Məhkəmə qərarları › İş №2(103)-2633/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2633/2023

17.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2633/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(010)-654/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə övladları olan xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləği şəklində 193 manat alimentin, onun xəstəliyi ilə əlaqədar ona çəkilən əlavə xərclərin ödənilməsi məqsədilə hər ay 250 manat məbləğində pulun, habelə 50 manat mediasiya xərcinin Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(010)-554/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün, apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarından görünür ki, apellyasiya şikayəti üçün 36,58 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Cavabdeh tərəfindən isə 29 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda-iddianın qiyməti bir il ərzində ödəmənin mücmusu ilə müəyyən edilir. “X5” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Həmin Qanununun 8.6-cı maddəsinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə dövlət rüsumu bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50% şikayətlərindən, bu Qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilməlidir. Belə ki, iddiaçı tərəfindən iddia tələbində tələb edilən alimentin və əlavə xərcin illik cəmi məcmusu 5316 manat təşkil edir. Bu halda “X5” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddiaçının ödəməkdən azad olunduğu dövlət rüsumu 73,16 manat təşkil edir ki, həmin məbləğin 50 faizi 36,58 manat təşkil edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(010)-654/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayəti geri qaytarılmalı olduğu halda, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(010)-654/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılsın. Qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, hüquqdan sui-istifadə hallarına yol verilmədən, ağlabatan müddətdə yenidən apellyasiya şikayəti ilə müraciət oluna bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar