Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2616/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsindən çıxarılma) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5931/2023 nömrəli iş üzrə 21 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 6934/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.1965-ci il tarixdə Gürcüstan SSR-nin Bolnisi rayonunda doğulmuş X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilmişdir.
2. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunun surətindən görünür ki, ünvan 1 ünvanda X10 qeydiyyatdadır.
3. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə 1845 nömrəli akt qeydi ilə nikah bağlanmışdır.
4. Bakı şəhəri Sabunçu Rayon Ramana Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 84 nömrəli sorğuya cavab məktubundan görünür ki, yalnız İddiaçı Ramana Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyatdan keçib və yaşadığı ünvan Müşviq Qəribov küçəsi kimi qeyd edilmişdir.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5038/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı “vəfat etmiş atası X5 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bünyatzadə küçəsi ünvanında yerləşən 207 saylı eva yaşayış hüququnun tanınması və həmin fərdi yaşayış evinə köçürülməsi” tələbinə dair iddiası rədd edilmişdir, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdehlər İddiaçı və X6 qarşı “onun Bakı şəhəri, Sabunçu rayonu, Bünyatzadə küçəsi ünvanında yerləşən 207 saylı evinə köçürülməsi, həmin yaşayış evinin yaşayış sahəsindən istifadə hüququnun tanınması, cavabdeh İddiaçı Bahadur qızına qarşı “vəfat etmiş atası X5 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bünyatzadə küçəsi ünvanında yerləşən 207 saylı evdən çıxarılması və həmin evin boşaldılmasına" tələbinə dair iddiası rədd edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı istifadəsində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən istifadəsi üçün maneələrin aradan qaldırılması, Cavabdeh ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə o, mərhum əri X8 ilə ailə həyatı quraraq ünvan 4 ünvanda yaşamağa başlamışlar. Onun əri xx.xx.2021-ci il tarixdə rəhmətə gedənədək o, həmin evdə onunla birlikdə yaşamışdır. Eyni zamanda əri həmin ünvanda qeydiyyatda olmuşdur. Əri rəhmətə gedəndən sonra o həmin evdə yaşamağa davam etmişdir. Bəzi vaxtlarda o, gedib valideyinlərinin evində qalmışdır. Bir gün evə gələndə görmüşdür ki, cavabdeh ərinin bacısı Cavabdeh evin qapısının açarını sındıraraq qanunsuz olaraq evinə daxil olmuş və orada yaşamağa başlamışdır. Onun orda paltarları əşyaları ola-ola onu evə buraxmamışdır və bildirmişdir ki, ev ona qalmalıdır. O, dəfələrlə polis idarəsinə şikayət ərizələri ilə müraciət etməyinə baxmayaraq cavabdeh evdən çıxmamışdır onun evdə olan 20000 manat dəyərində şəxsi əşyalarının taleyi barədə heç bir məlumatı yoxdur. Hətta o, Sabunçu rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək cavabdehin evdən çıxarılması və onun əşyalarını talan etdiyi üçün cinayət işinin açılmasını tələb etmişdir. 2022-ci il tarixdə onun ərinin birinci nikahdan olan oğlu X9 “yaşayış hüququnun tanınması və evə köçürülmə” tələbinə dair, Cavabdeh isə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi “fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququnun tanınması, həmin evə köçürülmə və İddiaçı evdən çıxarılaraq evin boşaldılması” tələbinə dair Sabunçu rayon məhkəməsinə müraciət etmişdilər. Sabunçu rayon məhkəməsinin 2(008)-5038/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hər iki iddiaçının tələbi rədd edilmişdir. Məhkəmədə şahid qismində çıxış edən şahid X7 “məhkəmədə bildirmişdir ki, o, onun ərinin ikinci həyat yoldaşı olmuş və onlar 13 il biryerdə yaşamışlar. Birgə nikahdan bir qızları var. O, mübahisəli evdə yaşamamış, qızı atasını görmək üçün evə gəlib getmişdir. Nazim ilə söhbətlərindən ona məlum olmuşdur ki, həmin evi Nazim özü almışdır. Həmin evdə onun özü və üçüncü arvadı Nüşabə yaşamışdır. Nüşabə ilə Nazim 3 il evli olmuşdur. Nazimə Nüşabə qulluq etmişdir. Nazimin tünd xasiyyəti olmuş, bacı qardaşları ilə münasibətləri soyuq olmuşdur. Belə ki, Nazim böyük bacısı ilə küsülü olmuş, balaca bacısı Cəmilə ilə ara-sara dalaşmışdır.” Eyni zamanda cavabdeh iddiaçını məhkəməyə verərək onun “fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququnun tanınması, həmin evə köçürülmə və İddiaçı evdən çıxarılaraq evin boşaldılması” tələbinə dair Sabunçu rayon məhkəməsinə müraciət etməsi artıq iddiaçının həmin evdə yaşamasını qəbul edərək onu yaşayış sahəsindən məhrum etmək niyyəti təsdiqlənmişdir. O, cümlədən məhkəmə cavabdehin həmin evə heç bir istifadə hüququnu təsdiq etməmişdir. Həmin evdə münasibətdə cavabdehin heç bir subyektiv hüququ yoxdur.
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, iddia tələbinin “İddiaçı istifadəsində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən istifadəsi üçün maneələrin aradan qaldırılması” hissəsində məhz cavabdehin həmin evdən çıxarılmasını nəzərdə tutduğundan iddia tələbinin bu hissəsidə təmin edilə bilməz.
9. Cavabdeh xx.xx.2023-cü il tarixli etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı məhkəmədə iddia qaldıraraq ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə üçün maneələrin aradan qaldırılması, Cavabdeh ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədə xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə mərhum qardaşı X8 ilə ailəli olduğunu, onun xx.xx.2021-ci il tarixdə rəhmətə getdiyini, həmin evdə onunla birgə yaşadığını, bəzi əşyalarının bu günə kimi qeyd edilən ünvandakı evdə olduğunu əsas götürərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət edib iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı iddia tələbi tam qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, ünvan 6 ünvanda yerləşən torpaq sahəsi onun şəxsi vəsaiti hesabına 2017-ci il tarixdə onunla (alıcı), satıcı X18 arasında aparılmış qeyri rəsmi alqı-satqı müqaviləsinə əsasən dəyəri 15 000 manat ödənilməklə həmin torpaq sahəsinə sahiblik hüququ əldə etmişdir. (Sabunçu rayon məhkəməsinin 2(008)-5038/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsində şahid qismində dindirilmiş A.B.Gözəlov öz ifadəsində bunu təsdiq etmişdir). Bundan sonra ünvan 5 ünvanda yerləşən həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək məqsədi ilə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası "xxxx" MMC-nin layihə planı və sxemi əsasında qeyd edilən fərdi vaşayış evini öz vəsaiti hesabı ilə inşa etdirib tam təmir etdirərək başa çatdırmışdır. Həmin zamanlarda mərhum qardaşı X8 onun yanında Bakı şəhəri, ünvan 7 ünvanda yerləşən mənzildə darısqallıq olduğu üçün o, şəraitini yaxşılaşdırmaq məqsədi ilə bu torpaq sahəsini alıb fərdi yaşayış evini tikdirmişdir. Bu dövrdə mərhum qardaşı X8 ağır "xərçəng" xəstəliyindən əziyyət çəkirdi. Fərdi yaşayış evi tikilib başa çatdıqdan sonra o qardaşını və özünə məxsus əşyalarını da yığıb həmin evə köçmüşlər. xx.xx.2021-ci il tarixdə qardaşı qəflətdən rəhmətə getdi. Bu barədə o, Sabunçu rayon məhəkəməsinə ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(008)-6934/2021 saylı qətraməsi ilə qardaşının xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilmişdir. İş üzrə İddiaçı onlara məlum olmayan gizli formada qardaşı ilə necə nikaha daxil olması hamısında şübhə yaradır. Əgər belə bir nikah həqiqətə uyğun idisə, eləcə də onlar ailəli idilərsə onun xəstə qardaşına daim özün qulluq etdiyi bir halda o harada idi və qardaşının soyadını nə səbəbə qəbul etməmişdir. Belə ki, qardaşının vəfat etməsindən, onun hansı qəbiristanlıqda dəfn olmasından, məzarının mərmər daşla götürülməsindən xəbərdar olmayan şəxs məlum olmayan səbəblərdən onun sahibliyində olan evə qarşı iddia irəli sürməsi tam qanunsuz və əsassızdır. Bu səbəblərdən də hesab edir ki, iddia tələbi qeyd olunanlara əsasən əsassız olduğundan rədd edilməlidir. İddiaçı ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə üçün maneələrin aradan qaldırılması, cavabdeh X2 ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması barədə iddia» tələbinin rədd edilməsi xahiş edilmişdir.
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5931/2023 nömrəli iş üzrə 21 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət etmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1, 157.8, 158.2, 180.1, 225.1, 225.2, 225.4-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5038/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsini nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
18. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
19. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
21. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
22. 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.
23. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
24. 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüquqları sayılır: 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
25. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
26. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
27. 180.2-ci özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
32. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5931/2023 nömrəli iş üzrə 21 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
37. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
38. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
39. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
40. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir.
41. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qeyd etmişdir ki, sözügedən özbaşına tikili iddiaçı ilə cavabdehin qardaşı arasında nikahdan əvvəl hazır olmuşdur. İddiaçı həmin evin cavabdehin qardaşına vəsaiti hesabına tikilmiş olduğunu bildirsədə, bu halı təsdiq edə bilməmişdir. Eyni zamanda məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, həmin özbaşına tikili cavabdehin qardaşının hesabına tikilmiş olsa belə, nəqədər ki, iddiaçı və X8 arasında nikah bağlanan zaman həmin özbaşına tikili olan fərdi yaşayış evi hazır olduğundan həmin tikilin nikahda olan şəxslərin vəsaiti hesabına tikilmiş hesab edilmir. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçının mübahisəli evə dair hüquqmüəyyənedici sənədi olmadığından və həmin evin iddiaçı ilə X3 birgə nikah dövründə vəsaiti hesabına tikilmiş olmadığından iddiaçının Cavabdeh ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması tələbi təmin edilə bilməz.
42. Kollegiya apellyasiya şikayətinin dəlilərini haqlı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5038/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsini nəzərə almamış və yalnız iş materiallarına əlavə edilmiş sübut olaraq sadalamışdır, nəticədə isə prosessual normanı pozmuşdur. Belə ki, MPM-nin 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
43. 23.02.2016-cı il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd edilir ki, ...Məcəllənin Bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.
44. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
45. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015- ci il tarixli Qərarı).
46. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin mübahisəli evə köçürülməsi tələbi rədd edildiyindən, onun həmin tikilidə yaşaması üçün hər hansı hüququ mövcud deyil. Bu yanaşmanın əksi, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi prinsipinin pozulmasına səbəb ola bilər.
47. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən iş üzrə düzgün nəticəyə gəlmədiyindən qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5931/2023 nömrəli iş üzrə 21 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsi təmin edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.