiaçı iddia tələbi ilə xx.xx.2023-cü ildə müraciət etmişdir.

29. Lakin məhkəmə kollegiyası birinci instanisya məhkəməsi tərəfindən müəyyən edilən mənəvi ziyanın məbləği ilə razılaşmır və qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

30. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(057)-33/2023 saylı hökmündən görünür ki, X13 törətdyi əməl ehtiyatsızlıqdan törədilmiş əməl kimi tövsif edilmişdir.

31. Bundan əlavə, hökmdən müəyyən olunur ki, iddiaçının qardaşı 2010-cu ildən şizofreniya paranoid forma diaqnozu ilə xəstəxanada müalicədə olmuşdur.

32. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, işin halları, zərərvuran şəxsin təqsiri, iddiaçının qardaşının uzun müddət xəstəlikdən müalicə alması nəzərə alınaraq cavabdehdən 15000 manat məbləğində mənəvi ziyanın tutulmalı olması ağlabatandır.

33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında qeyd edilir ki, “...Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur.”

34. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-296/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi “vurulmuş mənəvi zərərə görə 30.000 manat məbləğində pul vəsaiti cavabdeh «Salyan Rayon Mərkəzi Xəstəxanası» PHŞ-dən tutularaq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilməli, vurulmuş mənəvi zərərə görə 15.000 (on beş min) manat məbləğində pul vəsaiti cavabdeh «Salyan Rayon Mərkəzi Xəstəxanası» PHŞ-dən tutularaq İddiaçı ödənilməlidir.

35. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-296/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi “vurulmuş mənəvi zərərə görə 30.000 manat məbləğində pul cavabdeh “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən tutularaq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilsin. Vurulmuş mənəvi zərərə görə 15.000 (on beş min) manat məbləğində pul cavabdeh “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 45 manatı iddiaçıdan apellyatorun xeyrinə tutulsun, rüsumun qalıq hissəsi apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar