Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2621/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 2(006)- 6458/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20.000 manat, 61030 manat vurulmuş zərər və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Tibb Universitetinin “daxili xəstəliklər” kafedrasında dosent vəzifəsində işləyən cavabdeh onun etibarından suiistifadə edərək, dələduzluq yolu ilə ondan əmi nəvəsinin oxuduğu Azərbaycan Dövlət İqtisad Universitetində yaranmış problemini çözmək üçün 20.000 manat pul almış və aldığı pula dair qəbz yazıb imzası ilə təsdiq etmişdir. Lakin cavabdeh müxtəlif bəhanələr söyləmiş, yalanlar danışmış, o vaxtlar Milli Məclisin deputatı olan X1 boynuna atmaqla vəziyyətdən çıxmaq istəsə də, verdiyi 20.000 manat pulunu tələb etməyə başlamış, mümkün olmamışdır. Belə ki, əvvəlcə cavabdehin Fəzail adlı qudası ilə danışmış, sonra İslam adı oğlu ilə görüşmüş, daha sonra yaşadığı ünvana gedərək Gülbikə adlı həyat yoldaşı ilə söhbət eləməyinə baxmayaraq pulunu əldə edə bilməmişdir. Cavabdeh Mirəsgər Əsərov barəsində Bakı şəhər Nəsimi rayon İcra şöbəsində 4 icra işi var, Bakı şəhər Nizami Rayon Məhkəməsi tərəfindən 04.12.2016-ci ildə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib barəsində hökm qəbul etmişdir. Digər tərəfdən cavabdeh ondan savayı başqa vətəndaşların da etibarlarından sui-istifadə etməklə, dələduzluq yolu ilə pullarını ələ keçirib mənimsəmişdir. Baş müstəntiq Ceyhun Rzayev tərəfindən aparılan istintaq zamanı bütün qeyd etdikləri özünü doğrultmuş, üzləşmə zamanı cavabdeh səmimi etiraf etmiş, hətta 02.04.2021-ci il tarixdə ona olan borcundan cavabdeh ümumi dostu olan X2 vasitəsilə ona 1.000 manat pul da göndərmişdir. İstintaq zamanı barəsində onunla yanaşı digər vətəndaşların da şikayət ərizələrindəki göstərdikləri faktlar öz təsdiqini tapdığı üçün cavabdeh 29.06.2021-ci il tarixdə ATU-nun Rektorunun 292/k əmrinə əsasən işdən qovulmuşdur. Hətta cavabdeh əvvəlcə ondan aldığı pula dair qəbzləri, iltizamları imzalamasına baxmayaraq sonradan yazıb imzası ilə təsdiq etdiyi qəbzlərdə, iltizamlarda, açıq məktublarda dostu sabiq deputat Rəfael Cəbrayılovun adını qeyd etməklə özünü müdafiə etmək cəhdində bulunsa da, xeyiri olmamış, onun etibarından sui-istifadə etməsi, dələduzluq yolu ilə aldadaraq külli-miqdarda pulunu ələ keçirib mənimsəməsini dərk edib anlamışdır. Bundan əlavə olaraq cavabdeh artıq 30 aydır ki, onun pulunu özündə saxlayıb şəxsi məqsədləri üçün istifadə edərək gəlir əldə etmiş və ona xeyli-miqdarda zərər vurmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 2(006)- 6458/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 19.000 manat maddi ziyan və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə proseslərində onun iştirak etməsi zəruri olduğu halda, məhkəmə bildirişləri göndərilmiş olsa da, həmin bildirişləri bəlkə də ailə üzvləri almış, lakin ona verilməmişdir. Məhkəmə onun telefon nömrəsinə zəng vurub məlumat vermədən, işə onun iştirakı olmadan baxmışdır. Onun imzaladığı sadə formada müqavilə tam əsaslı ola bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Cavabdeh qeyd etdi ki, iddiaçıdan 11700 manat borc almış, borcun çox hissəsini qaytarmış, hazırda 5000 manat borcu qalmışdır. İşlədiyi dövrdə əmək haqqı kartını və arvadının pensiya kartını iddiaçıya vermiş, sonuncu təxminən bir il ərzində həmin kartlardan pul çıxarmışdır. İddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qeyd etdi ki, cavabdeh ona əmək haqqı kartını verməmişdir, arvadının pensiya kartını isə bu borcdan əvvəl vermişdir və həmin məsələnin bu işə aidiyyəti yoxdur. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Eyni zamanda nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia qismən təmin olunsa da, ondan iddiaçı şikayət verməmişdir. Ona görə də qətnamə yalnız cavabdehə münasibətdə iddianın təmin olunmuş hissəsinə aid hissədə yoxlanılır. Kollegiya tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin 09.07.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Tibb Universitetin rektoruna ünvanladığınız müraciətə cavab olaraq bildiririk ki, Universitetin rektorunun 292/k nömrəli 29.06.2021-ci il tarixli əmri ilə Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə 09.07.2021-ci il tarixində xitam verilmişdir. Hal-hazırda Cavabdeh Universitetlə heç bir əlaqəsi yoxdur. Əgər Sizin Cavabdeh qeyriqanuni fəaliyyəti və hüquq pozuntuları haqqında məlumatınız varsa, bu barədə hüquqmühafizə və məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan 14.12.2016-cı il tarixli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 5000 manat məbləğində cərimə növündə cəza təyin edilmişdir. İş materiallarında olan 03.03.2019-cu il tarixli qəbzdə Cavabdeh göstərmişdir ki, “uzun illər dostluq etdiyim İddiaçı Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki “semaşka” xəstəxanasının qarşısında 20000 manat pulu bu gün, yəni 03.03.2019-cu il tarixdə aldım.” İş materiallarında olan 10 iyun 2019-cu il tarixli qəbzdə Cavabdeh göstərmişdir ki, “Mən Cavabdeh iltizamı ona görə yazıram ki, dostum İddiaçı borc kimi 03.03.2019-cu ildə aldığım 20000 manat pulu bu günə kimi qaytara bilmədiyim üçün, növbəti dəfə söz verirəm ki, həmin məbləği 20 iyun 2019-cu il tarixdə qaytaracağam. Bu mənim son xahişim, axırıncı möhlət istəməyimdir”. İş materiallarında olan 20 iyun 2019-cu il tarixli iltizamda göstərmişdir ki, “Mən, Cavabdeh artıq 3-cü dəfədir ki, yazaraq İddiaçı möhlət istəyirəm ki, aldığım 20000 manat pulu qaytaracağam, amma qaytara bilmirəm. Bu barədə ailə üzvlərim də məlumatlıdır. Yenidən sonuncu dəfə İddiaçı həmin məbləği qaytarmaq üçün bir ay vaxt istəyirəm. Yənii 2019-cu ilin 20 iyul tarixinə kimi aldığım 20000 manat pulu qaytaracağıma söz verib öhdəlik götürürəm.” Daha sonra cavabdeh 17.07.2019-cu il tarixdə, 20.07.2019-cu il tarixdə və sonuncu dəfə 27.07.2019-cu il tarixdə iltizam yazaraq pulu qaytaracağını bildirmşdir. İddiaçı hazırda cavabdehə vermiş olduğu həmin pulu tələb edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 20000 manat məbləğində borc pul almış, həmin məbləğdən 1.000 manatını qaytarmış, qalan 19000 manatını isə qaytarmamışdır. Ona görə də 19000 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Göründüyü kimi, iddiaçının cavabdehə 20000 manat pul verməsi iş materiallarında olan cavabdehin yazdığı iltizamlarla tam təsdiq olunur (cavabdeh həmin iltizamları mübahisələndirməmişdir). Cavabdeh iddiaçıdan bu məbləğdə pulu aldığını etiraf etmiş, yazılı iltizamlarla da pulu qaytaracağını öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, cavabdeh özü müxtəlif tarixlərdə (03.03.2019, 10.06.2019, 20.06.2019, 17.07.2019, 20.07.2019, 27.07.2019) iltizamla iddiaçıya borclu olduğunu etiraf edərək, borcunu qaytaracağını öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Kollegiya qeyd edir ki, cavabdeh iddiaçıya verdiyi yazılı iltizamlarda sonuncudan məhz 20.000 manat borc aldığını, daha sonra isə həmin məbləğdə borclu olduğunu etiraf etmişdir. Belə olan halda iddiaçıdan aldığı borcun 11.700 manat olması və həmin borcun bir qismini qaytarmaqla hazırda 5.000 manat borclu qalması barədə cavabdehin dəlilləri əsaslı deyildir. Borc etiraf edildiyindən, tərəflər arasında daha əvvəl hansı münasibətlərin baş verməsi heç bir əhəmiyyət kəsb etmir, çünki borclu tərəfindən borcun yazılı etrafı borc verəni həmin etirafa kimi baş verənləri sübut etmək vəzifəsindən azad edir, yəni mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin mahiyyəti ondan ibarətdir ki, həmin müqavilədən sonra tərəflər arasında daha əvvəl baş vermiş münasibətlər araşdırılmış və borc məbləği məhz etiraf olunduğu həddə qəbul olunur. Məhkəmə iclaslarında onun iştirakının təmin edilməməsi, ona rəsmi məlumat verilməməsi ilə bağlı apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə məhkəmə bildirişləri göndərilmiş, həmçinin iş materiallarında olan telefon nömrəsinə SMS bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə cavabdeh tərəfindən apelyasiya şikayətinin dəlilləri əsassızdır və apelyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6458/2021 saylı iş üzrə 25 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2621/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2621/2022
06.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver