Məhkəmə qərarları › İş №2(103)-2645/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2645/2024

22.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2645/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “mənzildən çıxarılma”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-317/2024 saylı, 30 yanvar 2024cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2638/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Yasamal Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 869 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 9, 60 saylı mənzilə istifadə hüququ tanınmış, İddiaçı Cavabdeh qarşı 10800 manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 9, 60 saylı mənzilə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2528/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3595/2022 saylı qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 9, 60 saylı mənzilə istifadə hüququna Cavabdeh 18000 (on səkkiz min) manat kompensasiya ödənilməklə xitam verilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə ona məxsus ünvan 1 ünvanında yerləşən mənzili boşaldılaraq təhvil verilməsi, cavabdeh tərəfindən mənzildən istifadə, sahiblik hüquqlarına yönəlmiş maneələrin qadağan edilməsi, cavadehin istifadə hüququna xitam verilən gündən, yəni xx.xx.2023-cü il tarixindən mənzili cavabdeh tərəfindən boşaldılaraq faktiki təhvil verilən günə qədər aylıq 600 manat kirayə haqqı, mediasiyaya dair ödənilmiş 60 manatı, dövlət rüsumu qismində ödənilmiş 50 manat məbləğləri cavadehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Tələbdə göstərilir ki, İddiaçı Cavabdeh ilə 30 dekabr 2008-ci il nikaha daxil olmaqla ailə qurmuşdur. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 18 iyun 2015-ci il tarixli 2(004)- 2638/2015-ci il tarixli qətnaməsi ilə aralarında olan nikaha xitam verilmişdir. Cavabdeh ona mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanına istifadə hüququnu əldə etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3595/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsi ilə Cavabdeh istifadə hüququna 18000 manat kompensasiya verilməklə xitam verilməsi qət edilmişdir, həmin qətnamə qanuni qüvəsini almışdır. Qətnamə ilə müəyyən edilmiş üzərinə düşən hissəsini, yəni 18000 manat məbləğin cavabdehə ödənilməsini təmin etmişdir. Yasamal rayon İcra şöbəsi qətnamənin digər hissəsini yəni cavabdehin istifadə hüququna xitam verilməsini xx.xx.2023-cü il tarixindən icra edərək təmin edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixindən bu günə kimi ünvan 2 ünvanına dair istifadə hüququ olmamasına baxmayaraq mənzili boşaldıb təhvil vermir, təhvil verməkdən imtina edir. Bütün bunlar qanunsuz olmaqla yanaşı onun mülkiyyət hüququnun pozulmasıdır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-317/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qətnaməsi (hakim Ayaz Məmmədov) ilə iddia tələbi təmin edilmiş, Cavabdeh üzərinə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzilin boşaldaraq təhvil verilməsi, cavabdeh tərəfindən mənzildən istifadə, sahiblik hüquqlarına yönəlmiş maneələrin qadağan edilməsi; cavabdehin istifadə hüququna xitam verilən gündən yəni xx.xx.2023-cü il tarixindən mənzilin cavabdeh tərəfindən boşaldılaraq faktiki təhvil verilən günə qədər aylıq 600 manat kirayə haqqı, mediasiyaya dair ödənilmiş 60 manat, dövlət rüsumu qismində ödənilmiş 50 manat məbləğlərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi iş üzrə yekun qənaətində göstərib ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-3595/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsilə Cavabdeh istifadə hüququna 18000 manat kompensasiya verilməklə xitam verilməsi qət edilmişdir, həmin qətnamə qanuni qüvəsini almışdır, həmin qətnamə ilə müəyyən edilmiş üzərimə düşən hisəssini yəni 18000 manat məbləğin cavabdehə ödənilməsi təmin etmişdir. Lakin Cavabdeh xx.xx.2023-cü il tarixindən bu günə kimi ünvan 2 ünvanına dair istifadə hüququ olmamasına baxmayaraq mənzili boşaldıb təhvil vermir, təhvil verməkdən imtina edir. Məhkəmə hesab edib ki, İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu İzmir küçəsi ev 9, 60 saylı mənzildən Cavabdeh istifadəsi qanunsuzdur və həmin mənzildən çıxarılmalıdır. "xxxx" MMC qiymətləndirmə şirkətinin 17 oktyabr 2023-cü il tarixli 01 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi ünvanında yerləşən 3 otaqlı orta bazar kirayə qiyməti texniki və digər göstəricilərdən asılı olaraq 600-700 manat arası təşkil edir. Odur ki, cavabdehin istifadə hüququna xitam verilən gündən yəni xx.xx.2023-cü il tarixindən mənzili cavabdeh tərəfindən boşaldılaraq faktiki təhvil verilən günə qədər aylıq 600 manat kirayə haqqı, mediasiyaya dair ödənilmiş 60 manatı, dövlət rüsumu qismində ödənilmiş 50 manat məbləğləri cavabdehdən tutularaq İddiaçı ödənilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv və iş üzrə icraata xitam verilməsini xahiş edib göstərir ki, İddiaçı Cavabdeh birgə nikahda əldə olunmış əmlakın bölünməsi barədə tələbindən sonra bu iddianı qaldırıb, bu isə onun övladının mənafeyinə ziddir, uşaq xəstədir və davamlı müalicəyə ehtiyacı var, uşaq əməliyyat olunmalıdır, iddiaçının biznesi, başqa əlavə gəlirləri də var, onun bu iddianı qaldırması ona qarşı olan qərəzinin nəticəsidir. Cavabdeh yaşamaq üçün başqa yaşayış yeri də yoxdur. İddiaçı isə uşağın mülaicə və əlavə digər xərclərində iştirak etmir. Qətnamə ilə müəyyən edilmiş 18000 manat kompensasiya, həm də kirayə haqqı cavabdehin və oğlunun hazırki vəziyyətində olduqca azdır. Belə bir iddia sadəcə olaraq cavabdehi əmlakla bağlı tələbindən yayındırmaq məqsədi ilə qaldırlmışdır. Belə bir iddianın verilməsi açq-aşkar hüquqdan sui-istifadədir, məqsəd isə qətnamə ilə onun cavabdehlə nikahından olan övladı ilə birlikdə cavabdehin mənzildən çıxarılması, bununla da onu əmlak tələbindən çəkindirməkdir. İddiaçı cavabdeh tərəfindən əmlak bölgüsü ilə bağlı iddia qaldırıldıqdan sonra alimentin azaldılması tələbi ilə iddia qaldırmış, iddia birinci instansiya məhkəməsində təmin edilsə də, apellyasiya məhkəməsində iddia tələbi təmin edilməmiş, iddiaçının tələbi hüquqdan sui-istifadə kimi qiymətləndirilmişdir. İddia tələbinin özü cavadehin istifadə hüququna xitam verilən gündən, yəni xx.xx.2023-cü il tarixindən mənzili cavabdeh tərəfindən boşaldılaraq faktiki təhvil verilən günə qədər aylıq 600 manat kirayə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qeyri-dəqiqdir. Mülki-Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə görə, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Buna uyğun olaraq da, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-317/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdehin istifadə hüququna xitam verilən gündən, yəni xx.xx.2023-cü il tarixindən mənzili cavabdeh tərəfindən boşaldılaraq faktiki təhvil verilən günə qədər aylıq 600 manat kirayə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hesab edir ki, qətnamə bu hissədə Mülki-Prosessual Məcəllənin 217.2 və 218.1-ci maddələrinə ziddir. Belə ki, iddia tələbi və buna uyğun olaraq məhkəmənin qətnaməsində gəldiyi nəticə dəqiq olmalıdır. İddia tələbi qeyri-dəqiq olduğundan məhkəmə də dəqiq və konkret nəticəyə gələ bilməmişdir. Çünki qətnamənin hansı tarixdə qüvvəyə minəcəyi və qüvvəyə mindikdən sonra hansı tarixdə icraya yönəldiləcəyi, icra olunacağı məlum deyildir. Cavabdeh tərəfindən mənzlin boşaldılaraq təhvil verilcəyi tarix dəqiq məlum olmadığından, qətnamədə bu tarix dəqiq göstərilmədiyindən qətnamə ləğv edilməlidir. Məhkəmə qətnamədə mənzilin cavabdeh tərəfindən boşaldılaraq faktiki təhvil veriləcəyi günü dəqiq göstərə bilməzdi.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında Cavabdehapellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək əsassız olaraq verildiyini bildirdi və təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 13. İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

Maddə 5.1.Hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimi yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

20. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır. 21.Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Ancaq cavabdeh bu nəticə ilə razılaşmayıb apellyasiya şikayəti verib və hesab edir ki, şikayəti əsaslıdır və təmin olunmalıdır. Bu baxımdan apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparılması zəruridir.

22. Əvvəla, iddiaçıya qarşı əmlakın bölünməsi barədə iddia qaldırıbqaldırmamasından asılı olmayaraq cavabdehin hazırki iddianın irəli sürülməsi üçü əsas olan hallara yol verməmək vəzifəsi var idi. Çünki cavabdehə mübahisə predmeti olmuş mənzildən istifadə hüququna xitam verilməsi üçün 18000(on səkkiz min) manat kompensasiya ödənilmişdir. Cavabdeh həmin məbləği mübahisələndirməmiş və qətnamə qüvvəsini almış və icra olunmuşdur. Ancaq iddiaçı 01 sentyabr 2023-cü ildən kompensasiya alaraq istifadə hüququna xitam verildiyi mənzildən çıxmır yaxud çıxmaq istəmir. Göstərdiyi dəlillər, yəni hazırki iddianın onun övladının mənafeyinə zidd, uşaq xəstə, davamlı müalicəyə ehtiyacı, əməliyyat olunmalı, eləcə də iddiaçının biznesi, başqa əlavə gəlirlərinin olması hazırki iddianın əsassız olması demək deyil. Elə cavabdeh bəyan etdiyi kimi, onsuzda iddiaçıya qarşı əmlak bölgüsünə dair iddia qaldırıb və bu işdə göstərdiyi dəlillər həmin iddia üzrə keçərli ola bilər. Lakin bu cür dəlillər hazırki işdə həqiqi və təsdiq olunsa da heç bir əhəmiyyət kəsb etmir.

23. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, kompensasiya institutu cavabdehə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu vermir. Bu institutun mahiyyəti yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Cavabdeh başqa yaşayış yerinin olmadığını qeyd etsə də, məhkəmə qətnaməsi ilə verilən 18000 manat kompensasiya da məhz bu məqsədlə, yəni 3 il müddətində oxşar şəraitli mənzildə yaşamaq üçün ödənilmişdir. Kompensasiyanın məbləğinin az olduğunu hesab edirdisə, bunu digər işdə mübahisələndirə bilərdi. Ancaq cavabdeh həmin qətnamə ilə razılaşıb və onun mübahisələndirməyib. Bir daha qeyd olunur ki, iddiaçının birgə nikahdan olan övladının müalicə və əlavə digər xərclərində iştirak etməməsi cavabdehin məhkəmə qətnaməsi ilə üzərinə qoyulan vəzifənin icrasından yayınmağa əsas vermir. Cavabdeh hazırki iddia üzrə iddiaçını hüquqdan sui-istifadə etməkdə qınasa da, əslində özünün davranışı hüquqdan sui-istifadə xarakteri daşıyır. Əks halda istifadə hüququnun xitam verildiyi, yəni hər hansı bir hüququ qalmadığı mənzildən kompensasiya aldıqdan sonra 8 aya yaxın müddətdə çıxmalı idi, ancaq çıxmayıb, üstəlik qətnamədən apellyasiya şikayəti verərək özünə haqq qazandırmağa çalışır. Ona görə də hazırki iddianın irəli sürülməsi hansısa qərəzin nəticəsi ola bilməz.

24. İddia tələbi cavadehin istifadə hüququna xitam verilən gündən, yəni xx.xx.2023cü il tarixindən mənzili cavabdeh tərəfindən boşaldılaraq faktiki təhvil verilən günə qədər aylıq 600 manat kirayə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qeyri-dəqiq ola bilməz. Əksinə qətnamə bu hissədə Mülki-Prosessual Məcəllənin 217.2 və 218.1-ci maddələrinə uyğundur. Qətnamənin hansı tarixdə qüvvəyə minəcəyi və qüvvəyə mindikdən sonra hansı tarixdə icraya yönəldiləcəyi, icra olunacağı tarix zaman olaraq məlum olmasa da, mülki prosessual qanunvericilik bu məsələləri dəqiq tənzimləyir. Cavabdeh tərəfindən mənzlin boşaldılaraq təhvil veriləcəyi tarixin dəqiq məlum olmaması, qətnamədə bu tarixin dəqiq göstərilməməsi də cavabdehin xeyrinə heç nəyi dəyişmir. Eyni zamanda cavabdeh bir tərəfdən mənzlin boşaldılaraq təhvil verilcəyi tarixin dəqiq məlum olmadığını bildirir, digər tərəfdən isə məhkəmənin qətnamədə mənzilin cavabdeh tərəfindən boşaldılaraq faktiki təhvil veriləcəyi günün dəqiq göstərə bilməsinin mümkün olmadığını qeyd edir. Əslində cavabdehin özünün də bəyan etdiyi kimi mənzili boşaldıb iddiaçıya təhvil verdiyi tarix məlum olmadığı üçün qətnamənin nəticə hissəsində də mənzilin cavabdeh tərəfindən boşaldılaraq faktiki təhvil verilən günə qədər kirayə haqqının tutulmasının qət edilməsi düzgün nəticə olmuşdur. Çünki məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi ...hallarda , bunu qətnamənin nəticə hissəsində göstərməlidir(MPM.220.6)

25. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün suiistifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

26. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, hazırki apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-317/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-317/2024 saylı, 30 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar