Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2623/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Ləğv prosesində olan "xxxx" ASC-yə, Bakı şəhəri 12 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "alqı-satqı və ipoteka müqaviləsinin ləğv olunması və s." tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.11.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Ləğv prosesində olan "xxxx" ASC-yə, Bakı şəhəri 12 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "alqı-satqı və ipoteka müqaviləsinin ləğv olunması və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərin ona qarşı dələduzluq hərəkətləri etmələri barədə şikayət ərizəsi ilə müraciət etmişdir. 2017-ci ilin noyabr aynda Aytən adlı qadın ilə köhnə Olimp mağazasının yanında olan notariusda rəsmi müqavilə bağlayaraq, iddiaçı evinin çıxarışını girov qoymuş və Aytən adlı qadından 10.000 manat pul almışdır ki, başqa şəxslərə olan borcunu qaytarsın. Həmin pul ilə bağlı öhdəlik götürmüşdür ki, 6 ay müddətinə Aytənin 10.000 manat pulunu qaytaracaqdır. İddiaçı pulu ödəyə bilmədiyi üçün, üzərindən 4 ay keçdikdən sonra tanış olduğu Araz adlı şəxs iddiaçını İradə adlı xanımla tanış etmişdir ki, həmin İradə az faiz ödəməklə kreditə bankdan pul çıxara bilər və bir neçə gündən sonra İradə adlı qadınla tanış olmuşdur. Daha sonra İradə və onun tanışı Mirtalıbla tanış olmuş, onlar iddiaçıya kredit götürməyə köməklik edəcəklərini və əvvəlki şəxsdən götürdüyü 10.000 manat krediti bağlayacaqlarını bildirmişdilər. 10.650 manat pul vəsaitini Aytən xanıma ödəyərək evin sənədlərini ondan almışlar ki, banka girov qoyaraq pul götürsünlər. Bir neçə gündən sonra iddiaçını Elmlər Akademiyası parkına çağırmışlar və orada adını sonradan bildiyi Cavabdeh2, İradə, Mirtalıb və ora sonradan gələn Eyyub adlı şəxslər var idi. Daha sonra iddiaçının tanımadığı bir qadın da ora gəlmiş, İradə bildirmişdir ki, onlar iddiaçıya köməklik edəcəklər ki, bankdan kredit götürüb 10.650 manat olan borcunu qaytara bilsin. Belə ki, Şüvəlan qəsəbəsində olan evin çıxarışını banka kreditə qoyub pul götürəcəklər, lakin pulun 16 faizi onlara çatacaqdır. İddiaçı razılaşmış və onlar hamısı Mirtalıbın avtomaşınında köhnə Olimp mağazasının yanında olan notariusa 22 noyabr 2017-ci il tarixdə gəlmişlər. Orada onları bank işçisi Əliyev Rövşən gözləyirdi, onlar ora çatmaqları ilə sənədlərə imza edib çıxmaqları bir neçə dəqiqə çəkmiş və oradan Elmlər Akademiyası parkının yaxınlığındakı Cavabdeh3 ASC-yə gəlmişlər. Onlar avtomobildə oturmuşlar və həmin adını bilmədiyi qadın iddiaçı ilə banka girmiş, iddiaçı kassadan pulu alıb maşına gəlmişdir. Həmin qadın Cavabdeh3 ASC-nin qarşısında, maşının içərisində pulla dolu paketi İradəyə vermiş, oradan 94.604 manatın, 44.000 manatını Eyyub və həmin tanımadığı qadına vermiş və onlar çıxıb getmişlər. Sonra isə iddiaçı İradə və Mirtalıbla birlikdə Yasamal rayonu, H.Cavid adına olan parkda çay evində oturmuşlar ki, haqq-hesab edilsin. İradə ağ vərəqdə qeydiyyat apararaq kimə nə qədər verməli olduğunu yazmışdır. Sonra İradə borcu olan 10.650 manatı iddiaçıya vermişdir. İddiaçı niyə ona az pul verdiyini soruşanda İradə belə alındığını bildirmişdir. İddiaçı cavabdehlərin 16 faizdən çox pul götürdüklərini deyəndə, İradə iddiaçıya Cavabdeh2 1 aydan sonra təqaüdə çıxaracaqlarını və həmin kreditin yarı faiz olacağını bildirmişdir. İddiaçı razılaşmadığından onlar iddiaçıya bildirmişlər ki, bir ay müddətində həmin hərbçi təqaüdə çıxacaq, dövlət ona güzəşt etdiyindən, ona etibarnamə verəcəklər, onun banka olan borcu 25.000 manat olacaqdır və pulu banka Ədalət ödəyəcəkdir. İddiaçı onların yanından çıxıb evə gəldikdən sonra bankın çıxarışına baxanda orada banka olan borclu kimi Cavabdeh2 adının qeyd edildiyini görmüş, ondan sonra bütün sənədlərə baxanda iddiaçıya aydın olmuşdur ki, sənədlərə baxmamış qol çəkərək Şüvəlanda olan evini Cavabdeh2 adına keçirmiş, Ədalət də həmin evi banka girov qoyaraq pul götürmüşdür. Ədalət hal-hazırda iddiaçını evindən çıxarmaq üçün Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Onda Cavabdeh1, X2 və Cavabdeh2 birlikdə iddiaçıya qarşı dələduzluq etdiyini başa düşərək şikayət etmişdir. Cavabdehlərin iddiaçını aldadaraq yeganə yaşayış sahəsi olan yuxarıda göstərilən ünvandakı yaşayış evinin əlindən alınması ilə nəticələnən əqdi “Təşkil” etdikləri barədə iddiaçı hüquq mühafizə orqanlarına müraciət etmişdir. Həmin müraciətlərin uzunuzadı araşdırmalarının birində yazıldığı kimi əqdin etibarsızlığı barədə məhkəməyə müraciət edə biləcəyi tövsiyə olunurdu. Bu səbəbdən də iddiaçı, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən 23 noyabr 2017-ci ildə cavabdehlərin “Təşkil etdikləri” alqı-satqı və ipoteka müqavilələrinin ləğv edilməsi, bankdan götürülmüş vəsaitin 10.000 manatı ona aid olmaqla yerdə qalan məbləğinin cavabdehlərə aid olunması, evinin və torpağının əvvəlki statusuna qaytarılması, Cavabdeh2 adına verilmiş 01 dekabr 2017-ci il tarixli reyestrdən çıxarışın və texniki pasportun ləğv olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir (tələb dəqiqləşdirilmişdir). Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.11.2022-ci il tarixli, 2(006)-6386/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunmasını, yeni qətnamə qəbul edilərək iddianın təmin olunmasını xahiş etmiş, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. O, Azərbaycan Respublikası Mülki Məcəllənin 424.2, 527.1, 528-ci maddələrinə deyil, 334.1, 340-cı maddələrinə istinad etməli olduğu halda bunu etməmişdir, həm onun, həm də cavabdehlərin yekdil fikrinə görə və məhkəmədə verdikləri ifadələrinə görə mübahisələndirdiyi əqd nəticə etibarı ilə yalan əqddir ki, bu başqa əqdi pərdələmək üçün bağlandan əqddir. Belə əqd əhəmiyyətsizdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər Cavabdeh2, Bakı şəhəri 12 saylı Notariat Ofisinin və Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 23 noyabr 2017-ci il tarixli, 129.CL.221117.00001/a saylı alqısatqı və ipoteka müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı, ipoteka saxlayan Cavabdeh3 ASC, alıcı (ipoteka qoyan) Cavabdeh2 İddiaçı məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, Ordubadi küçəsi ünvanında yerləşən 0.066 ha torpaq sahəsi və üzərində yerləşən 19 saylı ev alıcı-ipoteka qoyanın mülkiyyətinə verilir. Daşınmaz əmlakın satış qiyməti 95.000 manatdır, mənzilin dəyərinin 45.000 manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən 50.000 manat məbləğində olan hissəsi isə kreditoripoteka saxlayan tərəfindən bu müqaviləyə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. İş materiallarında olan Cavabdeh2 tərəfindən 26.07.2020-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, o, alqı-satqı üçün İddiaçı pul ödəmədiyini və aldadıldığını etiraf etmişdir. İş materiallarında olan 25.06.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Məcidov X5 Xanım Qurban qızı ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi Ordubadi küçəsi ünvanında yerləşən 0.066 ha torpaq sahəsi və üzərində yerləşən 19 saylı evin gələcəkdə əsas alqı-satqısına dair razılaşma əldə etmişlər. İş materiallarında surəti olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 410/2021 saylı 12.04.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı 23 noyabr 2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab olunması, bankdan götürülmüş vəsaitin 10.000 manatının ona aid olmaqla yerdə qalan məbləğin cavabdehlərə aid olunması, evinin və torpağının əvvəlki statusuna qaytarılması, Cavabdeh2 adına verilmiş 01 dekabr 2017-ci il tarixli reyestrdən çıxarışın və texniki pasportun ləğv olunması barədə iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8221/2021 saylı işi üzrə 27.09.2021-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-410/2021 saylı, 12.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 23 noyabr 2017-ci il tarixli satıcı İddiaçı, ipoteka saxlayan Cavabdeh3 ASC və alıcı (ipoteka qoyan) Cavabdeh2 arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmış, həmin müqavilələrə əsasən İddiaçı məxsus olan Bakı şəhəri Xəzər rayonu Şüvələn qəsəbəsi Ordubadi küçəsi ünvanda yerləşən 0,066 ha torpaq sahəsi və üzərində yerləşən 19 saylı ev Cavabdeh2 satılmış, sonuncu əmlakı kredit müqaviləsinin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü etmiş, bank da öz növbəsində Cavabdeh2 50.000 manat məbləğində kredit vermiş, lakin bank qarşısında kredit üzrə öhdəliklər tam icra edilməmişdir. Hazırda iddiaçı həmin üçtərəfli müqavilənin ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəıticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Mülki Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı alqı-satqı və ipoteka müqaviləsində göstərilən şərtlərlə razılaşaraq həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə yaşayış evinin satılması ilə bağlı öhdəlik götürmüş və öhdəliyini yerinə yetirmişdir. Üçtərəfli müqavilənin digər tərəfi Cavabdeh3 ASC daşınmaz əmlakı ipoteka ilə yüklü edərək Cavabdeh2 kredit vermiş, müqavilənin üçüncü tərəfi olan Cavabdeh2 isə mübahisə olunan evi almış, lakin bank qarşısında kredit öhdəliklərini tam icra etməmişdir. Qeyd edilən müqavilənin etibarlı olması tərəflər arasında mövcud olmuş digər mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Kollegiya qeyd edir ki, müqavilənin ləğv edilməsinin və dəyişdirilməsinin əsasları mülki qanunvericiliklə müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi müqavilənin ləğv edilməsi yalnız o halda mümkündür ki, müqavilənin digər tərəfi müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuş olsun, yaxud bu müqavilənin özündə nəzərdə tutulmuş olsun. Lakin hazırkı işin hallarından iddiaçının mübahisələndirdiyi müqavilələrin digər tərəflərinin müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması müəyyən edilməmişdir. Mənzilin dəyərinin sonradan İddiaçı tərəfindən digər şəxslər arasında bölüşdürülməsi mövcud müqavilənin ona münasibətdə əhəmiyyətli şəkildə pozulması hesab oluna bilməz. Həmçinin, müəyyən edilir ki, 23 noyabr 2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi üzrə borclu tərəfindən Banka olan kredit öhdəliyi tam icra edilməmişdir. Bu halda bank qarşısında icra edilməmiş öhdəlik mövcud olduğundan müqavilənin ləğv edilməsi mümkün deyildir. Belə ki, Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının tələbi əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Mülki Məcəlləsinin 334.1, 340cı maddələrinə istinad etməli olduğuna dair apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, bu maddələr əqdlərin notarial qaydada bağlanması qaydasını, habelə uydurma və yalan əqdlərin etibarsızlığı ilə müddəaları əks etdirir. Kollegiya qeyd edir ki, hazırkı müqavilənin etibarlı olması məsələsi tərəflər arasında digər məhkəmə mübahisəsinin predmeti olmaqla, məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu səbəbdən kollegiya apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir. Beləliklə, iddiaçı apellyasiya şikayətində istinad etdiyi halları iddiaçı konkret dəlillərlə sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə qanuni və əsaslıdır, apellyasiya şikayətində göstərilən dəlillər qətnaməni əsassız hesab etmək və onu ləğv etmək üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.11.2022-ci il tarixli, 2(006)-6386/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2623/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2623/2022
05.05.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver