Məhkəmə qərarları › İş №2(103)-2650/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2650/2021

05.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2650/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23.10.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 28.09.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələb edib ki, 15.08.2018-ci il təvəllüdlü uşaq X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2020-ci ilin may ayından başlayaraq hər ay 300 manat aliment, habelə uşaq 3 yaşına çatana kimi özünün saxlanması üçün hər ay 100 manat aliment cavabdehdən tutularaq ona verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 28.09.2020-ci il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 manat aliment, uşaq 3 yaşına çatana kimi iddiaçının saxlanması üçün hər ay 50 manat aliment cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia tam təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdeh isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Qətnamə 2 hissədə mübahisələndirilib: 1) uşaq üçün aliment tutulması barədə tələbin rədd edilən hissəsində; 2) iddiaçı üçün aliment tutulması barədə tələbin rədd edilən hissəsində. Uşaq üçün aliment tutulması barədə tələbin rədd edilən hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğində tutulan alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin miqdarının 170 manat müəyyən edilməsi həmin maddənin göstərişinə uyğundur. İddiaçı üçün aliment tutulması barədə tələbin rədd edilən hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tərəflərin arasında nikah olmayıb. Ailə Məcəlləsinin 84 və 85-ci maddələrindən görünür ki, ər-arvadın (yəni nikahı olan şəxslərin) və keçmiş ər-arvadın (yəni nikah pozulmuş şəxslərin) bir-birini saxlamaq vəzifəsi var. Tərəflərin arasında nikah olmadığına görə cavabdehin iddiaçını saxlamaq, yəni ona aliment ödəmək vəzifəsi yoxdur. Lakin cavabdeh qətnaməni mübahisələndirməyib, iddiaçı isə qətnamənin həmin hissəsini yalnız almentin miqdarına münasibətdə mübahisələndirib. Apellyasiya şikayətinin təmin edilməsi mümkün deyil. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 23.10.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar