Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2632/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 yanvar 2025-ci il tarixli qətnamədən iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 300.000 manat məbləğində pulun cavabdeh Nazirlikdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Hərbi Məhkəməsi tərəfindən 1- 1(093)-7/2024 nömrəli cinayət işi üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli hökmlə müəyyən edilmişdir ki, iddiaçının qardaşı, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən (şərti olaraq) “N” saylı hərbi hissəsinin kiçik giziri X2, (şərti olaraq “Tər-tər işi” kimi adlandırılan) iş üzrə “qurban” olmuş, uzun müddət ərzində ağır işgəncələrə məruz qalmışdır. 1-1(093)-7/2024 nömrəli cinayət işinə baxılan zaman iddiaçının qardaşı artıq vəfat etmiş (Babək Baxşalıyev iş yerinə baş vermiş qəza nəticəsində xx.xx.2021-ci il tarixdə ölmüşdür) və bu səbəbdən də iddiaçı həmin cinayət işində mərhum qardaşının prosessual varisi kimi iştirak etmişdir. Qeyd edilən cinayət işinin icraatının başlanmasına əsas olmuş cinayət hadisələri zamanı iddiaçının qardaşı “vətən xaini” adı ilə “ləkələnmişdir”. Cinayət işinin nəticəsi ilə müəyyən edilmişdir ki, iddiaçının qardaşının günahı olmamış, o, vətənə xəyanət etməmişdir. İddiaçı və ailə üzvləri uzun müddət ərzində özlərini “vətən xaininin ailə üzvü” kimi hiss etmişlər. Bu səbəbdən də iddiaçıya mənəvi zərər dəymişdir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq dövlət büdcəsindən onun xeyrinə 300.000 manat məbləğində pul tutulmalıdır. b) iddia tələbinə dair cavabdehin münasibəti barədə məlumat
3. Cavabdeh Maliyyə Nazirliyin iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, Maliyyə Nazirliyi iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməmişdir. Maliyə Nazirliyinin bu iddiaya cavab verməli olan şəxs kimi göstərilməsi əsassızdır. Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Odur ki, göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 12.000 manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən cavabdeh Maliyyə Nazirliyi vasitəsi ilə tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının qardaşının 23 gün ərzində işgəncələrə məruz qalması Bakı Hərbi Məhkəməsi tərəfindən 1-1(093)-7/2024 nömrəli cinayət işi üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli hökmlə müəyyən edilmişdir. İşin hallarından həmçinin müəyyən edilir ki, qeyd edilən cinayət işinin icraatının başlanmasına əsas olmuş cinayət hadisələri zamanı iddiaçının qardaşı “vətən xaini” adı ilə “ləkələnmişdir”. Cinayət işinin nəticəsi ilə müəyyən edilmişdir ki, iddiaçının qardaşının günahı olmamış, o, vətənə xəyanət etməmişdir. İddiaçının bir müddət ərzində özünü “vətən xaininin ailə üzvü” kimi hiss etməsi və bu səbəbdən də psixoloji iztirab və stress çəkməsi başa düşüləndir. Buna görə də, iddiaçının qardaşının işgəncələrə məruz qaldığı 23 günün hər günü üçün ən azı 500 manat kompensasiya hesablanmalıdır. Qeyd edilənləri nəzərə almış Rayon Məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli və iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq (23 gün x 521,7 manat=) 12.000 manat dövlət büdcəsində tutularaq iddiaçıya ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. d) apellyasiya şikayətləri barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və iddianın bir qismini təmin etməməklə iş üzrə səhv nəticəyə gəlmişdir.
8. Cavabdeh Maliyyə Nazirliyi də həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam həcmdə rədd edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbinə qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən bu apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, “iddia tələbinə etirazda” göstərilənləri nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və iddianın bir qismini təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
10. Apellyasiya baxışı iclasında iştirak etmiş iddiaçı, cavabdeh Nazirlik tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, özü tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və bu şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
11. Məhkəmənin ona verdiyi suallara əsasən iddiaçı, əlavə olaraq bildirdi ki, Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən onun xeyrinə tutulmasını tələb etdiyi 300.000 manat məbləğində pulun 100.000 manat hissəsi atası X3, qalan 200.000 manat hissəsi isə onun özünə aiddir. Bacıları isə qərara gəlmişlər ki, mənəvi zərər ilə bağlı pul tələb etməsinlər (bununla bağlı apellyasiya icraatı zamanı iddiaçı “apellyasiya şikayətinə əlavə” vermişdir).
12. Cavabdeh Maliyyə Nazirlik işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.
13. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdeh Nazirliyin apellyasiya şikayəti qismən təmin edilməli və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq dövlət büdcəsindən cavabdeh Maliyyə Nazirliyi vasitəsi ilə iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin həcminin müəyyən edilməsi hissəsində dəyişdirilməli, iddiaçının xeyrinə tutulmalı olan pulun məbləği 5.000 manat müəyyən edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, Bakı Hərbi Məhkəməsi tərəfindən 1-1(093)-7/2024 nömrəli cinayət işi üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli hökmlə müəyyən edilmişdir ki, iddiaçının qardaşı, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən (şərti olaraq) “N” saylı hərbi hissəsinin kiçik giziri Babək Baxşalıyev, şərti olaraq “Tər-tər işi” kimi adlandırılan iş üzrə “qurban” olmuş, ağır işgəncələrə məruz qalmışdır. 1-1(093)-7/2024 nömrəli cinayət işinə baxılan zaman iddiaçının qardaşı artıq vəfat etmiş (Babək Baxşalıyev iş yerinə baş vermiş qəza nəticəsində xx.xx.2021-ci il tarixdə ölmüşdür) və bu səbəbdən də iddiaçı həmin cinayət işində mərhum qardaşının prosessual varisi kimi iştirak etmişdir. Qeyd edilən cinayət işinin icraatının başlanmasına əsas olmuş cinayət hadisələri zamanı iddiaçının qardaşı “vətən xaini” adı ilə “ləkələnmişdir”. Cinayət işinin nəticəsi ilə müəyyən edilmişdir ki, iddiaçının qardaşının günahı olmamış, o, vətənə xəyanət etməmişdir.
16. Qeyd edilən bu hallar tərəflər arasında mübahisə doğurmur.
17. İddiaçı bildirir ki, o özü və ailə üzvləri uzun müddət ərzində özlərini “vətən xaininin ailə üzvü” kimi hiss etmişlər. Bu səbəbdən də ona və atasına mənəvi zərər dəymişdir.
18. Məhkəmə iddia tələbinin iddiaçının atasına aid hissəsinin əsaslılığı ilə bağlı bildirir ki, MPM-in tələblərinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1.). İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir (maddə 51.1.). Birgə iştirakçılar işin aparılmasını həmin iştirakçılardan birinə tapşıra bilərlər (maddə 51.2.). Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər (maddə 69.1.). Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir (maddə 73.1.). İddia ərizəsinin imzalanması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (maddə 74.2.).
19. İş materiallarından görünür ki, iddia ərizəsi yalnız iddiaçının adından verilmiş, iddia ərizəsi iddiaçının atasının adından verilməmiş, iddiaçının atası onun adından iddia ərizəsi ilə məhkəməyə müraciət etmək səlahiyyətini özündə ehtiva edən etibarnaməni iddiaçıya verməmişdir.
20. Belə olan halda qəbul edilməlidir ki, iddiaçı, atasının adından çıxış etmək üçün nə müvafiq səlahiyyətə, nə də ki subyektiv hüquqa malik deyil. İddiaçı, atasının nə faktiki, nə də ki, qanuni nümayəndəsi deyil.
21. İşin bu halına apellyasiya baxışı zamanı iddiaçının bildirdiklərinə (bax: hazırkı qətnamənin 11-ci bəndinə) yanaşdıqda müəyyən edilir ki, iddiaçı, dövlət büdcəsindən atasına ödənilməsini nəzərdə tutduğu 100.000 manatın dövlət büdcəsindən tutulmasını tələb etməkdə haqlı deyil. İddiaçının atası ona vurulmuş zərərin əvəzinin ödənilməsini özü şəxsən və ya onun verdiyi etibarnamə ilə onun adından çıxış edən nümayəndə vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddia ərizəsi əsasında tələb edə bilər.
22. Buna görə də, qəbul edilməlidir ki, iddiaçının apellyasiya şikayətinin və iddiasının 100.000 manat məbləğ ilə bağlı hissələri əsassızdır.
23. İddianın qalan hissəsinin əsaslılığı ilə bağlı Məhkəmə bildirir ki, iddiaçının bir müddət ərzində özünü “vətən xaininin ailə üzvü” kimi hiss etməsi, bu səbəbdən də psixoloji iztirab çəkməsi, stressə məruz qalması başa düşüləndir.
24. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarına görə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər (bənd 1.). Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyamın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (bənd 2.). Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur (bənd 8.).
25. Məhkəmə bildirir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə, mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır.
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.
27. Göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər-maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir.
28. Məhkəmə, iddiaçının bildirdiyi cinayət hadisəsi zamanı iddiaçı özünün deyil, onun qardaşının həm fiziki, həm psixoloji işgəncəyə məruz qalmasını, həmin hadisə ilə bağlı iddiaçının yalnız psixoloji iztirab çəkməsini və stressə məruz qalmasını nəzərə alaraq hesab edir ki, iddiaçıya mənəvi zərər dəysə də, həmin zərərin əvəzi olaraq dövlət büdcəsində iddiaçının xeyrinə 5.000 manat məbləğində pul tutulmalıdır.
29. Bu baxımdan qəbul edilməlidir ki, iddiaçının apellyasiya şikayəti əsassız, cavabdeh Nazirliyin isə apellyasiya şikayəti qismən əsaslıdır. Rayon Məhkəməsi iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq dövlət büdcəsindən cavabdeh Maliyyə Nazirliyi vasitəsi ilə iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin həcmini 12.000 manat müəyyən etməkdə haqlı olmamışdır. Çünki ölkə üzrə müəyyən edilmiş məhkəmə təcrübəsindən görünür ki, törədilmiş işgəncənin hər günü üçün ən azı 500 manat məbləğində kompensasiya işgəncəyə məruz qalmış şəxslərin özləri üçün tutulur.
30. Cavabdeh Maliyyə Nazirliyi apellyasiya şikayətində qeyd edir ki, Maliyyə Nazirliyi iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməmişdir. İşə baxmış Rayon Məhkəməsi isə dövlət büdcəsindən iddiaçının xeyrinə pulun tutulması barədə nəticəyə gələrkən iddiaçının əsassız cinayət təqibinə məruz qoyan təqsirkar şəxsləri müəyyən etməmişdir. Nazirliyinin bu iddiaya cavab verməli olan şəxs kimi göstərilməsi əsassızdır. Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Rayon Məhkəməsi Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur.
31. Bu dəlilin əsaslı olub-olmamasının yoxlanılması məqsədi ilə Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
32. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, Maliyyə Nazirliyinin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh Nazirlik tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Məhkəmə, həmçinin nəzərə alır ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir.
33. Bu baxımdan hesab edilməlidir ki, Maliyyə Nazirliyinin apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. Rayon Məhkəməsi iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin cavabdeh Nazirlik vasitəsi ilə dövlət büdcəsindən tutulması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. g) apellyasiya baxışının nəticəsi
34. Beləliklə də apellyasiyanın nəticələrinə əsaslanan və MPM-in 384, 385, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 yanvar 2025-ci il tarixli qətnamə iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq dövlət büdcəsindən cavabdeh Maliyyə Nazirliyi vasitəsi ilə iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin həcminin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İddiaçı vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsindən 5.000 (beş min) manat tutularaq İddiaçı ödənilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən hazırkı iş üzrə qəbul edilmiş 09 yanvar 2025-ci il tarixli qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.