Məhkəmə qərarları › İş №2(103)-2618/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2618/2022

22.06.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2618/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının vəkili Vəkil və apelyatorun nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 dekabr 2021-cı il tarixli qətnaməsindən cavabdeh LPO Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, LPO Cavabdeh1 ASC-yə, "xxxx" MMC-yə və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, İddiaçı məxsus Bakı şəhəri Binəqədi rayonu Cavadxan küçəsindəki 2 saylı evin 24-cü mənzilinin ipoteka ilə yüklülükdən azad edilməsi və bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 dekabr 2021-cı il tarixli qətnaməsi ilə (hakim S.Cəfərov, iş № 2(006)-6131/21) iddia təmin edilmişdir. Bundan narazı qalan cavabdeh LPO Cavabdeh1 ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı LPO Cavabdeh1 ASCnin xeyrinə cavabdeh X2 cəmi 53.876 manat borcun tutulması, tutmanın İddiaçı məxsus Bakı şəhəri Binəqədi rayonu Cavadxan küçəsindəki 2 nömrəli evin 24 saylı mənzilinə yönəldilməsi, ilkin satış qiymətinin 105.000 manat olaraq müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-5806/2019 saylı icra vərəqəsinə əsasən ipoteka predmetinin açıq hərracdan satılması üçün Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx-1056-2 saylı sifariş məktubuna əsasən mənzil "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə açıq hərracdan satılması üçün ilkin satış qiyməti 105.000 manat olmaqla ilkin hərraca çıxarılmış, lakin hərracda alıcı olmadığı üçün hərrac baş tutmamışdır. Sonradan ipoteka predmeti qanunvericiliyin tələbinə uyğun olaraq dəyərinin 15 % aşağı qiymətinə 89.250 manata xx.xx.2020-ci il tarixdə təkrar hərraca çıxarılmışdır. Təkrar hərracda da alıcı olmadığı üçün "xxxx" MMC tərəfindən hərracın baş tutmaması ilə bağlı X3 müvafiq elan verilmişdir. Həmin elan tarixindən bu günədək ipoteka saxlayan (tələbkar) Cavabdeh1 ASC ilə hərracın təşkilatçısı "xxxx" MMC arasında həmin ipoteka predmetinin əldə edilməsinə dair hərracın yekunları barədə protokol imzalanmamaışdır. İpoteka predmeti 30 gün ərzində əldə edilməsi üçün tələbkara təklif edilmiş, lakin tələbkar həmin müddət ərzində ipoteka predmetini əldə etməmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində əmlak ilkin satış qiymətindən 25% aşağı qiymətə 66.937 manata LPO Cavabdeh1 ASC-yə təklif olunmuşdur. LPO Cavabdeh1 ASC xx.xx.2020-ci il tarixli məktubla təklifə cavab verərək 30 gün müddəti keçirmədən əmlakı qəbul etdiyini bildirmişdir. Bankın əmlakın qəbulu barədə məktubu xx.xx.2020-ci il tarixində "xxxx" MMC-yə çatsa da, hərracın nəticələri barədə protokol və müqavilə imzalanması üçün Banka təqdim edilməmişdir. Bank tərəfindən verilən aksept məktubu deməyə əsas verir ki, əslində tərəflər müqavilənin bütün mühüm şərtləri barədə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddət ərzində razılığa gəlmişlər. Banka ödənişlə bağlı heç bir hesab faktura daxil olmamışdır. Həmçinin ipoteka saxlayana ödəniləcək fərq barədə də Bank məlumatlandırılmamışdır. Qanunda tələbkarın hərrac xərclərini ödəməli olması barədə imperativ norma yoxdur. Cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasənapellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının vəkilinin və apelyatorun nümayəndəsinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin faktiki hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-5806/2019 saylı icra sənədinə əsasən cavabdeh X2 (X1) cəmi 53.876 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu LPO Cavabdeh1 ASC-nin xeyrinə tutulmalı, tutma ipoteka qoyulmuş Bakı şəhəri Binəqədi rayonu Cavadxan küçəsi (Gəncə xanı) küçəsindəki 2 saylı evin 24-cü mənzilinə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı, mənzilin ilkin satış qiyməti 105.000 manat müəyyən edilməli, qeyd olunan əmlak satıldıqdan sonra 1 ay müddətində boşaldılmalı, satışdan əldə olunmuş pul vəsaiti hesabına ümumi borc məbləği LPO Cavabdeh1 ASC-yə ödənilməli, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyan İddiaçı qaytarılmalıdır. Həmin icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra və Probasiya şöbəsi 21 oktyabr 2020-ci il tarixdə "xxxx" MMC-yə (Hərrac Mərkəzi) məktub ünvanlayaraq, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 105.000 manat olmaqla hərraca çıxarılmasını xahiş etmişdir. Hərracın keçirilməsi prosedurlarına riayət olunmaqla, hərracın keçirilməsi vaxtı və yeri barədə tərəflərə məlumat vermişdir. Bundan başqa, KİV vasitəsi ilə müvafiq elanlar dərc olunmuşdur. "xxxx" MMC Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin sifariş məktubuna əsasən ilk hərracı xx.xx.2020-ci il tarixə, əmlak satılmadığından ikinci hərracı xx.xx.2020-ci il tarixə təyin etmişdir. Əmlak ikinci hərracda da satılmadığından, hərrac təşkilatçısı olan "xxxx" MMC 10 dekabr 2020-ci il tarixdə LPO Cavabdeh1 ASC-yə təklif ünvanlayaraq xx.xx.2021-ci il tarixədək (30 təqvim günü ərzində) ipoteka predmetinin əldə olunmasını təklif etmişdir. Təklifdə əmlaka dair təklif qiyməti qeyd edilmişdir (təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 66.937 manat 50 qəpik). Bank tərəfindən xx.xx.2012-ci il tarixli məktubla ipoteka predmetinin əldə olunmasına dair razılıq bildirilmiş, həmin razılıq məktubu "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş, lakin ipoteka predmetinin əldə olunması ilə bağlı hər hansı sənədləşmə aparılmamışdır. "xxxx" MMC xx.xx.2021-ci il tarixdə Binəqədi rayon icra şöbəsinə məktub ünvanlayaraq ipoteka predmetinin təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə banka təklif edildiyini, lakin bank tərəfindən ipoteka predmetinin əldə olunmadığını bildirmiş və bu səbəbdən sifariş məktubunu geri qaytardığını göstərmişdir. İpoteka qoyan İddiaçı ipoteka predmetinin 30 gün ərzində ipoteka saxlayan tərəfindən əldə olunmadığına istinad edərək hazırkı iddianı qaldırmışdır. İddiaçının tələbi ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi və bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması barədədir. Birinci instansiya məhkəməsi “İpoteka haqqında” Qanunun 41, 43-cü maddələrinin tələblərini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli («İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair) qərarında təsbit edilmiş hüquqi mövqeləri nəzərə alaraq iddianı təmin etmiş və qənaətini onunla əsaslandırmışdır ki, Bank tərəfindən ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetini əldə edilməsi üçün zəruri tədbirlər görülməmiş və nəticədə qanunla müəyyən edilmiş müddət ərzində əmlak əldə edilməmişdir. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarına əsaslanaraq belə nəticəyə gəlmişdir ki, ipoteka saxlayan ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi üçün “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi hüquq normasının tətbiqində səhvə yol verməmişdir. Belə ki, “İpoteka haqqında” Qanuna əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir (maddə 43.7-1). İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir (maddə 43.8). “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı ... əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq verir. Həmin Qanunun 43.7-ci maddəsinə görə, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Qanunun 43.8-ci maddəsinə görə isə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “... “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. İşin apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-5806/2019 saylı icra vərəqəsinə əsasən başlanılmış icra işi üzrə sənədlərin surətləri Binəqədi rayon İcra və Probasiya Şöbəsindən tələb edilmişdir. Sözügedən sənədlər araşdırılarkən məlum olmuşdur ki, hərracın təşkilatçısı olan "xxxx" MMC tərəfindən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 66.937, 50 manata alıb-almayacağı məsələsinə münasibət bildirməsi üçün Banka 10 dekabr 2020-ci il tarixdə təklif məktubu göndərilmişdir. Həmin məktubda LPO Cavabdeh1 ASC-nin nəzərinə çatdırılmışdır ki, “İpoteka haqqında” Qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda Mülki Məcəllənin 298.2, 319.5-ci maddələrinə müvafiq olaraq hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. Eyni məzmunlu məktub Binəqədi rayon İcra və Probasiya Şöbəsinə də göndərilmişdir. İcra sənədlərindən və işin müəyyən edilmiş hallarından göründüyü kimi, Bank xx.xx.2012-ci il tarixli məktubla ipoteka predmetinin əldə olunmasına dair ilkin razılıq bildirmiş, lakin sonrakı hərəkətlər (alqı-satqı müqaviləsinin bağlanması, protokol tərtib olunması, xidmət haqqının ödənilməsi və s.) icra edilməmişdir. Buna görə də, hərrac təşkilatçısı 06 aprel 2021-ci il tarixli məktubla ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmadığına istinad edərək sifariş məktubunu qanunvericiliyə uyğun tədbirlər görülməsi üçün Binəqədi rayon icra şöbəsinə geri qaytarmışdır. “İpoteka haqqında” Qanunun mənasına görə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Mülki Məcəlləyə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir (maddə 178.1). Göründüyü kimi, mülki qanunvericilik daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsinin əsaslarını müəyyən etmişdir. Həmin normaya əsasən daşınmaz əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. Bu o deməkdir ki, əmlakı əldə etmək ofertanın qəbul edilməsi ilə yekunlaşmır. Bunun üçün real hərəkətlər edilməli, müqavilə bağlanmalı və əmlak fiziki olaraq və hüquqi cəhətdən qəbul edilməlidir. Baxılan iş üzrə Bank aksept versə də, ipoteka saxlayan və hərracın təşkilatçısı arasında 30 təqvim günü ərzində protokol imzalanmamışdır. Bu fakt işin mübahisəsiz halıdır. Belə olan halda Qanunun birbaşa göstərişinə əsasən ipoteka predmeti əldə olunmamış hesab edilir. İpoteka predmetinin əldə olunmaması isə ipotekaya xitam verilməsi üçün əsasdır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Kollegiya həmçinin onu da nəzərə alır ki, “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi sui-istifadə hallarına, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarılması ilə nəticələnən məhkəmə təcrübəsinə yol açar. Şərh olunanlara əsasən kollegiyanın qənaəti ondan ibarətdir ki, əmlakın üzərindəki ipoteka yüklülüyünə xitam verilməsi üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh LPO Cavabdeh1 ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 01 dekabr 2021-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar